adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7

I - Mir Şahin, II - Əkrəm Əylisli və yaxud - Aydın Can yazır

AYDIN CANIYEV
614 | 2022-04-13 11:20

"Gec qızan"ların "petux krışa"lara "baxma bucağı" haqqında...

Əkrəm Əylislinin müsahibəsini oxudum Ayxan Ayvazın paylaşımına tıklayaraq! Və... ona yazılan cavablarla tanış oldum!

BİRMƏNALI ŞƏKİLDƏ deyirəm və Əkrəm Əylisli konusunu çox uzatmadan qapadacam: Əkrəm Əylislini virtual və cismən dəfnə hesablanmış bu təpkilər çoxlarının vicdanının çoxdan öldüyünü ortaya çıxartdı! Bir-iki əziz insan, sadəcə, mənim üçün xətri əziz olduğuna görə, öl...mədi!

SÖZARASI: Əkrəm Əylislinin dəfndən hekayəsini Ayxan Ayvaz bəh-bəhlə təqdim etmişdi, ondan sonra da daha bir müəllif hekayəsini bəh-bəhlə paylaşmışdı! Hekayə adına hər ikisi... zay bir şey idi! Əkrəm Əylisli hekayəsində XƏRİFləmişdi, o biri hekayədə Ayxan bizi HƏRİFləmişdi... oxutdurmuşdu! Görünür, artıq Ayxan Ayvazın sağ və sol qulaqlarından o qədər bəytərifi səslənib ki, hesab edir ki, o artıq müəllif və bədii əsər təqdim edə bilər oxuculara! Cavan uşaqdı, böyüyəndə, həqiqi yazıçı olanda fərqinə varar... ədəbi əsəri və müəllifi təqdim etməyin məsuliyyətini!

"Mir Şahinin vaxtı"ndan bir hissəni paylaşdım və mənə, eləcə də Ona yazılan cavablara baxdım! Bir daha əmin oldum: "bizdən adam olmayıb, olmayacaq da!"

QISACA: bir daha və yenidən Əkrəm Əylislinin üstünə haqsızcasına və vicdansızcasına tökülüşüblər! Müsahibəni oxumayan adam o cavablarla və o rəylərlə gedib Əkrəm Əylislini evində boğar!

Təəssüflər!

Mir Şahinin verdiyi DOĞRU SUALA... APA təhlil mərkəzi, Fərid Hüseyn, Kəramət Böyükçöl, həqiqətən də, qaragüruhun damarına işləyən bəsit və düşük ittiham-arqumentlərlə cavab veriblər!

Mənim əziz dostlarım - Ayaz Arabaçı, Bəxtiyar Hidayət və Mirzə Sakit hərəsi bir şeirini şərh yerində paylaşıb və mənə sual ünvanlayıblar ki, Mir Şahin bu şeiri oxuyarmı və Mir Şahin yzılan şeir-hekayə-romanları oxumayıb!

Mən öz dostlarıma nəzərən deyirəm... bu üç dostun hər birini Mir Şahindən yüz dəfə və yüz Mir Şahindən çox istəyirəm, amma və lakin... cavabım budur: o üç şeirin üçünün də nəinki Mir Şahinin öz efirindən oxumasına, heç özümün də "müharibə ədəbiyyatı" seriyasından oxumağıma razı olmaram!

Çünki...

istər Ayaz Arabaçı, istər Bəxtiyar Hidayət, istərsə də Mirzə Sakitin şeiri olsun;

istərsə də Fərid Hüseynin cavabında sıraladığı 70 layihə;

istərsə də APA Təhlil Mərkəzinin bizim gözümüzə soxduğu çoxsaylı "müharibə ədəbiyyatı şedevrləri"

HEÇ BİRİNDƏ

ədəbi əzəmət, bəşəri möhtəşəmlik, hərbi qüdrət, müzəffərlik simfoniyası, vətənpərvərlik erudisiyası, döyüş dinamizmi, müharibəyə cəlbetmə, müharibədə iştirakçılıq, müharibə ilə nəfəsalma, prosesin atomu, nüvəsi, ionu, anodu, katodu olma səriştəsi, ümumilikdə isə populyarlıq şansı yoxdur, heç bir xəlqilik ehtiva eləmir!

