adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

CƏMİYYƏT NƏYİ QƏHRƏMANLIQ SAYIR? - Rza Rzayev yazır

RZA RZAYEV
18570 | 2021-11-01 14:56

İnsanın böyüklüyü harada oldu "görünməsinə" bağlı deyil - olduğu yerdə başqalarını "göstərmək" böyüklükdür!

 

Bizim cəmiyyətdə də rəqabət anlamı var, amma əməli (tətbiqi) yoxdur. Rəqabət prosesində hər kəs öz istedadı, biliyi, əməli ilə dəyərləndirilir, fərd qabında olanla istədiyi məqsədə çatır. Yəni, qəbul olunmuş ümumi qanuna hamı əməl edir, istisna yoxdur.

Bizdə rəqabət anlamını kiminsə torbasını tikmək, kiminsə ayağının altını qazımaq, "day-day" tapmaq, pul ilə işləri aşırmaq anlamları əvəz edir və bu vasitələr işləkdir. Cəmiyyətimizdə fərdlər məqsədlərinə ancaq bu "yollar" ilə çata bilirlər.

 

Bu, ümumi mənzərədir.

 

Belə cəmiyyətlərdə əldə edilən inkişaf sonrakı mərhələdə geriyə addımdır. Yəni, yuxarıda yazdığım vasitələrdən istifadə edənlər başlanğıcda qələbə qazansalar da, son mərhələdə məğlub olurlar.

Çünki onların potensialı əl vermir sonrakı vəziyyətləri idarə etməyə, tez əldən düşürlər, ilk mərhələdə əldə etdiklərini sonra əldən verirlər.

Sən əldə etdiklərini başqalarının sənin səviyyənə çatması üçün xərcləməyəcəksənsə, sonda sən onların səviyyəsinə düşəcəksən.

Sondakı qanun çox qorxuludur, çünki gəmidə artıq sayılanlar artıq olmaqdan beziblər. Hər keçən gün sükanı ələ keçirmək yolları axtarırlar, onların istəkləri, arzuları bu deyil, heç sükan da onlarlıq deyil. Sadəcə, öz yerini tutmaq üçün hər kəsə eyni şəraiti yaratmaq lazımdır ki, öz yerlərini bilsinlər, yoxsa göz dikəcəklər başqasının yerinə, fürsət axtaracaqlar başqasının yerini və tutulmuş yerləri tutmaq üçün.

Adamlar yaradığı işi bilməlidir. Bilməlidir ki, ancaq bu işə yarayır, yerindədir, bundan da məmnun olmalıdır, fürsət axtarıb başqasının yerinə keçmək istəməsin, işini görsün, işi ilə məşğul olsun, topluma faydalı olsun, topa tutmağa adam axtarmasın.

Bir əmioğlumuz var, atası yaxşı və tanınmış insan idi. Əmioğlu atasının hesabına oxudu, atasının pulundan xərclədi, İnstitutu bitirdi, göndərdilər müəllim işləməyə.

Əmioğlu gündəlik dərsləri əzbərləyir, uşaqlara danışır.

Bir gün uşaqlardan biri buna sual verir, əmioğlu sualın cavabını bilmir, qalır çıxılmaz vəziyyətdə.

Uşağı çağırır yanına, qulağından tutur, dartır, deyir: "Utanmırsan, bunu da bilmirsən?"

Uşaq cavab verir: "Müəllim, bunu hələ keçməmişik axı, hardan bilim bə?"

Əmioğlu deyir: "Ə, bə keçməmişiksə, mən hardan bilim?"

Bir millət vəkilimiz var, yaxından-uzaqdan əlaqəm olmayıb, bəzi işlərini təqdir etmişəm, bəzi işlərini və düşüncələrini bəyənməmişəm, maraqlarımız da heç zaman toqquşmayıb, 5-6 il öncə - İstanbulda olanda gördüm üzərinə çox gedirlər, olmazın böhtan-şər yazırlar haqqında. Həmin dövr dayaqları zəifləmişdi, yanında olanlar, tərif deyənlər yanlarını tutub uzaq dayanmışdılar, müdafiəsinə qalxdım, dəstək üçün status və mesaj yazdım.

Sadəcə, deyəcəyimi onun timsalında ümumiləşdirirəm. Niyə bizim cəmiyyətdə istedad, millət vəkili olandan sonra, yaxud vəzifən və pulun olan kimi üzə çıxır?! Niyə bəstəkarlar həmin şəxsin sözlərinə mahnılar bəstələyir, müğənnilər həmin manhıları oxumaq üçün sıraya dayanırlar?!

