İtaliya kimi bir futbol ölkəsinin lideri ilə «Qarabağ» başa-baş oynadı. Bu futboldu, udmaq da var, uduzmaq da. Eybi yox, hələ qarşıda üç oyunumuz var, inşallah, lazım olan xalları toplayarıq.
Həmin gün hər şey bizim əleyhimizə idi - hava da, əlli beş minlik tamaşaçı da. Bəxtimizdən Medina da zədələnib meydanı tərk elədi. Bütün bunlara dözdük, çarpışdıq. Amma nədənsə meydanda «Napoli»nin on iki nəfərlə oynadığını var-yoxları çöldə qalmış VAR da görmədi.
On ikinci oyunçu polşalı hakim idi. Olmayan yerdən qapımıza penalti verdi. Özü də dəfələrlə göstərdilər, oyunun qaydalarını «Napoli»nin futbolçusu pozmuşdu, bizim futbolçunun üzünə əlinin tərsi ilə vurmuşdu. Amma var-yoxları çöldə qalmış VAR bunu görmədi. Əslində gördü ey, o gözü ilə görənlər məsələni «Napoli»nin xeyirinə həll etdilər.
Amma Koxalski penaltini dəf edə bildi, VARdakıları var-yoxdan elədi, eləcə də hakimi.
Bizimkiləri kobudcasına yıxırdılar, amma gözü ilə görən hakim bunu görmürdü. Amma bizimkilər tıqq eləməmiş «Qarabağ»ı cərimələyirdi.
Nə isə, vaxtilə «İnter»in qapısına vurduğumuz qolu da saymamışdılar. Çünki bizə yuxarıdan-aşağı baxırlar.
Amma inşallah, «Qarabağ» ona yuxarıdan-aşağı baxanların gözlərini növbəti oyunlarda çıxaracaq.
Qurban xocaya və «Qarabağ» komandasının futbolçularına uğurlar arzulayırıq.
Qəm eləməyə dəyməz. Hərçənd ki, mən özüm bu gecə yata bilmədim.
Yeri gəlmişkən, oyunda futbolçularımızın hamısı qəhrəman idi, amma qapıçımız Koxalski qeyri-adi bir qəhrəmanlıq göstərdi. Eşq olsun!


Bakı -°C
