adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Məkr və Məhəbbət və ya centelmenlik öldürür - Emin Piri yazır

Emin Piri
673 | 2022-05-25 11:49

Əziz xanımlar, əgər bir oğlandan ayrılacaqsınızsa, ya əsgərlikdən bir müddət öncə, ya da əsgərlikdən sonra ayrılın. Çünki bu xidmət vaxtı baş verəndə o əsgərlə bərabər ayrılıq acısını onun komandirləri də yaşayır. Hər an özünə nəsə edə bilər deyə düşünür. İntihar, xidmətdən qaçmaq və.s

Təsəvvür edin, 22 yaşın var, özünün öz sevgi dərdlərin bir yandan, bir yandan da əsgərin ya zənglə eşidir ki, qız ayrısına gedib, ya da məzuniyyətdə qızdan ayrılıb. Özün qalırsan bir kənarda buna ürək-dirək verirsən ki, nəsə etməsin.

Belə olaylar dəfələrlə başıma gəlib. Adətən min bir gecədən qadın əhvalatlarını danışardım.

Ən çox qorxduğum məqamlar Ağdamda olanda olub. Özümün 22 yaşı. Əsgər məzuniyyətdən gəldi ki, qızı ayrısına verirlər.(əsgərin 19 yaşı tamam olmamışdı) Özümü öldürəcəm. Bax, onda bir əhvalat yadıma düşürdü. Məkr və Məhəbbət əfsanəsi var. Onu daha geniş danışardım. Uşaqlıqda eşitmişdim. Qısa və ümumi yadımda qalan formada demək istərdim. İndi daha dolğun yadımda qalmayıb. İki gənc bir-birini sevir. Qızı axırda başqasına vermək istəyirlər. Gənclər başqasına qismət olmaqdansa intihara qərar verir və bir qalaya çıxırlar. Oğlan centelmenlik edərək deyir ki, öncə mən özümü atım, sonra sən atarsan. Beləliklə, oğlan özünü qaladan atır. Oğlan öldükdən sonra qız düşünür:

Oğlan onsuz da öldü. Mən özümü onun arxasınca atmaqla nə əldə edəcəm? İntihardan vaz keçir və geri qayıdaraq həmin adamla evlənir.

Düzdü, vaxtıyla centelmenliyimin bəlasını özüm də görmüşəm. Məsələn, ilk görüşdə birdən yadıma düşdü, dövlət imtahanım var. Sadəcə vaxtı söz vermişdim, imtahansa həmin saata düşürdü.

İlk görüşdən təxirə salmaq, həm də sözümdə yalançı çıxmamaqçün imtahandan imtina etdim, getdim. İki saat Sumqayıtda dəniz qırağında həmin bank işçisi xanımı gözləməli oldum. Gəldikdən sonra məlum oldu ki, qızın da imtahanı varmış, amma o təxirə salmaq əvəzinə məni gözlətməyi daha üstün tutub. Beləliklə, o imtahanı keçdi, mənsə centelmenlik axmaqlığıma görə yox.

Centelmenlik bəzən axmaqlıqdı. Sözündə durmaq bəzən fəlakətdi.

Bəlkə də günahlar özümüzdədir, yani kişilərdə.

Bizi müharibədə bütün ruhu, qəlbiylə gözləyən qızların qəlbinə, ruhuna deyil, gəldikdən sonra daha öncələr bizi heç tanımayan qızların gözlərinə, saçlarına şeirlər yazdıq...

 

 

TƏQVİM / ARXİV