Salam Allah. Bu məktubu sənə dualarımın əvəzinə yazıram. Çünki əllərimi açıb yuxarı qaldıracaq qədər qollarımda təqətim, dualarımı səsləndirəcək qədər gücüm qalmayıb. Utanıram deyəm ki, ürəyimdə belə səndən nəyisə xahiş edə bilmirəm. Ancaq bu an yazmağı hər şeydən üstün tuturam. Namazımı belə saxladım ki, sonra yazmaq üçün gec olar, həvəsim qalmaz, yaxud sənə o qədər dualar edərəm ki, daha yazmağa ehtiyac bilmərəm. Onsuzda heç biri yerinə yetəsi deyil, axı sən məni sevirsən, istəmirsən ki, həmin istəklərim gerçəkləşsin. Xeyri yoxdur, səndən ancaq şər-qaranlıqları istəmişəm. Ancaq pislikləri etmək arzusundayam, axı mən səndən bu dünyada gözəl, rahat, azad yaşamağı diləmişəm. Sən sonsuz dərəcədə ağıllısan. Bilirsən ki, biz qulların yaxşıları görə bilmirik. Hərdən elə düşünürəm ki, bəşəriyyət yaranandan bu vaxta qədər bizə iki kor göz vermisən. Çünki qaranlıqda dəhşət, vəhşət və pisliklər gizlənir. Axı kim bu zülmətdə nicat tapa bilər? Mənə günəşi ver, işığı ver. Ya da nə bilim…
Əslində dualarımın səslənən qismi yalandır, qeyri-səmimidir. Bunu sən də yaxşı bilirsən ki, sənə bu günə kimi əsl istəklərimi söyləməmişəm, çünki onların reallaşacağına əminəm, lakin istəmirəm… Məsələn mən içimdə sənə qarşı dərin sevgi, bağlılıq, və o cümlədən cənnətə qovuşmağı arzu tək saxlamışam. Amma beynim mənə deyir ki, belə olan halda bu dünyadakı əzablara yoldaş olmalısan. Dilim isə deyir ki, mən bu dünyanı firavan yaşamaq istəyirəm. Hərçənd deyirsən ki, hər ikisində xoşbəxtlik var. Axı insan zindanda necə xoşbəxt ola bilər Allah?! Səsimi eşit, yalvarıram… Mənim səbrim yoxdur, elə etki, əvvəlcə səndən səbr diləmək üçün dualar edim. Sonra keçərik başqa məsələlərə. Mən əliyalın, düşmənlərimi necə məhv edə bilərəm? Sənin bizə endirdiyin müqəddəs kitabdakı əhvalatları yaşamağımımı istəyirsən? Anlaya bilmirəm. Mənə silah ver!
Uca Allah, əslində çox rahatam, amma tək qalanda. Bilirəm ki, bu zaman mən bu dünyada yaşamıram. Yəqin ateist olsaydım, sənin varlığını düşünərdim. Çünki təklikdə mütləq birini axtaracağam. Bəşəriyyətin varlığına inandığım qədər sənin mövcudluğuna inanıram. Bəşər bizim gözümüzdə təsvirdir. Biz özümümüz onu təsvir eləmirik. Bəlkə, istəsək hər şeyi yox edərik, fonda bir rəng qalar – HEÇNƏSİZLİK rəngi. Sənə bu məktubu bir də ona görə yazıram ki, mənim tənhalığıma şeytanı qonağ etməyəsən.
Salam Allah. Sənə məktub yazıram, bir gecəlik dualarımın əvəzinə. İstəyirəm ki, gecələr mən "öləndə” cənnəti göstərəsən. Vallah yalanmı, doğrumu sənin bu bəndələrindən bir qismi yuxularında cənnətdən danışırlar. Təşəkkür edirəm bizə oranın təsvirini vermisən. Amma nə olar bir gecəlik yaşadasan o cənnəti bu məzlum quluna.. Ya da mənə ibir qısma səbr ver! Salam hər şeyin sahibi. Hər gün onlarca, bəlkə də yüzlərlə günaha batdığımı bilirəm, hər addımım, hər nəfəsim sınağdır. Bu gün avtobusda gələrkən, təkər partladı. Güclü partlayış idi, salonun içi toz duman olmuşdu, hələ bir sərnişin də yüngül yara aldı. Sən də mən də şahid olduğ ki, bu hadisədən sonra həmin yaralı gənc sürücünü ağır söyüşlərlə təhqir edirdi. Sən, mən və onun özündən başqa heç kim bu söyüşləri eşitmirdi. Sürücünü xəbəri yox idi. Məncə heç günahı da. Amma əzabını da gənc qazandı, günahını da. Sənə yalvarıram, bizi əcəlimizlə barışdır, ya da şeytanı qonağ eləmə.
Sonluğu belə bir cümlə ilə bitirmək istəyirəm: "Sənə ömrüm boyu yazacam..”
