
Sənə yazıram bunları. Bilirəm, oxumayacaqsan. Amma yenə də yazıram. Sən uzaqlarda arzularını gerçəkləşdirməyin sevincini yaşamaqdaykən, mən burda arzularımın külə döndüyü ocaqda kösöv axtarmaqdayam. Bir qığılcım belə tapsam, bir quş lələyi yandırmağın xoşbəxtliyini yaşayaram.
Günlərimi kitab oxumaqla keçirirəm. Heç nə yadımda qalmır amma. Ekonun 611 səhifəlik "Qızılgülün adı"ndan heç nə yadımda qalmayıb. Təsəllim odur ki, İncili oxumadan "Qızılgülün adı"nı oxumaq olmur. Adicə Çevi Stivensin "Rodnaya krov"unu da xatırlaya bilmirəm. Oxuduğum bütün romanların qəhrəmanları sənsən. "Zavyazka"sı, "kulminasiya"sı, finalı bizim sevgi macəralarımızdan ibarətdir. Haçansa tək bir dəfə qəlbimə dəysəydin, gözəl bir roman yazmışdım indi. Heyf ki, xoşbəxtlik haqda heç nə yazmaq olmur. Mənim bədbəxtliyim, gördüyüm ən acı günlər yalnız darıxmaqdan ibarət oldu...
Getdin. İndi bildim ki, sevgi boş şeymiş. Ən müqəddəs hisslər belə bir gün "yorulur". Günahı zəmanədə, dünyada axtarıram. Biz platonik sevgi əsrində doğulduq, amma internet əsrinin sevgisini yaşadıq. Hisslərimizi iki nöqtədən, bir mötərizədən ibarət "smaylik"lərlə ifadə etdiyimiz dövrün övladlarıyıq artıq... Səni məndən alıb özünün o biri tərəfinə aparan dünyanı dəyişərdim gücüm çatsaydı... "Əsas vəzifə dünyanı dəyişdirməkdən ibarət deyil, ilkin şərt bu dünyaya olan münasibəti dəyişdirməkdən ibarətdir" (Sartr)-bunu bilə-bilə yenə də belə bir iddiaya düşürəm. Dünyaya baxışlar "webkamera"ların didəsindən keçir-dəyişmək mümkünsüz-bunu da bilirəm.
Sən ürəyini, ruhunu yığışdırıb getdin bu şəhərdən. Körpə addımların doğulduğun şəhərin küçələrində qaldı, sevgin mənim ürəyimdə. Getdin. Kaş ki getmək mümkün olaydı...
Gözlərimdən sevinc ayrılan kimi
ayrılıb getsəm uzaqlara
yaralı ürəyimin qaysağını qoparan kimi
qoparıb baxışlarımı gözlərindən
gedərdim
mümkün olsaydı getmək...
gedərdim yeni sevgilər olan yerə
gedərdim
məsələn
dənizlə göy üzünün öpüşdüyü üfüq xəttinə
tərəf
amma sevgilim
ordan da
ayrılıq qoxusu gəlir
orda da
sevgi var
saflıq var
ölüm var...
mümkün olsaydı getmək
ayrılığı tərk edərdim...