adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

"Belə qocalasan, qocalanda da..."

NOVRUZ NƏCƏFOĞLU
73007 | 2013-02-16 10:36
Novruz Nəcəfoğlu                        
Şair dostum Ağacəfər Həsənli bu günlərdə mənə: - Həmzə müəllimin bu il 75 yaşı tamam olur, - dedi. Sonra da o, yubilyarın kimliyini daha da dəqiqləşdirib: - Respublikanın əməkdar jurnalisti, bizim Həmzə Vəliməmmədovun, - deyəndə açığı azca diksindim.
Əlahəzrət zaman, vaxt, sən demə, necə də sürətlə uçub gedirmiş. Az qala dünəndəcə qalmış bildiyim, vur-tut bir-iki addım uzaqlıqda zənn etdiyim dost arası neçə-neçə hadisələr, əhvalatlar artıq çox keçmişdə qalıb əməlli-başlı uzaqlaşıbmış...
Şair dostumun bu qəfil xəbərindən sonra xatirələrlə baş-başa qaldım. Həmzə müəllimin çöhrəsi xəyalımda canlandı...
Həmzə müəllimlə ilk tanışlığımın tarixçəsi, necə deyərlər, lap qədim zamanlara, hələ mənim orta məktəb illərimə, şagird olduğum vaxtlara gedib çıxır.
Elə bil lap dünən idi. Ancaq o "dünən"dən bu günəcən aradan nə az, nə çox - düz 43 illik bir vaxt keçib.
...Onda günəşin daha hərarətli, işığı bol bir yaz günü idi. Nəhəng bir ölkə öz banisinin, SSRİ adlı bir məmləkətdə az qala bütün bəşəriyyətin "dahi rəhbəri" hesab edilən Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə bağlı təntənəli yubiley tədbirləri keçirdi.
Hələ ilk əvvəl oktyabryat, sonra pioner, daha sonra komsomolçu olduğumuz vaxtlarda dilimizin bir əziz kəlməsi də Leninin adı idi. Axı, uşaq bağçalarından tutmuş məktəblərəcən, ali təhsil ocaqlarınacan hər yerdə bizlərə onun həyatını öyrətmiş, başında durduğu inqilab ilə nəzərlərimizdə "Xilaskar" obrazını yaratmışdılar.
Mətləbdən uzaq düşməyim, az qala hər gün bir təntənəli iclasın keçirildiyi həmin 1970-ci ildə mən Bilrəvər kənd orta məktəbinin IX sinif şagirdi idim. Doqquz kəndi əhatə edən sovetliyin böyük yaşayış məntəqəsi olan Bulurdüldə  V.İ.Leninin 100 illik yubileyi ilə bağlı növbəti təntənəli toplantı keçiriləcəkdi və o təntənəli mərasimdə məktəbimizin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə birgə mən də iştirak edəcək, əlaçı və nümunəvi bir şagird kimi üstəlik hətta çıxış da edəcəkdim.
Bəlkə də mindən çox adamın toplandığı gen-geniş kənd meydanında qurulmuş tribunada natiqlər bir-birini əvəz edir, "sevimli rəhbərə" öz izhari - məhəbbətlərini ifadə edirdilər. Axır ki, növbə mənə də çatdı. Xitabət kürsüsünə qalxdım. İndi açıq etiraf edim ki, sidq ürəkdən gələn səmimi bir çıxış edib "alovlu nitqimi" Rəsul Rzanın məşhur "Lenin" poemasından əzbər söylədiyim misralarla tamamladım:
                
Mən hansı bir insana
Bənzədim ki Lenini,
Həm xalqın xidmətçisi,
Həm xalqa rəhbər oldu...

Deyəsən, çıxışımın "duzu" özümdən əvvəlki çıxış edənlərinkindən daha çox olmuşdu. Zaldakılar mənim nitqimə daha çox əl çalıb alqışladılar.
Tədbirin rəyasət heyətində oturan qonaqların, sovetliyin, kolxozun "böyüklərinin" arasında, lap mərkəzdə əyləşən səliqə-səhmanla geyinmiş, qalstuklu, həm də ilk baxışdan  qalın, lopa, qara bığları ilə nəzər-diqqəti cəlb edən cavan bir adam yerimə keçib getmək istərkən ayağa qalxdı. Məni rəyasət heyətinə tərəf yanına çağırıb bərk-bərk əlimi sıxdı. Çıxışıma görə hərarətlə təbrik etdi. Sonra da üzünü məktəbimizin direktoruna tutub: - Natiqlik məharətindən, poemadan böyük bir parçanı əzbər deməyindən məlumdur ki, ədəbiyyatçıdır, bəs bu qoçaq oğlan digər fənlərdən neçə alır?
