adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Bu mənəm...

19589 | 2012-10-16 00:45
Bu gün nədənsə çox dalğın və ümidsizəm. Yuxusuzluq, qarabasmalar, ağrılar məni çox incitdiyi üçün bəzi şeyləri yazmağa, bəzi şeyləri etiraf eləməyə çalışacam. Bu bir azca rahatlanmaq, sakitləşmək üçündür. Əslində bu yazının ilk ştrixlərini bir il öncə qaralamışdım. İndi yenidən bu yazıya qayıtmağımın səbəbi, içimdəki narahatcalıqdır. Nə bilim...Bir sözlə bu gün özümdən yazmaq istəyirəm...
   
   Əslində hər kəsin etiraf etmək ehtiyacı var, sadəcə bizi dinləyəcək bir müqəddəs ataya-keşişə ehtiyacımız var. Bəlkə də, bu yazını yazmasaydım heç nə dəyişməzdi. Çünki yazdığım bir çox yazılarda yetərincə səmimi etiraflar var. Mən həyatı təmtəraqsız, olduğu kimi yazan bir yazaram. Həyatım da yazılarım kimidir.
   
   -Özümü heç bir çevrəyə aid hesab eləmirəm və həyatda mənə aid çox az şey var. Dostlarım, yaxınlarım, qohumlarım gözlə görünən Cəlilə aiddir. Yalnız mənim tanıdığım bir Cəlil də var və bu onun etirafları deyil.
   
   -Qətiyyən dinə və müqəddəs şeylərə inamım yoxdur. İllərlə mədrəsələrdə oxusam da, məscidlərdə namaz qılsam da, oruc tutsam da heç vaxt inanclı olmamışam. Bu gün daha çox dini tənqid etdiyim üçün mənə nifrət edənlər var və səmimi etiraf edim ki, Rafiq Tağının qətlindən sonra bu məni qorxudur.
   
   -Hər zaman istədiyim yazıları yazmağa meyilliyəm. Hətta zəif yazsam da yazdığım bütün yazıları sevirəm. Sadəcə bir az tələskən və hövsələsiz olduğumdan yazılarımın üzərində çox az işləyirəm. Blog yazmaq mənim üçün gündəlik yazmaq kimidir. Zaman-zaman yaratdığım blogları sonradan özüm də ləğv eləmişəm. Yaxşı blogger olmaq arzum baş tutmayıb. Gələcəkdə bəlkə roman-blog janrında nə isə yeni bir layihə başladım.
   
   - Təsəvvüf ədəbiyyatına güclü meylim olsa da özümü o topluma aid hiss etmirəm. İnancsızlığım mənə mane olub hər zaman. Yaşadığım cəmiyyətdən yazmaq daha asan və maraqlıdır. İslam alimlərinin və övliyalarının həyatı hər zaman məni ilgiləndirir. Bir gün bu mövzuda bir roman yazmaq arzusundayam. İslam təsəvvüfü və metafizik düşüncə məni çox cəlb edir.
   
   -Millətçi - sosialist hesab edirəm özümü. Kapitalizmi kökündən qazıyıb ata biləcək inqilab tərəfdarıyam. İnanıram ki, kapitalizm çökəcək. Kapitalizm iyrənc bir sistem olduğu üçün onun dağılmağını, sosial ədalətin bərqərar olmasını arzulayıram. Solçulara sevgim və sayğım böyükdür
   
   - Şeiri sevirəm. Son şeir kitabımdan sonra 6-7 aydır şeir yazmadım. Həyatımda yetərincə həyəcan yoxdur. Bir vaxtlar yazdığım heca şeirləri də mənim üçün çox doğmadır. Hətta ən zəif şeirlərimin də, bir xatirəsi var. Özümü güclü şair hesab eləmirəm. Bəhrələndiyim, təsirləndiyim şairlər var. Ancaq özüməməxsus ritm və nəfəs bəzi şeirlərimdə duyanlar olub. Hər halda, şeir ovqatımla bağlıdır. Şeir mənim üçün çox doğmadır.
   
   - 3 roman yazmışam. Onlardan yalnız birini çapa vermişəm. Digər ikisini hələ də işləyirəm. Bəlkə hələ 5-6 il bu proses davam edə bilər. Ona görə də özümü bir roman müəllifi hesab edirəm. Cinsi azlıqlar, qeyri ənənəvi dinlər haqqında yazmaq niyyətim var. Tamamlanmayan bir romanım isə lezbiyen və transseksual arasnda yaşanan sevgidən bəhs edir. Cinsi azlıqları yaşadığımız həyatın bir hissəsi hesab edirəm, onları günahlandırmağa, suçlamağa qarşıyam.
   
