adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"Erməniyə çatanda dayandı, fırlandı, qəfil atəş açıldı..."

REY KƏRİMOĞLU
20792 | 2012-12-17 23:22

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyiyazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub,amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdəndaşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir,yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır.Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlarheç vaxt unudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdəqəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsindəsağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilkillərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməniişğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranmasıprosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədəntəsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyinbir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz halagəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçəkşahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsiniəbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

Əsrin soyqırımına şahid olmaq yazılıbmış taleyimə

10-cu yazı

Səhərə yaxın Xocalıdan ilk sağ çıxan adam Ağdamın Şelli kəndinəyetişdi. Xəbəri də elə o gətirmişdi:

- Xocalıları qırdılar!

...Fevralın 26-da səhər saat 5-6 olardı Şirin Mirzəyevin əmri iləbizi batalyondan Ağdamın Şelli kəndi istiqamətinə gətirdilər. Şirin Mirzəyev dəordaydı. Dəhşətli bir səhnəylə üz-üzə gəldik. Qocalar, qadınlar, uşaqlar...qarın, palçığın içində, həyəcanlı, çaşqın, gözləri yaşlı, üst-başı qan içində.Ətrafda çoxlu təcili yardım maşınları. Yaralılar, dərddən başını itirənlər.Ağdamın yerli batalyonunun əsgərləri buradaydı. Ağır xəstə olan Fred Asif (AsifMəhərrəmov) də buradaydı... Ağdamlılar xocalıları xilas etmək üçün Qara qayaistiqamətində özlərini ölümə atırdılar...

"Qara qaya"ya yaxın yerdə yaralıları xilas etmək üçün bir neçə maşından ibarətilkin tibbi yardım məntəqəsi yaradılmışdı. Qəribədi, həmin gün hər şey elə tezöz həllini tapırdı ki. Ağdamda olan yerli özünümüdafiə dəstələrinin rəhbərləri də,onların digər mövqelərdə keşik çəkməyən əsgərləri də burada idi. Əvvəlcəarabir, sonra isə şiddətli döyüş başladı. Məlum oldu ki, Xocalıdan qaçıb canınıqurtarmaq istəyən insanların qarşısını meşədə ermənilər kəsiblər...

Heç bir komanda verilmədən hamı döyüşə atılmışdı. Çoxlu qar yağmışdıvə bu, vəziyyəti daha da ağırlaşdırırdı. Yamaclardan, dərə və təpələrdənqalxıb-enmək çətin idi, belə şəraitdə yaralı çıxardıb gətirmək isə lap cəhənnəməzabı idi.

Xeyli adam döyüşürdü... Silahlı, silahsız ağdamlılar Qara qayadanƏsgəran və Naxçıvanik istiqamətinə irəliləyirdilər. Ermənilərin bir neçəmövqeyini almışdıq. Qarşımıza ayağı yalın, başı açıq, qorxudan, dəhşətdən,soyuqdan donmuş, əsim-əsim əsən yaralı qadınlar, uşaqlar çıxırdı. Mən Nailləmeşədə qalmış yaralı qadınları və uşaqları xilas etməyi qərara aldıq. Yeriyəbilməyən, ən ağır vəziyyətdə olanları çiynimizə, qucağımıza alıb qarlı yamacla,dərə-təpəylə min bir çətinliklə tibb məntəqəsinə çatdırdıq. Bu minvalla artıq4-5 nəfəri xilas etmişdik. Ermənilər bizi vura bilmirdi, çünki digərəsgərlərimiz onları Əsgəran və sağ-sol istiqamətə sıxışdırırdılar. Ermənilərinbir neçə postu alınmışdı deyə, onlar xeyli itki verərək geri qaçırdılar.