Direktorumuz da məni tərifləyə-tərifləyə sözünü belə tamamladı ki, bəs bu əlaçı şagirdimiz məktəbimizin gözüdür.
Çıxışımın gurultusu evimizəcən gedib çatmışdı. Bunu elə həmin günün axşamı anamın başıma duz çevirib yanan ocağa, odun üstünə atmağından bildim.
Elə o gün öyrəndim ki, məni təbrik edən, əlimi sıxan mərkəzdən gəlmiş,  qalın, qara, lopa bığları ilə yaddaşımda qalan o "yoldaş" raykomun təlimatçısı Həmzə Vəliməmmədov imiş.
Bəli, Həmzə müəllimlə mənim ilk tanışlığım beləcə başladı.
Elə məktəb illərində az qala sonuncu sətrinəcən həvəs və maraqla oxuduğum bir qəzet də var idi ki, bu da bizim doğma Lerikin "Bolluq uğrunda" qəzeti idi. İlk görüşümüzdən sonra aradan qısa bir müddət keçmişdi ki, qəzetin redaktoru imzasında onun, Həmzə Vəliməmmədovun soyadını gördüm. Redaktorla şəxsi tanışlığımdan qürurlanırdım və "tanışımın" redaktorluğuna görə qəzet mənə daha da doğmalaşdı.
O zamanlar bizə belə öyrədirdilər ki, firavan həyatımız, xoş güzəranımız  üçün şanlı fəhlə sinfi, kənd əməkçiləri gecəni gündüzə qatıb çalışaraq bolluq yaradırlar. Rayon qəzetinin "Bolluq uğrunda" adını daşıması mənim üçün o vaxtlar o anlamdaydı ki, elə qəzetçilər, mətbuatda çalışanlar da bolluq yaradan ən hörmətli, həm də əməyi fəhlə, kəndlinin əməyi qədər əziyyətli olan insanlardır.
Aradan illər keçəndən sonra tale elə gətirdi ki, Həmzə müəllimlə yaxın ünsiyyətdə olduq, işimiz, fəaliyyətimizlə bağlı az qala hər gün görüşdük. Onda mən raykomun ideoloji sahəyə baxan ikinci katibi, Həmzə Vəliməmmədov da öz vəzifəsindəcə, rayon qəzetinin redaktoru idi.
Həmzə müəllim qəzet redaktoru idi, şübhəsiz ki, əsas vəzifəsi, işi də rayonun yeganə mətbu orqanının gündəlik qayğıları idi. Ancaq rayon partiya komitəsinin rəsmi tədbirlərinin demək olar ki, necə deyərlər, bütün "ağır" materiallarının hazırlanmasında yaxından iştirak edirdi. Daha doğrusu, rayon rəhbərliyi tərəfindən bu işlərə cəlb edilirdi. Özü xatırlamamış olmaz, rayon partiya komitəsinin ikinci katibi işlədiyim beş ildən artıq müddətdə plenumların, konfransların, müxtəlif tədbirlərin məruzələrini demək olar ki, birlikdə hazırlayardıq. Mən gündəlikdəki qoyulan məsələyə aid mövzuda faktlara uyğun mətn qurmaq, fikri mətnə rahat yatırmaq qabiliyyəti ilə fərqlənən səriştəli qələm yoldaşımı çox məsuliyyətli və həm də yorucu olan bu işlərin görülməsində köməklik göstərmək üçün raykoma dəvət edərdim.
İndi fikirləşirəm ki, Həmzə müəllimlə birlikdə hazırladığımız o qalaq-qalaq məruzələri, çıxışları bir yerə yığsaydıq, ya o yazdıqlarımızın əvəzində bir yaradıcı işlə məşğul olsaydıq, kim bilir, bəlkə də o yazdıqlarımız cild-cild kitablar olardı... (Yeri gəlmişkən, indi onu da qeyd edim ki, Həmzə müəllim o boşluğu da doldurdu, son illərdə ərsəyə gətirdiyi neçə-neçə bədii, publisistik kitabları ilə oxucularının sevincinə səbəb oldu).