BİRCƏ NÜMUNƏ İLƏ cavablayaq tənəli-ironik-sarkastik-təhdidedici baxışların hamısını! Mir Şahin nümunə gətirir "Den Pobedı" mahnısını!

Göstərin o 70 layihədən, göstərin APA Təhlil Mərkəzinin haramızasa soxmaq istədiyi uzun-uzadı siyahıdan, Elçin Mirzəbəylinin dostlarının fb-də paylaşdığı iki hissəli şeirdən, göstərin Eminquey Akifin (dostum və qardaşım, şairim Eminquey Akif giley edir ki, oxumayıblar şeirlərini, təbliğ etməyiblər - mən oxumuşam və müharibəylə bağlı şeirlərindən cəmi bir neçə misra üz ağardır) bir misra, bir beyt, bir bənd... Kİ... "Den Pobedı" mahnısının sözlərini üstələyir yox e, ona yaxın düşür, "tay olur" da demirəm!!!

Göstərin o 70 layihədən, göstərin APA Təhlil Mərkəzinin haramızasa soxmaq istədiyi uzun-uzadı siyahıdan, göstərin fb akkauntlarından boylanan kimsələrin təbliğ, təklif etdiyi "əsərlərdən" bir hekayə, bir roman... Kİ... "Buz heykəl" qədər olsun, Söhrab Tahirin "Ana" (yaxud da "Qovaq ağacı") hekayəsi qədər olsun!

Göstərin o 70 layihədən, göstərin APA Təhlil Mərkəzinin haramızasa soxmaq istədiyi uzun-uzadı siyahıdan, göstərin fb akkauntlarından boylanan kimsələrin təbliğ, təklif etdiyi "əsərlərdən" bir hekayə, bir roman, bir şeir... Kİ... İKİ DÜNYA MÜHARİBƏSİ haqqında minlərlə əsər oxuyan, "Çoçara" filminə baxan... dünya tamaşaçılarını heyrətləndirsin!

Cəhənnəmə, dünyanı heyrətləndirməsin... bu gün ukraynalı uşağın anasına dediyi qədər olsun: "Ana, televizora bax, birdən torpaqlarımızın qaytarıldığını deyərlər, eşitmərik!"

Lap elə o qədər də olmasın, 1992-ci ildə Zöhrab Alməmmədov -Əmirxanlının "Müxalifət" qəzetində şamaxılı şəhid Ağanəzərin evində olarkən yazdığı şəhid portretinin son cümləsi qədər olsun: "Mən qapıdan çıxanda Ağanəzərin qızı məni səslədi: "Əmi, atama deyərsən ki, mən onu gözləyirəm!"

Göstərin... göstərə bilməzsiniz... göstərin o 70 layihədən, göstərin APA Təhlil Mərkəzinin haramızasa soxmaq istədiyi uzun-uzadı siyahıdan, göstərin fb akkauntlarından boylanan kimsələrin təbliğ, təklif etdiyi "əsərlərdən" bir hekayə, bir roman.. Kİ... orada Anaların Möhtəşəmliyi, Övladların İnamı, Əsgərlərin Dözümü, Zabitlərin İradəsi, Komandanın Müdrikliyi olsun!

"Şedevr" saydığınız heç bir əsərdə Qələbəyə İnam, Qələbənin Əziyyətləri, Qələbəyə gedən yolun Məşəqqətləri, Qələbənin əldə olunma Detalları... yoxdur!

30 il özümüzü pafosla aldatdığımız kimi, ədəbi əsərlərimizdə də boğazdan yuxarı məddahlıq iyrəndirir!

Heç bir əsərdə Azərbaycan xalqının VAHİDLİK NÜMAYİŞİ yoxdur etnik zəmində yaşanan müharibəmizdə!

Anekdot-meyxana, lağlağı, hədis, mərsiyə durumu üzərində manipulyasiya, ötən müharibələrin tanıtımında istifadə olunan metafora, təşbeh və epitetlər trafaret, şablon, kalka halında pərçim olunub son iki Qarabağ Savaşının şəhidlərinə və qazilərinə...

