adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Azərbaycan polisi sabitliyin və inkişafın keşiyindədir

ELŞAD HACIZADƏ
63204 | 2014-10-11 01:42
Hər bir dövlətin uğur və nailiyyətlərinin önündə insan amili dayanır. Eyni zamanda, hər bir insanın həyat yolunu, cəmiyyətdəki mövqeyini onun vətəninə və dövlətinə xidmət səviyyəsi müəyyənləşdirir. Ancaq dövlətin ictimai təhlükəsizliyini tənzimləyən, cəmiyyətdə qaydalara nəzarət edən elə insanlar var ki, onların xidməti və davranışı millət və dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün azacıq hüququ pozulan, az qala, barmağına tikan batan polisə müraciət edir.
Deməli, həyatını insanların təhlükəsizliyinə həsr edənlər sırasında polisin adı o qədər ucadır ki, cəmiyyət ona arxalanır. Polisə yalnız cəmiyyətin qanunlara hörmət edən çoxluğu yox, hamı arxalanır. Sadəcə olaraq, bəzilərinin bunu təsdiq etməyə ədaləti, ola bilsin ki, cəsarəti çatmır. Keçirilən rəy sorğularında respondentlərin təxminən 70 faizi Azərbaycan polisin işindən razılıq edir. Əgər il ərzində təkcə inzibati hüquqpozmalarla bağlı bir milyondan artıq vətəndaş barəsində protokol tərtib olunursa, onların arasında polisdən narazılıq edənlər mütləq tapılacaq. Azərbaycan cəmiyyətində cinayətlərin hansı səbəblərdən baş verdiyini, cəmiyyətə təsirini araşdırıb konretləşdirdikdə məlum olur ki, ildən-ilə cinayət təqibi aparatı möhkəmlənir, risk qrupları ictimaiyyətin dəstəyi ilə ya polis nəzarətindədir, yaxud həbsdədir. Hər şeyi qoyaq bir kənara, polis elə fəaliyyət sahəsidir ki, fasiləsiz işləyir. Həftə ərzində 7 gün, gün ərzində 24 saat dinc şəraitdə təhlükəsiz yaşayan insan üçün bu arxayınçılıq polisin fədakar xidməti ilə yaradılır. Polis peşəsinin ağırlığı ondan ibarətdir ki, o bir tərəfdən yüksək vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil və təcrübə tələb edir. Bu dəyərləri neçə illərdir ki, Azərbaycan polisi fəaliyyət prinsipinə çevirib.

Polis ideyalara
sadiqdir

İndi Azərbaycan cəmiyyətində hər kəs öz təhlükəsizliyinə arxayındır. Bu arxayınçılıq ildən-ilə möhkəmlənir. Artıq insanlar evə gecə saatlarında qayıdan doğmalarından da nigaran qalmamağa başlayır. Polisin fəaliyyətinin əsas prinsipləri qanunçuluğa, insan hüquq və azadlıqlarına hörmətə, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsinə kökləndiyindən vətəndaş polisə bu gün daha çox inanır. Bu inamı şərtləndirən əsas amil ildən-ilə ictimai vətəndaş maraqlarının keşiyində peşəkarlıq nümayiş etdirən polisin xidməti fəaliyyətidir.
İctimai həyatın müxtəlif istiqamətlərində çalışan insanlar arasında polis peşəsi çətinlik və məsuliyyətilə seçilir. Hər bir insanın "tərcümeyi-hal"ında kifayət qədər çətin anlar olur. Bu təbiidir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi öhdəlik yaradır. Çətinliklər insana təkcə ağrı-acı yox, həm də kamillik, müdriklik verir. Həmin o müdriklik insanın əlindən yapışır ki, insan yolunu inamla getsin çətinliklərə üstün gəlməyi bacarsın. Ancaq, deyəsən, elə polisin həyatında çətin anlar o qədər çox olur ki, bəzən bunu həyatı bahasına ödəyir. Hər bir polis tam şəkildə dərk edir ki, Vətən sevgisi sözlə deyil, əməllə sübut olunur və bunun üçün yüksək hazırlıq, peşəkarlıq, qabiliyyət tələb olunur. Gecə-gündüz ictimai qaydaya nəzarət edən polislər hər cür gözlənilməz hadisəyə, eləcə də fədakarlığa hazır olurlar. Bu zaman peşəkarlıqla mənəvi-psixoloji hazırlıq vəhdətdə olduğundan, hər bir polis üçün cinayətkarlığın qarşını almaq, ictimai təhülkəsizliyi təmin etmək əsas məqsəddir. Ona görə də polis andı, polis adı ucadır. Ulu öndər Heydər Əliyev 1998-ci ildə Azərbaycan polisinin şəxsi heyətinə müracətində polisin ideya və istiqamətlərini aydın göstərərək vurğulayırdı ki, polis peşəsi ağır peşədir: "O, bir tərəfdən yüksək vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil və təcrübə tələb edir. Bunların hamısı bir yerdə cəmləşməsə, biz layiqli və mütəşəkkil polis yarada bilmərik. Cinayətkarlığın qarşısının alınması, dövlətin yaratdığı bütün imkanlardan respublika vətəndaşlarının bəhrələnməsi üçün dinc şəraitin təmin edilməsi, asayişin və qanunçuluğun möhkəmləndirilməsi naminə polis daim öz peşəkar səviyyəsini yüksəltməli, gündəlik işini müasir tələblərə, beynəlxalq təcrübəyə və normalara uyğun qurmalıdır".

