adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Yazıçı olmaq

RÜFƏT SOLTAN
27893 | 2017-02-19 11:49

Düşüncələrini boş vərəqdə qaralamaq yaxşı haldır. İnsan ona verilən ilahi dəyərdən yararlanmalıdır. Əgər bir ideyan formalaşıbsa bunu niyə içindəki məzarlıqda basdırasan? İnsanların yaşadığı sosial problemlər bəzən onun yaradıcılığına və ideyalarına təsir edir. Biraz da işin içində tənbəllik elementi dayanır. Adətən yuxularımızı səhər oyanana yaxın ərəfədə görürük. Görkəmli rəssamlardan biri olan Salvador Dali bu yuxuların onun yaradıcılığına təsir edəcəyini düşünürdü. O hər dəfə yatmazdan əvvəl əlinə bir qaşıq və ya çəngəl alardı. Yuxu bitənə qədər bir neçə saniyə qımıldamırıq. Elə ki, gördüyümüz röya və ya kabus bitərsə vücudumuzda ani bir tərpənmə yaranır ki, bu da birqayda olaraq bədənimizin ən reaksion hissəsi olan əllərimizə təmas edir. Məhz həmin rəssamın da gəldiyi qənaət bu idi. Saxladığı qaşıq ani tərpənişdən yerə düşüb səs çıxarırdı və onun yuxudan oyadırdı. Alimlərin doğru qənaətinə görə yuxu oyandıqdan 10 saniyə ərzinə tam metrajı ilə beynizimizdə canlanır. Həmin hadisələri yaddaşımıza həkk etdirməyə çalışırıq. Bu hər hansı hekayə yazmaqda və ya rəsm çizməkdə bir mövzu ola bilər.

Kreativ təfəkkürü olan insalar üçün hava da, su da mövzu qaynağıdır. Bəzən aldığı nəfəsi belə fəlsəfəyə çevirə bilər. Əsas hədəf çılpaq şam ağacına yeni il bəzəkləri verməkdir. Beynimizdə canlanan rəngsiz fiqura eskiz deyilir. Bu eskizi yaratmaq Tanrının vəzifəsidir. Yəni həyatımızdakı sınaqlar kimi. Yaradan bizə bir vəzifə qoyur və bunun öhdəsindən gəlmək üçün bizə zaman tanıyır. Məsələn, Tanrı mənə bu yazını yazmaq üçün eskiz qaraladı, tapşırdı ki, bunu düzgün qaydada rəngləyim. Cizgilərdən formalaşan insan beynində nələr mövcud ola biləcəyini yazmaq isə mənim vəzifəmdir. Hərçənd həyatımızda bu cür işləri həmişə görmürük. Çalışırq ki, bizə xeyir gətirəcək işlər fomalaşdıraq. Bəlkə də buna görə çox adamın yazılarında səmimiyyət hiss olunmur.

Yaradıcılıq yalanlarına insanları inandırmaqdır. Heç şübhəsiz ki, bəddi təxəyyül anlayışı bu işdə bizlər üçün bir mükafatdır. Məsələn, küçədə gəzərkən qəfildən birini maşın vurub öldürür və sən buna şahid olursan. Tələsərək evə gəlib həmin hadisəni qələmə almağa başlayırsan, burada hadisəni olduğu kimi canladırsan heç kim səni oxumayacaq. Əgər oraya başqa elementləri də əlavə etsən artıq oxucuda diqqət və maraq yaranacaq. Axı o insanı niyə görə maşın vurdu? Əvvəlcə bu sual ətrafında düşüncələrini yazırsan. İlahi və materialist mövqeyni ortaya qoyursan. Beynində bir film səhnəsi yaranır. Səhnəyə 5-10 nəfər də tamaşaçı rolu əlavə edirsən. Onların dedi-qodularını səsləndirirsən. Ambulansı bir qədər gecikdirirsən, polislərin kobudluğunu nümayiş etdirirsən və s. Bu kimi fraqmentlərlə oxucunun damarını tutursan. Yazını bitirdikdən sonra bir anlıq duruxub dayanırsan. Bəlkə elə bunlar hamısı yuxu imiş…

Hər nədirsə həyatın özü bir yuxudur. İdealist təfəəkkürü bizə bunu deyir: Bu dünya həyatı ssenarisi oynanılmış bir yuxulardan ibarətdir. Yəni biz çoxdan yaşayıb ölmüşük. Bizim o dünyada yerimiz də bəllidir. Döyəclədiyimiz klavişlər, əlimizə aldığımız fırça və piano deyilən əşya mövcud deyil. Bunlar bizim baxışlarımızla formalaşıb. Hamısı insan zəkasının məhsullarıdır. Bəzən inanılmaz xəyal gücü hesabına bütün düyanı gəzmiş bir səyyahdan daha möhtəşəm bir dünya təsvirini verə bilərsən, əgər səndə yaradıcılıq potensialı varsa…

Rüfət Soltan

TƏQVİM / ARXİV