Dünya Ədəbiyyatı üçün qazinin, şəhidin, eləcə də döyüşün YENİ ƏDƏBİ OBRAZI yoxdur fərdi qəhrəmanlıq və taktiki-strateji baxımdan, halbuki 44 günlük savaş kifayət qədər sanballı töhfə verib!

Təqdim olunan sırf həyat həqiqətlərinin loru dillə qələmə alınma fiksasiyasıdır "obıvatel" üslubu, təfəkkürü, təhkiyəsi ilə: heç birində açıq düşüncə üstündə qlobal təfəkkürün BƏDİİlik ifadəsi yoxdur (kərkinmə, dartınma bir az, bir-iki misra Emin Piridə və Eminquey Akifdə var, Elşad Baratın şeiri isə bütün misraların cəminin... sonda bircə fikri ifadə etməsindən oyana keçmir!)!

TARİXİlik yoxdur... etnik zəminli münaqişənin SİYASİ çözümü yoxdur!

Varmı... Mir Şahinə HAQLI VƏ DOĞRU SUALına görə Cəlal Əliyevi yada salanlar!? Əgər Cəlal Əliyev əzizinizə, "fatma cijinizə" dönübsə, dedikləri dəyərlidirsə, onun "Əlipaşa" deyimini də deyin!

Haçan... müharibə mövzusunda Somerset Moemin "Na ostrie lezvii" povesti ranqında, sanbalında əsər qoyarsınız, söz verirəm, Mir Şahin onda durub desə ki, müharibə ədəbiyyatı yoxdur, onda sizləri əmin edirəm, akademik Cəlal Əliyevin dəmiryolçu atası Əlirza kişiyə yox, jurnalist olan mənim fəhlə dədəm Məmmədə rəhmət oxuyarsınız!

Əslində, nə APA-nı, nə Fərid Hüseyni, nə Kəramət Böyükçölü qınamıram Mir Şahinin üstünə gedəndə!

Bir xalqın ki ədəbi mühiti, ədəbi nümayəndələri, ziyalıları Şərif Ağayarın "Şəkil" hekayəsini bəyənə müharibə mövzusunda, qaçqınçılığın ehtivasını onda görə, Günel Mövluda Lutə, Lata, Mənata səcdə etdiyi kimi beyət edə, o cəmiyyətin Mir Şahinin haqlı suallarına reaksiyası bundan artıq olmamalıdır!

Bu yazını da sadəcə ona görə yazdım ki... Mir Şahin başa düşsün: Əkrəm Əylislinin üstündən o boyda yaradıcılığıyla birgə tapdayıb keçən, müsahibəsində doğru danışdığı üçün onu tapdalayan qaragüruhdan BÖYÜK VƏ MÜHARİBƏ ƏDƏBİYYATI istəmək əbləhlikdir!

Bu əbləhliyə... ucalmamaq üçün isə... İKİ MƏQAMA vazeh olmaq lazımdır!

İ MƏQAM: "Gec qızırsan, Ağa, gec..."

ZƏRURİ İZAHAT: 44 günlük savaşdan sonra... ermənilər Hollivud ulduzlarını gətirib film çəkdilər, film "Oskar" almasa da, "Oskar"a təqdim olundu: baxış sayı yüz milyona çatır! ermənilər özlərinə uydurduğu həqiqəti dünyaya yedirtdilər! Biz isə deyirik ki: sifarişlə həcc olmaz! yəni... ədəbiyyat sifarişlə yaranmır! Onda, ay mən deyən, ev, maşın, pul, ad, təltiflər olanda yazılan nə olur?

Lazım olan bədii əsərlər ona görə yaranmır ki... Azərbaycan şairi-yazıçısı bu müharibə ilə yaşamayıb, canında hiss etməyib, canında hiss edənlərin yanında olmayıb, ağlaşma, mərsiyə qurmaqla, kənardan kinoya baxırmış kimi, baxıb, şeyi... zadı.. qələmi duranda da guppuldadıb müharibə faciələrini... ekrandan, efirdən eşidəndən sonra, qazilər qapılarda əsir-yesir qoyulandan sonra...

Flaqmanı... düz adam olmayıb, doğru adam olmayıb! Kimdir Azərbaycan ədəbiyyatının flaqmanı?

Azərbaycan üçün "müharibə ədəbiyyatı" yaratmaq istəyənlərin nəzərinə:

Deməli...

