adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

MÜHARİBƏ BİTDİYİ GECƏ - Emin Piri yazır

Emin Piri
1218 | 2021-11-10 10:14

Noyabrın 9-dan 10-na keçən gecə bizimçün necə bitdi, nə etdik? Şuşa uğrunda döyüşlər, onun azadlığına aparan yollar Xocalı kəndlərindən keçir. Həmin ərazilər uğrundasa böyük döyüşlər artıq oktyabrdan baş verirdi. İndi o ərazilərə səfər edənlər də görər ki, Şuşaya doğru Azərbaycan ordusu sanki iynə ucu kimi daxil olub. Eyni zamanda sülhməramlıların həmin ərazilərdə yerləşmə mövqelərinə baxsanız müharibə dövründə ordunun Şuşa və ətrafını bir növ mühasirə vəziyyətində azad etdiyini müşahidə edə bilərsiniz. 

Noyabrın əvvəlində bizim batalyonun müharibə dövründə son tapşırığı Şuşa ətrafı və eyni zamanda Daşaltının ətrafı yüksəkliklərdi. O yüksəkliklərdən baxdıqda həm Şuşa, həm Daşaltı, həm Xankəndi, həm dəhliz bir növ vizual nəzarətdə görünür.

Aydın məsələdir, bu yüksəkliklərdən həm nəzarət, həm psixoloji basqı, ən əsası isə hücum imitasiyasıdır. Bir növ düşmən ordusu hücumun bu ərazilərdən gələcəyini gözləyərək diqqətini, fikrini, gücünü sənə qarşı yönəldir. Burda bizə düşən iş düşmən oyalamaq diqqətini bizə çəkməkdir.( əslindəsə heyət bu taktiki gedişdən özü xəbərsiz olur. Bəzi məsələlər və.s görə. Amma aydın zəkayla hansı missiyaya görə burda olduğunu analiz etmək çətin deyil) Belədə Xüsusi təyinatlılarçün rahat hərəkət üçün şərait yaranır. Əslində bir çox ərazilərdə bu cür taktiki düşmən çaşdırmalar olmuşdu.

Noyabrın əvvəli( 3-ü ya 4ü) Siqnax kəndindən başlayaraq yüksəkliklərə meşə, dağ cığırları ilə hərəkət etdik. Təbii ki, yol boyu mərmi atışları da ara-sıra bizdən yan keçməmişdi.
Bizim mövqelərdən əlavə bəlkə də onlarla batalyon digər ərazilərdə yerləşmişdi. Çanaqçı, Mədətkənd və digər arxa kəndlərdən və.s isə bizim artileriyanın atışları davam edirdi.
Nə isə, bu cür imitasiyalardan, dəstəkdən sonra yanılan düşmən motoatıcı qüvvələrə diqqətini yönəldərək ağır artileriya silahlarından istifadə edirlər. Təbii ki, itkilər olur. Yaralılar, şəhidlər...Bu cür şəraitdəsə dağ, meşə şəraiti, üstəgəl artileriya basqısında təminat, yaralı daşımaq, dəstək çətinləşmişdi...

Hərə özüyçün öz balaca yuvasını, səngərini qazır... uzandıqda ölçümüzü, keçəcək dərinlikdə...dəhşətli şaxta da bir yandan. Səhər tezdən üzərinə baxırsan, buz bağlayıb. 

9 noyabr. Günorta və axşam tərəfi hər tərəfimizə mərmilər düşür. İstər sağ-sol, istər ön, ya arxamıza...

9-undan10-na keçən gecə. Anidən güllə səsləri qulağımın dibində eşidilməyə başlandı.

Ürəyimdə söyərək" ay..." deyirəm. Diversiyadı, girib bizimkiləri qırıblar. Təkadamlıq mövqemdə tez silahın qoruyucusunu açıram ki, yaxınlaşan kimi atəşə başlayım. Elə bu vaxt azərbaycan dilində qışqırtılar:  Qurtardı...Qurtardı...Qurtardı...

P.S Şəkil müharibə bitəndən sonra Siqnaxa tərəf enəndə çəkilib.

TƏQVİM / ARXİV