adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

UZUN ALLAHVERƏN

18799 | 2012-07-14 12:23
Ötən saylarımızda dərc olunmuş "İncəli Qaçaq İsmayıl" haqda yazımız " Noykeçən bağı" başlığı altındakı yazıyla bitmişdi. Qaymaqlı Nəbi koxanın qonağı olan Qaçaq Kərəm ilə Qaçaq İsmayıl koxa ilə halal-hümmət edib dağlara tərəf üz tutan vaxtı, qəfil bir güllə açılır. Güllə Kərəmin qulağını yalayıb, papağını başından oynadır. Kərəm üzünü Qaçaq İsmayıla tutaraq:
   
   -Mən İncəlilərdən namərdlik, müxənnətlik gözləməzdim. Bu nə güllədi?- deyib, üzünü İsmayıla çevirəndə İsmayıl azacıq gülümsəyərək belə cavab vermişdi:
   
   -Atan Uzun Allahverəndi. O səni vurmaq istəmir, güllənin istiqamətində bizə yol göstərir ki, bu istiqamətə yolunuz açıqdı. Arxada sizi mühasirə gözləyir.
   
    İndi qələmə alacağım mənzərə oz dövründə İncəlidə və ətraf bölgələrdə ad-san qazanmış, göstərdiyi igidlikləri, şücaəti və mərdliyi hələ də dillərdə dastan olan Uzun Allahverənin xatirələrdə yaşayıb dastana çevrilən omür yoluna işıq salacaq. Bu işıq dolu palitra vasitəsiylə onun rənglərini, cizgilərini, bir sözlə portret mənzərəsini işləyə bilsəm, nə xoş mənim halıma.
   
   Hələ uşaqlıqdan yaddaşıma həkk olunmuş, aşıqların dilində dastana çevrilib oxunan şair Cəlilin İncə dərəsinə həsr etdiyi bir möhtəşəm şeirdə Uzun Allahverən belə təsvir olunmuşdur:
   
   
   
   Uzun Allahverən çəkəndə nərə,
   
   Səsindən titrərmiş tamam dağ, dərə.
   
   Məlik Qasımoğluyla kəsəndə bərə,
   
   Tökdükləri qızıl qanı göstərdi.
   
   
   
   Sərrast atıcılıqda, qoxmazlıqda, igidlikdə, səxavətdə tayı-bərabəri olmayan möhtəşəm İncəlilərin adı sıralananda Uzun Allahverənin adı öndə çəkilib həmişə.
   
   Onun haqda mənzərə yazının uzun illərdi esgizlərini cızıb, müxtəlif rənglərlə etüdlərini hazırlayırdım. Əslən İncəlinin Asdanbəyli köyündən olan Uzun Allahverən haqda əsaslı dəlillər toplamaq üçün, onun qohumları, nəvələri, nəticələri ilə görüşüb, atalarından, babalarından eşitdikləri xatirələri dinləmək qərarına gəldim.
   
   Bu işdə mayor Seyidov - xatirini çox istədiyim, elan olunmamış Qarabağ müharibəsində xüsusi igidliklər nümayiş etdirmiş, Qazax, Şəmkir bölgələrini əhatə edən Daxili qoşunların komandanı vəzifəsinə qədər ucalmış, öz döyüşgən, məğlubedilməz xarakteri ilə ad-san qazanmış mayor Altay Seyidov köməyimə gəldi.
   
   Elə buradaca qeyd edim ki, Seyidovlar səcərəsi təkcə İncəliyə deyil, eyni zamanda ölkəmizin ədəbi, ictimai, elmi və siyasi aləminə böyük şəxsiyyətlər bəxş etmişdir. Bir qolu Hacı Mahmud Əfəndi Qərani kökünə bağlanmış bu nəsil, xalqımıza Əhməd Seyidab, Fikfət Seyidav, hal-hazırda olkəmizin ictimai-siyasi aləmində öz fəallığı ilə mühüm yer tutan millət vəkili, AŞPA-nın daimi nümayəndə heyətinin sədri Səməd Seyidov, Azərbaycanda ilk gənc Hərbi komissar olmuş Oqtay Seyidov (Xalloğlu) və bir çox sahələrdə şəxsiyyətləri, əməlləri ilə böyük hörmət, nüfuz sahibləri olan neçə-neçə Seyidovlar bəxş etmişdir.
   
