adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

 «Azəristiliktəchizat» iki ayağını bir başmağa dirəyib... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1356 | 2021-11-10 12:33

Çox təəssüf ki, ölkəmizdə COVİD-19 virusuna yoluxanların sayı günbəgün artsa da, bununla bağlı qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə aidiyyatı qurumlar can atmırlar. Hansı ki, soyuq havalarda koronavirus daha sürətlə yayılır və buna yoluxanların sayı artmaqda davam edir. Əgər bu virusla mübarizənin bir forması sanitar-gigiyenik qaydalara əməl etmək, tibbi maskalardan istifadə etmək, ara məsafəsi saxlamaqdırsa, digər bir forması soyuq havalarda mənzillərin normal qızdırılmasıdır. Hələ nə yaxşı ki, ölkəmizdə havalar bir o qədər də soyumayıb. Düzdü, dağlıq və dağətəyi rayonlarda qar yağıb, şaxta düşüb.

Amma gəlin onunla razılaşaq ki, koronavirusun ən çox yayıldığı yer Bakı şəhəridir. Və bu gün Bakı şəhərində, nə ümumtəhsil məktəblərinə, nə də uşaq bağçalarına istilik verilir. Düzdü, məktəb direktorları və müəllimlər yanlarında elektrik sobası yandırırlar. Amma bunun şagirdlərə zərrə qədər də xeyri yoxdur. Bəlkə də son vaxtlar məktəbdə şagirdlərin koronavirusa yoluxmanın başlıca səbəbi otaqların qızdırılmamasıdır. Təbii ki, bu cür mövcud nöqsanların qalması və davam etməsi birmənalı olaraq məktəblərdə və uşaq bağçalarında xəstəliyin yayılmasına təkan verir.

Hansı ki, Operativ Qərargah bu məsələləri gündəmdə saxlamalı və problemin həlli yolunu axtarıb tapmalıdı. «Azəristiliktəchizat» isə çox güman ki, noyabrın 15-dən tez istilik verməyəcək. Biz yazımızı qələmə alanda noyabrın 10-u idi və hava da bir qədər mülayim idi. Amma hidrometroloqların verdiyi məlumata görə, noyabrın 10-u axşamdan noyabrın 12-nə kimi havanın temperaturu 6-10 dərəcə aşağı düşəcək, Bakıda yağış yağacaq və hava soyuyacaq. Bax, onda görəsən məktəblərdə və uşaq bağçalarında insanlar nə edəcəklər?! Yəni onlar soyuq hava şəraitində həmin ünvanlarda qızına biləcəklərmi? Şübhəsiz ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Çünki bizdə nədənsə hər hansı problem böyüyəndən və şişəndən sonra onu həll etmək istəyirlər və o problemi də həll etmək müşkül bir məsələyə çevrilir.

İndi qayıdaq «Azəristiliktəchizat»ın bu məsələlərə barmaqarası münasibət bəsləməsinə. Həmin qurumun məsul şəxsləri mətbuata bildirirlər ki, biz bu məsələləri vaxtından tez həll edə bilmərik. Bu işdə bizə «Azəriqaz», «Azərsu» və eləcə də «Azərişıq» kömək etməlidir. Nəyi gözləyirlər? Kömək etsinlər də. Görünür, onlar ya Nazirlər Kabinetindən, ya da digər qurumlardan tapşırıq gözləyirlər. O tapşırıq olmasa çox çətin ki, «Azəristiliktəchizat» vaxtından tez məktəblərə, uşaq bağçalarına və sosial obyektlərə istilik verə. Artıq bu qurum iki ayağını bir başmağa dirəyib deyir ki, mən vaxtından tez istilik verə bilmərəm. Dövri mətbuatda və televiziyalarda «Azəristiliktəchizat»a irad tutulsa da, onlar yenə lazımi addımları atmaq istəmirlər.

Onu da qeyd edək ki, Bakıda əksər binalar beton pilitələrdən inşa edilib. Bir balaca hava dəyişən kimi həmin binaları elektrik sobası ilə heç cürə qızdırmaq mümkün deyil. Bu binalar yalnız və yalnız istilik sistemi vasitəsi ilə qızdırıla bilər. Artıq ölkəmizdə qripin müxtəlif formaları, o cümlədən kəskin resperativ viruslar daha da çoxalıb. Əhali özünü çox təhlükəli olan koronavirusdan qorusa da, adi bir soyuqdəymədən immunitet zəif olduğuna görə xəstələnir və yataq rejiminə düşür. Soyuqdəymə xəstəliyinə isə əlac dava-dərmandan öncə mənzillərin normal qızdırılmasıdır. Bu da ki, hələ  Bakı şəhərində mümkün olmayıb.
Ötən yazımızda qeyd etmişdik ki, Sovet dövrünün pis vərdişlərini biz çox böyük həvəslə davam etdiririk. Ancaq yeniliyə, yeni sistem və metodlara həvəs göstərmək istəmirik. Noyabrın 15-də istiliyin verilməsi Sovet dövründən qalmış rejimdir. Axı biz müstəqil dövlətik. Dövlət də ölkəmizdə istilik sisteminin əsaslı və yenidənqurması üçün milyonlarla vəsait ayırıb. Ən müasir qazanxanalar tikilib.

Sadəcə «Azəristiliktəchizat»ın rəhbərliyi hərəkətə gəlib bu istiliyi noyabrın 15-də yox, oktyabrın sonunda verməlidir. Oktyabrın sonunda verməyən istiliyə görə isə həm məktəblərdə, uşaq bağçalarında, həm də sosial obyektlərdə və yaşayış yerlərində insanlar soyuqdan xəstələnəcək.

TƏQVİM / ARXİV