"Mənfi üç"...
Birinci kursun ikinci semstri başlamışdı. Yeni fənlər tədris edilirdi:
"Müasir Azərbaycan dili (fonetika)" - Mədət müəllim tədris edirdi bu fənni. Əla da dərs keçirdi. Fonetik qanun nədir, hadisə nədir, ondan öyrəndik. Səslərin akustikası, fiziologiyası və digər fonetik hadisə və qanunları Mədət müəllim əzbərində olan bədii nümunələrlə elə səlis və dəqiq iöyrədirdi ki. Allah sağlıq versin Mədət müəllimə. Mədət müəllim semestr imtahanında "mexaniki" "əla" yazmışdı mənə;
"İfadəli oxu" - professor Əsgər Qədimov tədris edirdi. Çox da ləzzətli dərs keçirdi. Vəznli şeirləri ritmik formada öyrədirdi. Sevdim Əsgər müəllimi. Əsgər müəllim "Qədim dövr Azərbaycan ədəbiyyatı" fənnini də tədris edirdi;
"Azərbaycan dilindən təcrübi məşğələ" - nə imtahan var idi, nə də məqbul ("zaçot").
Həə, bu fənni sevimli, dəyərli müəllimim professor Akif Imanlı tədris edirdi. Əsl pedaqoq ustalığı və geniş bilgisi, kəskin savadı ilə dilimizdən istifadə imkanlarını aşıladı bizə.
Birinci semestrdə iki nəfər "əjdaha" müəllimdən - tələbələrə hələm-hələm "yaxşı" belə yazmayan müəllimlərdən "əla" almışam: göydə oynayıram. Kim çıxa bilər, əə, qabağıma...
Akif müəllim ilk dərsə gəldi. Qısa tanışlıq oldu. Bir az da sual-cavab. Hiss etdim ki, müəllim ustalıqla qrupun biliyini ölçür. Təkəbbür doldu içimə: şeytanın da istədiyi budur deyilmi?! Allah qorusun! Müəllimimlə bəzi sualların cavabında dialoqa girdim. Akif müəllim təmkinlə, eyni zamanda, geniş təcrübəsi ilə izahlar verir, dilimiizlə bağlı bəhs etdiyi qaydaları dublet nümunələrlə sübuta yetirirdi. Əla!
İkinci dərs günü (Hər həftənin ikinci günü ikinci saat olurdu bu dərs.) Akif müəllim bildirdi ki, imla yazacağıq...
Nə, imla!? Yəni "diktant"?! Tələbə - "diktant" yazacaq?!
– Akif müəllim, ayıb olar axı bizə!
Akif müəllim əhəmiyyət vermədi mənim nidama.
Akif müəllim:
–Hərə bir list çıxarsın, imla yazacaqsınız!
"Akif müəllim, nə imlası, imla nədir!? İnşa yazaq, heç olmasa", - deyə müəlimimi qınadım ürəyimdə.
Yazdıq. Akif müəllim cümlələri bizə diktə edərkən sözləri dilimizin düzgün tələffüz qaydasına əsasən tələffüz edirdi. Həə, deməli, biz cümlədəki sözlərin düzgün yazılış formasına əməl etməliyik.
İmlada dialoqlar var, yeni fikirlər var. Deməli, vasitəli nitqlə vasitəsiz nitqi ayırmalı, abzas keçidlərinə əməl etməliyik. Bir də sözlərin sətirdən sətrə keçirilməsi tələbi...
Mənə görə, bu tələblərin hamısına əməl etmişəm. Necə deyərlər, "xod gedirəm", təkəbbürlük edirəm.
Akif müəllim listlərimizi topladı. Gələn dərs qiymətləndirib özümüzə təqdim edəcəyini bildirdi...
Gələn dərsi mən xüsusi maraqla gözləyirəm. Amma sonra da düşünürəm ki, nə səhvim ola bilər ki?!