Xocalı faciəsinin iki insan taleyi ilə bağlı iki anı

...Təxminən 7-8 yaşında, ayaqyalın, başıaçıq bir qız uşağını heç kimsakitləşdirə bilmirdi. Elə bil qıza ilahi bir güc verilmişdi. Şaxta onunyanağını çatlatdığından gözündən axan yaş qana qarışıb çənəsindən axırdı.Əynində cırıq-cırıq olmuş nazik paltar var idi. Palçığa bulaşmış dama-dama yunşalı kimsə onun çiyinlərindən atıb hər iki ucunu sinəsində düyünləmişdi. O, heçnə danışmırdı, əsgərlərimiz onu meşədən tapmışdılar. Əliylə Xocalı tərəfigöstərib elə hey qışqırırmış. Onu Şelli kəndinin yaxınlığındakı ilkin tibbi yardımməntəqəsinin yanındakı ocaq başına gətirdilər, təmiz paltar (kənd camaatınınəlinə keçəndən), isti çay verdilər.

Qızcığaz bir az özünə gələn kimi Xocalı tərəfə qaçmaq istədi. Artıqdili də açılmışdı, qaçmaq istəyərkən var gücü ilə qışqıraraq anasını çağırırdı.Bu hal elə hey təkrar olunurdu...

Sonra bildik ki, bu qızın ata-anasını meşədə ermənilər güllələyib,özü isə, Allah bilir, hansı möcüzə nəticəsində xilas olub.

...Naillə mən meşədən bir qadını və onun bağrına basdığı bir körpənidə çıxardıq. Qadın ayağından yaralanmışdı. Onu ikimiz çətinliklə təcili yardımmaşınının yanına gətirdik. Qadın ilk tibbi yardımın körpəsinə göstərilməsiniistədi... Ancaq qucağına sıxdığı körpə artıq çoxdan ölmüşdü. Güllə onun hələbərkiməmiş boynundan dəyib ağzından çıxmışdı. Körpənin yarasında heç bir qanizi də yox idi... Ana körpəsinin öldüyünü biləndə var gücü ilə qışqırdı. O səshələ də qulağımdadır. O səhnə, o ananın səsi, o fəryad...

Sonra öyrəndik ki, həmin qadın əriylə birlikdə evdən çıxandaermənilər onları atəşə tutub. Körpə atasının qucağındaymış. Ana həyatyoldaşının öldüyünü görüb, heç körpəsinin üzünə də baxmadan onu bağrınabasaraq, bizə rast gələnə qədər qaçmışdı. Heç ayağından yaralanmasına da fikirvermədən. Bir düşmən gülləsi iki nəfərin həyatına son qoymuş, bir gənc ailəniməhv etmişdi...

Canpoladın ölümü

Hər dəfə geri, xocalılar qalan meşəyə tərəf gedəndə Naillə qabaqdadöyüşən uşaqlar üçün güllə də aparırdıq. Yaralıların xilas edilməsininvacibliyini Nailə bir neçə dəfə izah etsəm də, onun döyüşmək istəyininqarşısını ala bilmədim. Bir neçə nəfəri xilas edəndən sonra axırda o, məndənayrılaraq ağır döyüşlər gedən tərəfə üz tutdu... Bir qədər sonra faciəni eşidən, ayağı yer tutan ağdamlılarartıq burada idi, onlar xocalıları çıxarmaqda həmyerlilərinə kömək edirdilər.Bir qədər sonra mən də döyüş gedən tərəfə üz tutdum...

Həmin gün "Qatır Məmməd"in (Yaqub Rzayevin) oğlu Canpolad Rzayev bizim gözümüz önündəcə böyükbir qəhrəmanlıq etdi. O, pulemyot atıcısı olduğu tankı düz Əsgəran fermasıtərəfdə taxta tikiliyə tərəf sürdürdü. Uzaqdan aydınca gördük ki, ermənilərtəxminən 25-30 nəfər arvad-uşağı girov götürərək həmin tikiliyə necə saldılar.Canpolad tankı o tikiliyə sürdürüb həmin insanları xilas etdi. Bir qədər sonraermənilərin hücuma keçən BMP-ləri ilə həmin tank heyətinin necə döyüşdüyünü dəöz gözlərimizlə gördük. Canpoladın olduğu tank qəflətən sol tərəfdə -Naxçıvanik istiqamətində dərədən çıxıb xilas olan xocalıları, bizim əsgərlərivurmağa başlayan erməni BMP-sinin düz üstünə şığıdı. Amma mənə hələ də aydınolmayan səbəbdən tankımız erməni BMP-nə az qalmış manevr etdi, dayanıb yerindəfırlandı... Elə bu vaxt erməni BMP-sindən atılan mərmi düz bizim tankın açıqdaolan pulemyotçu yerinə - Canpolad olan tərəfə dəydi...

