adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Universitetin ən gözəl qızı-müəlliməni sevmək... - Emin Piri yazır

Emin Piri
613 | 2022-05-11 11:11

Bəzən sizi görməzdən gəlirlərsə, bunu həmişə eqo və ya sizə sayqısızlıq kimi, ya da unutqanlıqdan yaranan bir xarakter kimi düşünməyin. Bəzən xatirələri, keçmişi gələcəkdə görmək lazım deyil. Bəlkə də ən böyük sayqı görməməkdi.

Bu yaxınlarda BDU-nun yanından keçəndə ... adlı müəlliməmizi gördüm. BDU-nun Tarix fakültəsində bizə dərs keçirdi. 30-lu yaşlarda, subay qız idi. Universitetin ən gözəl xanımlarından idi desəm, yanılmaram. Həm də çox qayğıkeş, sevgidolu, vicdanlı müəllimə idi.Səbəbini bilmədiyim halda onun dərslərini yaxşı oxuyurdum. Bəlkə də bütün fənlərdən daha çox. Ən yüksək balı, ya da balları yazırdı mənə.

Tələbə yoldaşlarımız zarafatlaşırdı ki, sevirsən onu.

Bir dəfə “patok” dərsimiz vardı.. Oğlan tələbələrimiz məni həvəsləndirdi ki, müəlliməyə sevdiyini de. Ən azından yoxla.

“Patok”un içində(60-70 tələbənin içində) dərs vaxtı iznsiz ayağa qalxdım. Bu vaxtı tələbə yoldaşlarımızdan biri dərs danışırdı tribunada. İki-üç addım irəli atdım. Hamı mənə baxır. Tələbə yoldaşımız dərsi saxladı. Müəllimə də mənə baxır. Nə edəciyimi, niyə belə etdiyimi kimsə bilmir. Heç özüm də bilmirəm, niyə belə etdim. Və dedim:

-Filankəs müəllimə sizi sevirəm.

Bu anda sanki “patok”da ildırım qopdu. Oğlan dostlarımız şoka düşmüşdü. Qız tələbələr arasında əl çalanlar. “Ay, halaldı”, “necə romantika” və.s deyənlər...

Müəllimə baxdı və:

-Emin, mən də səni sevirəm.

Açığı “patok”da tələbələr önündə verilən bu cavabdan nəinki tələbələr, özüm də şoka düşdüm. Nə baş verir deyə. Müəllimənin cavabından sonra gur alqışlar və.s. Və sevirəm sözündən sonra ardını gətirdi:

-Amma tələbəm kimi...

Ondan sonra, “tələbəm kimi” sözündən sonra daha əlavə mənbə kitabları götürüb dərslərini oxumadım. Tək yadımda qalan o oldu ki, imtahandan "5" yazdı. Hə bir də universitetdə bilmirəm şərəf lövhəsi idi, ya nə idisə onun da şəkli vardı. Çox gözəl düşmüşdü. Qısqanmışdım. Şəklini lövhədən çıxardım. Necə oldusa universitetdə bildilər ki, şəkli mən götürmüşəm. Çağırdılar. Dedim hamı gələndə-gedəndə görür. Qısqandım çıxardım...

O qədər sevildi, amma eşitdim ki, subay qalıb hələ də. Əminəm ki, onda bu eqodan deyil, sadəcə sevgisinə layiq kimsə yoxdu bu dünyada. Elə biri idi...

Hə, nəyə görə deyirdim. BDU-nun yanında gördüm. Bəlkə də az makyajlı idi, necəsə az da olsa yaşlandığı hiss olunurdu. Baxma da yaşı 50-yə gedir. Yaxınlaşmadım. İstəmədim, yaşlandığını gördüyümü bilsin. Eləcə istədim universitetin ən gözəl qızı kimi qalsın yaddaşımda. Ən azından onu gördüyümü bilməsin. Bəlkə heç özünün də yadına düşmərəm. Bəlkə də ümumiyyətlə heç xatırlamaz. O qədər tələbəsi olubki...Amma yenə də görməzdən gəldim...

Belə...

TƏQVİM / ARXİV