Sabirabadda qeyri-rəsmi nikahda olduğu 16 yaşlı arvadı Nuranə Ələkbərovanı boğub öldürdükdən sonra Kür çayına atan Seyidrəsul Talıbzadənin cəzası ağırlaşdırılıb.
Adalet.az xəbər verir ki, bununla bağlı Şirvan Apellyasiya Məhkəməsi yeni hökm çıxarıb.
Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Seyidrəsul Talıbzadə ilə bağlı çıxardığı 10 il 6 aylıq azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Şirvan Apellyasiya Məhkəməsinin yeni hökmunə əsasən, təqsirləndirilən şəxs 12 il müddətinə azadlqıdan məhrum edilib.
Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsində cəza təyini zamanı təqsirləndirilən şəxsin şəxsiyyətinə, əməlin xarakterinə və ictimai təhlükəliliyinə uyğun cəza həddi düzgün qiymətləndirilməyib. Məhkəmə belə qənaətə gəlib ki, Nuranə Ələkbərovanın qətli zamanı Seyidrəsulun xüsusi plan hazırlaması, sonuncunun yalvarışlarına baxmayaraq, amansız rəftar edərək 20 dəqiqə müddətində onu boğması, daha sonra cinayətin əməlini gizlətmək üçün arvadını Kür çayına atması təqsirləndirilən şəxsin daha qəddar və amansız olmasını göstərir. Və onun bu davranışları cəza təyin olunarkən nəzərə alınmalı idi.
Qeyd edək ki, hadisə ötən ilin mayında qeydə alınıb. Rəsmi məlumata görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazidə aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürüb və meyitini suya atıb.
2024-cü ilin oktyabrında isə Seyidrəsulla Nuranənin Şirvanda “Ağsaray” restoranında toyu baş tutub. Həmin vaxt Nuranənin 15 yaşı olub.


Bakı -°C
