Aqil Abbasın bitirmək istəmədiyi povest haqqında - Aydın Canıyev yazır

AYDIN CANIYEV
3557 | 2023-01-25 15:58

 

Millilik… hiss və ifadə olunan, duyğu və yaşantı kompleksləri ilə əhatələnən hər bir əsər… Perudan tutmuş Yaponiyaya, Bəndərabbasdan Temza çayınacan qəbul edilir, təbliğ edilir!

Azərbaycan oxucusu üçün şeir, hekayə, povest, roman tikə və küftə bozbaş, kalafur, kabab assortimenti, fisincan, dolmalar, bu təzə vaxtlarda bir az da dönərlərdir… ayrı-ayrı təyinlərlə!

İngilis, alman, ispan üçün də tikə və küftə bozbaş, kalafur, kabab assortimenti, fisincan, dolma əyarlı, sanbalında şeir, hekayə, povest, roman… Azərbaycan yazıçısının-şairinin, tənqidçisinin nəzərində “möhtəşəm, şedevr, dahiyanə” nə bilim nədir!

Qısaca və konkret:

XXI, yəni, “iks iks ı” əsrində Azərbaycan yazıçısı, jurnalisti öz xalqına tövsiyə edir ki… “kakoy-nibud” Petrovun “Ağ zanbaqlar ölkəsində” əsərini oxumaq lazım, vacib və s.-dir ona görə ki, bunu Atatürk Türkiyəni quranda tövsiyə edib!

A kişi, Atatürk bunu 100 il qabaq 100 il qabaqkı toplum, törə üçün təklif edib, “uroven” – səviyyə - miqyas -masştab – təfəkkür yol verirdi!

Corc Oruellin “1984”- də ilişib qalan xalqın özü və oxuyan, eləcə də ziyalı hissəsi başa düşməlidir ki, tələb və prioritet tamam ayrıdır!

2010-cu ildən sonra Stiv Houkinqin “Biq Bang”iylə Den Braunun “illüminati”lərinə ağzının suyunu axıdan toplum fərqində deyil ki, naxçıvanlı Vahid Məmmədov 1998-ci ildə yazmışdı və kitabı satılmaq üçün deyildi, oxunmaq üçün idi!

ÜSTƏLİK DƏ, heç kim fərqinə varmır ki…

Azərbaycanda texniki, tibbi və hüquqi… ədəbiyyat yox dərəcəsindədir!

Şeiri, hekayəsi, oxuduğu mahnıyla uzaqbaşı bir mövsüm yadda qalacaq fıstrinkələrə qəyyumluq, hamilik, həcilik, sponsorluq performansı yapanlar fərqində deyillər ki, bu dəqiqə Azərbaycanda fevralın 12-də 70 yaşı olacaq görkəmli filosof Əbülhəsən Abbasov var!

Lütfi Zadəni,

Azad Mirzəcanzadəni,

Rafiq Abbasovu,

Aleksandr Çayxoskini,

Rafiq Əliyevi,

Oruc Musayevi,

Məsud Əfəndiyevi

tanımır, düşünmür onların haqqında… horradan hörtüldədir, adı “balanda”, dadı “paraşa” olanla özünü doyurur!

Texniki, tibbi, hüquqi (və s (aqrar-sənaye, aviakosmik, təbabət və nəbatət) profilli) ədəbiyyatın nə oxucusu var, nə müəllifi – çünki bu ədəbiyyatın özü yoxdur!

Azərbaycanda təkcə iqtidarla müxalifət, iqtidarla xalq, müxalifətlə xalq arasında uçurum yoxdur e, bu uçurum həm də təfəkkürdə, mentallıqda, nəsillər arasında var: rusbaş, iranbaş, ingilisbaş, amerikanbaş, hətta afrikanbaşlığacan!

Dövlətin idarəetmə orqanlarına işəgötürmə zamanı dil üstündə dominantlıq və diskriminasiya manipulyasiyası, xalqın bir yana, ziyalıların da bu manipulyasiyada təqdiretmə spekulyasiyası… proqnozlaşdırılması postulat olan bir aqibətə sürükləyir!

Azərbaycan təkcə mənim və azərbaycanlıların, eləcə də türklərin deyil, həm də Yaradanındır!

Yiyəsi düşünsün o qədər dərin məsələləri!

Mənim deməyim isə odur ki…

Biz neftdən, kənd təsərrüfatından, sənayedən bir qismət payın yiyəsi olmasaq da, heç olmasa, bu… tikə və küftə bozbaş, kalafur, kabab assortimenti, fisincan, dolma, bu təzə vaxtlarda bir az da dönərə dönən ədəbiyyatdan faydalanaq!