Bir gün bir kişi tacirlik etmək istəyir bizim yazarlar ədəbiyyat yaratmaq istəyən kimi! Alverə "krupnı" girişmək istəyir! Odur ki, gəlir Xətaidə körpünün altına ki, özünə "krışa" tapsın! Bakıdan Gəncəyə yolda buna dəyib-dolaşan olmasın: yol polisi, "respublikanski qai", gömrük, fövqəladə hallar, "torpaqbasdı" haqq-hesabından yan keçsin, yəni!

Bəli, yaxınlaşır arada işdüzəldənlərə, onlar da "kruq"dakı çayçıda qıraqda ayrıca stulda tək-tənha oturmuş bığıburma, bazburutlu birini göstərirlər! Salam-əleyk, qiymətdə razılaşırlar: 5 min dolları indi, 5 min dolları da qayıdandan sonra!

Potensial Tacir görür ki, səhər tezdən qaqaş bir tozanaqla özünü çatdırdı ki, gəl görəsən! Ürəyində deyir, qazandım e, yaşadıq, dədə!

Bəli, karvan yola düşür, İmişLidə Bəhramtəpə yoluna çıxanda apaçilər cumur, hamını sərirlər yerə! Tacir görür səs-küy kəsildi, başını çöndərir ki, görsün nə baş verir, birdən görür... apaçilər "krışa"larını növbəylə rahlayırlar! Deyir vaaay dədə, mallar cəhənnəmə, özümüzü də zay edəcəklər! Bu dəm quldurbaşının biri "krışa"nın yanbızına birini ilişdirir ki, ə, yaxşı qal! Tacir bir də baxır ki, "krışa" yıxıb yerə hamısını, şil-küt edib, nələri da var alıb əllərindən... bunlara da qışqırır ki, ayə, durun, getdik!

İndi yola düzəlib getdikləri yerdə "petux-krışa" deyir ki, hə, tacir qardaş, necədi, həm də bilmək istəyir ki, tacir görüb, ya yox!

Tacir də nə desin? Deyir ki, yaxşıdı, Ağa, yaxşıdı! Tacirin xalaxətrin qalmasın dediyi "yaxşıdı, Ağa, yaxşıdı" cavabı lotu qardaşa xoş gəlmir, bir az gedəndən sonra bir də soruşur, tacir qardaş, necədir e, necədir, tacir qardaş da qayıdır ki, "yaxşıdır e, Ağa, yaxşıdır, amma gec qızeysən, gec..."

Bizim "iddialı", "talantlı", "istedadlı" ədəbiyyat nümayəndələrimiz özlərini o gec qızan "krışa" kimi aparırlar!

Kim nə qədər istəyir söyə bilər, amma mən bircə kəlmə deyirəm: yalançının...

A kişi, 1988-ci ildən başlayan müharibədi e - 34 ilə "qızışmadınız"!!!

Yazdıqlarınız ortadadı da - çevirin ingilis, rus, fransız, ərəb dilinə, gör müharibə görmüş, müharibə filmlərinə baxmış, müharibə ədəbiyyatı oxumuş hansı xalq harasına alır yazdıqlarınızı!

Anlaşdıq?

Üstəlik də

II məqam:

Bir gün şah vəzirə deyir ki, sənə qırx gün vaxt verirəm, öyrən gör məmləkətin halı nə?

Vəzir deyir ki, nə 40 gün, 40 dəqiqəyə deyərəm!

40 dəqiqədən sonra vəzir üç nəfərlə girir içəri, deyir ki, danışın bazarda nə gördünüz!

Biri deyir ki: kim kimi harda tutdu minir!

O biri deyir ki: kim harda nəyi gördü çırpışdırır!

Üçüncüsü də deyir ki: hər şey əladır!

Vəzir şaha deyir ki, budur məmləkətin halı: kim kimi harda tutdu minir, kim nəyi harda gördü çırpışdırır, bıçağı qoy, yağı kəs!

Şah deyir bəs bunlar bunu nətəri bildi?

Vəzir deyir:

- o birincisi zinadan əmələ gəlib, harda oğraş, qurumsaq, fahişə var, həmən görür, sezir, o ikincisi oğru uşağıdı - mümkün deyil gözündən oğurluq yayınsın, üçüncüsü də halal ailənin uşağıdı, harda bir yaxşılıq varsa, o, gözündən qaçmır!

