Böyüyəndə rəssam olmaq istəyirdim. Uşaq yaşlarımda ağ vərəqləri boş buraxmazdım. Rənglərə bulaşmış əllərimlə məhəlləmizin yağışlı görüntüsünü, cizgi film personajlarını, futbolçuları, qocaları, ağacları, atları, itləri çəkərdim. Həvəsim dünya səviyyəli idi. Rəsmsiz, rənglərsiz qala bilmirdim. Bəzən evdə buna görə narazıçılıq olurdu. Dərslərindən geri qalırsan, ev tapşırıqlarını yerinə yetirmisrən deyə. Belə olanda da gizlicə çarpayının altında Tom və Cerrinin portretini çəkirdim. O anda yer kürəsinin ən xoşbəxt uşağı olurdum.
Qonşu uşaqların, sinif yoldaşlarımın rəsm işlərini də mən çəkərdim. Rəsm müəllimim güclü baxışımın olduğunu deyirdi. Özümü rəsmlərlə ifadə etməyi bacarırdım, bundan da xeyli məmnun idim.
Sonra bilmirəm nələr dəyişdi. Niyə rənglər həyatımı tərk elədi?! Sonra sözlər ilişdi ayaqlarıma və hələ də onları özümdən uzaqlaşdıra bilmirəm. Doğurdanda indiyə kimi bilmirəm ki, niyə mən rəsmdən uzaq düşdüm. Kim məni rənglərdən ayırdı? İnsanlarmı? Həyatmı? Kim? Cavab yoxdu.
İndi bu gözəl sənətin içində bacım var. Onun butulka üzərində işlədiyi rəsmlər möhtəşəmdir. Bacım deyə demirəm. Sən demə o bu sənəti məndən daha çox sevirmiş. Bunu sonralar daha yaxşı anladım.
Rəssamların həyatları həmişə mənə maraqlı olub. Onların yaradıcılıq dünyaları biz yazarlara baxanda çox rəngli və işıqlıdı. Məhələmizdə bir rəssam yaşayır. Bir balaca emalatxanası da var. Onunla hərdən rəssamlıqdan, incəsənətdən söhbətlər edirik. Bəzən o rəssam kişinin yanına gedəndə onu rəsm çəkən yerdə görürəm. Bir neçə dəqiqə onu müşahidə edirəm. Necə də narahat, həyəcanlı, bir az da hüzurlu görünür. Yəqin rəssam ola bilsəydim, mən də onun üzündəki ifadələri çəkərdim. İnsanların üz ifadələri, mimikaları, gözləri həmişə mənə qəribə gəlib. Onları ağ vərəqə köçürmək istəmişəm. Məhəlləmizdəki rəssam kişinin arvadı onun yaradıcılığına hörmət qoymur. Neçə dəfə qapıda eşitmişəm: get evə pul gətir, neynirəm sənin bu şəkillərini. Satada bilmirsən. Sata bilmirsənsə mən onları yandıraram. Bir dəfə də zibil qutularının içində bu kişinin əl işlərini gördüm. Əzik-üzük, cırılmış durumda. Düşündüm ki, bunu onun ifritə arvadı edib. Sözün həqiqi mənasında belə bir qadınla ömür sürmək zülmdən başqa bir şey deyil.
Dünya rəssamlarından yəqin ki, Vanq Qoqu eşitmisiz. Onun faciəli həyatını, kimsənin vecinə olmayan sənət işlərini. İnsanlar üçün onu onun əsərlərini anlamaq çətin idi. Bəlkə də, onları çaşdıran əsərlərindəki fırça zərbələrinin kobud izləri və ya rənglər, ya da gerçəklikdən çox uzaq xəyala bənzəyən rəsmləri idi, amma onlar onun əsərlərindəki düşüncələri deyil, sadəcə izləri görürdülər.
"Rəsmlərimə qəlbimi, ruhumu qoydum və bu müddətdə ağlımı itirdim” – deyirdi böyük rəssam Van Qoq.
Yaxudda bizim ölkədən misal çəkim. Azərbaycanda unudulmuş bir rəssam var: Mircavad Cavadov. O, ömrünün son illərini qürbətdə keçirmişdir. Çəkdiyi rəsmlər ölüm fobiyasını, irrosianallığı ifadə edirdi. Taleyin oyununa bax ki, onun son əsərinin adı da "Ölüm” idi.
Rəssam ola bilməsəm də, tez-tez rəsm sərgilərinə gedir, internetdən əsərlərə dönə-dönə baxır, bunula özümü ovuduram.


Bakı -°C
