adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Ədəbi cərəyanlar: Kim hansı "izm"ə aiddir?

31579 | 2012-10-09 00:18
Ədəbiyyat yalnız zövq məsələsi, bədii-estetik hadisə olmayıb, həm də ideoloji məsələdir. Çünki ictimai-siyasi sistem modelləri də, inqilablar, çevrilişlər və təkamül prosesləri də bir çox hallarda cəmiyyətə ədəbiyyatdan-mədəniyyətdən daşınıb və bədii-estetik idrak ictimai-siyasi idrakın ilkin bazası, hərəkətverici qüvvəsi rolunu oynayıb.
   
   Bəs bədii-estetik idrakın - ədəbiyyatın hərəkətverici qüvvəsi nədir? Yəqin ki, iyirminci əsr avtoritar rejiminin tənqidə həvalə etdiyi ideoloji jandarm rolunu nəzərə alan müəyyən söz adamları hesab edirlər ki, ədəbiyyatın hərəkətverici qüvvəsi tənqiddir.
   
   Fikrimcə, indiki müstəqillik, azadfikirlilik çağında hərəkətverici qüvvə ifadəsi çox gurultulu səslənir və inandırıcı görünmür. Müasir çağda tənqid elmi-metodoloji bazasından, yanaşma tərzindən, ədalət və vicdanından asılı olaraq ədəbiyyat üçün ya stimulyator, ya da aranı qarışdıran katalizator ola bilər.
   
   Qeyd etdiyimiz kimi, ədəbiyyat həm də ideoloji, həm də estetik məsələdir. Yarandığı gündən ədəbiyyat müxtəlif estetikalara və müxtəlif ideologiyalara xidmət edib. Bu özünü ədəbi cərəyanların yaranmasında və ədəbi proseslərdə göstərib.
   
   Sürrealizm, Neoklassisizm, Romantizm, Parnasizm, Naturalizm, Simvolizm, Realizm, Futurizm, Dadaizm, Ekzistensializm, Personalizm, Modernizm, Postmodernizm, İmpressionizm, Ekspressionizm - sadaladığım "izm" lərin hamısı ədəbiyyata aiddir. Dünya ədəbiyyatında sadaladığımız "izm"lərin hamısında ədəbi əsərlər yazılıb. Eyni zamanda Azərbaycan ədəbiyyatında da, bu ədəbi cərəyanlara aid əsərlər var. Bəs müasir ədəbiyyatımızda vəziyyət necədir? Gənclər özlərini hansı ədəbi cərəyanların nümayəndəsi hesab edir? Azərbaycanda ədəbi cərəyanlar dünya ədəbiyyatı ilə müqayisədə hansı dərəcədə inkişaf edib?
   
   Yuxarıda qeyd etdiyimiz suallarla gənc nəsildən olan yazarlarla söhbətləşdik. Onların müxtəlif fikir və düşüncələrini sizlərə təqdim edirik.
   
   Gənc yazar Şəbnəm Karslı düşünür ki, yazı prosesində hansısa ədbi cərəyana aidli düşünülə bilməz: "Yazan şəxsin "izm"-lə maraqlanması absurddur. Mən yazıram, bunu hansısa cərəyana daxil etmək, yazıları araşdırmaq və təsnifləndirmək isə nəzəriyyəçilərin problemidir. Bizdə bir az qarışıqdır. Həm tənqidçiliklə, həm də nəzəriyyəçiliklə yazarlar özləri məşğul olurlar. O ki, qaldı dünya səviyyəsində cərəyanlara qoşulmaq haqqında suala, ədəbi nümunələrin özü dünya səviyyəsinə çıxıbmı ki, cərəyanlar da çıxsın?"
   