   Altay Seyidovun həyat yoldaşı Səfurə xanım Uzun Allahverənin doğmaca nəticəsidir. İncəlidə, Qazax, Şəmsəddin ellərində səxavəti, əxlaqı, ədəb-ərkanı ilə sayılıb-seçilən bir el ağsaqqalı- Çöllən kişinin qızıdır, Səfurə xanım.
   
   Çöllən qağa (el-obada çox hörmətli insanlara "qağa" deyə müraciət edirlər) elə mənim də sevib, hörmət etdiyim kişilərdəndir. Əsil adı Məhəmməd olsa da el içində çox böyük nüfuza malik olan bu uca könül, təmiz ruh sahibini hamı Çöllən kimi tanıyır.
   
   Çöllən Musa oğlu Yaqubov 1944-cü ildə Aslanbəylidə,Yaxvıllılar kökündə dünyaya göz açıb. Atası Qara Musa İncə dərəsində sayılıb-seçilən, varlı-hallı, səxavətli kişilərdən biri olmuşdur.
   
   Çöllən kişi də atası Qara Musa kimi səxavətliliyiylə ad-san qazanmış, ölkənin ən sayılan, seçilən saz-söz adamları xüsusi olaraq Çöllən kişinin qonağı olmuslar, bu mehriban adamın süfrəsində çörək kəsmişlər. Üç övlad atasıdır. Məcid, Asif adlı oğulları da bu ulu kökün layiqli davamçılarıdır. Yeganə qız balası Səfurə xanım da ata-babalarının ənənələrinə sadiq, gözəl ailə başcısı, şirin dil, yüksək etika və əxlaq sahibidir.
   
   Altaygildə qonaq olarkən Səfurə xanımın maraqlı söhbətlərinə, şirin xatirələrinə qulaq asmışam. Onlardan biri yaddaşıma həkk olunub və bir neçə yerdə söyləmişəm:
   
   -Çox zaman yaylaqda Avdı babayla bizim yurdumuz yanaşı olardı. Gündüzlər hərə öz işiylə, mal-qara, toyuq-cücə qayğıları, ot biçimi, sağın sağmaq və s. işlərilə məşğul olar, axşamlar isə ya bir quzu kəsilər, ya cücədən-beçədən dadlı yeməklər bişirilərdi. Böyüklü-kiçikli hamı süfrə arxasında kilimlərin, xalçaların üstünə düzülmüş döşəkcələrin üstündə bardaş qurub oturardı.
   
   Avdı baba(Aşıq Avdı Qaymaqlı) şırmayı qollu sazını götürüb dünəndən başladığı dastanının davamını söyləyər, məlahətli səsiylə,ecazkar saz havalarıyla məclisi valeh edərdi.
   
   Günlərin birində biz, bir neçə qız usağı (elə aşıq Avdının qız nəvəsi Səbriyyə də bizimlə bir yerdə olurdu) Avdı babaya yaxınlaşıb dedik:
   
   -Avdı baba, bu necə olur, hər gecə böyüklər üçün çalıb-oxuyursan, ancaq biz balacalara ayrıca məclis qurub oxumursan?
   
   Avdı baba mehribanlıqla gülümsəyib başımıza arıq, uzun barmaqlarıyla sığal çəkərək:
   
   -Niyə oxumuram, mənim mehriban balalarım, - deyib alaçığın içinə girdi. Az bir vaxtdan sonra Avdı baba əlində saz bayıra çıxdı. Gözlərimizə inanmadıq. Həmişə səliqə ilə ütülənib divardan asılmış aşıq paltarını geyinib buxara papağını başına qoymuşdu. Sanki böyük bir məclisə hazırlaşmışdı. Bizi bir yerə cəm edib:
   
   -Hə, mənim gül balalarım, indi deyin görüm ürəyiniz hansı havanı istəyir, - deyib gümüş telli sazını sinəsinə basdı...
   
   Səfurə xanım bu kiçik xatirəni danışanda xeyli duyğulandım, ürəyim fəxarətlə döyündü. İstər-istəməz həmin səhnə gözlərimin önündə canlandı. Öz-özümə pıçıldadım "Budur əsil ustad ədəb-ərkanı, budur saza-sözə verilən dəyər. Budur sənətə olan hormət-izzət".
   