Azərbaycan adlı "bazar"a o üç sortdan kim girsə... vəziyyətin necəliyini dəqiq ifadə edəcək!

Amma... amma... amma... Azərbaycanda deyirəm də, məntiq elmi error verir: hər şeyin düz olduğunu zinakardan, oğrudan əmələ gələnlər deyir, mömin ailənin övladları hər əyrini...

Bu ölkənin dövləti, xalqı yaşam prinsiplərini dəyişməyincə... bu İKİ MƏQAM bizi adam olmağa qoymayacaq! Adamlıqdan sonra isə... İNSANLIQ gəlir!

Hələ bir adam olaq, insanlıqdan sonra.. danışarıq!

ƏN AXIRDA: ƏZİZİM Azər Rəşidoğlu, Mir Şahinin "ƏDƏBİYYAT YARADIN" SİFARİŞİNƏ istək-iddia-İTTİHAMINA gəlincə... "uçuq komaların şəhid oğullarının, eyş-işrət odalarının məmur balalarının qəhrəmanları olduğu əsərləri kim yazar" cəsarətini sərgiləmək yox, tarix üçün TƏRƏNNÜM ədəbiyyatı yaradıb MÖHTƏŞƏMLİK SİMFONİYASI bəstələmək lazımdır! Sualı doğru verərlər, sualın doğrusunu verərlər! Həm bu suala görə, həm də Əkrəm Əylisliyə aqressivliyinə görə... təəccüb etdim! Sən bu yazıya təəccüb edəcəyin kimi!

P.S. İllərdir yazılarımda yazırdım - fb-də və yazılarımda var, kim istəyir axtarıb tapa bilər: "Azərbaycanda müharibə ədəbiyyatı yoxdur, illah da ki, müharibə qadını obrazı!" Mir Şahinin elə deməyi və onun doğru istəyinin üstünə cəlal əminin ölüsüylə gəlinməyi mənim təpəmi atdırdı!

TARİX ÜÇÜN YAZIYA SÖZARDI: Gecələrimizin Dolusu "Dolu"

... 72 saatdır ədalətsizcəsinə ittihamlar səslənir! onlarca müəllif, yüzlərlə kontent olub, minlərlə, on minlərlə bəyənmə göz deşib, Mir Şahinin üstünə cumanlar da, amma eyni zamanda həm də həqiqətən haqlı irad bildirənlər də, heç kim, heç kim, heç kim, elə Mir Şahinin özü də... dilinə gətirməyib ki... bağışlayın, bir ədəd də olsa, ROMAN olub - "Dolu", bir ədəd də olsa... MAHNI olub: "İgid əsgər", "Sıravi Əhməd"...

Düzdürmü? Özü özünə qarşı ədalətli olmayan insanlara ədalətli münasibət heç olmaz: nə iqtidardan, nə İlahidən!!!

(....)

IV

"Dolu" Qarabağdan çox, Qarabağın adını bildiyimiz Dünyanın Ən Varlı Şəhərinin rekviyemidir! Ancaq ümid etməyə dəyər ki, Dünyanın bu Ən Varlı Şəhərinin At Üstündə Olan Adamının polisdə işləyən oğlu da, - hərçənd, Aqil Abbas Komandirin diliylə bunu şübhə altına alır, - illər keçəndən sonra belə, həbsdən çıxan Komandiri tanıya, yadına sala, qiymətləndirə bilirsə, ümid etməyə dəyər: "Dolu"dan dolu yağacaq! Azərbaycan o günü görəcək!

Dünyanın Ən Varlı Şəhəri yenə də AĞDAM olacaq!

Buna böyük inamla yazını bitirirəm və arzulayıram ki, EVLƏRİNİZƏ DOLU YAĞSIN - gecələrimizin "Dolu"su: Dünyanın Ən Mərd Qatilinin Allaha tökdüyü hirsi, Əzrayıla yazdırdığı istefa ərizəsi! ("Gecələrimizin Dolusu "Dolu"" - yazını axtarışa verib saytlardan oxuya bilərsiniz)

TƏQVİM / ARXİV