“Azərbaycandan aldığımız benzinin keyfiyyəti yüksəkdir”.
Adalet.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəsində bəzi şəxslərin Azərbaycan benzinindən şikayət etməsi ilə bağlı danışarkən deyib.
“Bizə belə şikayət daxil olmayıb, amma əlimizdə apardığımız araşdırma və tədqiqatımız var. Üstəlik, Azərbaycandan gələn benzin də eyni ekspertizadan keçir və keyfiyyəti yüksəkdir. İkincisi, bir şirkət var, Avropa benzini adı altında Azərbaycan benzini satır, belə hallara icazə verməyəcəyik, artıq xəbərdar etmişik.
İnsanları aldatmaq, Azərbaycan benzini gətirib adını “Avropa benzini” qoyub satmaq, pulları Azərbaycana göndərib yalançı vətənpərvərlik oyunu oynamaq olmaz. Mən buna heç kimə icazə verməyəcəyəm. Bu məlumat həm açıq, həm də qeyri-açıq şəkildə onlara çatdırılıb və onlar bunu yaxşı bilirlər.
Bu şirkətin seçimi var: ya bu benzini satmayacaq, ya da satacaqsa, elan edəcək ki, bu, Azərbaycan benzinidir. Nazirlik şantaj etmir. İqtisadiyyat Nazirliyinin Nizamnaməsində yazılıb: istehlakçıların hüquqları qorunmalıdır. İstehlakçı bilmək hüququna malikdir ki, bu, Azərbaycan benzinidir, yoxsa məsələn, Rumıniya benzini. Nazirlik belə hallara icazə verməyəcək”.


Bakı -°C