Mən Canpoladın cəsədini görmədim, amma dedilər ki, o tikə-tikəolmuşdu...

Üç dostdan təkcə mən qaldım

Axşam eşitdik ki, Əsgəran istiqamətində gedən döyüşdə Nail də ağıryaralanıb. O gün Qara qayada başından aldığı güllə yarası Nailin hər ikiayağının, bir əlinin iflic olmasına səbəb oldu. Həmin vaxtdan əziz dostum yataq xəstəsidir. Ramizdən sonraNail də ordudan tərxis olundu. Üç dostdan tək mən qaldım...

Səhəri gün, fevralın 27-də Şirin Mirzəyev məni Bakıya göndərdi -Nailə baş çəkməyə... Bakıya sonradan dünyasını dəyişən kəndçimiz, 1990-ı ildənAğdam OMON-unda ermənilərə qarşı döyüşən Asəflə gəldik. Hərbi hospitalın yod,dərman və qan qoxusu gələn dəhlizlərindən keçib, Nail yatan palatanı tapdım.Nail başı sarıqlı uzanmışdı, əvvəlcə elə bildim yatıb, anası məni görüb ayağadurdu:

- Gəl, gəl, otur yanında Nailin! Gecədən sayıqlayır ki, uşaqlar hanı?Uşaqların hamısını qırıblar!

Keçib Nailin çarpayısının yanında qoyulmuş kətildə əyləşdim. Nailyatmamışdı... Başını ağır-ağır mənə sarı çevirdi. Bir qədər baxandan sonra sağəlini tərpədib, mənə tərəf sürüşdürdü... Əlini əlimin içinə alıb astacasıxdım...

İlk sözü bu oldu:

- Qaqa, nə yaxşı ki, heç olmasa sən sağsan! Uşaqların hamısı qırıldı,hamısı...

Nail kövrəldi, gözündən bir neçə damcı yaş gəldi...

- Nail, narahat olma, uşaqların çoxu sağdır, - deyə onusakitləşdirməyə çalışdım.

Bir qədər sevincək oldu:

- Nə yaxşı, nə yaxşı! Elə bildim hamı qırıldı... Gördünmü Canpoladınətər vurdular, gördünmü, qaqa? Amma halaldır Canpolada! Çox heyf, dedilərCanpolad da ölüb...

Nail yavaş-yavaş başını palatanın divarına tərəf çevirdi, hönkürübağladı.

Həmin gün xocalıları xilas etmək üçün döyüşən xeyli ağdamlı şəhidoldu... Tanıdığım döyüşçülərdən Canpoladla Xosrov da şəhid olanlar arasındaidi. Həmin gün döyüşdə təkcə bizim kənddən Nail də daxil olmaqla 3 nəfəryaralandı. O döyüşdə bütövlükdə 55 ağdamlı döyüşçünün həlak olduğunu dedilər.

Üstündən 1 həftə keçəndənsonra da xocalılardan bir dəstəsi Ağdamın Cinli-Əlimədətli kəndlərinə gəlibçıxdılar...

P.S. Xocalı soyqırımına haqq qazandıran Robert Köçəryan özü etirafedib deyir ki, onlar bu faciəni ona görə törədiblər ki, azərbaycanlılarbilsinlər ki, ermənilər zarafat etmirlər...

(Ardı var)

[email protected]

Qarabağ müharibəsinin gerçək hekayətlərini

Lent.az-a kəşfiyyatçı Rey Kərimoğlu yazır

TƏQVİM / ARXİV