Akif müəllim gələn dərs listlərimizi özümüzə qaytardı. Listi almışam, list qıpqırmızı –müəllim listi "qanına qəltan eləyib" (Bir dəfə də aspiranturanın ilk ilində dissertasiyamla bağlı ilk elmi məqaləmi elmi rəhbərim dəyərli professor Q. Kazımov "qanına qəltan eləmişdi.). Yəni mənim bu qədər səhvim olub!? Son səhifəyə gələndə aldığım qiymət məni lap dəli elədi "- 3" (“mənfi üç”). Bu nədir, əə!? "Üç" nədir, əə!? Özü də "mənfi"si də var. Deməli, qruppada ən yüksək qiyməti mən və bir qız tələbə yoldaşım almışıq: ikimiz də "üç çıxaq"
Ayə, bu nə deməkdir? Müəllim, yoxsa, bizimlə məlzələnir!? Yox, ciddi müəllimə oxşayırdı axı.
–Akif müəllim, bu "səhv"lərin çoxu düzgün deyil. Mən düz yazmışam axı.
Bundan sonra Akif müəllim başladı etdiyimiz səhvləri izah etməyə. Elə diqqətlə dinləyirəm ki. Özlüyümdə müəllimin izahında səhv axtarıram. Ki, necə yəni, bu qədər səhv olar məndə? Amma yoox! Sevimli Akif müəllim fonetikamızın orfoqrafik və orfoepik, eləcə də durği işarələri, tire və defis işarələri və digər dil qaydaları haqqında tələbləri elə səlis və aydın izah elədi ki, az qala, "üç çıxaq" almağıma şükür elədim.
Həə, deməli, bildiyin heç də savad deyilmiş. Taa ki onu əməldə, yazıda göstərənə qədər. Akif müəllim bunu öyrətdi bizə. Allah Szidən razı olsun, dəyərli müəllimim!
Akif müəllim bir də dərs deməyi, belə demək mümkünsə, pedaqoqluğu öyrətdi şəxsən mənə. Sonrakı dərslərdə aktivliyim, xüsusilə ondakı biliyi, belə demək mümkünsə, özümə çəkib mənimsəməyim Akif müəllimə çox xoş gəlmişdi. Akif müəllimdə bir də yüksək mühafizəkarlıq var: dilimizi sərkərdə kimi qoruyurdu dəyərli professor. Tələbərlərdən kim danışanda orfoepik qaydanı pozurdusa, dərhal müdaxilə edirdi, sözün düzgün tələffüzünü bildirirdi və bu tələffüzün fonetik izahını verirdi! Akif müəllimdəki bu mühafizəkarlıq və dil sərkərdəliyi ürəyimə elə yatmışdı ki. Vəssəlam ee, dili qorumaq iddiasında olan əsl və əsil alimə rast gəlmişəm. Mühafizəkar olmağa davam edəcəyəm. Hərdən elə olurdu ki, bəzi dil qaydalarında dolaşığa düşürdüm, cumurdum Akif müəllimin kafedrasına: izahı alırdım, öyrənirdim, rahatlayırdım. Belə rahatladığım ünvanlardan Mədət müəllimin, Sədaqət müəllimənin (Mənəvi ana bilmişəm Sədaqət müəlliməni.) adlarını çəkə bilərəm. Allah Sizlərdən razı olsun, MÜƏLLİMLƏRİM!
Məndəki mühafizəkarlıq Akif müəllimin də xoşuna gəlmişdi. Kİ, biz ikinci kursa keçəndə bizdən sonrakı birinci kurslara Akif müəllimin "Azərbaycan dilindən təcrübi məşğələ" dərslərinə mən müəllim kimi girirdim... Ayə, ikinci kursun tələbəsi fakültədə müəllim kimi auditoriyaya dərs deməyə girir: 80 dəqiqə dərs keçir. Bunun mənə yaşatdığı SEVİNCİ, QÜRURU heç nə əvəz edə bilməzdi. Sən demə, Akif müəllim məni müəllim kimi hazırlayırmış. Sonralar duydum bunu.