   Gənc yazar Əsəd Qaraqaplan düşünür ki, bizdə ədəbi cərəyanlara aidlik məsələsi də, yazarların bir araya gəlməsi də dostbazlıqdan o tərəfə keçmir: "Bildiyimiz kimi ədəbiyyatımızdakı qruplaşmalar əslində hər hansı bir ədəbi cərəyandan daha çox xırda, məhdud dairənin dostbazlığından başqa bir şey deyil. Ona görə də hər hansı bir ədəbi cərəyandan söhbət belə gedə bilməz. Hətta adamlar özlərini konkret olaraq hansısa cərəyana aid etsələr də. Şəxsən mən özümü heç bir ədəbi cərəyana aid eləmirəm və eləyə bilmirəm. Bu ən azından məntiqi cəhətdən səhvdir. Bütün bunlar ədəbiyyatşünasların, tənqidçilərin uydurmasıdı. Onlar da bunu öz işlərini asanlaşdırmaq üçün ortaya atıblar. Tarix boyu tanıdığımız istənilən ciddi yazarı istənilən "ədəbi cərəyana" aid etmək olar. Vallah mənim özümü hər hansı bir cərəyana aid etməyə nə həvəsim və də iddiam var. Və dediyim kimi bu boş və mənasız bir şeydi. Ədəbiyyatımız da dünyaya hər hansı "ədəbi cərəyan" səviyyəsində yox, mətn halında çıxa bilər. Əlbəttə ki, bunu etməyə imkanı olan şəxslər vicdanla davranıb öz mənasız mətnlərini yox, həqiqi ciddi mətnləri çıxarsalar. Demək məsələ heç də "ədəbi cərəyan yox, "ədəbi vicdan" məsələsidi, dünyaya çıxmaq məsələsi. Mənim kitablarımı aid elədiyim və seriya halına saldığım "Ən özgür ədəbiyyat" seriyasında da mən bunu demək istəyirəm əslində. Yazıçının istedadı, ruhi azadlığı onun hər şeyidi - Ədəbi cərəyanı da, Ədəbi vicdanı da, Böyüklüyü də...Onu hər hansı bir uydurma termin səviyyəsində anlamaq da və onu bu dar çərçivəyə salmaq da yanlış bir şey..."
   
   AYB-nin Cənubi Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz da özünü heç bir cərəyana aid etmir: "Mən özümü Azərbaycanda yayılan ədəbi cərəyanların heç birinə aid etmirəm. Mənim ədəbiyyatım milli-avanqard ədəbiyyatdır. Yəni millilik və avanqardlığın birləşməsi. Doğrusu Azərbaycanda elə də ürəkaçan ədəbi cərəyan yoxdur. Yəni dünya səviyyəsində çıxış edə bilən və cərəyanlar qabağında öz sözü və ideologiyasını ortaya qoya bilən cərəyan yoxdur".
   
   Gənc yazar Zaur Qəriboğlu da özünü heç bir ədəbi cərəyana aid etmir: "Mən hələ özümü hansısa cərəyana aid etmirəm. Bunu zaman göstərəcək. Qaldı, ədəbiyyatımızda ədəbi cərəyanlar dünya ədəbiyyatı səviyyəsində özünü göstərə bilirmi sualına, deyərdim ki, hələ bunu hiss etmirəm. Amma bilirəm ki, müstəqillikdən sonra gələn ədəbiyyatda sanballı əsərlər var və yazılır. Gümanım var ki, bir neçə illərdən sonra Azərbaycan ədəbiyyatı ilə də dünyada tanınacaq. Əsasən, istedadlı gənclərimiz var, kifayət qədər də maraqlı, oirjinal əsərlər yazılır."
   
   Rəssam və yazar Fərhad Yalquzaq hesab edir ki, hansısa ədəbi cəryana aid olmaq, özünü çərçivəyə salmaqdır: "Mənim fikrimcə hər-hansı bir ədəbi cərəyana qoşulan yazar özünü, düşüncəsini istər-istəməz çərçivəyə salmış olur - bu isə onun yaradıcı təxəyyülünü məhdudlaşdırır. Mən özüm təb adamıyam, təbim necə gəlsə, o duyğudan da bəhrələnib yazmağa hazıram, daha bu təbi cilalayıb hansı ədəbi cərəyana uyğunlaşdıracağım haqqında oturub düşünmürəm. Bəlkə də ədəbi cərəyanlardan, "izm"lərdən uzaq olmağımda mənim ədəbiyyatda iddiamın olmaması da rol oynayır, bu mənə ruhi azadlıq verir, ürəyim nədən istəyir, necə istəyir yazıram, bunu ədəbi tənqid aləmində hansı əks-səda doğuracağını düşünmürəm. Qaçıb sığınacaq yerim var. O ki qaldı bizim ədəbiyyatımızdakı ədəbi cərəyanların dünya ədəbiyyatı səviyyəsindəki statusuna... bizim ədəbiyyat axı o səviyyəyə çıxa bilmir. Bizim ədəbiyyat Azərbaycan sınırlarında qapanıb qalıb, ciddi dünya ədəbiyyatı örnəklərinin içərisində yer ala bilmir (bir-iki kitabı çıxmaq şərtilə). Təkcə "Əli və Nino" ilə dünya ədəbiyyatına, onun ədəbi cərəyanlarına töhfə vermək olmaz, necə ki bir çiçəklə bahar olmaz. Ancaq bir çiçək baharın gəlişindən xəbər verə bilər... Bizə isə belə çiçəklərin sayının çoxalacağını arzu etmət qalır.
   
