adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

CASUSLAR O QƏDƏR  ÇOXDUR Kİ, ƏL-AYAĞIMIZA DOLAŞIRLAR - Aqil ABBAS yazır

AQİL ABBAS
489 | 2022-09-21 00:18

Düz 30 il! Bir igidin  ömründən də artıq! Şəhidlərimizin yaşına diqqət edin, əksəriyyəti nəinki  30 yaşını, heç 25 yaşını da görməyib.

Düz 30 il! Ermənistan silahlı qüvvələri Azəbaycanın  20 min kv.km. ərazisini  işğal altında  saxladı. Şəhər və kəndlərimizi viran,  ana-bacılarımızı, körpələrimizi gözü yaşlı qoydu. Bu boyda dünyada bir it oğlu da  çıxıb demədi ki, niyə BMT-nin və dünya ölkələrinin  tanıdığı Azərbaycan sərhədlərini  pozub bu qədər ərazini  işğal etmisiz. Düzdür, Birləşmiş Millətlər Çayxanası 4 qətnamə  çıxartdı ki, Ermənistan  silahlı qüvvələri  işğal elədikləri ərazidən qeyd-şərtsiz  çıxsın. Amma Ermənistan həmin  qətnamələri atdı zibilliyə. Nə BMT, nə də  dünya dövlətləri buna bir reaksiya vermədi. Amma  BMT qərar verməmiş o illərdə ABŞ Serbiyanı bombaladı, sonra da  həmin  ölkənin  prezidentini tutub   həbsxanada öldürdülər. Bizə gələndə isə BMT də, ABŞ da susdu.

88-ci ildə Ermənistan bu ölkədə yaşayan  azərbaycanlıların  qıra  bildiklərini  qırdı, qıra bilmədiklərini silah gücünə  ölkədən  çıxarıb  qovdu. İndi Ermənistanda bir azərbaycanlı da  yaşamır. BMT, ABŞ və dünya  dövlətləri  yenə susdu.

Susmaqları  cəhənnəm, ABŞ bizə 907 sanksiyasını  tətbiq etdi, amma  işğalçı Ermənistana və Qarabağdakı separatçı  rejimə milyardlarla dollar yardım etdi və yardım etməkdə də davam edir.

Nə isə, sizi yormayım. İndi də 10 noyabr  Bəyannaməsinin  imzalanmasına baxmayaraq, bu günədək həmin Bəyannamədəki özünün  qəbul etdiyi heç bir  şərtə  əməl etmir, həm sərhəd boyu  bizim kəndləri, postları, əsgərlərimizi demək olar ki,  hər gün ətəşə tutur, həm də  Qarabağdan bu günədək   çıxarmadığı silahlı quldurları tez-tez  bizim  postlarımıza və əsgərlərimizə hücum edir.

Bəyannamədən iki il keçməsinə baxmayaraq, hələ də sərhədlərin  müəyyənləşməsinə  imkan yaratmır.

Bu ayın 12-14 arasında da bütün  sərhəd boyu iriçaplı  silahlardan, artilleriyadan, minaatanlardan  istifadə etməklə genişmiqyaslı  hücuma keçiblər.  Nəticədə  80 nəfər  Azərbaycanın əsgər və zabiti  şəhid olub, 250 nəfərə  qədər əsgər və zabitimiz yaralanıb. Buna cavab olaraq Müdafiə Nazirliyi Ermənistanın atəş nöqtələrini susdurmaq  məcburiyyətində qalıb və  atəş  nöqtələrinin  yerləşdiyi  yüksəklikləri əsgər və zabitlərimizin  qanı  bahasına Ermənistan ordusundan  təmizləyib.

İndi 30 il Ermənistanın işğalına  susan dünya yerindən  qopur ki, Azərbaycan Ermənistanın  ərazisinə  təcavüz edir. ABŞ-ın Nümayəndələr  Palatasının  spikeri 82 yaşlı Nensi Pelosi, Trampın «ifritə» adlandırdığı Nensi Pelosi cibinə üç-dörd dəsmal qoyub  gəlib İrəvana, göz yaşı tökür  və Azərbaycanı  təcavüzkar adlandırır. Məsələni Konqresdə, BMT-də qaldıracağını  söyləyir və deyir ki, Azərbaycanı təcavüzkar bir  dövlət kimi tanıtmağı  həmin  təşkilatlarda qəbul etdirəcək.  Bir sözlə, hamının  adından danışır. Halbuki demokratik bir ölkədə  yaşadığını unudub.

Bizimkilər də bərk dilxor olublar, məsələni  şişirdirlər. Ay dostlar, bu qadını Amerikada   heç  filan yerinə də  alan yoxdu. Bizim palatka toylarındakı  tamadalar palata   spikerindən hörmətlidi.  Qoca  arvaddı da, boş verin  getsin.

Nə isə. Canı cəhənnəmə. 30 il 907 tətbiq edib nə qələt ediblər ki, indi də bilmirəm nəsə 908, 909  və s. tətbiq edib  nə qələt eliyələr.

Amma başqa bir məsələ də var ki, sapı özümüzdən olan baltaları,  Sevinc Osmanqızını Youtube kanallarına  yığıb  Azərbaycanın Ermənistana təcavüz etdiyini  bar-bar  bağırırlar. Onların  məqsədi aydındır, amma sosial şəbəkələrdə onlara  səs verən soydaşlarımızı heç cür başa düşə bilmirik. Yəni Sevinc Osmanqızının   da, başına  yığdıqlarının da  məlumdur ki, çörəyi  bizi  söyməkdən çıxır. Bəs, içimizdəki soydaşlarımız? Güman ki, onları da ABŞ, Fransa, nə bilim  hansı kərtənkələ  maliyyələşdirir.

Maksim Qalkin Rusiya-Ukrayna müharibəsində  Rusiyanın yanında olmadığı üçün dövlət onu casus adlandırdı, vətən xaini  adlandırdı. Bizdəki  casuslar  haqqında da düşünmək pis olmazdı. Bu casuslar həm xalqın döyüş ruhunu  sındırmağa  çalışır, həm də şəhidlərimizin ruhunu  alçaldırlar. Şəhidin qardaşını ekrana çıxarıb üzr istətmək çox asandır, əsas məsələ bu casusları tapıb  üzə çıxarmaq, özü də  üzr  istətmək yox, cinayət məsuliyyətinə  cəlb etmək  lazımdır.

Müharibə hələ qurtarmayıb. Müharibə onda qurtaracaq ki, Ermənistan Azərbaycanın  ərazi bütövlüyünü  tanıyacaq, Zəngəzur  dəhlizinin  açılmasına  şərait yaradacaq.  Əgər bu  şəraiti  yaratmasa Azərbaycan Ordusu özü  həmin dəhlizi  açacaq, istəyir ABŞ, Fransa, day nə  bilim hansı kərtənkələ  yaxasını cırsın, ya ayrı yerini.

Tanrı xalqımızı qorusun!

Tanrı əsgər və zabitlərimizi qorusun!

Tanrı Ali  Baş Komandanımızı qorusun!

TƏQVİM / ARXİV