adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

DÜNYA GÜCLƏRİ NƏ İSTƏYİR? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
773 | 2022-10-03 13:05

Rusiyanın Ukraynaya hücumu dünya siyasətinə və iqtisadiyatına əhəmiyyətli dərəcədə təsirini göstərməkdədir. ABŞ və Rusiyanın son illər ərzində bir- birilərinə qarşı irəli sürdükləri  qarşılıqlı ittihamları, artıq açıq müstəvidə münaqişəyə çevrilir. 

Dünya tarixində Rusiyaya qarşı bu günədək  görünməmiş sanksiyalar tədbiq olunaraq, onu dünyadan təcrid etməyə çalışırlar. Dünya qlobal ərzaq böhranı ilə üzləşir. Bu artıq real bir fakta çevrilir.   Cəmiyyət  çox təhlükəli və gözlənilməz mövcud dünya nizamının pozulması ilə üs-üzə qalıb.

Əvvəllər dünyada bir-biriylə mübarizə aparan iki qüvvə - ABŞ və müttəfiqləri -  Rusiya ( SSRİ). İndi isə qlobal səviyyədə Qərb və Şərq qarşıdurması yaranır. Yeni alyanslar, koalisiyalar yaranmaqdadır. Hələ ki, ABŞ başda olmaqla iri dövlətlərin bir güc mərkəzinin qiyam  yaratmaq cəhdlərinə qarşı Rusiya özünü yanar ocağa atıb, Çin və digər qalanları kölgədə qalmağa üstünlük verirlər. 

 Bu qarşıdurmada əsas mübarizə gələcək dünya düzümündə qazanılacaq roldan və suveren  dövlət kimi qalmaqdan gedir. Ona görə də Rusiya bu qiyamda uduzarsa, bu onun təkcə məğlubiyyəti ilə deyil, həm də suveren dövlət kimi güc mənbəyi olmağının itirilməsini və ümumiyyətlə dövlət kimi qalıb-qalmayacağını müəyyənləşdirəcək.

 Yeni dünya düzümündə hansı dövlətlər güc mərkəzləri yaratmaq istəyirlər?  

ABŞ və müttəfiqlərindən, artıq nüfuzunu, gücünü və təsir dairəsini itirməkdə olan Rusiyadan başqa,  Çin və Hindistan da bu bölgüdə iştirak etmək niyyətlərini gizlətmirlər. Bu arada artıq güclənməkdə olan Türkiyənin də kənarda qalmayacağı göz önündədir. Real görünməsə də,  Səudiyyə Ərəbistanı başda olmaqla ərəd dövlətləri və İran da bu bölgüdə ambisiyalarını ortaya qoymaq istəyəcəklər.

 Nə baş verir? ABŞ -ın hegemonluğuna son qoyulacaqmı? Çoxqütblü dünyanın yaranmasınınmı şahidi olacağıqmı?

  Avropa İttifaqının yaranması, bir vaxtlar SSRİ-nin yaranması formatını xatırladır. Bir çox xalqlar və dövlətlər birləşərək bir qurum yaratdılar. Lakin sonradan məlum oldu ki, böyük bir "ailədə" birləşən onlarla dövəti bir neçə dövlət yedirdib-içirtməli, çökməkdə olan iqtisadiyyatlarına, təhlükəsizliklərinə görə milyardlarla avro vəsait ayırmalıdırlar. Sonradan məlum oldu ki, yük əsasən Almaniya, Böyük Britaniya və Fransanın üzərinə düşür. Rəsmi London bunu daha tez anladı və vaxtında "avropa ailəsini" tərk etdi. Almaniya və digərləri isə hələ ki, bu durumdan necə qurtulmağın yolarını axtatırlar. 

Avropanın "kommunal evlərinin sakinləri" hər biri özlərinin "şəxsi mənzillərinə köçmək" istədikləri vaxt, Avropa İttifaqı da SSRİ kimi dağılmaq məcburiyyətində qalacaq.

