adalet.az header logo
  • Bakı 16°C

O bir tale yazısıdı… - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1399 | 2023-02-13 12:00

…Hər insanın və hər adamın bir tale yazısı olur. Yəni insan dünyaya gəlməzdən öncə o bu dünyada necə yaşayacaqsa, bir alın yazısı var. O alın yazısını da zaman- zaman biz yaşadıqca görürük, bilirik və hər şeyin şahidi oluruq. Mən televiziya verlişlərinə bir o qədər də baxmıram. Çünki onların çoxu kimlərinsə maraqlarına xidmət edir, peşəkarlıq baxımdan aşağı səviyyədədir. Belə proqramlara baxmaqdansa, baxmamaq daha yaxşıdır. Ən azından nə qanın qaralır, nə də əsəbləşirsən!...

Amma “Space”Tv-nin “Zamirə ilə açıq söhbət” proqramını çox maraqla izləyirəm. Bu layihə özü milli dəyərlərimizi və o cümlədən ziyalılarımızı xalqa tanıtmaq üçün çox unikal və orjinal bir adddımdır. Ona görə də sözün düzü, həmişə bu verlişi izləyir və hər dəfə maraqlı proqram hazırladıqlarına görə, layihə rəhbərinə, redaktora, aparıcıya və rejissora minnətdar oluram. Proqramın Seyran Səxavətlə, Aqil Abbasla, xalq şairi Vahid Əzizlə, Əlisa Nicatla olan söhbətlərini uzun müddət unuda bilmirəm. Ən maraqlısı odur ki, bu ziyalılar xalqla onun öz dilində danışırlar. Onlarla çox səmimi və çox şirin söhbətlər edirlər. Və belə bal kimi söhbətdən doymaq olmur.

Bu günlərdə isə baxdığım verlişə millət vəkili, mənim tələbə dostum yazıçı- publisist İmamverdi İsmayılov dəvət olunmuşdu. İmamverdi müəllim televizyalara bir o qədər də maraq göstərmir. Çünki onun özü vaxtilə AzTV-də “Gənclik redaksiyası”nın baş redaktoru olub. Yəni o, televiziyanın bütün incəliklərini, “mətbəxt”ini gözəl bilir. İmamverdi müəllim onu da yaxşı bilir ki, hər jurnalist onun qəlbini, ürəyini, iç dünyasından keçən duyğuları tuta bilmir. Görünür, “Space”nin bu proqramına ona görə getmişdi ki, yaradıcı kollektivə inanmışdı. Həmin verlişi ilk dəqiqəsindən son anına qədər izlədim. Və izlədim bir daha yəqin etdim ki, İmamverdi İsmayılov çox yaxşı edib Zamirə ilə açıq söhbətə qoşulub. Mənim tanıdığım İmamverdi İsmayılov çox səmimi, çox istedadlı və çox da sadə bir ziyalıdır. Elə bu söhbətdə Azərbaycan tamaşaçısı bir daha onun sadəliyini, səmimiyyətinin, böyük ürəyinin şahidi oldu. O, bir kəlmə də boğazdan yuxarı bir söz danışmadı. Nə danışdısa, ürəkdən danışdı… Nə danışdısa, xalqın dilində danışdı… Nə danışdısa, hamının bildiyi və gördüyü hadisələri yada saldı…

O, çox zəhmətkeş ailədə dünyaya göz açıb. Qəbul imtahanına gələndə yer olmayıb ki, orda gecələsin. Amma bu kimsəsiz istedadlı və savadlı adamı Allah qoruyub. Bütün bunlar haqqında İmamverdi müəlllim ətraflı danışdı. Amma bir məsələni danışanda mənim ürəyimin telləri titrədi. Tələbəlik illərində yazdığı bir hekayəni xatırlatdı. O hekayənin qəhrəmanı tək İmamverdi müəllim deyil, biz hamımızıq. Çünki kasıb, zəhmətkeş ailədə dünyaya gələn bütün insanlar bu hisləri yaşayır. Tələbənin pulu olmur istədiyi qızla kinoya getsin. Tələbənin pulu olmur ki, istədiyini alıb yesin. Bütün bu zərif və incə detalları xatırlamaqla millət vəkili, yazıçı- publisist İmmamverdi İsmayılov bir daha keçmişini unutmadığını təsdiq etdi. O təsdiq etdi ki, öz zəhməti ilə mövqe tutan adamlar gec- tez istəyinə çatır. Yəni ən uca zirvəyə qovuşur. Bax, İmamverdi İsmayılov da öz halal zəhməti ilə “əmisi”, “dayısı”, araxası olmadan bu zirvəyə yüksəlib.

Aparıcı Zamirə xanım Vahid Əzizin bir fikrini xatırlatdı: “Kreslo gəzəyən qadın kimi bir şeydir. O heç də həmişə insana sədaqətli olmur”. Amma sizin kreslonuz sizə sədaqətlidir. Altı çağırış Milli Məclisə deputat seçilmisiniz. İmamverdi müəllim bu suala da çox səmimi və unikal cavab verdi. Dedi ki, o kreslonu mən seçməmişəm. Onu mənə xalq verib, seçicilərim verib. Mən də həmişə elimin, obamın ağır və yaxşı günündə içində olmuşam. Yəni məni seçən insanlar yaxşı bilirlər ki, İmamverdi İsmayılov kimdir. Bir də bu məsələdə tale yazısı var. Onu Allah-Təala yazır. Və mən də həmişə Allahımdan razıyam.

İmamverdi müəllimin bir sözü də məni çox düşündürdü. Dedi ki, anamız bizə qarşı həmişə sərt olub. Nə yaxşı ki, sərt olub, yoxsa həyat tərzimiz başqa cür olardı.

Ümumiyyətlə, belə böyük ziyalıların televizya proqramlarına tez- tez dəvət olunması daha məqsədəuyğundur. Hətta onlar bu dəvəti qəbul etməsələr belə, nəyin bahasına olursa olsun, İmamverdi İsmayılov kimi ictimai-siyasi xadimlərin, yazıçı-publisistlərin “boş damar”nı tutmaq lazımdır. Çünki onların bal kimi şirin söhbətləri həm milli dəyərlərimizi, həm əxlaqımızı, həm də tərbiyəmizi qoruyur. Eyni zamanda şou- proqramlara və bəsit verlişlərə baxmaq istəməyən insanların qəlbinə və ruhuna bu cür söhbətlər bir qida, bir ruh, bir işıq verir…

Bir daha “Space”Tv-nin “Açıq söhbət” proqramının aparıcısı Zamirə xanıma, redaktora , rejissora və yaradıcı kollektivə öz təşəkkürümüzü bildiririk ki, belə yüksək səviyyəli, unikal ziyalıları xalqa yenidən tanıtdırır, onları yada salır və bizə sevdirir. Nə yaxşı ki, millətinə və xalqına təmənnasız xidmət edən böyük ziyalıları “Space”Tv yada salır. Onlar belə ziyalıları yada saldıqlarına görə, Allah da o yaradıcı kollektivi yada salsın və qorusun!...

 

TƏQVİM / ARXİV