adalet.az header logo
  • Bakı -°C

“Rəqəmsal məktəb” platforması daha 194 məktəbdə tətbiq olunacaq

68 | 2026-10-06 12:45
A- A+

2026–2027-ci tədris ilindən etibarən “Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndiriləcək.

Adalet.az  xəbər verir ki, yeni tədris ilindən platformadan Bakı şəhəri ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq.

Belə ki, “Rəqəmsal məktəb” platformasına Abşerondan 47, Gəncədən 50, Mingəçevirdən 29, Sumqayıtdan 48 və Naxçıvandan 20 məktəbin qoşulması nəzərdə tutulur.

Bununla da ümumilikdə daha 194 məktəb platformadan istifadə edəcək.

Layihənin əsas məqsədi təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb idarəetməsində müasir texnologiyalardan istifadə imkanlarını genişləndirmək, şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında qarşılıqlı əlaqəni daha çevik və səmərəli təşkil etməkdir.

Platformanın genişləndirilməsi müəllimlər üçün də yeni rəqəmsal imkanlar yaradacaq. Müəllimlər dərs jurnallarını elektron qaydada aparacaq, bununla da kağız daşıyıcılardan istifadənin mərhələli şəkildə azaldılması və tədris məlumatlarının vahid rəqəmsal mühitdə idarə olunması təmin ediləcək.

Bundan əlavə, platforma istifadəçiləri süni intellekt əsaslı rəqəmsal həllərdən yararlana biləcəklər. Bu imkanların müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasına, tədris prosesində müasir texnologiyalardan daha səmərəli istifadəyə və təhsilin fərdiləşdirilməsi imkanlarının genişləndirilməsinə xidmət edəcəyi bildirilir.

Şagirdlər isə platforma vasitəsilə müxtəlif tədris resurslarına çıxış əldə edəcək, gündəlik dərs cədvəlləri ilə tanış olacaq və qiymətlərini elektron qaydada izləyə biləcəklər.

Valideynlər şəxsi kabinetləri üzərindən övladlarının davamiyyəti, qiymətləri və nizam-intizam göstəriciləri barədə məlumat əldə edə biləcəklər. Bu isə valideynlərin övladlarının təhsil prosesi və məktəbdəki fəaliyyəti barədə daha operativ məlumat almasına imkan verəcək.

“Rəqəmsal məktəb” platformasının tətbiqi ilə təhsil prosesinin müxtəlif istiqamətlərinin vahid rəqəmsal mühitdə təşkili, məlumat və xidmətlərə çıxışın asanlaşdırılması, həmçinin məktəblərdə idarəetmə və kommunikasiya imkanlarının təkmilləşdirilməsi hədəflənir.

Platformanın yeni regionlarda tətbiqi ilə daha çox məktəbin və təhsil iştirakçısının rəqəmsal həllərdən yararlanması təmin olunacaq.

  • Oktyabr:
  • 2

TƏQVİM / ARXİV