Mən üçüncü kursda oxuyanda aşağı kursdakı tələbələr koridorda mənə "müəllim" deyə xitab edirdilər. Tələbə yoldaşlarım deyirdilər ki, buna bax, Səyyar müəllim olub. Fakültə dekanlığı da icazə verirdi buna. Dekanlığımızdaki hər iki insan indi Haqq dünyadadır: Allah rəhmət eləsin!
Dərslərə girirəm, tələbələrə dəyərli Fərman müəllimdən, Akif müəllimdən, Mədət müəllimdən, Sədaqət müəllimədən, Arif müəllimdən, Əbülfəz Muxtaroğludan (Ruhu şad olsun!) öyrəndiklərimi öyrədirəm. Üsulum isə Fərman müəllimin, bir də Akif müəllimin üsullarıdır. Bu iki müəllimimin dərs demək üsulundan, üslubundan, pedaqoji təcrübəsindən istifadə etməklə dərslər aparıram. Təsəvvür edin, öz dərs cədvəlimizdəki hansısa dərsdən icazə alırdım, aşağı kursların dərslərinə girirdim.
Bir dəfə məndən iki kurs aşağı "Azərbaycan dili və ədəbiyyat" ixtisasında oxuyan birinci kurs tələbələrinə dərsə girmişəm. Bu qrupda bir tələbə var. Ucqar dağ kəndində heç bir hazırlığa getmədən, öz bacarığı ilə oxuyub tələbə adını qazanıb. Sonrakı illərdə universitetin ən savadlı, ən qabaqcıl tələbələrindən oldu. Amma təəssüf ki..!
Hə, bu tələbə mənə bir cümlə dedi və bildirdi ki, müəllim, bu cümləni sintaktik təhlil edin, öyrənək. Cümlə belə idi: “Dağlar, çiçəyinə heyranam”.
Həə, bu cümlədən anladım ki, məndən cəmi iki yaş balaca olan tələbə mən tələbə-müəllimi sınayır. Sınaq məqamı da budur ki, mən "dağlar" xitabını hansı cümlə üzvü kimi təhlil edəcəyəm.
–"Heyranam" - xəbər;
– "Çiçəyinə" - tamamlıq.
–Müəllim, bəs "dağlar" sözü qaldı axı.
–"Dağlar" sözü xitabdır axı...
Həmin tələbə güldü, cəsarətlə: "sizi yoxlayırdım", - dedi.
–Adın nədir sənin?
– Fariz Yunisov.
Sonralar bu oğlanla iş yoldaşı olduq, dost olduq. Özü də ədəbi ilə, ərkanı ilə DOST! Fariz müəllim də mənim kimi müdafiə etmədi... Sağlıq olsun!
Həə, sevimli, dəyərli Akif müəllim mənə, tələbələrinə qarşı belə müəllim idi! Əsl ziyalı, əsil dil təəssübkeşi.
Akif müəlimin mənim toyumda etdiyi çıxış indi də yadımdadır:
–Səyyar bizim ən savadlı tələbələrimizdən olub. Onun dil sevgisi, dil təəssbkeşliyi bizim üəryimizcə idi. Çox şükür ki, bu sevgi, bu təəssübkeşlik onu heç zaman təkr etmədi...
Qardaş, toyumda da dilçilikdən danışılır! Həmd olsun!
Akif müəllim, Sizi verənə şükür! Yaxşı ki, mənim müəllimim olmusunuz.
