adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

Saqatelyan, cecimi kəsib xurcun düzəldəcəksən? – Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
957 | 2022-12-03 10:46

Ramil Səfərov adı hər bir azərbaycanlının hörmətlə ehtiramla çəkdiyi şəxsiyyətlərdən biridir. Əslində xatırlatmağa ehtiyac yoxdu, amma yenədə deyim: R.Səfərov Azərbaycan bayrağını təhqir etdiyi üçün 2004-cü ilin yanvarında Macarıstanda erməni zabiti, erməni leytenant Qurgen Markaryanı qətlə yetirdi. Gənc hərbçimiz günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarıldı. 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan Prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirildi. Daha sonra Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olundu.

Bunun ardınca Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa olunan Ramil Səfərova müdafiə nazirinin əmri ilə mayor rütbəsi verilib. Eyni zamanda ona hər bir şəraiti olan 3 otaqlı mənzil də bağışlanılıb. Məhz bu hadisədən sonra Ermənistan və Macarıstan arasında bütün diplomatik əlaqələr qopdu.
Ermənistan bir neçə dəfə məsələ ilə bağlı beynəlxalq məhkəmə və təşkilatlara şikayət edərək Azərbaycan hökümətinin , bilavasitə Səfərovun cəzalandırılmasını istəsə də, istəkləri həyata keçməyib. Ermənistanın Macarıstana qarşı “küslünlüyünü” bir tərəfə qoyaq sizə kimdən xəbər verim, Polşada keçirilən ATƏT Nazirlər Forumu çərçivəsində Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyartonun görüşündən... Hər iki ölkənin XİN –i qərara gəlib ki, tamhüquqlu diplomatik münasibətlərin bərpa etsinlər. Yəni, küsdük, barışaq, “həvəsdi-bəsdi”.

Artıq tərəflər arasında münasibətlərin bərpasına az qalıb. Amma Faşist Njdenin mənəvi nəvəsi, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan iki ayağını bir başmağa dirəyib deyir ki, “olmaz ki, olmaz” .Hətta Saqatelyan iddia edib ki, Türkiyə, Azərbaycan və Ermənistan dövlət başçılarının Praqadakı görüşündə Macarıstanın baş nazirinin iştirakı təsadüfi olmayıb:” Macarıstanla əlaqələri yaxşılaşdırmaq Ermənistan hakimiyyətinin onurğasız siyasət yürütdüyünə dəlalət edir.
Ermənistan hakimiyyəti bu addımı ilə Macarıstanda erməni zabitini öldürən və Azərbaycanda qəhrəman kimi qarşılanan Ramil Səfərovu bağışlamış olur. Əlbəttə ki, Ermənistanın Macarıstanla diplomatik münasibətləri bərpa etmək qərarı biabırçılıqdır”.

Elə burdaca Molla Nəsrəddinin bir lətifəsi yadıma düşdü. Onu sizə dnışım: Deməli, bir gün bazarda Mollanın xurcununu oğurlayırlar. Molla xurcunun oğurlandığını görüb, meydanın ortasında dik bir yerə çıxıb, ucadan qışqırır:
— Kim mənim xurcunumu oğurlayıb, dinməz-söyləməz gətirib versin, yoxsa mən bilirəm ki, nə edəcəyəm.
Yaxınlıqda gizlənmiş oğru Mollanın bu hədəsindən qorxuya düşüb, xurcunu gətirib verir. Özü də maraqlanıb soruşur ki:
— Molla, işdi, xurcunu gətirib verməsəydim, nə edəcəkdin?
Molla deyir:
— Evdə köhnə bir cecim var. Gedib onu kəsib xurcun tikəcəkdim.

İndi biri bu İşxan Saqatelyana başa salsın ki,18 ildir Macarıstanla əlaqəni kəsmisiniz, 18 ildir, Ramil Səfərov mövzusunu gündəmdən çıxara bilmirsiniz, 18 ildir igid mayorumuzun “yel” olub, yanından da ötə bilməmisiniz. Macarıstanla barışmayıb nə qələt edəcəksiniz?

Yanınızda olan Fransadı, Hindistandı, İrandı. Onlar da əllərindən gələni etdilər, edirlər yenə də sizi təmin edə, razı sala bilmirlər. Türkiyəyə düşmən, Azərbaycana düşmən, Rusiyaya qarşı nankor, Gürcüstana qarşı iddialı (təxribatçılıq) olmaqdan başqa əlinizdən nə gəlir ki?
Lap Macarıstanla da barışmayın! Guya nə edəcəksiniz ki? Cecimi kəsib xurcun tikəcəksiniz?

Əntiqə Rəşid


 

TƏQVİM / ARXİV