İRAN ÇALXALANIR, ÇANAQ AZƏRBAYCANLILARIN  BAŞINDA  ÇATLAYACAQ - Aqil ABBAS yazır

AQİL ABBAS
596 | 2022-09-28 12:17

Topunu, tüfəngini, hərbi texnikasını sərhədlərimizə yığan, bizi hədələyən, sərhədlərin dəyişdirilməsinə  razı olmayacağıq deyən, adı İslam Respublikası olub İslamdan uzaq olan İran çalxalanır. Özünün sərhədlərinin  dəyişilmə qorxusu  var.

İran nə vaxt çalxalanıb sonda çanaq azərbaycanlıların  başında  çatlayıb.  Ötən əsrin əvvəllərində də, ortalarında da, 79-cu ildə də. Elə bil  İranı qəsdən çalxalayırlar ki, sonda azərbaycanlılar  qırılsın. İranla İraq arasındakı   lazımsız müharibədə də məqsəd azərbaycanlıları qırdırmaq idi. Qeyri-rəsmi məlumata görə, həmin müharibədə 1 milyon  azərbaycanlı qırılıb, özü də  hər iki  tərəfdən.

1943-cü ildə də ABŞ-la Rusiya birləşib Cənubi Azərbaycanda bir türk  respublikasının  yaranmasına  kömək elədilər. Və yenə də  ikisi birləşib 1946-cı ildə azərbaycanlıları İran ordusunun  qarşısında əliyalın  buraxıb aradan  çıxdılar və elə ABŞ-la Rusiyanın silahlandırdığı İran ordusu azərbaycanlıları vəhşicəsinə qırdı. Və bütün dünya da buna göz yumdu.  Fars rejimi azərbaycanlıları diri-diri  hörgülərə  qoyub hördülər, hansısa bir filmdə deyildiyi kimi, hələ də  divarlardan qan damır.

79-cu ildə də inqilab  Təbrizdə başladı, Xomeynini azərbaycanlılar sevinə-sevinə  çiyinlərində Fransadan gətirdilər və yenə də çanaq bizimkilərin başında çatladı. Xomeyni  hökuməti  şah rejimindən də kəskin davrandı azərbaycanlılarla.

İndi də İran  çalxalanır. Biz də boşuna  sevinirik ki, İran parçalanacaq. Nə ABŞ, nə Avropa dövlətləri, nə də Rusiya İranı  parçalanmağa qoymaz. Bunlar üzdə bir-biriylə düşmən  olsalarda, gecə İranla bir yataqda  yatırlar.

ABŞ başda olmaqla dünya  dövlətlərinə Türkiyən ihəzm edə bilir, nə də 30 ildən çox müstəqilliklərini elan etmiş türk respublikaları olan Azərbaycanı, Qazaxıstanı, Özbəkistanı, Türkmənistanı, Qırğızıstanı, nə də Şimali Kipr Türk Cümhuriyyətini. Bütün gücləri lə türk  respublikalarının inkişafına mane  olurlar. Türkiyən iterrorla vururlar, Azərbaycanı Ermənistanla, Qırğızıstanı Tacikistanla, Qazaxıstanı  hələ də qarışdırırlar, Özbəkistanı da bir tora salmaq istədilər, alınmadı.

İndi, ayağıllı dostlar, bir fikirləşin, ABŞ və Avropa dövlətləri razı olarlarmı ki, İran  parçalansın və 35-40 milyonluq  hər cür yeraltı, yerüstü  sərvətlərə malik yenibir Türk Respublikası yaransın?! Təbii ki, yox.

Bunları yazıb heç kimi  ruhdan  salmaq istəmirəm. Bu, tarixdi. Nə qədər istəməsələrdə bir gün İran  həqiqətən  parçalanacaq. Kənar qüvvələrin  təsiri ilə yox, kənar qüvvələr  ənaxırda   fars rejiminin  tərəfində olacaq, içindən parçalanacaq. Özü də bir neçə yerə – Azərbaycana, Kürdüstana, İranda yaşayan ərəblərdə ayrılacaq, hələ şərqində də Avşarlar və Türkmənlər birləşib öz dövlətlərini  quracaqlar.