Ancaq burasını da deyim ki, elə o yazılan məruzələr, çıxış, qərar və qətnamə mətnləri də quruluşun obyektiv, ədalətli idarəçiliyinə, faydalı təşəbbüslərin yayılıb genişlənməsinə, bir sözlə, inkişafa, insan faktoruna xidmət edirdi.
Belə ciddi sənədlərin hazırlanmasında fəal iştirakçı olmasına rəğmən o vaxtlar Həmzə müəllimin kimsənin ünvanına yersiz, haqsız bir ittiham, qərəzçiliklə yanaşmasını, bu məqsədlə hər hansı bir fərdi "təşəbbüskarlığını" xatırlamıram.
Həmzə Vəliməmmədov işində tələbkar, ictimai həyatda məsuliyyətli, cəmiyyətdə ciddi olduğu qədər də səmimi, yoldaşlığı dəyərləndirən, öz şəxsi "məninə" xələl gəlməsindən narahat bir adam kimi həmişə fərqlənib. Fakta, olaya peşəkarlıq mövqeyindən yanaşıb. Obyektivliyi özünə iş prinsipi edib. Ona görə də redaktoru olduğu qəzet oxucular tərəfindən maraqla qarşılanıb. Az qala hər bir sətrin zərrəbinlə oxunduğu bir vaxtda uzaq dağ rayonunun qəzet redaktoru o zamanlar, elə indilər də çox şərəfli olan "əməkdar jurnalist" adına layiq görülüb.
Həmzə müəllimin içində həmişə bir yurd sevgisinin sızıldadığını hiss etmişəm, duymuşam...
Zuvandda bir kənd var - Təlbəyəğ, qələm dostumuz Həmzə müəllimin doğulduğu, otuzuncu illərin axırlarından ölkəmizin sərhədlərinin qorunması adı ilə insanları köçürülüb boşaldılan, yetim qalmış bir kənd! Savalanın ətəyində, qədim Ərdəbil şəhərinin 20 kilometrliyində olan Təlbəyəğ sərhəd mühafizə zolağının ərazisində idi.O kəndə sovetlər dönəmində, gənclik illərimdə vəzifəmlə bağlı sərhədçi rus komandirlərlə arabir mən də gedərdim. Dağın ətəyində qədim kəhrizin, gur çeşmələrin çağladığı, baxımsızlıqdan qəribsəmiş bağ-bağatın əhatəsində bir zamanlar qucaq-qucağa tikilmiş, ancaq tavanı-damı yağışdan-küləkdən dağılsa da çöhrəsi duruş gətirərək sovrulmamış yarımçıq kalovların arasında bir "görüş evi" var idi. Sərhədçilər o evdə qonşu dövlətin nümayəndələri ilə görüşərdilər. O  yerlərdə, evdə rus zabitləri ilə birgə ara-sıra olardım. Və hər gedişimdə də qədim kəndin küçələrini gəzib dolanardım. Kəndin külü soyumuş yur yerlərinin söykəndiyi dağ silsiləsinin yalına qalxıb Savalanın qarlı zirvələrini seyr edərdim. Həmişə də o anlarda gözümün önünə Həmzə müəllim gələrdi. Qayıdandan sonra görüşəndə "Təlbəyəğə getmişdim", - deyərdim. Xiffətlə, az qala səsi əsə-əsə, kəndin damı-daşınacan xəbər alardı. Qismət oldu, ötən əsrin 90-cı illərinin əvvəllərində sərhəd hərəkatı başlayanda Təlbəyəğə birlikdə getdik, qədim kəhrizin qabağında, onun doğulduğu yurd yerində süfrə açıb çörək də yedik, kəhrizin gözündən ovuclarımızı büllur kimi saf sudan doldurub doyunca da içdik.
Bizdə az qala  hamılıqla insanlara yanaşma tərzimizdə bir qəribəlik var. Müəyyən bir şəxsiyyət haqqında söz demək, fikir söyləmək ehtiyacı yarananda ancaq yaxşı hesab etdiyimiz məqamlardan söhbət açır, xoş sözlər deməyə çalışırıq.
