adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

POLİS DÖVLƏTÇİLİYİN ƏSAS SÜTUNLARINDAN BİRİDİR

ELŞAD HACIZADƏ
44195 | 2014-03-15 09:55
Qanun kitabları insanlara aşılayır ki, qanunlar əsasında yaşa. Deməli, həyatda yaşamaq üçün diqqətli və məsuliyyətli olmalısan ki, qanun pozulmasın. Diqqətli olmadınsa, qaydalardan kənara çıxacaqsan, məsuliyyətli olmadınsa, başqasının hüququ pozulacaq. Elə bir standart ki - nə əzilməyəsən, nə də kimisə əzməyəsən. Ən çətin olanı da budur. Amma bunu bacaranlar var. Polisin işi o adamlarladır ki, onlar qanunlar əsasında yaşamır. Nəhayət, belə adamların məsuliyyətə cəlb olunması üçün əsas yaranır. Bu amil, ictimai fikirdə bu münasibətləri tənzimləyən polisin peşəkar davranışından və intellektindən daha çox asılı olur.
Dünyada gedən proseslərdən də bilirik ki, bu məsələdə qanun keşikçilərinin - polisin mövqeyi heç də birmənalı qarşılanmır. Qanunu pozmağa meyilli şəxslər daima cinayət və ya inzibati məsuliyyət təqibindən yayınmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Təsadüfi deyil ki, cinayətə meyilli olanlar da getdikcə təkmilləşir, müasir texniki vasitələrdən geniş istifadə edirlər. Bu vasitələrdən biri də "gizli əldə" olan anti təbliğat sektalarıdır ki, polisin fəaliyyətinə qara yaxır. Az qala, bütün cəmiyyətdə, vətəndaşlıq heysiyyəti olan hər kəsdə təbii narahatlıq və həyəcan hissi doğuran bu qarayaxmalar nədən qaynaqlanır?
Ancaq hamı bir fikirlə razıdır - təhlükə olanda ilk yada düşən polis olur. Dilimizdə bu ifadə var - kimisə təhülükədən xilas etmək istəyirlərsə - deyirlər, "polis çağır!" Əslində, xalq dili özü cəmiyyətdə polisin üstün mövqeyini ən dramatik anda etiraf edir. Ulu öndərimiz haqlı olaraq qeyd edirdi ki, polis işi böyük məsuliyyət tələb edən peşədir. Bu peşəyə yiyələnən insan cəmiyyətin və ətrafında olan hər bir fərdin təhlükəsizliyinə cavabdehlik daşımaq, bunun üçün hətta həyatını belə əsirgəməmək məsuliyyətini üzərinə götürür. Təşkil olunan təhlükəli əməlin elə ilk anda müəyyən edilib qarşısının alınması polisin əsas vəzifələrdən biridir. Polis gözləmir ki, cinayət baş versin və sonra cinayətkarın ifşası üçün tədbir görsün. Elə bu səbəbdəndir ki, polis işində xidmət növü üçün vaxt anlayışı yoxdur. Polisdə xidmət edən cəsarətli, psixoloji və fiziki baxımdan sağlam və möhkəm olmalıdır, yaranmış ekstremal vəziyyətdə düzgün variant seçib hərəkət etməyi bacarmalıdır.

