FİFA-nın prezidenti bildirib ki, hər bir ölkədə stadionların biri Pelenin adını daşımalıdır.
Yəqin ki, Bakıdakı stadionların birinə də Pelenin adı veriləcək. Olsun, Pele bir əfsanədi.
Yadıma bir hadisə düşdü. «Volqa»nın tapılmayan vaxtında adamlar illərlə növbədə dayanırdı. Nazirlər Soveti bir akademikə «Volqa» ayırıbmış. «Volqa» gəlir, amma Nazirlər Sovetinin sədri həmin «Volqa»nı akademikə yox, Anatoli Banişevskiyə verir.
Akademik gedir Nazirlər Sovetinin sədrinin yanına, davaya. Səs-küy salır, Mərkəzi Komitəyə şikayət edəcəyini deyir və sair və ilaxır. Nazirlər Sovetinin sədri (gərək ki, Azad Rəhimovun babası Sadıq Rəhimov olub) akademiki sakitləşdirir, deyir ki, otur bir dəqiqə və akademikdən soruşur:
- Braziliyanın Kommunist Partiyasının baş katibi kimdir?
Akademik:
- Mən nə bilim.
-Braziliyanın baş naziri kimdir?
- Mən nə bilim.
- Braziliyanın Elmlər Akademiyasının prezidenti kimdir?
- Əşi, mən nə bilim.
- Bəs, Braziliyadan heç kimi tanımırsan?
- Peleni tanıyıram.
- Ağsaqqal, Banişevski də bizim Peledi də.
Çox təəssüf ki, neçə illərdi biz öz Pelemizin – Anatoli Banişevskinin adına bir stadion verməmişik. «Bakcell Arena» nə deməkdi? Niyə elə «Neftçi»nin bu stadionu ömrü boyu bu komandaya sadiq olmuş, ən parlaq dövründə yüksək liqadan birinci dəstəyə düşən, «Neftçi»ni tərk etməyən, «Neftçi»ni ən güclü klublara belə dəyişməyən, Rio-de-Janeyroda Pelenin də oynadığı Braziliya millisinin qapısına ilk topu Banişevski vurmuşdu.
Və sonda. Bu gün də Braziliyanın möhtəşəm «Marakana» stadionunun muzeyində Anatoli Banişevskinin 9 nömrəli forması nümayiş olunur.
Niyə Bakıdakı stadionlardan biri, elə lap «Bakcell Arena» Anatoli Banişevskinin adını daşımasın?
Söz AFFA-nındır.