adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Kizilər, kizilər...

14689 | 2012-08-25 11:55
Marqaret Dürasın "Məşuq" povestinin təsirindən tez çıxsaydım və homoseksualla xoşbəxt həyat sürən yazıçının indi yazacağım fikirləri ilə rastlaşmasaydım, heç bu yazını da yazmayacaqdım. Madam Düras müsahibələrinin birində belə deyib: "Rober Antelm, gecə-gündüz yolunu gözlədiyim, düşərgələrdən qayıdıb gizlicə təqib etdiyim, bağlandığım, nə inkar, nə də unuda bildiyim insandır. Onu bundan artıq sevə bilməzdim. Dionis Maskolo isə, sadəcə mənə həyatın mənasını və oğlum Janı bağışladı."
   
   Fikir verək: yazıçı sevdiyi insan haqda ard-arda sözlər sıraladığı halda, sevmədiyi insan barəsində yalnız bir bağlayıcıdan istifadə edir. Bağlılıq bu mənada bağlayıcılardan keçsə gərək... Azərbaycanlı məntiqinin, əxlaqi dəyərlərinin "islah etdiyi" sevgi, zərurət yarandıqda Əsəd Cahangir demiş, qapının yanından keçir. Bizdə yazılmamış qanunlara tabe olmaq bir növ "qırmızıda keçməyə" bənzəyir. Bu, başqa söhbətin mövzusudu. Niyə ideal insan haqda yalnız təsəvvür formalaşdırırıq? Mumiyalayıb qoruduğumuz "ağ atlı prens"in yollarını mamır, ot-ələf, üstünü toz basmadımı? Bu obraz o vaxta qədər əlçatmazlığını qoruyub saxlayacaq ki, həyatda ideal insan obrazlarına canlı-canlı rast gəlinsin. Həyatda "ağ atlı şahzadə"nin olmadığına inananlar yəqin bilir ki, böyük Üzeyir Hacıbəyov həyat yoldaşı Məleykə xanıma konservatoriyaya daxil olmaqda yardımçı olub. Hüseyn Cavid savadsız Müşgünaz xanıma özü dərs keçməyə başlayıb və çox keçmədən Müşgünaz xanım onun ilk oxucusu olub. Cəfər Cabbarlı Sona xanımın onun ilk oxucusu olduğunu və buna görə özünü çox xoşbəxt hiss etdiyini deyirmiş. Belə misallardan çox çəkə bilərik. (Avropanın BOMJ yazarlarına baxanda bizimkilər daha ideal təsir bağışlayır... ) Biz o vaxt xoşbəxt oluruq ki, özümüzə tək fiziki ehtiyacımızı ödəmək üçün partnyor yox, eyni zamanda mənəvi ehtiyacımızı ödəmək-dərdimizi, sevincimizi paylaşmaq, fikirlərimizə şərik etmək üçün dost seçirik... Bununla iş bitmir... Ailənin təməli kiçik xəyanətlər qismində kiçik təkanlarla laxlayır. Sevdiyimiz insanla eyni nöqtəyə baxmaq, bir-birimizə hörmət etmək yetmir. Sevgimizi paylaşmağı bacarmalıyıq. Qadınlar bu barədə kişilərdən az qınanmalıdır. Yaxşı kişinin sevgilisi, arvadı kor olur-ərindən başqa heç kimi görmür, onu sevdikcə sevir... Yaxşı kişi tək ailəsinin maddi ehtiyaclarını ödəyənlərə deyilmir. Yaxşı kişi olmağın ən yaxşı göstəricisi qadınının qədrini bilmək, onu başının tacı hesab etmək qabiliyyətinə malik olmasıdır. Fikir vermisinizmi, əri, ailəsi üçün gecəsini-gündüzünü şam kimi əridən, ərinə layiq olduğundan artıq dəyər verən ideal bir qadının həmin həyat yoldaşı onun kəsilib atılan dırnağına belə dəyməyən qadınlara gözlərinin bərəlmiş variantı ilə baxır. Bəzən "insan bir yeməyi nə qədər yeyər" kimi azərbaycanlı məntiqinin qazana, boşqaba söykənən fundamentinə əsaslanan səfeh mülahizələrlə öz hərəkətlərinə bəraət qazandırırlar. Bu, nə deməkdi? Vaxt keçdikcə sevgi ölürmü, əcəba? Kim sevginin haçansa tükənəcəyi haqda absurd təsdiqə imza ata bilər ki? Heç kim... Bu yazıya görə həyata baxışıma təəccüb etməyə gərək yox. Sartr, Bovuar belə qadınların düşüncəsinə təsir edə bilməmişdi. Çünki qadınlar hər zaman haqlı. Hətta allahın İbrahim Tatlısəsi də tez-tez təkrarlayır ki, qadın haqlarını müdafiə etməyə gərək yox, onlar hər zaman haqlıdır.
   
