QƏRBİN GƏTİRDİYİ DEMOKRATİYA VƏ SAAKAŞVİLİ - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
3713 | 2023-02-02 13:42

Son günlər saytlarda, sosial şəbəkələrdə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xəstəxanadan videoları, şəkilləri paylaşılır. Boylu-buxunlu, sağlam, top kimi oğlanın indiki vəziyyəti ürəkləri ağrıdır. ABŞ başda olmaqla, Qərb içi həyat dolu bu oğlandan namərdcəsinə istifadə elədi. Sonra da arxasından qaçdı.

Stalin nə qədər cəllad və diktator idisə, Saakaşvili bir o qədər demokrat və ürəyiaçıq bir şəxs idi. Təbii ki, səhvləri də vardı. Birinci səhvi o idi ki, hələ demokratiya üçün yetişməmiş gürcü xalqına birdən-birə demokratiya gətirdi. Qafqazın ən güclü korrupsiyaya bulaşmış respublikasına şəffaflıq gətirdi.

Daha böyük səhvi isə bir respublikanın prezidenti olmuş şəxs gedib Qərb ölkələrinin tapşırığı ilə özünü kiçildərək Odessa şəhərinin meri oldu. Və sonra da Qərbə inanıb yenidən Gürcüstana qayıtdı.

Və indi acınacaqlı vəziyyətinin şəkillərini yaymaqda da məqsəd odur ki, buyurun, bu da Qərbin gətirdiyi demokratiya və aldanıb Qərbə söykənmiş ölkənin prezidenti.

Nə deyə bilərik? Tiflisdə tikdirdiyi möhtəşəm kilsə, həmin kilsədə çarmıxa çəkilmiş heykəli olan Həzrəti İsa köməyi olsun.

Günlərin bir günü Ukraynanın prezidenti Zelenskini də elə vəziyyətdə görsəniz, qəti təəccüblənməyin.

TƏQVİM / ARXİV