Fərqinə varaq ki… oxuduğumuzun hamısı elə tikə və küftə bozbaş, kalafur, kabab assortimenti, fisincan, dolmalar, bu təzə vaxtlarda bir az da ayrı-ayrı adlarla olan dönər deyil!

Bunun içində… istridyə də var, xərçəng də var, qırxayaq da, hətta qurbağa delikatesi də!

Fərqli sayırıqsa özümüzü, fərqli düşüncədəyiksə, lütfən, onda fərqli olanı da görək, fərqli həyatları da dəyərləndirək!

Həyatda ədəbiyyatın yalnız tərbiyəvi mahiyyəti var! – Marks-Engels-Lenin triosu “Kapital” və “İnternasional” (bir kitab və bir mahnı) üstündə dünyanın müəyyən bir hissəsində inqilab, Hitler Göbbelslə bir kitabla digər hissəsində müharibə etməklə heç də aksioma çevirməyiblər ki, 21-ci əsrdə də bu lotuluqları eləmək olar!

İndi hətta demokratik ölkələr təcavüzə və işğala məruz qalır!

Ədəbiyyatda isə həyatın reallığı var! Real olmayan populyar deyil və effektiv sayılmaz!

Dostumuz İntiqam Hacılı bu yaxınlarda sənətlə bağlı status paylaşmışdı, fikrini doğru sayıram: “sənət “reallıq” və “üstəgəl”di. “Üstəgəl” - hər kəsdə olmur”.

Təsəvvür edin: bir 35-40 il əvvəlin söhbətidir! Bulvarda gəzməyə çıxmışam, hərbi xidmət öncəsi dönəmdir, öz yaşıdım olan biri ilə tanış olma məqamı yarandı (məndə fotoaparat vardı, verdim ki, şəklimi çəksin, sonra da fotoaparatı verdik ki, ikimizin çəklini çəksinlər), dost sözarası soruşdu ki, forel yemisən? Dedim, yox!

Adam çıxıb bulvarda forel axtarır!

Sonra soruşdu ki, nə bilim, gürzə yemisən?

Dedim, yox!

Adam çıxıb bulvarda gürzə axtarır!

Soruşdu ki, indi nə yeyə bilərik? Dedim nə bilim, pomidor-yumurta, cız-bız, uzaqbaşı kabab!

YƏNİ… o dövrdə restoranlarda və məhz günün həmin saatılarında mümkün olanı! İndiki kimi, spesifik menyülü yerlər yox idi, var idisə də, iki tələbənin yararlana biləcəyi əlçatarlıqda deyildi!

… Adam həm içdən təəssüflə, həm də təkəbbürlə (!?!) “sənin üçün yağla şorun fərqi yoxdur e, ağzının dadını bilmirsən, - deyib, getdi!

Adama heç nə demədim – nə mənə yazıq kimi baxmağına, nə ağzımın dadını bilməməyimlə bağlı dediyinə!

Sadəcə düşündüm ki, adama baş qoşsam, gərək bunu tutub gətirəm Lənkərana, aparam Şahhüseyn əminin avtobus dayanacağındakı restoranına, ordan dəmiryolundakı restorana, ordan hara, buna yedirdəm ağ balıq kababını, balıq sırdağını, qızıl balıq kotletini, cücə-balıq ləvəngilərini, zerən-çörəkləri dolduram heybəsinə, bankalarda turşulu və ayran aşlarını, şalğam, əzgil, armud tutmalarını, çərəzləri yığam yola salam, yola salanda da deyəm ki, dədə, sənin o dediyin foreli biz tərəflərdə yemirlər!

Ən kasıb kopayoğlu heç olmasa, ildə üç dəfə bayramda kütüm-ziyad yeyir, o biriləri də heç də - at tavaya qızart, ye!

Arada həm sərhəd vardı – sözün həqiqi mənasında: onda Puşkin, indi Biləsuvar olan ərazidən xüsusi icazə buraxılışı tələb olunurdu, həm də pərdə vardı, adamla indicə tanış olmuşam, nə ehtiyac var anlatmağa, onsuz da iki-üç günə əsgər gedirəm!

Bax, bu “ədəbi yeməklər” – şeir, hekayə, povest, roman və s. də elə o cür!

Təpəsində-kəlləsində, dilində-dadında-tamında “forel” təfəkkürlülərə ədəbiyyatın “ağ və qızıl balıq, ləvəngi assortimentini” anlatmaq çətin! Baş qoşmaq da lazım deyil – kim nəyi nə yerinə yeyir yesin, amma arada vicdanlı şəkildə demək lazımdır ki, a bala, heyy, ay mənim gözəl qardaşım və bacım, sevimli oğlum və qızım, arada ağzına bir dadlı nəsə də dəysin, al ye! Mən az ağlımnan hesab edirəm ki, bu… dadlıdır!