   Gənc yazar Fərid Hüseyn özünü realizmin təmsilçisi hesab edir: "Mən özümü daha çox realizimin təmsilçisi kimi görürəm, amma, deməliyəm ki, bu hansısa şəkildəsə mənim istəyimdən asılı olan bir şey deyil. Amma cərəyanların şərtləri ilə ölçəndə daha çox realizimin şərtlərini ödədiyimin şahidi oluram. Olsun ki, bu bir qədər də həyatla göz-gözə dayanmaq istəyimdən irəli gəlir. Bizim ədəbiyyatımızda posmodernizim adı ilə oxucuya təqdim olunan əsərlərin də çoxu realist əsərlərdir. Əgər müzakirə açsaq nə vaxtsa bu barədə fikirlərimi əsaslandıra da bilərəm. Çünki Sovet nəsri - o genplanlı əsrlər beynimizə o qədər hopub ki, hələ də oxucular ciddi-cəhdlə maraqlanırlar ki, yazdığınız əsərlər doğurdan da baş veribmi? Bu mənada biz posmodernizimə sadəcə elementlərin köməyi ilə çata bilmişik. Bu da hələ ona imkan vermir ki, bu gün adlandırılanlar qədər hər kəsə posmodernist deyək. Yalnız realizm dünya ədəbiyyatı səviyyəsində özünü göstərə bilir. Digər janrlarda yazıçı sadiqliyi görmürəm. Məsələn, kimdir bu gün tam fantastik yazıçı? Yoxdu. Kimdir Posmodernist yazıçı? Yoxdur. Həmid Herisçini deyirsizsə o fraqmental səviyyədə posmodernistdir və ya hansı baxımdansa yenilikçidir.
   
   Yazar Narıngül Babayeva özünü sürrealist yazar hesab edir: "Mən öz yazılarımda daha çox sürrealist əhvali-ruhiyyəni hiss edirəm. Əlbəttə, yazar yazı prosesi zamanı hansı cərəyana istinadən yazacağını qabaqcadan müəyyən etmir. Ancaq yaradıcılıq texnologiyası deyilən bir sistemdə var ki, istər-istəməz ona tabe olmalı olursan. Deməzdim ki, Azərbaycan ədəbiyyatı cərəyan baxımından o qədər də zəngindir. Ədəbiyyatda cərəyanın zənginliyi ədəbiyyatın dinamikliyindən, inkişafından xəbər verir. Azərbaycan ədəbiyyatı daha çox realizm cərəyanının nümayəndələri ilə şöhrət qazanıb. M.F.Axundov, M. Ə. Sabir, C. Məmmədquluzadə məhz realist ədəbiyyatın nümayəndələri idilər. Və Azərbaycan ədəbiyyatının uğur bucağından asılı olmayaraq bu yazarların ədəbiyyatımızın inkişafında olan xidmətləri danılmazdır."
   
   Yuxarıdakı fikirlər Azərbaycan ədəbiyyatının aparıcı qüvvəsi hesab olunan gənc qələm adamlarının fikirləridir. Göründüyü kimi gənclər kifayət qədər ziddiyyətli fikirlər səsləndirib. Bəs yaşlı nəsil bu "izm"lər məsələsini necə həll edib?
   
   Xalq yazıçısı Elçin deyir ki, "Mən mizin arxasında oturub yazmağa başlayanda heç vaxt hansısa ədəbi cərəyan barədə düşünmürəm. Əsəri ədəbi cərəyan yaratmır, ədəbi cərəyanı əsər yaradır. Metodla bağlı "qeyri-müəyyənliyə" gəldikdə isə mən bir az başqa cürə deyərdim: bizim müasir ədəbiyyatımızda ədəbi cərəyanlar zənginliyi yoxdur."

TƏQVİM / ARXİV