adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

İCTİMAİ ASAYİŞİN QORUNMASINDA VƏTƏNDAŞ MÖVQEYİ

ELŞAD HACIZADƏ
19467 | 2016-04-09 09:38
Hamının bu və ya digər dərəcədə əlaqədar olduğu bir fəaliyyət sahəsi vardır ki, bu sahədə hər kəsdən məsuliyyət, fəal vətəndaşlıq mövqeyi tələb olunur. Bu, yaşadığımız cəmiyyətdə ictimai təhlükəsizlik sistemidir. Hamılıqla qəbul etdiyimiz bir həqiqət var ki, yüksək vətəndaşlıq keyfiyyətlərinin daşıyıcısı olan insan bu missiyaya tək polisin vəzifəsi kimi yox, həm də öz məsuliyyəti - vəzifəsi kimi yanaşmalıdır. Bu danılmazdır. Bəllidir ki, dövlətin, cəmiyyətin strateji məqsədlərinə xidmət vəzifəsini qanunla yerinə yetirən polisin fəaliyyəti hamılıqla qəbul edilən, arzulanan elə bir məqsədə yönəlib ki, hər bir vətəndaş daha təhlükəsiz yaşasın...
Bu gün Azərbaycanda kriminogen durum tam nəzarət altındadır. Konkret faktlar, rəqəmlər göstərir ki, ölkəmizdə hər il təqribən 20 minə qədər cinayət hadisəsi, 1 milyondan artıq inzibati xəta baş verir. Böyük rəqəm deyil. Vəziyyət dəyişə bilər. Vəziyyətin dəyişməsi, cinayət və inzibati xətaların daha da azalması üçün vətəndaş təəssübkeşliyi aktualdır. Belə vəziyyətdə müasir dövrün, cəmiyyətin, öz millətinin ləyaqətli övladı olmaq vəzifəsi hər bir şəxsin qarşısında dayanan birinci dərəcəli vəzifəyə çevrilməsini şərtləndirir. Belə bir zəruri, həm də yüksək mərtəbəyə çatmaq bir tərəfdən asandır, digər tərəfdən çətin. Asandır, ona görə ki, indi hərtərəfli inkişaf üzün qlobal miqyasda informasiya verən texniki imkanlar hüdudsuzdur. Çətindir, ona görə ki, ləyaqət məfhumunun meyarı xeyli dəyişib mürəkkəbləşib, cəmiyyətin sürətli tərəqqisi ilə əlaqədar olaraq insanın yüksək vətəndaşlıq mövqeyində dayanmasına tələb çox-çox artıb. Bilirik ki, ləyaqət hər şeydən qabaq insan mənəviyyatının can atdığı zirvədir. İnsanlar nəsil-nəsil o zirvəyə çatınca sonra yetişən övladların gözləri qarşısında başqa-başqa üfüqlər dayanır, başqa-başqa aləmlər açılır. Deməli, əməllərimizdə olan əxlaq, başqa sözlə desək, mənəviyyat yetişən nəsilə örnəkdir.
Hər xalqın öz düşüncəsi, əxlaq normaları var. Təsadüfi deyil ki, Qərb ölkələrində bu ənənəyə vətəndaşlar qeyri-ixtiyarı əməl edir. Cinayətlərin açılmasında vətəndaşlar o qədər həssaslıq nümayiş etdirir ki, təhlükəli əməllərə meyilli adamlar cəmiyyətin kütləvi etirazından ehtiyat edir, qorxur. Və bilir ki, onun ziyanlı əməlinə görə, təqib edən tək polis deyil, eyni zamanda mündirsiz vətəndaşdır. Bir fikir hakimdir ki, cəmiyyətə qarşı açıq hörmətsizlik göstərən, ləyaqətsizliyə yuvaralanan insan hər cür yaramaz əməl törədə bilər. Sağlam mənəviyyatlı minlərin, milyonların içərisində, sayı az olsa da, əxlaqi və əməli ziyanlı olanlar da vardır. Bunlar cəmiyyətin normalarına qarşı çıxır, başqasının