Qaçqınlığın…

Kişiliyin…

İnsanlığın…

Dostluğun…

Mərdliyin…

Əsirliyin…

İtkinin…

Ana-bacı-qız harayının…

dadı var!

Bunu dadsan… gözündən, ürəyindən, ciyərindən, böyrəyindən, üstəlik də kişiliyindən, insanlığından, ölkəndən xəbərin olar!

Sənin ağlamaq və gülmək qabiliyyətin üzə çıxar, sənin adam ya it balası olmağın bilinər, sənin kimə və nəyə borclu, kimin niyə və nəyə görə sənə borclu olduğunu anlayarsan!

Sən acizliyin, gücsüzlüyün yaratdığı dəhşətdən də daha dəhşətli olanın özündən olan özünün namərdliyi olduğunu anlayarsan!

Adı povestdir bunun – sən bunu ədəbi əsər kimi oxu, gələcək nəsillər də qoy elə bilsin, amma bu… sənin genetik kodundur, tarixindir, xalqındır, dövlətindir, kişiliyindir və s.-dir!

Mən bunu ona görə demirəm ki, sənə deyəm, səndən tələb edəm ki, mənə İlon Mask ol, Amerika qur!

Deyirəm ki, heç olmasa, Abdal Gülablı Şakir qədər kişi ol! Sən görmürsən ki, ətrafında bir dənə də Abdal Gülablı Şakir yoxdur?

Aqil Abbas qədər bir abdallını görməyəcən ürəyi doğrudan ağrıyan yazıçı ol! Görmürsən ki, nə alverlər gedir? Bax, siyasilərin-ziyalıların-yazıçı-şairlərin-jurnalistlərin apardığı, iştirakçısı olduğu bu alverlərə görə deyirəm ki, oxu bunu! Onda da belə alverlər gedirdi!

Sən… mənə Kafkadan danışma, Rinösküdən danışma və bəhanə gətirmə ki, camaatda pul yoxdu kitab almağa! Yalan danışma! Kitab almağa pul lazım deyil: get, kitabxanaya üzv ol, al, apar evdə səliqəlylə oxu, geri qaytar!

Tələb elə Azərbaycan dövlətindən ki, hər bir naşir çap məmulatından ÜMUMİ İSTİFADƏ üçün filan qədər kitab, qəzet, jurnal nüsxəsi ayırsın kitabxanalara – heç bir redaksiya və nəşriyyat ayırmır!

Hə-ə, əzizim, fəlfəsi transsendental, imperissionist, traybalist, ekzistenzialist, nə bilim nə cərəyanlara baş vurmaqdansa, postmodernliyə can atmaqdansa, modern, premodern mərhələni anla, sonra da… postmodernlik üstündə feminizm və lgbt təranələri səsləndir! Onsuz da ağıl, idrak, dərrakə, təfəkkür kökənli heç nəyə myelin yoxdur, düşünməkdən çox, həzz verən bayağılıq eşqindəsən!

Anla ki, belə olmaz və bu xalq və bu vətən sənindir! Onu qorumaq da sənlikdir!

Düşmən gələndə sənin gündəyməzinlə mənim gündəyməzimə fərq qoymaz! İkimizi də bir payaya keçirdər!

Bunu anlamadığın üçün deyirəm ki, ÖZÜMÜZDƏN olanı, özümüz olduğumuz olanı oxuyaq!

Harda ki, biz varıq, özümüzdən xəbər tutaq, bilək hardayıq, necəyik, nə qədərik, biz nələr çəkmişik, bizi nələr gözləyir!?

SONDA: Bu yazını təqdim etdiyim hissəyə görə yazdım. Anında alnımı soyuq tər aldı, kürəyimin tən ortası sancdı!

Məni bu hala salan 30 il əvvəlin Qarabağda erməni, Bakıda sovet qoşunları adıyla rusun üstümüzə etdiyi hücumuydu!

Mən bilirdim sağ qalacam – amma alnımın soyuq tərindən qurtula bilmədim – çünki o günlərdən sağ çıxmayanların balaları o günləri təzədən yaşayır!

Mənim qulaqlarımın seyvanını kar edən, dağıdan ana-bacı qışqırtısı, naləsi, ah-vayı, ölüm-itim sədaları kəsilmək bilmirdi!