Polis vəzifə borcunu ləyaqətlə icra edir

Azərbaycanda hər yüz min nəfərə düşən cinayətlərin sayı cəmi 250 faktdır. Son on ildə hər il orta hesabla 20 minə yaxın cinayət baş verir. Dəyişən dünya düzəni və yeni geosiyasi şəraitin fonunda cinayətkarlığın təhlili göstərir ki, ölkəmizdə ağır və xüsusilə ağır cinayətlər cəmi 10 faiz təşkil edir. Bu, illərdir digər hüquq-mühafizə orqanları ilə birgə, Azərbaycan polisinin gərgin xidmət fəaliyyətinin nəticəsində mümkün olub. Bu reallıqlar haqqında fikir söyləmək üçün əvvəlcə o fəaliyyət sahəsinin içində olmaq, yaxud onu yaxından müşahidə etmək, əlacsız qaldıqda, görünənləri aydın düşünmək lazımdır. Hüquq-mühafizə orqanlarının işinə azdan-çoxdan bələd olanlar bilir ki, 20 min cinayətin 90 faizi açılması hansı zəhmət hesabına başa gəlir.
İnsan neçə gün yuxusuz qala bilər? Bir neçə saat, uzağı bir gün... Axırda dözməyib etiraz edəcək ki, yuxusuzam, yorulmuşam, yatmalıyam. Amma polisin xidmətində yorulmaq, yuxusuzluq kimi anlayışlar yoxdur. Əməliyyat işi ilə əlaqədar bəzən polis sutkalarla yuxusuz qalmalı, şənbəsiz, bazarsız yorulmadan çalışmalı olur. Bəli, polis xidmətində vaxt anlayışı yoxdur. Polis bütün xidməti boyu risqlə üz-üzə dayanır, başqasının malını, mülkünü, ailəsini qorumaq üçün təhlükənin üzərinə yeriyir, bəzən öz canından keçir. Bu peşəni seçən hər bir insan özü ilə bərabər doğmalarını da bu riskin çətiri altında yaşamağa məhkum edir. Bəzən adi bir hadisə də güclü rezonans doğura bilir, cəmiyyəti düşündürür, münasibət bildirməyə sövq edir. Amma bəziləri ya hissə qapılır, ya da yalan sözə inanır və ətrafında, öz həyatında polisin xidmətinin əhəmiyyətini görə bilmir, olsun ki, görmək istəmir. Əslində polisin hər bir uğuru, peşəkarlığı bu cür düşünənlərə verilən ən yaxşı cavabdır. Çıxışlarının birində Prezident İlham Əliyev Azərbaycan polisinin çox böyük və şərəfli yolu var - deyə vurğulayaraq qeyd edir ki, bu yol Azərbaycan dövlətçiliyinin yoludur: "Bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanmasında çox önəmli rol oynayır".
Müəllim savadın, həkim sağlamlığın, hakim ədalətin keşiyini necə çəkirsə, polis də ictimai təhlükəsizliyin keşiyini o cür çəkir. İnsan amilinə önəm verən dövlətlərdə bu imtiyaz qanunla tənzimlənərək polisə həvalə edilib. Polis olmaq böyük bir qabiliyyət, mərifət, savad və xarakter tələb edir. İnsana arxa durmaq, qanunu qorumaq polis peşəsinin əsas xüsusiyyətidir. Deyilənlərə və yazılanlara inansaq, polisin başqa dövlət xidmətlərindən fəqləndirən əsas xüsusiyyəti, ictimai qaydaya aşkar surətdə fasiləsiz nəzarət etməsidir.