əmlakına göz dikir, həyatını şəxsi maraq və ambisiyaları çərçivəsində təmin etməyə çalışır. Ayrı-ayrı şəxslərin hərəkətlərində, əxlaqında özünü büruzə verən və cəmiyyəti təhdid edən bu hallar başqalarına da sirayət edir. Məhz bu amilə nəzərən israrla vurğulmaq olar ki, belələrinə qarşı mübarizə hər kəsdən vicdan borcu, fəal vətəndaşlıq mövqeyi tələb edir. Bu da o, həqiqətin göstəricisidir ki, fəal vətəndaşlıq mövqeyi təkcə insanın insanın ölkə, dövlətə mənsubluq, borc və vəzifələri əhatə etmir, eləcə də təbii və ictimai təəssübkeşlik səviyyəsi ilə ölçülür.
İndi baxaq, nəzərdən keçirək - bu əxlaqı özünün həyat normasına çevirən insanlarla mübarizədə polis bəzən əsassız ittihamlara, dedi-qodu söhbətlərinin mövzusuna çevrilir. Təbiidir. Göründüyü kimi, hər şey aşkar meydandadır. Bəs niyə belədir? Burada günahkarın birincisi insanın tərbiyəsidir. Necə ki, ulu öndər Heydər Əliyev bəyan edirdi ki, hərə öz yerində mənəviyyatsız, cəmiyyəti narahat edən hərəkətlərin qarşısını almağa çalışmalıdır: "Təəssüflər olsun ki, bizim cəmiyyətimizdə çoxları bunu görür, amma buna münasibət bildirmir. Yaxud da üzünü o tərəfə döndərir: "Mənə nə dəxli var". Bu desə ki, "mənə nə dəxli var", o desə ki, "mənə nə dəxli var", o birisi desə ki, "mənə nə dəxli var", onda bizim millətimiz ayrı-ayrı təxribatçıların əli ilə get-gedə, əlbəttə ki, çox böyük çətinliklərlə rastlaşacaqdır".
Həqiqətən də, tədqiqatlar, ideloji yanaşmalar sübut edir ki, "mənə nə dəxli var" azarı inkişafı geri salan, təhlükəli əməllərə meyilli adamlara əl-qol açmağa imkan verən ən böyük bəladır. Ulu öndərin cəmiyyətdə baş verən təhlükəli əməllərə dair fikirləri xüsusi əhəmiyyətə malik proqram sənəddir. Hamı bu sənəddə qaldırılan məsələlərin həyata keçməsi üçün müvafiq imkanlardan istifadə etməli, əlindən gələni əsirgəməməlidir. Dinimizdə deyilir ki, əgər haqsızlığın qarşısını heç nə ilə ala bilmirsənsə, heç olmasa onu duyurun, yaxud əgər haqsızlığın yanından keçəndə ona göz yumursansa, sən də onun iştirakçısına çevrilirsən...
Hansı yöndən baxsaq, aydın bir məntiq ortaya çıxır ki, əvvəlki dövrdən yadigar qalan bu ideyalar hansı münasibətlə deyilmiş olsa da həmişə müasirliyini saxlayan bir həqiqəti ifadə edir: Fəal vətəndaşlıqg!
Xalqın adət-ənənəsinə ehtiram göstərməyən, "mənə belə xoşdur", "mənə nə dəxli var" deyən adamların hərəkəti ibtidai icma dövrünün təfəkkürünə bənzəyir. İnsan fiziki, fizioloji və psixoloji bir struktur kimi nəzərdən keçirdikdə aydın olur ki, onun əməllərinə, bu əxlaqına izah tapmaq mümkünsüzdür. Ətrafımızda baş verənləri olduqları yerdən yox, olduğumuz yerdən görürük. Beləliklə, özümüzə sual verməli oluruq: bəs bu əxlaqın daşıyıcısı olan, "mənə nə dəxli var"- düşüncəsi cəmiyyət üçün nə vəd edir? Düşünək...

TƏQVİM / ARXİV