Ancaq əslində axı, reallıqlar, gerçək həyat həmişə belə rəvan olmur! Elə birisi varmı ki, ömrünün ağır, çətin, məşəqqətli məqamları yaddaşımızdakı yaxşı sandığımız xoş anlara nisbətən on qat, bəlkə də daha artıq olmasın...
Yaxşı, ürək açan, gözümüzü güldürən, çöhrəmizi nurlandıran  məqamlardan o qədər danışır, sonra da yazdıqlarımızı oxuyub bir də nəzərdən keçirəndə özümüz də təəccüblənirik ki,  sevdiklərinin arasında həmişə "can" eşidib,  bu qədər əl üstə tutulan bu "filankəs" bəs nə əcəb o qədər diqqət, qayğı ilə əhatə olunduğuna rəğmən bir yüz əlli il yaşamayıb?!.
Əhatəmizdəkilər, əhatə olunduqlarımız məyər həmişə xeyirxahımızmı olurlar? Hələ ömrün gəncliyinin çılğınlığını, orta yaş dövrünün iddialarını, mənəm-mənəmliyini demirəm.
Odur ki, sevimli Həmzə müəllimlə arada, necə deyərlər, bir-birimizdən giley-güzarlı zamanlarımız da olub... Ancaq nə yaxşı ki, bunlar köklü inciklik, "xəcalətverici" həddə gəlib çatmayıb. Yəqin ki, mənim dözümüm, ya da Həmzə müəllimin məntiqi (və ya əksinə) əvvəl-axır bizi bir-birimizə qucaq açmağa çəkib, qol-boyun edib...
Bu yaxınlarda görüşlərimizdən birində bu səpkidə nəyisə xatırlayıb yada salmaq istədi, fikrini tamamlamağa imkan vermədim, bircə kəlmə:  "Mən də, sən də iş, vəzifə, qulluq adamı olmuşuq. O vaxtlar ətrafımızdakı adamlardan bizə "sevgi" göstərənlər də  az olmayıb. Bir də zamanından asılı olmayaraq vəzifə, qulluq adamlarının çevrəsindəki bədxahları xeyirxahlarından həmişə çox olur. Allah bizi bu hallardan qorusun, necə ki qoruyub, qoruyur..."
Həmzə müəllimi bir şəxsiyyət kimi fərqləndirən ən ali keyfiyyətlərindən biri də ailəcanlılığı, ocağına, külünə bağlılığı, doğmalarına sonsuz sədaqətidir.
Ləngərli, bir az da sakit, arxayın görünən, əslində içi təlatümlü bu Həmzə müəllimin həmişə tələsdiyi bir ünvan olub: Evi, ocağı, ailəsinin yanı. Bu qədər övladcanlı olan  kişinin nəvələrinə sevgisini də təsəvvür edirəm, şəksiz ki, həsəd doğurucu olar... 
Tanrı ürəyinin o istəyinə uyğun da ona övladlar verib. Bu gözəl kişi vətəninin, dövlətinin xidmətində yüksək çinli zabit olan dövlət məmuru, iş adamı, bir sözlə vətən sevgisi ilə böyütdüyü on övlad atasıdır. 
Ləyaqətli ailə başçısı, xoşbəxt ata, bəxtəvər baba, geridə qalan 75 ili şərəflə yaşamış bir insan ömrü...
Elin-obanın xətir-hörməti, ehtiramı, dövlət tərəfindən də qiymətləndirilərək verilən halal bir fəxri ad...
Həmzə müəllimə həsəd yox, qibtə etmək olar: "Bax, belə qocalasan qocalanda da"...
Lerikdən on bir il əvvəl çıxmışam. Əziz dostum Həmzə müəllim, mənə elə gəlir ki, ötən bu illər üst-üstə gələndə bizi bir-birimizə elə ikimizin yaşı qədər daha da yaxınlaşdırıb.
Onu da etiraf edim ki, yan-yana çalışdığımız, qonşuluqda yaşadığımız o illərdə elə bilirdim ki, Həmzə müəllim yaşca məndən çox böyükdü. Demə, aramızda cəmi 17 il fərq varmış.
Əziz dostum, nə ola Tanrı bu diləyimi də eşidə, mən bu on yeddi illik fərqi yaşayıb 75-ə çatam, onda sənin 95 illiyinə bir pirani təbrik də yazam!..
6 fevral, 2013-cü il

TƏQVİM / ARXİV