İndi, Akif müəllim, müəllimlik eşqi ilə, sevdası, sevgisi ilə yanıb-yaxılan, bu peşə üçün illərini həsr edən tələbənizə ali məktəbdə dərs demək imkanı verilmir! Elə Sizin tələbəniz olanda nə dərs dedimsə, onda dedim. Hə, bir də yenə Sizin dəstəyinizlə iki semstr Naxçıvan Müəllimlər İnstitutunda dərs demişəm. Amma növbəti tədris ilində dərs vermədilər mənə. Nədir ki, imtahana gəlməyən tələbəyə qiymət yazmıram, riyakarlıq eləmirəm, nədir ki, kafedra müdirinin "ay müəllimlər, yuxarı kursda oxuyan tələbələrə yüksək qiymət yazın, düşsünlər diplom işinə, biz dolanaq" cümləsinə ciddi etiraz etmişəm. Lazımdır belə müəllim?! Hətta beləsinin heç müəllimlikdən xəbəri yoxdur!
Akif müəllimlə 2009-cu ilin may ayında Türkiyə Respublikasının Qars vilayətindəki Qars Qafqaz Universitetində keçirilən “Türkiyə Türkcəsi Ağız araşdırmaları Çalıştayı” adlı beynəlxalq konfransda iştirak etmişəm. Akif müəllim həmin beynəlxalq konfransın bölmə iclaslarından birinin sədri idi. Xüsusi qürur və sevinc hissi duyurdum: sevimli müəllimim xarici ölkədə keçirilən beynəlxalq elmi məcisdə iclas, bölmə sədridir.
Deməli, konfransın birinci günü bizim Qarsdakı konsulluğumuz beynəlxalq konfrans iştirakçıları üçün axşam yeməyi təşkil edir. Məkanda haradır bilirsiniz? Sarıqamış! Bəli, məşhur Sarıqamış. Ki, 1914-cü ilin dekabrından 1915-ci ilin yanvarın sonuna qədər müddətdə 90 min türk əsgəri çar Rusiyasının fitnəsinə qurban getdi: minlərlə əsgər donaraq öldü, əsir düşdü. Əsir düşən əsgərləri çar Rusiyası məşhur Nargin adasında duqtaq saxladı. Bu hadisəyə həsr edilmiş Yunis orucun “Nargin” romanını oxumuşam...
Yeməkdən əvvəl Sarıqamış rayonundakı 4 ulduzlu otelin foyesində iştirakçılara çay və meyvə təamları təqdim edilirdi. Bizim qafilə – Azərbaycandan olan bir neçə alim çay işib söhbət edirdi. Yaraşıqlı bir yeniyetmə bizim olduğumuz masaya çay servis edirdi. Çöldə sulu qar yağır, üstəlik də sərt kelək var. Düşünün, may ayının 29-u sulu qar və az qala çovğun... Olar, Saqıramış Allahu əkbər dağ silsiləsinin ətəyindədir. Allahu əkbər dağ silsiləsində yayın ortasında qar yağır. Otelin qarşısında Sarıqamış faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılıb. Abidənin yanında isə iki türk əsgəri qarovul dayanıb. Bizim dəstədəki alimlərdən biri əsgərləri gördü:
– Biz burada isti çay içirik, əsgər yazıq qarın altında qarovul durub. Adamın yazığı gəlir, – deyə üzüntüsünü dilə gətirdi. Bu məqamda həmin yaraşıqlı yeniyetmə çay stəkanlarını təzələyirdi. Birdən həmin yeniyetmə gənc qaşlarını düyünləyib xüsusi tonla bunları dedi:
– Hocam, sen haqla benim askerime “yazık” dersin?! Bugün o, yarın ben! Kimse türk askerine “yazık” söyleyerek acıyamaz! – dedi və boş stəkanları götürüb getdi.
Bizim masaya çox ağır bir sükut çökdü. Yeniyetmə bir oğlan, otelin afisiantı olan bir adam illərin alimmini susdurmuşdu haqlı olaraq! Həm də biz birinci dəfə idi ki, əsgərinin təəssübünü çəkən yeniyetmə görürdük!
Maşallah, bərəkallah!