Ən dəhşətlisi isə budur ki, bu insanlar özləri də bəzən belə keçici münasibətlərə, yalanlara inanırlar və bunlardan zövq alırlar, vaxt gəlir çox şey dəyişir, hər şey dözülməz olur!

 

Və sonra ...

 

Təsəvvür edin, həkimə gedəndə bircə gün sıra gözləməmiş adam sonra sıra gözləməyə məcbur qalır, həmişə qabaq sırada oturana sonra yer tapılmır oturmağa, çoxlarının qapıdan birinci keçməsi üçün yol verdikləri insan vəzifəsiz qalanda keçmək üçün qapının ağzında saatlarla növbəsini gözləyir...

Boydan, bədəndən balaca olsa da, "ponyatka"sı yerində olan və yaxşı oğlanlardan biri, boks üzrə keçmiş çempion olmuş bir tanışım var idi. Demək olar ki, kitab oxumamışdı, amma sözü elə xırdalayardı ki, artıq çıxmazdı. Baş da ki, inanılmaz işləyirdi, bütün versiyalar proqramlaşmışdı beynində. Bir dəfə dostları buna "nömrə" gəlmək istəyirlər ki, pul çəksinlər. Zəng edirlər ki, bəs dostlardan filankəs tutulub, filan miqdarda pul lazımdır, 1000 yığmışıq, 500 də sən ver. Deyir: "Gəlin aparın", uşaqlar gedirlər, tanışım deyir: "1000-i bəri verin , mənim orada tanışım var, danışdım, deyir problem yoxdur, 1000-ə məsələni sənə görə həll edəcəm".

Bəzi adamların etdiklərinin hamısının proqramı başqa birinin beynində olur, bəzilərinə elə gəlir ki, həmin biri anlamır nömrələri, sən demə həmin birinə belə "gedişlər" yaddır, yəni qurd-çaqqal gedişi etmir. Məğlub olsa da, duruşunu sona qədər qoruyur.

Dostlarımdan bir köynək yaxın olduğum bir (ruh anlamında) dostumun söylədiyi kimi - Sovetlər qurulanda bir bəyin var-dövlətini əlindən alırlar, bircə evi qalır. Bir gün bəy evdə olmayanda ev od tutub yanır, hamı qaçır evə tərəf, bəy sakit-sakit gedir, qaçanlardan biri bəyi belə görüb dayanır, deyir "Evin yanır a bəy, niyə qaçmırsan?" Bəy də eynini pozmadan deyir, "Hər şeyimi əlimdən alıblar, Bəy yerişimi də əlimdən ala bilməzlər!"

Yıxılmaq hər insan üçün var, eyni yüksəklikdən yıxılan bir çox insanlar var, amma sağ qalmaq üçün əsas hansı yüksəklikdən yıxılmaq deyil, hara düşməkdir.

Ən yaxın tarixdə vəzifəsindən çox insanlar çıxarılıb, müxtəlif yollarla - əsas vəzifədən sonrakı həyatdır, kimisi sağ qalır, kimisi "içəri" gedir, kimisi xəstələnir, kimisi qürbətə üz tutur və vəzifə vaxtı özlərini necə aparmaqları müəyyən edir - "hara düşmələrini".

Vəzifədən çıxarılanların içində ən yaxşı yerə düşən (vurulan) Artur Rəsizadədir, yazığın heç səsi çıxmadı, yeri yumşaq oldu, ya da çıxardığı səsi başa düşmədik, yad dildə çıxdığından. Bu hal həm də yeni vəzifə tutanlar üçün bir nümunə oldu, dərs çıxarmaq nümunəsi.

Koronavirusa qədər düşünürdük ki, dünya çox böyükdür, böyük dünyada böyük və güclü insanlar da var, koronavirus çıxanda gördük ki, böyüklüyü gözlə görünə bilməyən virus böyük dünyadan da, böyük dünyanın adamlarından da böyükdür, güclüdür!

Böyük dünyanın böyük adamlarının kiçik ürəklərinin böyük tərəfinin olduğunu da koronavirus üzə çıxardı, bir az da məcbur etdi onları, kiçik gördükləri adamların ayağına apardı, əyilmiş dünyanın düz tərəfinə, ağırlıq edib əyilmiş tərəfi düzəltmək üçün. İndiyə qədər kasıb saldıqları adamların ayağına gedib onlara yardım etdilər, Yardan qorxdular, Yara yalvardılar, kasıbın yarasını bağladılar, anladılar ki, açıq yaralar hamı üçün təhlükəlidir.

