“Demək olar ki əksər meyxanalar, meyxanalı mahnılar narkomaniyanı və tüfeyli həyatı təbliğ edir. Narkomaniya əleyhinə mübarizə aparılırsa bu təbliğatın qarşısı alınmalıdır. Taksilərdə, kafelərdə, çayxana və qalyanxanalarda şüurlu şəkildə gənclərin beyninə bu mahnılarla kriminal aləm və narkomaniya yeridilir. Gəncləri bu yolla təşviq edirlər”.
Bunu Adalet.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.
O, bildirib ki, narkomaniya ilə mübarizə çərçivəsində maarifləndirmə o vaxt fayda verər ki, bütün bu təbliğatın qarşısı alınsın:
“Hətta daha dəhşətlisi odur ki, bu cür mənfi xarakterli təbliğat efirlərə də ayaq açır, təbliğ olunur. Nalayiq və narkomaniya aləminin jarqonları ilə zəngin söz yığınından ibarət meyxanaları hind və fars melodiyaları üstündə oxuyub cəmiyyəti mənəvi təhqirə məruz qoyurlar. Pis vərdişlərin və sosial şəbəkələrdəki təhqir təlatümümün səbəblərindən biri də məhz bu amildir. Hətta bu propaqanda o qədər dərinə işləyib ki, orta məktəb şagirdləri də bunun təsirindədir. Son zəng tədbirində, ötən ilərdə müəllimin şagirdlərlə birgə narkomaniyanı və kriminal aləmi tərənnüm edən mahnı oxuduğuna görə cəzalandırıldığının şahidi olduq. Amma sonra bu "mahnıların" cəmiyyətə açıqlamasının qarşısını almağa yönəlik tədbir görülməsini görə bilmədik”.
T.İrfan deyib ki, vaxt vardı taksilərdə, yeməkxanalarda, istirahət guşələrində Rəşid Behbudovun, Müslim Moqamayevin, Qədir Rüstəmovun səsi eşidilirdi:
“Muğam, aşıq - saz musiqisi səslənirdi. Bir qədər kübar və zadəgan təbəqə Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Şəfiqə Axundovanın, Ramiz Mirişlinin bəstələrini dinləyirdi. İndi isə cəmiyyətin musiqi zövqü də korlanıb. Bayağı və ucuz musiqilər, söz yığınından ibarət meyxanalar, tüfeyli və avara həyatını tərənnüm edən mahnılar hər yeri bürüyüb. Orta məktəb şagirdlərini saxlayıb qulağından qulaqcıqları çıxarıb qulaq assaq görəcəyik ki, əksəriyyəti bu cür bayağı, ictimai əxlaqa zidd, mənəvi dəyərlərə əks olan musiqi və meyxanalara qulaq asırlar. Çünki televiziya və radioda, sosial şəbəkələrdə məhz bunun təbliğatı gedir. Bu cür mahnı və meyxanaları oxuyanlar cəmiyyətə qəhrəman kimi, seçilmiş obrazlar kimi təqdim olunur”.
İlahiyyatçının sözlərinə görə, televiziyalar reklam xatirinə əhalinin zövqünü korlayır, gəncləri məhvə sürükləyir:
“Bu əslində çox ağır problemdir. Açıqca narkotik vasitələrin təbliğatı gedir. Psixoloji cəhətdən gənclərin beynində rəy formalaşdırılır. Dininiz, milli mentalitetimiz, mənəvi dəyərlərimiz əsla bu çirkin mənzərə ilə uyğunlaşmır. Çox zaman dini dəyərləri də bu təbliğata alət edirlər. Dini simaların, dəyərlərin adları çəkilir, sanki onların obrazından da qalxan, sipər, pərdə kimi istifadə olunur. Hesab edirəm ki, əsasən gənclərin, orta məktəb şagirdlərinin pis vərdişlərdən, kriminaldan, tüfeyli həyatdan uzaq tutulması üçün qeyd edilən problemin həlli üçün müvafiq addımlar atılmalıdır. İctimai əxlaq zidd, mənəvi dəyərlərə və dinə, əxlaqa əks olan istənilən təbliğat növü, hal və hərəkətlərə qarşı mübarizə aparılmalı, məsuliyyət tədbiri görülməlidir. Müxtəlif təşkilatlar narkotiklərə qarşı mübarizə aparır, istifadəçilərin normal həyata qayıtması üçün fəaliyyət göstərirlər. Amma bir törədən də meyxanaçılar, meyxanalı mahnı oxuyanlar, taksi sürücülərinin əksəriyyəti, kafe - restoranlar bu bəlanı şirin göstərib, şirnikləndirici təbliğat aparır, həmin mahnılarla cəmiyyəti psixoloji tilsimə salırlar. Bu mahnılarla gənclərin beyninə təhsil, elm öyrənmək, idman, incəsənət deyil, həbsxana həyatı, narkomaniya, kriminal yeridilir”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