Bu məqamda Akif müəllimlə göz-gözə gəldik. Akif müəllimin üzündəki qüruru duymaq heç də çətin deyil. Sanki Akif müəllimin bu əhvalından ruhlandım, həmin yeniyetmə oğlan çay dolu stəkanları masaya düzdükdən sonra onun astaca qolundan tutub qısa söhbət etdim. Alnından öpdüm türtk igidinin. Məlum oldu ki, bu yeniyetmə oğlan 9-cu sinifdə oxuyur və babası əslən Borçalıdan imiş. 1941-1945-ci illər müharibəsində almanlara əsir düşüb. Sonra əsirlikdən qaçıb elinə-obasına qayıdıb. O zaman qaniçən Stalin belə bir fərman vermişdi ki, əsir düşüb qayıdanlar həbs edilərək güllələnsin. Baba bu fərman xəbər tutandan sonra dağlara çəkilib. Bir müddət dağlarda gecələyib. Amma Vətənə qayıtmaq mümkün olmayıb. Borçalıdan enib Qars vilayətinə. Burada yaşayıb, ikinci dəfə burada ailə qurub. Bu yeniyetmə oğlan da həmin babanın nəvəsidir!
Bu əhvalatdan xəbər tutan başqa bir alimimiz dilləndi:
– Deyirəm də, qanında azərbaycanlı qanı var!
Mən həmin alimin bu fikrinə etiraz elədim.
– Xeyr müəllim. Məsələ təkcə qan, gen məsələsi deyil, təhsil də rol oynayır. Məktəbdə bu uşaqlara çox böyük hərbi vətənpərvərlik tərbiyəsi aşılanır. Və bu igidin damarlarındakı da əsil türk qanıdır axır. Bax, azərbaycanlı qanı əsgərə “yazıq” deyən alimdədir.
Akif müəllim üzümə baxdı, gülümsədi. Mənə dəstəyini göatərdi...
Bax, Akif müəllim belə bir ziyalıdır. Haqlı olan kəsin yanında olmaq, onu müdafiə etmək. O zaman gənc olan biz tədqiqatçılara da bu lazım idi: dəstək, tərəfkeşlik. Var olun, Akif müəllim. Şəxsən mən Sizdən həmişə bu dəstəyi görmüşəm!
Akif müəllim, Ustad, ilk müəllimliyi Atamdan, sonra Fərman müəllimdən, daha sonra Siz dəyərli alimdən öyrəndim!
Ustad, sağlıq diləyirəm Sizə, bərəkət diləyirəm ömrünüzə! Kaş bu an fürsətim olardı, gəlib Sizin əllərinizi öpüb qayıdardım!Allaha əmanət edirəm Sizi! Ki, Allaha əmanət edilən insanlar bir-birlərini təkrar yenə görə biləcəkmişlər! Allahdan sağlıq diləyirəm Sizə! Ki, Siz dilimizin varlığı məsələsində öncül şəxsiyyətlərdən, alimlərdənsiniz!
Xüsusi qeyd: mətndə əməl etdiyim dil qaydalarının böyük əksəriyyətini məhz Akif müəllimin tədris etdiyi "Azərbaycan dilindən təcrübi məşğələ" dərslərində öyrənmişəm: o "üç çıxaq" məni əməlli silkələmişdi. Ki, sən nə bilirsən, ay Səyyar!? Heç nə! Öyrətdi bizə Akif müəllim!
Ustad, dəyərli Siracəddin Haci Bilgəm deyir ki, budəfəki cüməmiz MÜƏLLİM ətirli olsun! Akif müəllim, Ustad, qoy bu cümə günüm SİZ ƏTİRLİ olsun! Əllərinizdən öpür, bir daha möhkəm sağlıq diləyirəm SİZƏ!
Dərin hörmətlə, tələbəliyində müəllimlik öyrətdiyiniz Səyyar!


Bakı -°C