Cəmiyyət
polisə arxalanır

Azərbaycan yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində lider dövlətlərdəndir. Xalqımızın demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı olması üçün ictimai sabitlik başlıca şərtdir. Məhz buna görə də ölkəmizdə ictimai təhlükəsizlik, insanların etibarlı mühafizəsi hər şeydən öndə saxlanır. Çünki bütün uğur və nailiyyətlərin önündə insan dayanır. Bəs bu üstün dəyərlərin qorunması necə olur? Polis necə işləməlidir ki, hamı razı qalsın? "Cinayət varsa, cəza olacaqdır" reallığı cəmiyyət inkişaf etdikcə polisin məsuliyyətini ikiqat artırır. Bəzən düşünürsən ki, insanı sevindirməyə nə var ki? Ancaq insanı razı salmaq çətin məsələdir. Hər insanın zehnində ideal həyat modeli var. Yaşamaq istədiyimiz həyat, yaşadığımız həyat və yaşamalı olduğumuz həyat arasında fərqlər var. Amma insan həyatın nizamını öz gücünə və mövcud qayda-qanuna uyğun, ölçü-biçimlə qurmalıdır. Təcrübə göstərir ki, insan tamahının əsirinə çevriləndə, iddiaları imkanlarını üstələyəndə, cəmiyyət üçün təhlükəli olur. Müqəddəs kitablarda da təkrarlanır ki, insan əməllərinə görə məsuliyyət daşıyır, "şərait" cinayətə bəraət qazandırmır. İlk baxışdan sadə görünən bu sözdə böyük bir hikmət var. Amma həyatda insan daha yaxşı yaşamaq üçün çalışır, hərənin öz modeli var. Amma kim necə çalışır? Bu insanların içərisindən bəzən elələri tapılır ki, əməlləri bir sıra "maddələr" yaradır. Və bu maddələr bəzən AR Cinayət Məcəlləsində öz əksini tapır... Azərbaycan polisi də cəmiyyəti məhz bu cür əməllərdən və "maddələr"dən qoruyur...
Bu gün birmənalı demək olar ki, Azərbaycanda vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən işlər beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən də yüksək dəyərləndirilir. Qərb və Avropa təmsilçiləri bu fikri daim bəyan edirlər ki, Azərbaycanda ictimai sabitlik etibarlı qorunur. Artıq Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi edir, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında müxtəlif çətin şəraitlərdə xidmət aparan digər hüquq-mühafizə orqanları ilə birgə Azərbaycan polisi dayanır. Sonuncu dəfə Kollegiya iclasında repsublikamızın daxili işlər naziri, general- polkovnik Ramil Usubov əldə olunan uğurlardan arxayınlaşmamağı, peşəkarlığı, hər bir əməkdaşın bilik və təcrübəsini daim artırmağı, cinayətkarlığa, o cümlədən şəxsi heyət arasında korrupsiya hüquqpozmalarına qarşı aparılan işin davamlı olmasının zəruriliyini vurğulayaraq, konkret tapşırıq və tövsiyyələrini verməklə Azərbaycan polisinin ideyalara sadiq olduğunu göstərmişdir.

TƏQVİM / ARXİV