   Bu, sinəsinə saz götürən, özünə aşıq deyib məclislərdə necə gəldi çalıb-oxuyan bir qrup "aşıq"sənətinin daşıyıciılarına görk ola biləcək bir nümunədir.
   
   Elə yazımın bu yerindəcə Səfurə xanım Çöllən qızına bu xoş xatirə üçün oz minnətdarlığımı bildirirəm.
   
   Mənim Uzun Allahverən haqda yazacağım mənzərəni bu qədər əhatəli etməkdə məqsədim ümumən bu böyük nəslin həyat və mənşəyini xırda etüdlərlə daha rəngarəng təsvir etməkdir.
   
   Nəhayət ki, bir gün Altayla birgə İncə dərəsində, Çöllən kişinin qonağı olmaq qərarına gəldik. Ondan bir-iki gün qabaq Villi ilə də zəngləşib İncə dərəsinə gəlişimiz haqda xəbər vermişdik. İş elə gətirdi ki, həmin gün Çöllən kişinin qapı qonşularında biri rəhmətə getmişdi. Rəhmətə gedən Çöllən qağanın da qohumu olduğu üçün qonaqlığı Villigildə düzənləmişdilər.
   
   Qızmar yay günüydü. Villinin (Vilayəy Omarov. Villi elin, obanın ona yaraşdırdığı ayamasıdır) həyətində xeyli adam toplaşmışdı. Bu maraqlı insanların hamısı mənə tanış və doğma idilər.Əvvəlcə Çöllən qağa ilə qucaqlaşıb görüşdük. Sonra igidliyi ilə dillərdə dastan olmuş Villi ilə qucaqlaşdıq. Dəmir qollarıyla bizi sinəsinə sıxaraq xoşgəldin etdi. Şofer Səməddə (Qarabağlı Səməddə deyirlər) bizi gülər üzlə qarşıladı. Sonra üzümü biş-düşlə məşğul olan, manqal başında dayanmış şair Rövşənə tutdum. Bir neçə seiri aşıqlarımızın repertuarını bəzəyən bu mehriban xasiyyət,şair könül, ucaboy şair qardaşımın sən demə gözəl saz çalıb,oxumağı da varmış. Məclis düzənləndi, sağlıqlar deyildi. Şair Rövşən sazı sinəsinə basıb, "Rövşən ozan" oldu:
   
   
   
   Qamaşıq gözlərin, lalə yanağın,
   
   Endirdi ömrümü yarıya, gəlin.
   
   Danışanda titrəyirdi dodağın,
   
   Rəngin də çalırdı sarıya, gəlin.
   
   
   
   Qoy gətirim gül-çiçəkdən bağlama,
   
   Sən ağrıma, inildəmə,ağlama.
   
   Ağrısan da başın belə bağlama,
   
   Bənzədin yüz yaşlı qarıya, gəlin.
   
   
   
   Nəmlənib, tər gəlib qaşın altına,
   
   Bağla, sirri qoyaq daşın altına,
   
   Rövşən qolun qoya başın altına,
   
   Səninlə qocala, qarıya, gəlin.
   
   
   
   (Özümü saxlaya bilməyib bu aradaca "Qamaçıq gozlər" misrasına görə Rövşən qardaşımın alnından öpürəm)
   
   Beləliklə məclis arası keçdik əsas məsələyə. Qeyd etdiyimiz kimi Çöllən kişi Uzun Allahverənin bir neçə qoldan qohumudur:
   
    -Ay Dəmirçioğlu, ağrın alem, uzun Allahverən atamın doğmaca əmisi, anamın da dayısıdır. Bizlərə Yaxvıllı nəsli deyirlər. Uzun Allahverənin 2 qızı olub. Böyük qızı Güləndam olub, uşağı olmayıb. Kiçik qızının adı isə Tamaşa olub. Tamaşanın 1 oğlu, 2 qızı olub. Oğlu Əmiraslan,(El arasında Qrişa kimi tanınır) qızı Fatma, (Çöllən kişinin həyat yoldaşı) kiçik qızı Mayqubadı. Demək olar ki, Qrişa Allahverən babanın doğma və yegamə oğul nəvəsidir. Qrişanın isə İlham, Kənan adlı iki oğlu, Gülbəniz, Rəna və Ləman adlı üç qızı var...
   
