adalet.az header logo
  • Bakı -°C
14 Noyabr 2026 11:40
49
ƏDƏBİYYAT
A- A+

“İnsan qorxunu bu gizli həyatıyla aşır və yaradıcılığın...”

“Andrey Tarkovski deyirdi ki, sənətin missiyası insanı ölümə hazırlamaqdı. Bu, sənətin boyununa yüklənən dini öhdəlikdir. Sənətə “dinin instrumental alt qatı” kimi baxmaqdır. Sənət insanı ölümə hazırlayacaqsa, onda din nə işə baxacaq? İnsanı ölüm qorxusuyla manipulyasiya edib öz həqiqətlərinə inandırmaq dinin strategiyasıdır”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O, bildirib ki, sənət insana bir anlıq da olsa ölümü unutdurmaq, onu dinin mənəvi işgəncəsindən müvəqqəti də olsa azad etmək cəhddir: 

“Ağıllı insan qorxmuş yox, qorxudulmuş insandır. Qorxmaq ağıl yaratmır, bütün heyvanlar qorxur, ağlı yaradan qorxudulmaqdır. Qorxma aktı təhlükə anında yaranır və təhlükə keçdikdən sonra unudulur. Heyvanlarda bu mexanizm işləyir. Qorxudulmaq isə təhlükənin insan beyninə ömürlük transplantasiyasıdır. Din qorxunun transplantasiya mərkəzidir, qorxunu donor olaraq təbiətdən alır və onu təbiətin övladının vücuduna köçürür.Qorxudulmaq, emosional beyninin – amiqdalanın (mistiklərin ruh dediyi orqan) - qorxu hissi ilə mumiyalanmasıdır. Ağıl, ruhu, yaxud amiqdalası qorxu ilə mumiyalanmış insanın gizli həyatıdır. İnsan qorxunu bu gizli həyatıyla aşır və yaradıcılığın fantasmaqorik ərazilərinə daxil olur. Mağara divarına şəkillər qazıyan insan özünün ağlı, yəni gizli həyatıyla qorxunu aşan və yaradıcılığın fantasmaqorik ərzilərinə daxil olan ilk insan olmuşdur. Burada onu xaosla nizamın, qarabasma ilə qroteskin, faciə ilə yumorun qarışığından yaranan fərqli bir gerçəklik gözləyirdi. Gerçəkliyin qroteskvari, yəni əyləncəli-xəyali şərhi sənətin zatındadır. Bu mənada Servantes Tarkovskidən daha mistikdir, çünki o, yaradıcılığın fantasmaqorik ərazilərinə daxil ola bilmişdi, Tarkovski isə gerçək dünyadakı yerindən tərpənmir, mistisizmi din onun evinə pay göndərir”.

Vasif ƏLİHÜSEYN