adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Sevinc Unusdu

21937 | 2012-06-15 07:57
Gecənin qaranlığında oxuyan bülbül qoymadı məni yatmağa. Əslində yuxum da ərşə çəkilmişdi. İsaq- Musaq quşlarının həzzin, sonda da gecənin bağrını sökən bülbülün gecə nəğmələri məni xəyallar aləminə aparmışdı. Bu yaz gecəsində İncə Dərəsində qonaq qaldığım altı kürsülü, üstü eyvanlı ev, İncə cayının üstündəki yam-yaşıl təpənin bağlı-bağatlı qoynundaydı...
   
   Tək- tənha oxuyan bülbül ara vermədən cəh-cəh vurur, səsinə səs verməyənin axtarır, san ki... Ulduzlu göylərə baxıram pəncərədən. Göyün ortasında dayanmış ay lal-dinməz bülbülün səsinə qulaq asırdı. Göy üzündə ay işığıyla sevişən bir çəngə bylud da varıydı... Nədənsə gözlərim göy üzündə durna qatarı axtardı. Yox idi. Göy üzündə durna qatarı yox idi, amma hardansa səslərini eşidirdim deyəsən. Qulağıma gələn səslər axıb dilimin ucundaca qatarlandı:
   
   
   
   Mənim yazdıqlarım şeir ha deyil,
   
   İçimdə hönkürən nalələrimdi.
   
   Qərib durnaların lələkləriylə,
   
   Qürbətə yazılan namələrimdi...
   
   
   
   Sevinc Unuslunun mənzərəsi canlandı gözlərimin önündə. "Onun şeirləri qərib bir durnanın lələyiylə qürbətə yazılan namələrdi"- deyib, özümə qayıtdım. İçimdən qərib nəğmələr oxuya- oxuya qürbətə uçub gedən durna qatarına döndü, onun sevda dolu, qürbərə ünvanlanan nəğmələri... Sevdası olmadan günəş çıxmaz, ay bədirlənməz, çiraq yanmaz, çiçək açılmaz...
   
   Sevincin kipriklərində şehlənən durna nəğmələri ağ vərəqlərdə çiçəkləyir sanki. O, sevgi dolu şeirlərini hər gün, hər saat, hər an, qulaqlarına nə isə pıçıldayıb, qürbətə uçub gedən bir durnaya qoşur sanki. Həsrətə, qürbətə uçub getmiş, onun gözlərini yolda qoymuş durnası isə xəyaldı, xəyaldı məncə. Mənim yuxum ərşə çəkilən, ay üzünə nəğmələr oxuyan bulbüllü gecədə Sevincdə nəğmə oxuyurmuş, sən demə:
   
   
   
   Xəyallar gərçəkləşər,
   
   Məhzun gözlərlə baxma.
   
   Məni röyalarda gör,
   
   Darıxsanda darıxma.
   
   
   
   Gör bir nə çəkirəm mən,
   
   Səncə bu yaşamaqmış?
   
   Sevda nədi? Anladım-
   
   Dərd yükü daşımaqmış?
   
   
   
   Sevdalar qar olsa da,
   
   Ümiddən əl üzməyək,
   
   Bu gecədə ulduz var,
   
   Bu gecədən bezməyək.
   
   
   
   Onun durnası hara uçub, görəsən? Yoxsa Sevincin sevdalarından xəbəri yoxdur? O həmişə üzünü göylərə tutub şeir yazır, şeir yazır üç telli durnasına.
   
   
   
   Uçur durna xəyallar,
   
   Buludların köçündə.
   
   Dolanır arzularım,
   
   Boşluqların içində.
   
   
   
   Biz xəyal adamıyıq,
   
   Sevdalar bizim deyil,
   
   Mən çoxdan kül olmuşam,
   
   Közərən közüm deyil.
   
   
   
   Eh... dərd dolu dünyada,
   
   Sevmək mənim nəyimə?
   
   Sən könlümə qonaqsan,
   
   Ümidim ürəyimə...
   
   
   
   Omrü, günü adlandırdığı başı bəlalı sevdasına üz tutur yenə. Yenə durna qatarına dönür, dodaqlarında puçurlayanlar.
   
   
   
   Dözüb dərdə, ağrıya,
   
   Gülərəm ömrüm-günüm.
   
   Lap yaşaya-yaşaya,
   
   Ölərəm ömrüm günüm.
   
   
   
   Qaranlığı sevənlər,
   
   Bircə, dəlilərdimi?
   
   Bu dünyadan köçənlər,
   
   Təkcə ölülərdimi?
   
   
   
   Mən hər günü, gündüzü,
   
   Gecələrdə tapmışam.
   
   Dünyada varlığım yox,
   
   Varlığımdan qopmuşam.
   