****
Qolumda taqətim, beynimdə düşüncələr, dilimin nəql etdiyi cümlələr var. Mən yorulmamışam, özümü tamam gümrah və yuxusuz hiss edirəm. Namazımı da qıldım, amma dualarımı bax bu məktuba saxlamışam. Ürəyimdən gələn sözləri çalışıram ki, elə ürəyimdə saxlayım. Çünki, bunları səndən başqa heç kim anlamayacaq. Təvəzökar ola bilmərəm, buna görə də yazıram.
Əvvəlcə düşündüm ki, sənə bu dünyanın şərindən və qaranlıqlarından yazım. Pis bəndələrini sənə şikayət edim. Sonra düşündüm ki, bunlar gərəksizdir. Hesab edək ki, sənə göndərəcəyim dualarımı qəbul etdin. Dünyadakı bütün şər qüvvələr yoxa çıxdı. Hər şey yaxşıdır, sağım, solum.. Gördüyüm hər kəs yaxşı insan olub. Üzlərindən nur yağır, qəlbləri saf və təmiz. Heç kəs fırıldağ eləmir, malını 20 faizdən artıq satmır, dekoltelər qiyməti qaldırmır, müəllim şagirdini döymür, şor gözlər "yeriyən ürəklər”ə zillənmir, Tarixçilər yalan yazmır, ən əsası isə heç kəs yalan danışmır və işçilər məmurlardan qorxmurlar. Ancaq görürəm bəzi kasıbların ürəkləri varlılara verdiyin ürəklərdən daha kiçikdir.
Uca Allah, bilirəm ki, sənə ibadət etmək hər oğulun və qızın ürəyinə görə deyil. Sən rəhmət sahibisən, təxminən on dəqiqə ərzində sənə qarşı edilən hörmətsizliyi sonda bəzilərimizin səmimi tövbələri ilə qəbul edirsən. Bilirəm, biz bəndələrin ən uğurlu planlarını daha çox alnımızı səcdəyə qoyarkən qururuq. İnsafımız ya da səbrimiz imkan verərsə ilk addımı yalnış hesab edib yenidən cəhd edirik. Sənin müqəddəs bir ayın da var, hansı ki, həmin ay pəhriz saxlayanlar var. Bir gün yatmadılar, rejim pozuldu deyə orucunu pozanlar var. Axı neyləyə bilərik ki, biz onsuzda arxayın bəndələrik. Hər şey düzələr, qəzalarımız təmir olunar. Amma nədənsə mütəxəssisin özümüz olduğunu dərk eləmirik. Elə ki, xəstəlik üz verdi, ölüm yaxınlaşdı, başlayırıq dost-tanışı soraqlamağa: "Mənə namazı öyrət”..
Xəstəyəm, orucumu saxlaya bilmirəm, qocayam bacarmıram. Çünki qripə yoluxmuşam, və Maşşallah indiki zamanın cavanlarına baxıram, 40 yaşımı özümə çox bilirəm.
Əziz və dəyərli Yaradan. Səni çox sevirəm, azdan-çoxdan aşiqəm sənə. Səni sevən bəndələrinə bu qədər zülm versən də.. Bizə verdiyin Oksigen, İşıq, su və qida mənə hər dərsdə müxtəlif teoremlər öyrədir. Və nəticə çıxaranda anlayıram ki, sən niyə bizə əzab verirsən. Məsələn bir bəndəni sevəndə şirkə yol verdiyimiz üçün. Cavabında sənin müqəddəs qanunun işə düşür və elə bil onu kimsə qulağıma pıçıldayır: "Məndən artıq başqasını sevsən onu səndən alaram”..
Bu gün çox sakitəm, hərçənd bayırda şimşək çaxdırırsan. Bilmirəm bu bu gün toy edənlər üçündür, yoxsa vay.. Uşaq ikən babam rəhmətə gedəndə güclü yağış yağırdı. Böyüklər dərin bir mövhumatla bunu kişinin ölümü ilə əlaqələndirdilər. Daha söz tapa bilmirəm.
Uca Allah, bu yaşıma gəldim və hələ də düz yolun hansı istiqamətdə olduğunu ayırd edə bilməmişəm. Açığı deyim ki, üç istiqamət görürəm: Realizm, Pessimizm və optimizm.. Onlardan ikisini dəqiqləşdirmişəm və deyə bilərəm ki, Realist olmaq elə də asan deyil, Optimist olmaq üçün isə sadəcə gözləməlisən. Kənardan baxanda cəmiyyətin böyük qismi optimistdir, pessimistlərin qorxduğu, lakin asanlıqla himayə olunduğu optimistlər. Resalistlər isə hər şeyə olduğu kimi baxan optimistdirlər, ya da ki, heçnə. Məni düzgün yola yönəlt yalvarıram.