adalet.az header logo
  • Bakı -°C

Sahibə Qafarova Gürcüstan xarici işlər naziri ilə görüşdü

109 | 2026-11-24 18:45
A- A+

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Milli Məclisin sədri bu səfərin iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirəcəyinə və əməkdaşlıq üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.

Yüksək səviyyəli təmasların və müntəzəm siyasi dialoqun ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün mühüm rolundan danışan spiker Sahibə Qafarova bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana, Baş nazir İrakli Kobaxidzenin isə Azərbaycana səfərlərinin mühüm əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ölkənin xalqları, həmşinin gənclər arasında sıx əlaqələrin əhəmiyyəti, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə də danışılıb.

Parlamentlərarası əlaqələrin rolundan danışan Milli Məclisin sədri bildirib ki, parlamentlərimiz rəhbərlik, dostluq qrupları, komitələr və beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri vasitəsilə sıx dialoqu davam etdirirlər. 2025-ci ilin martında imzalanmış Əməkdaşlıq Memorandumu bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün zəmin yaradır.

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşlərini xatırlayan Milli Məclisin sədri iki ölkənin parlamentlərinin komitələri arasındakı əməkdaşlığın perspektivlərindən danışıb. O, Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında imzalanmış əməkdaşlıq memorandumunun əhəmiyyətini qeyd edib.

Milli Məclisin sədri qonağa Ermənistanla sülh prosesinin gedişi barədə də məlumat verib.

Maka Boçorişvili Prezident İlham Əliyevlə görüşü və müzakirə olunmuş məsələlər barədə təəssüratlarını bölüşüb. Azərbaycanın Gürcüstan üçün mühüm tərəfdaş olduğunu deyən Maka Boçorişvili bu gün Gürcüstan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini bildirib. O, diqqətə çatdırıb ki, iqtisadi, enerji, nəqliyyat sahələri ilə yanaşı, parlamentlərimiz arasında əlaqələrin də inkişaf etdirilməsi vacib məsələdir.

Qeyd olunub ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda dayanıqlı sülh və sabitliyi təmin edəcək. Bildirilib ki, bu sülh prosesi Gürcüstanda da yaxından izlənilir və dəstəklənir.

Söhbət zamanı iki ölkənin təhsil, gənclər siyasəti, parlamentlərarası, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

TƏQVİM / ARXİV