   Yazımın bu yerində Əmiraslan qağanı xüsusi olaraq salamlayıram. Əmiraslan ucaboylu, şux qamətli, pələng biləkli bir İncəli balasıdır. Uzun Allahverənin yeganə oğul nəvəsi Əmiraslan da babası kimi şanlı-şöhrətli, qonaq-qaralı bir kişidir. Son zamanlar bir az xəstəhal olmasına baxmayaraq, evinə qonaq gələndə necə sevindiyinin həmin gün şahidi oldum.
   
   Çöllən kişi söhbətə ara verib, yenə də qonaqların sağlığına badə qaldırdı. Budəfəki badəni Çiçək Mahmudqızının sağlığına içildi. Qeyd edək ki, səfər yoldaşlarımızdan biri də,Tovuz bölgə televiziyasının, "Turkel TV"-nin "Xoş ovqat" verilişinin aparıcısı, istedadlı şairə xanım Çiçək Mahmudqızıydı. Son illərdə özünə xeyli tamaşaçı ordusu toplamış Çiçək xanım demək olar ki, bütöv Gəncəbasar, Borçalı ellərinin sevimlisinə çevrilib.
   
   Bu dəfə mayor Altay Seyidov özünəməxsus şuxluqla, Çiçəyin şərəfinə yazdığı şeiri bizlərə ərmağan etdi.
   
   
   
   Çiçək ətri,bülbül səsi-
   
   Yarama məlhəm çəkirsən.
   
   Ayırmırsan heç bir kəsi,
   
   Dərdimizi cəm çəkirsən.
   
   
   
   
   
   Ürəyimdən keçir nələr,
   
   Həsrət çəkir məleykələr.
   
   Məsgənindi ulu göylər,
   
   Buludlardan nəm çəkirsən.
   
   
   
   Qurban gərəkdi adına,
   
   Allah çatsın imdadına.
   
   Yandın hamının oduna,
   
   Nə çəkirsə şəm- çəkirsən.
   
   
   
   Sular ayrılar, qarışar,
   
   Arıyla bülbül yarışar.
   
   İnciyər, özü barışar,
   
   Altay, niyə qəm çəkirsən?
   
   
   
   Nəhayət, sözlərimiz dillərdə əfsanələnmiş Villinin üstündə cəm oldu.Yenə Çöllən kişi aram-aram sözünə davam edərək Qarabağ müharibəsindən, Villinin göstərdiyi şücaətlərindən danışdıb xüsusi olaraq vurğuladı ki, Villi də Uzun Allahverənin qohumlarındandır. Atası anbardar Mədəd uzun Allahverənin bacısı Söylünun nəvəsidir. Villi haqda yazacağım mənzərə isə Uzun Allahverənin davamı kimi gələn saylarımızin birində işıq üzü görəcək, inşallah.
   
    Hörmətli oxucular, uzun illər keçməsinə baxmayaraq, böyük bir elin adlı-sanlı nəslinin əbədi fəxri olan Uzun Allahverənin mənzərəsinə bütün bu xırda etüd parçalarından sonra başlamaq olar. Qeyd etmək yerinə düşərdi ki, həmin məclisdə topladığım qeydlərlə birgə, əsas köməyimə gələn Şeyx oğlu Mədəd müəllimin Uzun Allahverən haqda yazdığı çox dəyərli dəftərçə oldu. Şeyx oğlu Mədəd müəllim haqda da mənzərəmiz olacaq. Bu müdrik el ağsaqqalı uzun illər Aslanbəyli kənd orta məktəbinin direktoru olmuş, ədəbiyyat muəllimi kimi fəaliyyət göstərmişdir. Ən böyük əsəri isə oğlu şair Məmməd İlqardır. Uzun Allahverənin mənzərəsini işləməkdə mənə çox böyük köməyi olduğu üçün Mədəd müəllimə dərin minnətdarlıq hissimi bildirməyi özümə borc bilirəm..
   
   (Ardı gələn
   
   şənbə sayımızda)

TƏQVİM / ARXİV