adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Polisdən bir daha insanpərvərlik

FAİQ QİSMƏTOĞLU
3256 | 2022-10-03 12:10

Əlahiddə Çevik Polis Alayının altıncı patrul bölüyünün əməkdaşları huşunu itirmiş sürücünü ölümdən xilas etdilər

Biz tez-tez polisin vətəndaşlara, çətin vəziyyətdə olan insanlara və çıxılmaz ana düşən şəxslərə yardım etdiyinin şahidi oluruq. Şahidi oluruq ki, kimsə qəza törədəndə, yaxud da sükan arxasında huşunu itirəndə elə birinci ona polis əməkdaşları çatır və ilk yardımı göstərir. Ən azından ona görə ki, bu gün Azərbaycan vətəndaşlarının polisə çox böyük inamı və sevgisi var. Çünki çətin vəziyyətdə olan hər hansı vətəndaş görəndə ki, ona həkimdən də tez yaxınlıqdakı xidmət aparan polislər yaxınlaşır, kömək göstərir, xəstəxanaya çatdırır, bax, onda istər-istəməz vətəndaş-polis münasibətlərində bir səmimiyyət yaranır və bu səmimiyyət də son illər daha da möhkəmlənib. 

Mən dəfələrlə həm metro stansiyasında, həm də küçədə çətin vəziyyətdə olan xəstə insanlara polisin necə kömək elədiyinin şahidi olmuşam. Görmüşəm ki, halsız və xəstə adama o polislər öz doğmaları kimi yanaşır və iki daşın arasında ona kömək göstərirlər. Təbii ki, əhali də bu anları görəndə istər-istəməz arada polislə insanlar arasında münasibətlər  bir qədər də istiləşir. 
 

Əlahiddə Çevik Polis Alayının əməkdaşları xidmət apararkən daha çox məsuliyyətli və diqqətli olurlar. Özü də digər polis əməkdaşlarından fərqli olaraq onlar boyca daha hündür, fiziki cəhətdən daha güclü olurlar. Sözün açığı mən onlara baxanda çox vaxt fəxr edirəm. Fəxr edirəm ki, Azərbaycan polisində hündürboy, fiziki cəhətdən sağlam və vətənpərvər oğlanlar çalışırlar. Və bu oğlanlar tək ictimai asayişi qorumurlar, həm də lazım gələndə ən təhlükəli cinayətkarı belə zərərsizləşdirirlər. Bu isə o deməkdir ki, bu xidmət sahəsində çalışanlar daha peşəkar və daha çevikdirlər. 

Əlahiddə Çevik Polis Alayının altıncı patrul bölüyünün əməkdaşları dəfələrlə çətin vəziyyətdə olan vətəndaşlara kömək göstərib və onların həyatını ölümdən xilas ediblər. Onu da qeyd edək ki, bu bölüyə çox ziyalı və vətənpərvər bir insan – polis-polkovnik leytenantı Azər Seyidov rəhbərlik edir. Bu bölük Yasamal rayonu ərazisində 24 saat xidmət aparır. Bir neçə gün bundan əvvəl həmin rayonun Moskva prospektində avtomobildə hərəkət edərkən sükan arxasında olan qadın sürücü özünü çox pis hiss edir, daha doğrusu huşunu itirir. Bunu görən həmin bölüyün əməkdaşları da İlqar İmanquliyev, Elçin Bəşirov və Elman Xəlilov tez özünü həmin sürücüyə çatdırır. Sürücünün də vəziyyəti get-gedə daha da ağırlaşır. Onlar maşının qapısını açırlar və sürücü xanımı ehtiyatla yerə düşürdüb xidməti maşına aparırlar. Xidməti maşında ona ilkin yardım göstərirlər. Alnına və boynuna  soyuq su vururlar və bir qədər gözləyirlər. Görürlər ki, yavaş-yavaş sürücü özünə gəlir və özünü yaxşı hiss edir. Həkimə aparmaq istəyirlər, sürücü bildirir ki, həkimə ehtiyac yoxdur. Siz bütün köməkliyi mənə göstərdiniz. Səhər idmanla məşğul olmuşdum, ona görə də bir qədər zəiflədim və çətin vəziyyətə düşdüm. Çox sağ olun ki, mənə  ağır vəziyyətdə kömək elədiniz! Mən sizin hər birinizə minnətdaram! Allah sizin kimi Azərbaycan polislərini qorusun! 

Bax, əsl insanlıq, əsl vətənpərvərlik və əsl peşəkarlıq budur. Bu peşəkarlığı da Əlahiddə Çevik Polis Alayının altıncı patrul bölüyünün əməkdaşları zamanında çətin vəziyyətə düşmüş sürücüyə göstəriblər. Və bu da təbii ki, həmin insanın ömründən və yadından heç vaxt silinməyəcək. Ən azından Azərbaycan polisində necə vətənpərvər və insanpərvər əməkdaşlar olduğunu həmişə xatırlayacaq. Çünki bunu xatırlayanlar çoxdur və Azərbaycan polisinin nümunəvi xidməti heç vaxt yaddan çıxmır.
 

TƏQVİM / ARXİV