Bir dostum var (dostluğumuz 93-cü ildən başlayıb) - əvvəl pulu, vəzifəsi yox idi, sonra oldu, hətta ona görə çox adam bir vaxtlar yaxşı pul qazandı, vəzifədə olduğu vaxtlar ondan bir dəfə də olsun nəsə xahiş etmədim. Məşhur çayxanası var idi, bir dəfə orada görüşdük, oğlu balaca idi, görmək istədiyimi dedim, zəng etdi, gətirdilər, çayxananın içindən arx axırdı, su çirkli idi, uşaq daşı götürüb suya atdı, çirkli su hamının üstünə sıçradı, ətrafdakı insanlar özlərini üzdə elə aparırdılar ki, elə bil, üstlərinə zəmzəm suyu çilənib. Dostuma "şirin dövrün dostları"-na inanmamağı tövsiyə etdim! Hiss etdim ki, mənim münasibətimdən razı qalmadı! Yaltaqlıq, tərif onun da xoşuna gəlirdi!

 

Sonra bu adamların çoxu həmin dostumuzu "keçi" qiymətinə satdılar!

 

Niyə bu mövzuya tez-tez qayıdıram? Çünki ən ağrılı yerimizdir yerində olmayanlar. Çünki təcrübə bizə keçmişdə baş verənləri göstərir, amma insanlar niyə "dərs" çıxarmırlar, anlamıram! Niyə yaltaqlar, ikiüzlülər adama pulu və vəzifəsi olanda xoş gəlir?!

Dostum vəzifədə olanda bir dəfə niyə ondan heç nə xahiş etmirəm deyə soruşdu! Həmin vaxt ehtiyacım da var idi, amma dedim ki, "Bir vaxt gələcək, səni müdafiə etmək məcburiyyətində qalacağam, ona görə istəmirəm! Qoy deməsinlər, mənə nəsə etmisən deyə səni müdafiə edirəm".

Ürəyimə daman oldu, amma dostum vəzifəsini itirsə də şəxsiyyətini sona qədər qorudu, təsir qüvvəsini saxladı, təsadüfi insan olmadığını bir daha sübut etdi və bir müddət keçdi, onun yıxılmadığını, yerişinin dəyişmədiyini görənlər, ən ağır anında düşmən kəsilənlər yenə də dost cildində ətrafına toplaşdılar, onun güclü yaddaşa malik olduğunu unutdular .

Hə, ən əsası, bir müddət burda yaza bilməyəcəyim səbəblərdən dostumla əlaqəm kəsildi, 5-6 il öncə, indi daha yüksək vəzifə tutan bir hörmət etdiyim insanın (indi vəzifəsi bir az da böyüyüb, amma artıq onunla da əlaqə saxlamıram) "vasitəsilə" görüşdük, dostumuz məni çoxdan tanıdığını söylədi, haqqımda xoş sözlər dedi və ətrafdakı (məni tanımayanlara) insanlara yüksək vəzifə tutan bir şəxsin qohumu kimi təqdim etdi! Əslində həmin şəxslə qohumluq əlaqəm yox idi, çox uzaq qohumluğumuz çatır, yəni elə qohumluq dərəcəsi yoxdur və hələ kiçik vəzifə tutanda özünü yekə apardığından cavabını almışdı, sonra vəzifəsi çox böyümüşdü, salam vermək istəyənləri çoxalmışdı, mən isə vəzifəsi çox böyüsə də xeyirdə-şərdə yenə də onunla salamlaşmırdım, bir sözlə, həmin adamı adam yerinə qoymurdum və mənim salamımın yeri də onu üçün görünmürdü.

Dostum ilk dəfə idi ki, (vəzifədə olduğu dövrdə belə hal baş verməmişdi) məni adamı olanlara adamı varmış kimi təqdim edirdi, çünki adamların nəyə dəyər verdiyini artıq dəqiq bilirdi.

İstəmədiyi istəkləri insanda cəmiyyət, çoxluq yaradır. Səni onların etdiklərini etmək məcburiyyətində qoyurlar. Cəmiyyət nəyi "qəhrəmanlıq" sayırsa, əvvəl-axır sən də özünü o yola qoyursan...

...olacağa çarə yoxdursa, sonra gec olacaq, vallah gec olacaq, olmasını istəməsək də...

 

Rza Rzayev,

Rejissor, aktyor

TƏQVİM / ARXİV