adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

RUSİYA DAĞILACAQ... - Emin Piri yazır

Emin Piri
14186 | 2022-01-07 11:20

`Rusiya dağılacaq` - uşaq bağçasında gənc tərbiyəçilərimizin əsas fikirlərindən biri idi. Şorba qarışıq bu sözü də bizə yedirirdilər. O zaman hələ SSRİ təzə dağılmışdı. Hər kəs yeni dünyanın qurulacağından bəhs edirdi.

 

`Rusiya bölünəcək` - məktəblərdə tarix müəllimlərimizin dərs arası gələcəkdə siyasətçi, diplomat olmaq istəyənlərlərlə söhbətinin əsas qayəsini təşkil edirdi.

 

`Rusiyanın yerində bir neçə dövlət yaranacaq` - tələbəliyimiz qərbdən gələn “narıncılar”ın sözlərilə keçdi. Şərqi yeni bürüyən narıncı hərəkatın anti-rus təbliğatına uymamışdıq desək, yalan olardı.

 

`Rusiyanı Ermənistandan çıxaracaqlar` - əsgərlik söhbətlərimizdən idi. Bir az boşluğa düşən kimi hərbi söhbətlərimizin əsasını təşkil edirdi. Sanki Rusiya tam olaraq işğal olunmuş torpaqlarımızdan çıxacaq, bizdən üzr istəyəcək, biz isə silahlarımızı gül əvəzi tutub, siranuşların yanına gedəcəkdik.

 

`Nataşalar bizimçün yalvaracaq` - İşsüz-gücsüz qaqaşlar tində durub təsbeh çəkə-çəkə ağız suyu axıdaraq danışmadımı?!

 

`Ukrayna böhranı Rusiyanın sonunu gətirdi` - bir neçə media orqanını çıxmaqla mütəxəssislər, media-holdinqlər hər gün manşetlərini ard-arda verir. Böyük bir kütlə bunun təsirinə düşür.

 

Amma...

 

...Rusiya dağılmadı - öncə keçmiş SSRİ-nin toxumlarını saxlamaq üçün MDB quruldu.

 

Rusiya bölünmədi - Putinin gəlişi ilə çeçen mücahidləri daxil olmaqla hər bir azadlıq istəyən qurum, silahlı dəstə və s. pərən-pərən salındı.

 

Rusiyanın yerində “Qərb” heç bir dövlət qura bilmədi - qərbyönümlü hakimiyyətlər devrildi, Rusiya meyillilər Ukrayna, Gürcüstan və digər ölkələrdə yenidən hakimiyyətə gətirildi. Putin qərbyönümlü iqtidarların olduğu ölkələrdə hakimiyyəti devirə bilməsə də, seperatizm yaratdı. Ömür boyunca bu “dövlətlər” ana vətənləri üçün “Damokl” qılıncı olaraq qalacaqlar. Gürcüstan (Abxaziya, Osetiya) və Ukrayna(Krım) variantı bariz sübutdur.

 

Rusiya Ermənistandan çıxarılmadı - Əksinə, silah-sursat göndərilməsi və xüsusən əsas şirkətlərin Rusiyanın tabeçiliyinə keçməsi pik nöqtəyə çatdı.

 

Ukrayna böhranının Rusiyanın sonunumu gətirəcəyini düşünürsünüz? Qardaşım, Rusiya bu gün-sabah Antarktidanın ilhaq edilməsi üçün pinqvinlərə belə pasportu verib, referundum keçirsə, heç təəcüblənməyin.

 

Hə, bunu deyirdim axı, Rusiya dağılacaq...


01. 05. 2014

TƏQVİM / ARXİV