adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BİZ AFRİKALIYIQ?! - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
1949 | 2023-09-14 13:17

Məni həmişə bir sual düşündürür, biz hansı qitənin sakinləriyik? avropalıyıq, asiyalıyıq, yoxsa afrikalıyıq? Xüsusilə, futbol oyunlarında çox tez-tez bir söz işlənilir: «Onlar avropalılardır». Məsələn, milli komandamızın qeyri-milli baş məşqçisi De Byazi Albaniyanı tərifləyir, orda müəyyən bir uğuru olub və bunu da belə əsaslandırır ki, Albaniya Avropadı.

Belçikaya uduzuruq, deyirlər ki, Belçika Avropadı. Nə bilim hansı itə-qurda uduzuruq hamısını belə əsaslandırırlar ki, bu it-qurdlar hamısı avropalıdı.

Allahın Lüksemburqu, Lixtenşteyni bizdən yaxşı futbol oynayır, bakılılar demiş, nöşün, nöşün ki, avropalıdırlar. Lixtenşteyn təxminən Yasamaldan balacadı, Lüksemburq da olsa-olsa Bərdənin Kətəlparax kolxozunun yarısı boydadı. O qədər balacadır ki, aeroport tikməyə yerləri də yoxdu. Amma məsələ nədi? Avropadılar.

Bəs, biz haralıyıq? Avropalıyıq, asiyalıyıq, yoxsa afrikalıyıq? Əgər avropalı deyiliksə niyə Avropa çempionatında oynayırıq?

Avropalılardan qəşəng geyinirik,onlardan bahalı maşın sürürük, evlərimiz də onlarınkından yaraşıqlıdı, mətbəximizə də söz ola bilməz.

Bəstəkarlarımız, şair və yazıçılarımız, sənətkarlarımız Avropanın hər hansı bir ölkəsinin bəstəkarlarından, şair və yazıçılarından, sənətkarlarından çoxdur və onlardan da istedadlıdır.

Bəs, biz niyə avropalı ola bilmirik? Bəlkə siz deyəsiniz?!

TƏQVİM / ARXİV