Reallıqlar polisi arxayınlaşdırmır

Hər zaman səadət axtarışında olan insan başlıca xoşbəxtliyini təhlükəsizlikdə görür. Elə həqiqətlər var ki, onları gizlətmək mümkün deyil. Axı, Azərbaycanda ictimai təhlükəsizlik elə etibarlı qorunan ölkələr sırasındadır ki, MDB ölkələri, qonşu dövlətlərlə müqayisədə hər 100 min nəfərə düşən cinayətlərin sayı 40-50 faiz aşağıdır. Amma elə MDB ölkələri var ki, onlarla müqayisədə Azərbaycanda 100 min nəfərə düşən cinayətlərin sayı 7-8 dəfə azdır. Hətta, cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ölkəmiz Şərqi Avropa, Amerika ölkələrindən belə geridə deyil, irəlidədir. Təkcə ötən il cinayətlərin açılmasında 85,4 faiz nəticə əldə olunub. Bundan başqa əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 896 cinayət "isti izlərlə" açılıb. Eyni zamanda, prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalan 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib. Statistikaya nəzər salsaq, hər hansı bir ölkədə baş verən cinayətlər 80-90 faizdən yuxarı açılırsa, bu çox böyük nailiyyət hesab olunur. Polisin işinə az da olsa bələd olan adam dərk edir ki, cinayətlərin belə yüksək faizlə açılması necə ağır zəhmət hesabına başa gəlir.
Ümumən, hüquqa zidd əməllərlə bağlı operativ tədbirlərin görülməsində polis orqanlarına daxil olan hər bir müraciətə həssas yanaşma var. Hər bir vətəndaşın təhlükəsizliyinin təmin edilməsində ən müasir üsullardan istifadə olunur. Əsas təyinatı vətəndaşların məruz qaldığı hüquqa zidd əməllərə çevik reaksiya verilməsindən ibarət olan "102" xidməti ölkənin bütün ərazisini əhatə edir. Artıq respublikanın istənilən nöqtəsindən bu zəng mərkəzi ilə əlaqə yaratmaq mümkündür. Bundan başqa "Təhlükəsiz şəhər" xidmətinin videonəzarət vasitələri tətbiq olunur. Rəqəmsal və çoxfunksiyalı kameraların vasitəsilə paytaxtın küçə və prospektlərində ictimai qaydaya nəzarət olunur. Regionlarda da bu prosesin həyata keçirilməsi üçün iş gedir. Hansı yöndən baxsaq, aydın bir məntiq ortaya çıxır ki, Azərbaycan polisi ictimai təhlükəsizliyi etibarlı qorumaqla bərabər, istintaq və təhqiqat aparatlarında vətəndaşların pozulan hüquqlarını da bərpa edir. Azərbaycanda vətəndaşların polislə, digər hüquq mühafizə-orqanları ilə əlaqəsini göstərən təkcə bir faktı demək kifayətdir ki, bu gün cinayətlərin 60-70 faizdən çoxu vətəndaşların da yaxından iştirakı ilə açılır. Əslində, vətəndaş özü maraqlıdır ki, ölkəmizdə daxili sabitlik, əmin-amanlıq olsun.
Ümummilli Lider Heydər Əliyevin 2002-ci ildə "Polis günü"nə həsr olunan təntənəli mərasimdə dediyi sözlərdir ki, gərək xalq polisi sevsin. Bu tövsiyə bu gün Azərbaycan Polisinin fəaliyyətinin əsasını təşkil edir. Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mətbuata müsahibələrinin birində, bu barədə bildirmişdir ki, gərək biz elə xidmət edək, özümüzü elə göstərək, vətəndaşlarımıza o dərəcədə qayğı ilə yanaşaq ki, onlar bizə etibar etsinlər, çətin məqamlarda bizi özlərinə arxa bilsinlər: "Mən bunu həmişə bizim əməkdaşlara deyirəm, Kollegiya iclaslarında da deyirik, xidməti hazırlıq dərslərində də şəxsi heyətə çatdırırıq. Bilirsiniz, məqsədə nail olmaq müəyyən vaxt tələb edir. Eyni zamanda bu istiqamətdə vəziyyət ilbəil yaxşılaşır. Bizim gələcək fəaliyyətimiz ona yönələcək ki, polis - xalq münasibəti daha da yaxşılaşsın, polisin cəmiyyətdəki nüfuzu günbəgün yüksəlsin, xalq polisi, polis də xalqı özünə arxa bilsin".

Polisin davranışı diqqət mərkəzindədir

Polis orqanlarının maddi-texniki bazası ildən-ilə möhkəmlənir və modernləşir. Bütün bunlar cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin etibarlı təşkilindən qaynaqlanır. Bir sözlə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən də yüksək dəyərləndirilir. Qərb və Avropa təmsilçiləri bu fikri daim bəyan edirlər ki, Azərbaycanda ictimai sabitlik etibarlı qorunur. Azərbaycan polisinin bu istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur. Bu, həm də o həqiqətin göstəricisidir ki, Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında müxtəlif çətin şəraitlərdə xidmət aparan digər hüquq-mühafizə orqanları ilə birgə Azərbaycan polisi dayanır.
Bütün dünyada polis sistemi var. Hər xalqın bu sahədə işləyən insanlara münasibətində ortaq baxış mövcuddur. O dünya ki, onun insanı tələbkardı, o dünya ki, onun insanın arzuları sonsuzdur. Onlar arasında prosesləri, hadisələri şərh və təhlil edən insanlar, bir də yozan insanlar var. Hadisələri və prosesləri yozanlar üçün umumi maraqlar olmur. Qanunlara tənzimlənən polisin fəaliyyəti o qədər görünən üzdədir ki, o hadisələrin və proseslərin içindədir. Yəqin ona görədir ki, polisin davranışları insanlar tərəfindən diqqətdə saxlanılır. Hərlənib-fırlanıb hansı tərəfdən baxsaq, polis ictimai qaydanın təmin olunması üçün qanunun imkan verdiyi imtiyazlardan istifadə edir. Yenə o fikrə gəlirik ki, polis hadisə və prosesləri yozanların nə deməsindən asılı olmayaraq, ümumi maraqların təminatçısıdır. "Cinayət varsa, cəza olmalıdır!" prinsipi özü ümumi maraqları ehtiva edir. Məsələn, super liqadan aşağı liqaya düşmə oyununda azerkeşlərin komandası məğlub olarsa, həmin azarkeşlər fanatik azarkeş və ya azarkeşlər tərəfindən ictimai qaydanın pozulmasına sövq edilə bilər. Yəni, təsadüfi adamlar nə qədər qanunlara hörmət etsə də, çox qısa zamanda aqressiv və qanunsuz hərəkətlərə yol verən kütləyə çevrilə bilər. Burdan da görünür ki, insan həyatı üçün o qədər əhəmiyyət kəsb etməyən emosional davranışın həyat üçün təhlükəyə çevrilməsinin qarşısını polis alır.

P.S. Böyük dövlətlərin dövlətçilik tarixindən də aydın görünür ki, polisin ən güclü olduğu ölkələr sırasında ABŞ və Almaniya da var. Orda insanlar hesab edir ki, dövlətin bayırda olan nümayəndəsinə münasibətdə diqqətli olmaq lazımdır. Bu dövlətlərdə polisin xidməti fəaliyyəti nə qədər təftiş edilsədə, cəmiyyətdə bir fikir hakimdi - polis insandır: Onlar azad həyatlarını arxa plana keçirib. Polisi sevin!!!

Elşad HACIZADƏ
[email protected]

TƏQVİM / ARXİV