 Dünya yarandığı gündən xeyirlə-şərin mübarizəsi gedir. Hazırda siyasi sferada siyasətə gələnlərin əksəriyyəti əsasən gözləmək səbirləri olmayan,  öz kaprizlərinə inanan və danışıqlar aparmağı bacarmayanlardan ibarətdir. Bəziləri tərəfinfən bəzən qəbul olunmasa da, Henri Kissincer kimi intiliqent, savadlı, strateji düşüncəli, hər şeyi başa düşən siyasətçilər demək olar ki, yoxdur, olanları da varsa, onları da eşidənlər  yoxdur. Heç nədən xəbərləri olmayan, küçə uşaqları səviyyəsində özlərinə inananlar, qaranlıq qüvvələrlə mübarizə apara biləcək gücdə olduqlarını düşünürlər.

 Görünən odur ki, yaxın gələcəkdə beynəlxalq münasibətlər, dövlətlərarası münasibətlərə daha az təsir etmək gücündə olacaq. Başqa sözlə ifadə etsək, beynəlxalq münasibətlərə daha cox dövlət hakimiyyətlərinə tabe olmayan iri korparasiya və şirkətlərin təsir etmək imkanları artacaq. Dövlət diplomatiyası daha az nəyisə həll etmək iqtidarında olacaq. 

 Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq təşkilatların roluna artıq ehtiyac qalmayacaq. Artıq bu təşkilatların dünyada baş verən münaqişələrə təsir edə bilməməsi göz qabağındadır. BMT Təhlükəsizlik Şurası qlobal problemlərin həllində heç nə təklif edə bilmir. Tək güc mərkəzi bu günki dünyada heç nəyi həll etmək gücündə ola bilməz. Bir neçə güc mərkəzlərinin yarsnması zərurəti yaranıb. ABŞ -ın diqtəsiylə oturub duran, faktiki olaraq Vaşinqtonun "qeyri-hökumət" təşkilatına çevrilən  BMT-dən gözləntilər özünü doğrulda bilməz.

NATO -özünü dünyanın jandarması kimi aparmaq istəyir. Lakin Ukragnada gedən müharibənin gedişatı onu göstərir ki, bu alyans jandarm rolunu apara bilmir. Rusiya-Ukrayna müharibəsini gedişatını tamaşaçı kimi izləyən  üçüncü dövlətlər anlamağa başlayıblar ki, kim nə deyirsə desin silah və raketlər çox məsələləri həll edir. Hamısı başa düşürlər ki, Ukraynanın durumuna düşə bilərlər və onların təhlükəsizlik məsələləri heç kim tərəfindən sığortalanmır.  Kağız üzərində bağlanan müqavilə və razılaşmalara da o qədər inam yoxdur. Məsələn, ABŞ və Rusiya kimi dövlətlər  verdikləri sözə və vədə, bağladıqları müqavilələrə bir andaca tüpürə bilərlər.  Bu kimi hegemon dövlətlər üçün sözlərin heç bir əhəmiyyəti yoxdur.

 Rusiya-Ukrayna müharibəsi bir daha sübut etdi ki, dünya texnologiyası üzərində qurulan maliyyə sistemləri bir andaca boş qazan qapağı səsi verərək çökə bilər. Beynəlxalq sistemlər bağlana bilər və dünyanın iri korparasiyalarına daxil olan iri banklar qapılarını üzünə bağlaya bilər. Necə ki, qapılarını Rusiyanın üzünə qapadıb və onu ciddi maliyyə böhranı vəziyyətinə gətirib çıxarıb.  Hələ böyük xammal ehtiyatlarına malik  Rusiyadı ki, çöküş qarşısında tap gətirir. Amma onun da çox davam gətirə biləcəyi sual altındadır.

 Bir sözlə dünyada yaranan qlobal dəyişiklər, deyildiyi kimi, dünyanın yenidən nizamlanması prossesindən hər bir dövlət ayrı-ayrılıqda  bacardığı kimi minimal itkilərlə çıxmalıdır. Bacarmayanlar isə yəqin ki, tarixin arxivinə göndəriləcək. Yeni güc mərkəzinə çevrilməyə cəhd edən dünyanın İri Korparasiyalarını idarə edənlərin qarşılarına qoyduğu əsas məqsəd də məhz bundan ibarətdir. 

 

TƏQVİM / ARXİV