   Yazının janrını dəyişmək zorundayam: Möhtərəm kişilər, siz cürbəcür qadınları qucaqlayıb yatan zaman qadınlarınızın öz dizlərini necə qucaqlayıb kədərləndiyini, yolunuzu gözlədiyini düşünün. Onlar sizin üçün bəzənir, zövqünüzü oxşamağa çalışırlar; qarınqululuğunuza canfəşanlıqla xidmət etdikləri üçün peşəkar aşpaza çevrilirlər; uşaqlarınıza dayəlik edir, evinizin xanımından çox xadiməsi funksiyasını yerinə yetirirlər. Əziz başınıza and olsun ki, yataq-yataq dəyişdiyiniz, uğrunda soğan kimi soyulduğunuz qadınlar sizi evdə pəncərə önündə boynunu bükən zavallılar qədər dəyərləndirə bilməz. Onlar sizdən bilirsizmi nə istəyirlər-onlara məxsusluğunuzu hiss etmək... Ruhunuzla, qəlbinizlə onların olduğunuzu duymaq... Çoxmu şey istəyirlər???
   
   Yaradılan ən möhtəşəm əsərlərin leytmotivini sevgi təşkil edir-savadlılarınız bunu bilməmiş olmaz. Bilmək olmaz, bəlkə siz onlardan tez öldünüz, onlar da bu qədər zillətin qarşılığında başqası ilə həyatlarını paylaşdılar və öz həyatları haqda ən yumşaq halda Marqaret Düras kimi danışdılar... Ən pis halda gorunuza modern "rəhmət" oxudular.
   
   ***
   
   Atam danışırdı ki, bir ailə vardı. Arvad bədbəxt bir qarnı ac, bir qarnı tox uşaqlarını böyüdür, əri isə qazandığı pulları yüngül həyat tərzi keçirən qadınlara xərcləyirdi (hərçənd özü də ondan geri qalan deyildi-müəll.). Bir gün kişi ölür. Ölmür eeeee, gəbərir. Arvad uşaqlarını yığır başına, deyir ki, övladlarım, hələ qohum-qonşuya səs salmayın. O maqnitofonu qoşun, oynayacam. Arvad doyunca oynayır, qəhqəhə çəkir, sevinir, sonra başlayır şüvən salmağa ki, ay haray, kişim öldü...
   
   
   
   ***
   
   Möhtərəm kişilər, bu şeirimi də P.S əvəzi oxuyun...
   
   
   
   Maksimalist
   
   
   
   sən
   
   şəhvəti sevgi bildin
   
   yatağını paylaşdığın qadınlarla
   
   ürəyini paylaşa bilmədin
   
   qollarını açdığın qadınlara
   
   ürəyini aça bilmədin
   
   sevmədin
   
   mənə qədər...
   
   sən
   
   qadınları yoldan çıxardıqca
   
   onlar səni adamlıqdan çıxardı
   
   onları soyundurduğun kimi
   
   həqiqəti soyundura bilmədin
   
   həqiqət çılpaq olanda daha
   
   gözəl olur amma-
   
   sevə bilmədin
   
   mənə qədər...
   
   
   
   qadınlar bir-bir həyatından
   
   çəkildikcə
   
   sükutu çəkdin ciyərlərinə
   
   tənhalığa söykədin üzünü
   
   
   
   elə bildin həyat budur
   
   özün demişkən,
   
   həyatın oldu xak ilə yeksan
   
   ey maksimalist oğlan
   
   boynuna al ki
   
   sən məni sevəndən sonra
   
   anladın
   
   bir qucaq qadın
   
   yumruq boyda ürəyindəki
   
   sevgidən
   
   kiçikdir...

TƏQVİM / ARXİV