   
   
   Gözlərimdə ümidlər,
   
   Yaş içində boğulur.
   
   Hər məhv olan ümiddən,
   
   Yeni bir dərd doğulur.
   
   
   
   Qoyma dərdlər içində,
   
   Paralansın ürəyim.
   
   Ömrüm-günüm sən gəl ki,
   
   Çin olsun hər diləyim.
   
   .
   
   Onun arzuları çin olaydı, ey uca Yaradan. Onun gözlərinə baxın. Qürbətə uçurduğu durnasının göylərindən də dərindi...
   
   ...Gecə sakitliyində öz nəğməsini kimə oxuduğunu təkcə özü bilən bülbül oxuyur. Bulud aya yaxınlaşıb, sevgi dolu qollarını onun boynuna dolayıb. Ayla bulud necə sevişərmiş, İlahi. Ay batacaq, bulud donunu dəyişəcək... Nədənsə bu gecə qaranlığında oxuyan bülbülə bənzətdim Sevinci...
   
   
   
   Ömrü saxlamaq olmur,
   
   Ümid yox aya, ilə.
   
   Darıxsan məndən deyil,
   
   Məni allahdan dilə.
   
   
   
   Bir busə bük yellərə,
   
   Göndər gözlədiyimi.
   
   Duy tənha gecələrdə,
   
   Necə özlədiyimi.
   
   
   
   Bülbül həsrətdən ağlar,
   
   Göz yaşını heç silməz.
   
   Gülü məhv edən kədər,
   
   Esqi öldürə bilməz.
   
   
   
   Deyəsən sevinc də yatmır. Bəlkə o da qulaq asır, bu dəliqanlı sevdalara məhkum olmuş köksü sarı bülbülə:
   
   
   
   Doqquz çiçək dərdim bu gecə bağdan,
   
   Üç rəngin hər biri üç-üçə qoşa,
   
   Könlümdə, qəlbimdə, ürəyimdə o,
   
   Hər biri biriylə iç-içə qoşa.
   
   
   
   Hər ləçək rəngindən danışır eşqin,
   
   Hər yarpaq sirrini gözlər özündə,
   
   Hər duman görünməz eyləyər yolu,
   
   Hər pərdə bir sirri gizlər özündə.
   
   
   
   Doqquz çiçək dərdim bu gecə bağdan,
   
   Sən demə, gecələr gül dərilməzmiş.
   
   Gündüzün rəngiylə gülsə də güllər,
   
   Gecələr kimsəyə gül verilməzmiş.
   
   
   
   Off... Gözlədiyi bahar, baharın eşqinə qoşulub geri dönə biləcək durnasını nə qədər gözləsin gözləri. Niyə gəlmir axı, onun gözlədiyi bahar? Niyə uçub geri dönmür, o bir qatar durna səfinə qoşulub gedən durnası?
   
   
   
   Ötən qış ötdü şaxtalı,
   
   Dedim, dedim ki, yaz gələ.
   
   Unut məni, çıxım gedim,
   
   Gedim, gedim ki, yaz gələ.
   
   
   
   Göz yaşımdı yağan yağış,
   
   Sevgim bəzək, sevgim naxış.
   
   Gərək sevdiyimə bu qış,
   
   Yetim, yetim ki, yaz gələ.
   
   
   
   Qışdan qışı dərib bahar,
   
   Ömrümə göndərib bahar,
   
   Bu qışı döndərib bahar,
   
   Edim, edim ki, yaz gələ,
   
   Gedim, gedim ki, yaz gələ.
   
   
   
   
   
   Ümidsiz olmaq istəmir. Ümidli də ola bilmir. Neyləsin, görəsən?
   
   
   
   Öldürdüm içimdə sənli hər şeyi,
   
   Mən də qatil oldum, duyğu qatili,
   
   Damlalar asılıb, kipriklərimnən,
   
   Bu gecə gözlərim uyğu qatili.
   
   
   
   Açılır pəncərəm boş küçələrə,
   
   O boş küçələrdə sənə bənzəyir,
   
   Hələ neçə qərib keçəcək səndən,
   
   Ən qərib yolcusa, mənə bənzəyir.
   
   
   
   Öyrəndim əzizim, öyrəndim artıq,
   
   Sevdası olmayan çiçəklər açmaz,
   
   Ümidsiz yaşamaq çətin olsa da,
   
   Anadan lal gələn bir də dil açmaz.
   
   
   
   Əlvida ey sevgim, ey sevda gözlüm,
   
   Ey rüzgar nəfəsli dağlar əlvida,
   
   Nə səndən doymadım, nə öz yarımdan,
   
   Ey bahar həvəsli bağlar əlvida..
   