   - Əvvəllər tanınmaq üçün yazırdım. Sonra oxunmaq üçün yazmağa başladım. Son vaxtlar isə, sadəcə yaşamaq üçün yazıram. Çox oxunan və çox satılan bir yazıçı olmaq istəmirəm. Kiminsə idarəçiliyində və buyruğunda olmaqdan da zəhləm gedir. Bu halda çox əzab çəkirəm. İstəmədiyim işləri görməyə məcbur ediləndə, qarşı tərəfə ikrah hissim yaranır.
   
   -Vaxtında ingilis və ərəb dillərini əlimdə şans varkən yaxşı öyrənmədiyimə təəssüf edirəm. Gitarada ifa eləmək isə ən böyük arzumdur. Vaxtında dini təhsil almağıma və "Quran" əzbərləməyimə sevinirəm. Dini bir çox dindarlardan yaxşı bilməyimlə hər zaman qürur duyuram. Alman dilini bilməyimin mənə çox az köməyi olsa da, hər gün mütləq Alman dili ilə məşğul oluram.
   
   - Sirr saxlamağı bacarıram. Pessimistəm. Sevgiyə inanıram. Sevirəm. Sevdiyim qadını dünyanın ən şəfqətli, mehriban və ləyaqətli qadını hesab edirəm. Onun kədərli gözləri, mənə həmişə əzab verir. Bir dəfə boşandığım üçün heç vaxt yenidən evlənmək istəmirəm.
   
   - Cinsi əlaqə və seks düşgünü deyiləm. Bir az platonikləşmiş hisslər yaşayıram. Təsadüfi cinsi əlaqəyə yox demirəm. Ancaq narkotik və alkaqolla müqayisədə seks mənim üçün böyük ilham mənbəyidir. Gözəl parfümlər istifadə edən qadınları sevirəm. Həyatımda olmuş qadınların sadəcə qoxusunu xatırlayıram.
   
   -Əzab çəkməyi sevirəm. Ancaq əzab verməkdən zəhləm gedir. Utanmaq və utandırmaq mənə görə deyil. Yalan danışmağı sevmirəm. Birisi məni aldatmağa çalışanda gözümdən düşür. Bağışlamağı lazımi qədər bacarmıram. Xəyanətdən xoşlanmıram və bağışlamıram.
   
   - Dəfələrlə intihara cəhd eləsəm də intiharı zəiflik hesab edirəm. Ancaq insanın vaxtında ölə bilmək bacarığının olması çox əla olar. Balinaların və əqrəblərin ölə bilmək bacarığına qibtə edirəm. Əslində ölmək asandır, yaşamaq isə bundan daha çətindir.
   
   -Fiziki görkəmimdən məmnunam. Köklükdən əziyyət çəksəm də arıqlamağa cəhd eləmirəm. Bu mənim üçün ciddi problem deyil. Sadəcə özümün sevdiyim görkəmdə olmağı və istədiyim kimi geyinməyi sevirəm. Saqqal mənim daimi aksesuarımdır.
   
   - Dostlarımı çox sevirəm və insanlarla çox asan dostlaşıram. Davakar deyiləm. Ünsiyyətciləm. Darıxmaq həyat tərzimə çevrilib. Əvvəllər insanlardan qaçsam da, indi adamayovuşanam.
   
   -Spirtli içkiləri çox sevmirəm. Ancaq əhatəmə görə tez-tez içirəm. Sağlam yaşamaq daha cəlbedicidir. Ancaq "yaxşı" içə bilirəm və içkidən imtina edə bilmirəm.
   
    -Valideyinlərimə, ailəmə çox bağlıyam. Ancaq ən çox sevdiyim insan oğlum AYHAN-dır. Bütün çətinliklərə sadəcə onun xətrinə dözürəm. Hətta ona görə öz prinsiplərimi poza bilirəm.
   
   -Yazdığım heç bir yazıdan peşiman deyiləm.
   
   - Hələ də insanları sevirəm.
   
   - Son vaxtlar səhhətimdəki ciddi problemləri öyrənəndən sonra vaxtsız ölümdən, ölüb kimi isə incidəcəyimdən, yazacağım yazıların yarımçıq qalacağından qorxuram. Vaxtsız, yəni gənc ölmək istəmirəm. Çox qəribədir ki, intihara meyilli olsam da, içimdə tez ölmək qorxusu var.
   
   -Son olaraq etiraf edim ki, bir də heç vaxt özüm haqqında belə uzun bir yazı yazmayacam. Amma bu yazını da yazmaqdan özümü saxlaya bilmədim. Hər halda, maraqsızdırsa bağışlayıng

TƏQVİM / ARXİV