Mən həyət-bacası, bağı-bağçası bir hektara yaxın olan qaçqın düşən kəndlinin bu şəhərdə… qapısının kandarından başqa çölü olmayan, parkı-tualeti ÜMUMİ olan şəhərdə ruhunun, qabaritinin, arzularının getdikcə öləziyən, solan, itib-batan siluetlərinin büzüşməsindən alacalandım!

Və… bəlkə də ayrı mövzulu əsər olsaydı, nəinki iki il, lap iyirmi iki ilə oxumağa razı olardım!

Ağdamlılar bir dəfə 30 il bu zülmü çəkmişdilər!

Mən nə özümə, nə də ağdamlılara təzədən bu zülmü çəkməyi rəva görə bilmirdim, hətta yazıda-povestdə və… daha bir neçə həftə!

Əslində, həyatda ədəbiyyat, ədəbiyyatda həyat, sənət söhbətləri nəzəri təkmilliklər üçündür: forel yeyən də ağ balıq yeyər, ağ balıq yeyən də forel yeyər, amma… amma… amma… amma…

ədəbiyyat oxucuda, oxucu üçün ilğım olmalıdır! burulğan olmalıdır! Bermud üçbucağı sayaq! İlk cümləsindən – ilk hissəsindən-girişindən, fəslindən! Piton səni udurmuş kimi hiss etməlisən şaqqalanırsan, sümüklərin çat verir!

OXUDUĞUN ƏSƏRDƏ: Ağlayan hər bir kəslə eyni tembrdə, eyni oktavada ağlamalı, güləndə eyniylə gülməlisən!

Bunu sən əsər oxuyursan deyə imitasiya etməli deyilsən e, sənə etdirməlidir Yazıçı-Şair-Publisist!

YAZIYA QOŞMA:

“Şakir özünə də bir az böyürtkan arağı süzdü, badəni yuxarı qaldırıb dedi:

- İçək çay qırağında bitib susuz qalan ağacların sağlığına.

(…)

Su qırağında bitib susuz qalan ağaclar! Dəniz qırağında bitib o dənizin balıqlarına həsrət qalan balıqçılar. Nöyütün ortasında bitib nöyütsüz qalan ağaclar. Bir milyon ton pambıq verib kəfənsiz qalan ağaclar. Dünyaya elm bəxş edib özü bu elmdən kənar qalan ağaclar… Sayım, bəsinizdi?

Çay kənarında bitib susuz qalan bu millətdi də”.

Aqil Abbasın “Ədalət”də - saytda və qəzetdə yayımlanan povestindəndir bu parça!

Bu parçanı oxuyanda yazmışdım məlum statusu!

Bu hissədə yazılanı yaşadığımdan mən anladım nəyin və nələrin baş verəcəklərini, yaşanacağını, görəsən, 20 il sonra bunu oxuyan azərbaycanlı – Çaldırandan üzübəri Sarıqamışda, Ağbulaqda, Şamaxı və Quba, Bakı və Lənkəran qətliamlarında məhv edilənlərin faciəsindən “elektrik almayan” oxucu öz yaxın keçmişiylə tanış olanda harasındansa üşüyəcəkmi, titrəyəcəkmi, təntiyəcəkmi? Biz fərqini hiss edirikmi 1828-ci il Gülüstan Sülh Müqaviləsi ilə 10 noyabr 2020-ci il üçtərəfli Sülh Sazişinin sızıltısını? Bu iki sızıltı arasındakı duyğu sömürüsündə emosiya fərqini görürükmü ki, birində tarixi və donuq təəssüf, digərində məğlubluğun yarası qaysaq bağlamayacaq şivəni var?

Yox! Onçun bu gün hamı oxumalıdır ki, gen yaddaşıyla çatsın!

Dostlardan birində (rast gələndə təkrar, adını əlavə edib yazacam) oxudum, yazmışdı ki, qoyuna, itə üzmək lazım deyil, amma üzə bilir, canavar atı, eşşəyi yemir, amma onlardan qəribə səslər çıxır canavar peyda olanda! Məlum olur ki, gen yaddaşından ötürülmə siqnallar-reflekslərdir!

Bu ölkənin hər bir vətəndaşına bu refleksləri-siqnalları peyvənd etmək, ötürmək lazımdır!

Mən oxutmaqla deyirəm, başqaları nə təklif eləsələr, sağ olsunlar, əminəm ki, oxucular – xalq nümayəndələri özləri də könüllü bu peyvəndi etmək üçün əlləşər, day o həccə aparılan qız kimi axırda deməzlər, bizi s…evə-s…evə vətənpərvər etdilər!

p.s. povestin saytda və qəzetdə yayımlanan hissələrinin linkini növbəti statuslarda paylaşacam ayrı-ayrılıqda!

TƏQVİM / ARXİV