Oktyabr inqilabından  sonra bolşevik   hakimiyyətini qəbul etməyən  1 milyon  yarımdan artıq türkmən və  avşarlar Cüneyt xanın və Ənvər paşanın dostu İbrahim bəyin başçılığı ilə  İranın  ərazisinə  keçmişdilər. Sovet tarixindən və sovet  filmlərindən Cüneyt  xanı  və İbrahim bəyi biz  basmaçıların lideri kimi tanıyırıq. O vaxt bolşevik   hakimiyyətini qəbul etməyib onlarla  vuruşanların  hamısını Sovet hökuməti «basmaçı» adlandırırdı, bizə də belə  sırıyırdı. Yəqin ki indi sayları  4-5 milyona çatar.

Bir maraqlı film var. Hamı, hətta  kosmonavtlar da o filmi sevir, göyə  uçmamışdan qabaq  filmi izləyirlər.  Maraqlı bir filmdi: «Səhranın  bəyaz günəşi». Amma  həmin  filmin  ideyası mənim xoşuma gəlmir. İstəyirsiniz döyün, istəyirsiniz söyün, gəlmir də xoşuma, neyləyim.  Xoşuma gəlməyən  nədir?  Burnu  fırtıqlı  rus əsgərləri Xanın arvadlarını Xanın  özündən  qoruyurlar. Qısası, yəni ruslar Xanın namusunu  Xanın  özündən qoruyurlar. Xanın  arvadlarından  biri də burnu  fırtıqlı rus əsgərinə vurulur.  Necədi sizinçün?

Heç bir imperiya əbədi deyil. Osmanlı 600 il yaşadı, Romanovlar, yəni Rusiya imperiyası 300 il, Sovet  imperiyası  70 il, təxminən 300 il də  Amerika imperiyası yaşayır.

Roma imperiyası  olub, Atillanın, Çingiz xanın, Əmir Teymurun  imperiyaları olub. Ərəblərin İslam  imperiyası olub və sair və ilaxır.  Hamısı  tarixin arxivində qalıb.

Fars  imperiyası da dağılacaq, geci-tezi var.

Elçibəyin gözəl bir sözü yerinə düşür: «Hər şeyin bir zamana ehtiyacı var».  

Qonşuya od düşübsə, külək onu bizim  həyətimizə də keçirə bilər. O mənada  yox ki, Azərbaycanı da  qarışdıra  bilərlər. Azərbaycan vahiddi, birdi, hamı  bir əqidənin  ətrafında, Dəmir Yumruğun ətrafında birləşib. Bunu  44 günlük  müharibədə də  sübut etdik, sonra da. Heç bir  xarici qüvvə, heç bir  beşinci kalon,  Fazil Qəzənfəroğlunun  sözü olmasın, heç bir İran  aftafaları  bu birliyimizi poza bilməz.

Amma İrana  od düşsə ordan  milyondan artıq azərbaycanlı, təbii ki, ümid yeri  bilib  bizə pənah gətirəcəklər. Biz də onların üzünə qapılarımızı  bağlaya bilmərik. Necə ki 93-də  onlar  bizim  üzümüzə  qapını  bağlamadılar.

İndi bu yazını oxuyub İran  aftafaları sosial şəbəkələrdə düşəcəklər üstümə.  Hələ mən İrana  işləyən saytları demirəm.

İndi neyləyək, susaq? Susmaq hər zaman  qızıl deyil, özü də indiki vaxtda. Nəinki  qızıl,  heç dəmir də deyil.

- İran dağılır, cənablar, İran dağılır!

- Hə, hə, get aftafanı götür!

TƏQVİM / ARXİV