   Ey bahar həvəsli bağlar əlvida...
   
   
   
   Niyə əlvida söyləyir? Yox, yox, onun durnası hökmən qayıdacaq. Gözlədiyi onuncu, yüzüncü bahar oldu, geri dönmür ki, dönmür, qürbətə uçurduğu durna qatarı.
   
   
   
   Yarımdan bir xəbər yoxmu,
   
   Gedəli oldu on bahar.
   
   Hər otən fəsil tükəndm,
   
   Bu bahar oldu son bahar.
   
   
   
   Daha gözləməyim də heç,
   
   Gələn yollara boylanıb.
   
   Bu bahardan üz əlini,
   
   Bu bahar qışa toylanıb.
   
   
   
   Çiçəklər qalıb xəzanda,
   
   Ümidlər bilmir hardadı,
   
   Son görüş də, son arzu tək,
   
   Bu gəlməyən bahardadı.
   
   
   
   Bağlanalı gedən yollar,
   
   Çiçək solub, quşlar ötməz.
   
   O yar burdan gedən gündən,
   
   Bahar ötdü, qışlar ötməz...
   
   
   
   Barışır durnasının dönüklüyüylə. Geri dönməyən dönüklüyüylə.
   
   
   
   Xoş gün gözləmə artıq,
   
   Yaşanacaq heç nə yox.
   
   Dərddən başqa dünyada,
   
   Daşınacaq heçnə yox.
   
   
   
   Götür kamanı, udu,
   
   Dindir, oxut, çal, gedən.
   
   Bunun da sonu budu,
   
   Ay dünyadan lal gedən.
   
   
   
   Qaranlığın ağından,
   
   Aldın od, ocağından.
   
   Gül, gülüstan bağından,
   
   Laləsində xal gedən.
   
   
   
   Bu dünyada heçmişəm,
   
   Nə əməl, nə işmişəm.
   
   Mən bir oda düşmüşəm,
   
   Ay başında şal gedən.
   
   
   
   Dərd bağrımı ovandan,
   
   Perikdim öz yuvamdan,
   
   Könlüm itgin, qovandan,
   
   Al könlümü, al, gedən.
   
   
   
   Ümidin var de nəyə,
   
   Ümid-günah yeməyə.
   
   Bir söz qalıb deməyə,
   
   Bu dünyada qal, gedən.
   
   Çıx get, çıx get, lal gedən.
   
   
   
   Günlər dolandı, illər ötüşdü, bahar qış oldu, yenə ağaclar çiçəklədi. Yenə açıq pəncərəsindən göy üzünə baxdı:
   
   
   
   Yalan yalnış sevdalarla,
   
   Gözümü bağladın yenə.
   
   Bu gecə keçib könlümdən,
   
   Sinəmi dağladın yenə.
   
   
   
   Bu qar, qışın sonu sonsuz,
   
   Bu bahar, baharım gəlməz.
   
   Onunla yaşadım onsuz,
   
   Bu bahar, baharım gəlməz.
   
   
   
   Göz yaşımdan yağış yağdı,
   
   Ulduz,ulduz baxış yağdı,
   
   Bu gecəyə qarğış yağdı?
   
   Bu bahar, baharım gəlməz.
   
   
   
   Köksümdə bir ürək əsir,
   
   Ömrüm, günümsə kəm-kəsir.
   
   Mənə doğru qış tələsir,
   
   Bu bahar, baharım gəlməz.
   
   
   
   Göy üzündən küsdü deyəsən. Fəsillərdən bezdi deyəsən. Lal-dinməz buludlara üz tutdu:
   
   
   
   Ürəyimdən kədərimi,
   
   Duyan ay bulut,ay bulut,
   
   Əl-üzünü göz yaşıyla,
   
   Yuyan ay bulut,ay bulut.
   
   
   
   Unudub bütün izləri,
   
   Yandırmışam dənizləri,
   
   İslatma çarəsizləri,
   
   Gələr yay bulut,ay bulut...
   
   
   
   İncə dərəsində qonaq qaldığım bağlı- bağatlı evin pəncərəsindən bir də boylandım göy üzünə. Bülbül hələ də oxuyurdu. Dan üzü yavaş- yavaş qızarır, yuxusunda Allahı görən quşlar oxuya-oxuya yuxudan oyanırdılar. Mən də o bülbulə qoşulub yatmamışdım səhərəcən. Yatsaydım mən də Allahı yuxuda görərdim bəlkə. Hökmən Allaha yalvarardım ki, Sevincin durnası ilk baharla geri dönsün. Deyəsə dualarımı eşitmişdi Tanrım.
   
   
   
   (ardı növbəti
   
   şənbə sayımızda)

TƏQVİM / ARXİV