adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Nəyinə güvənib xoruldayırsan? - Emin Piri yazır

Emin Piri
390 | 2022-01-17 14:50

Günü-gündən iş, tələbə həyatına görə böyüyən Bakıda ictimai nəqliyyat ayrıca problemə çevrilməkdədir. İstər yollarda maşın tıxacları, istərsə nəqliyyat içindəki insan tıxacı...

Bütün bunları anladıq da, bəs, insanlar niyə bir-birinə belə mane olur?

Məsələn, metroda, avtobusda...

Ay qardaş, sən də hamı kimi 30 qəpiklik metroya, avtobusa minmisən də. Sən Allah, imkan ver, evimizə, işimizə gedək.

Ya elə sevgilisi ilə metroya minərkən basabasda ayaqlarıyla dövrəyə alaraq sanki sevgilisini əlindən alacağıq kimi 3-4 nəfərin yerini də tutmaq nədir?

Belə qısqanırsan, ovcunda götür, evə apar. Nə kimsə görməsin, nə də insanların yerini dar etmə.

Qardaş, sevgilin var, bildik. Bu basabasda vaqonda ayaqlarını iki metr aralayıb. Sol tərəfə pependikulyar, sağa da paralel konusvari. Bədən qıza doğru əyilmiş trapesiya formasına çevrilib. Əllər at üstündə qaçan hun döyüşçüsü kimi ox atmağa hazır, qapıya söykənib hədəfini möhkəm sıxıb. Bir növ qız aypara şəklində mühasirədədir. Qardaş elə bil türklərin turan taktikasını həyata keçirir. O qardaş əlləri boşaltsa, ayaqlarını yığsa mənim kimi 6-7 cılız bəndəniz də qatara minə bilər. Az qalırsan maşinistlə əlaqəyə çıxasan ki, sən bu sevgililəri apar,evlərinə ötür, sonra gəlib bizi apararsan.

Ya da əyləşərək ayaqlarını genələ-genələ açıb, sanki hansısa imperator kimi iki nəfərlik yeri zəbt etmək nədir?

Hə, bir türk əhvalatı var. Rayonlar arası marşrutda “konduktor” xoruldayan sərnişini insanları narahat etdiyinə görə oyadır. Sərnişənsə bir az zaman keçdikdən sonra yenidən yuxulayır. Xoruldamağa başlayır. Sərnişinlə davaya çıxan sürücü köməkçisi axırda onu avtobusdan endirmək qərarına gəlir. Bundan sonra sərnişin “konduktor”u da döyür, onları aralamağa çalışan sürücünü də.

Sürücünün digər dostu onlara kömək istəyəndə sərnişin onu da döyür. Avtobusdan enəndəsə boksçu olduğunu bildirir.

Başqa səfər zamanı yenə bir sərnişin xoruldamağa başlayır. Bu dəfə sürücü köməkçisi onu mədəni şəkildə oyadır.

-Qardaş, boksçusan?

-Xeyr.

-Karateçisən?

-Xeyr.

-Taekvanduçusan?

-Xeyr.

-Kunqfuçusan?

Sərnişin təəccüblənir və yenə yox deyir.

-Yaxşı, qardaş, hansı...güvənib xoruldayırsan?

 

İndi qardaşım, sən də onsuz əsəb içində olan, tıxac içində ayrıca niyə belə yerimizi dar edirsən?

 

TƏQVİM / ARXİV