adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BİR ÖMRÜN XATİRƏLƏRİ İŞIĞINDA...

NOVRUZ NƏCƏFOĞLU
23011 | 2014-12-20 01:31
O palıd güclüdür ki, açıq yerdə dayanır və yaşamaq üçün küləklə, boranla və yandırıcı günəşlə mübarizə aparmaq məcburiyyətindədir.
Napaleon Bonapart

Hər bir insanın bu dünyada öz yeri, öz cızdığı həyat yolu, qoyub gedəcəyi dəsti-xətti var. Sözünün ağırlığı, məsləki ilə sayılıb-seçilən, yaxud da insanlığı və daxili dünyası ilə dəyər qazanan şəxsiyyətlər çoxdur. Haqqında söz açmaq istədiyim Sultan Məmmədov qəlbinin nuru üzündən hiss olunan, kişilik xisləti, saflığı, təmizliyi və şuxluğu həyatının amalı olan bir insandır.
Qədim latınlarda insanın adını onun özünə bərabər tutublar. Axı insanın adı çox vaxt elə onun ömür yolunu, həyatda yerini müəyyənləşdirən bir amilə çevrilir. Bu mənada, heç şübhəsiz ki, valideynləri Sultan müəllimə ad seçməkdə uzaqgörənlik etmişlər. Zaman göstərdi ki, Sultan müəllim adı ilə əməlləri bir-birini tamamlayan Allahın sevdiyi bəndələrindəndir. O yaxşı əməlləri ilə daha çox ətəyində yüzlərlə insana qol-qanad verən bir qocaman ağaca bənzəyir. Kökləri yerin yeddi qatından keçən, budaqları ətrafını möhkəmcə saran, bəhəri nəsihətləri qədər şəfalı və xeyirli, kölgəsi neçə-neçə yurda sığınacaq ola bilən bir ağaca.
Sultan Məmmədov Ümummilli liderimiz Heydər Əliyevin idarəetmə məktəbinin layiqli məzunlarından biridir. Təsadüfi deyil ki, Ulu öndər ötən əsrin 70-ci illərinin ortalarında Sultan Məmmədovu gənc olmasına baxmayaraq doğulduğu Astara rayonunda XDC İcraiyyə Komitəsinin sədri, 80-cı illərdə isə Lerik Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə məsləhət bilmişdi.
Sultan müəllim peşəkar, püxtələşmiş rəhbər imici ilə şəxsiyyəti arasında müvazinəti və tarazlığı ideal səviyyədə tənzimləyib qorumağı bacaran işıqlı şəxsiyyətdir.
Cavan yaşlarından başlayaraq Sultan müəllim işgüzarlığı, saflığı, düzlüyü, ağlı, zəkası, tapşırılan işə məsuliyyətlə yanaşması ilə adının ağayanalığını, ucalığını qoruya-qoruya tutduğu vəzifələrə pillə-pillə yüksəlib, vətənə, millətə və dövlətə sədaqətlə xidmət edib. Rayon İcraiyyə Komitəsinin sədri, raykomun birinci katibi, nazirin birinci müavini vəzifələrində çalışıb, Ali Sovetin və Milli Məclisin deputatı seçilib və ən əsası xalqın sevgisini qazanaraq el ağsaqqalı səviyyəsinə yüksəlib.
Mənim Sultan müəllimlə tanışlığımın, sonralar isə məslək və əqidə dostluğumuzun tarixi onun Lerikə birinci katib vəzifəsinə təyin olmasından başlayır və mən Sultan müəllim haqqında təxminən yeddi il bundan qabaq müxtəsər bir yazıda bu tanışlığın bəzi təfərrüatlarını qələmə almışdım. Ancaq ürəyim boşalmamış, sövq-təbii hiss edirdim ki, hələ çoxlu söz və mürgülü xatirələrim deyilməmiş qalıb.
Ömrünün səkkizinci on ilini yaşayan, şəxsiyyəti ilə həmişə öyündüyüm bu müdrik, xeyirxah insan haqqında yenə də söz deməyə içimdə bir ehtiyac duydum və bu yazı həmin ehtiyacın nəticəsi kimi meydana çıxdı.
Özgə vaxt söz demək, düşündüklərimi kağıza köçürmək mənə bir o qədər çətin gəlməsə də, bu yazını yazarkən bir müddət qələm əlimə yatmadı, axtardığım sözləri tapmaqda çətinlik çəkdiyim kimi, səbəbini anlamaqda da çətinlik çəkim. Düşündüm ki, əvvəl yazdıqlarıma indi nə əlavə edə bilərəm ki, ürəyimdə gəzdirdiklərimin ağır yükü çiynimdən götürülsün. Səbəbini qəfil tapdım və dərk etdim ki, Sultan Məmmədov haqqı üstümdə o mərtəbədə olanlardandır ki, deyəcəyim sözlərin, necə deyərlər, o xeyirxahlığın, o yaxşılıqların müqabilində sönük olacağı məni ehtiyatlandırıb.
Axı ötən əsrin 80-cı illərində Sultan Məmmədov bizim Lerikdə raykomun birinci katibi olduğu vaxtlar onun diqqət və qayğısı sayəsində Rayon Partiya Komitəsində təlimatçı, Komsomol Komitəsinin birinci katibi, Xalq Nəzarəti Komitəsinin sədri və nəhayət, Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrinəcən irəli çəkilmişdim.

***

Təriflənmək məni utandırır, çünki onu gizlində arzulayıram.
R.Taqor

Keçən - XX əsrin səksəninci illərinin əvvəlləri... Sultan Məmmədov bizim rayona-Lerikə Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə yenicə seçilmişdi. Rayon Komsomol Komitəsi o vaxt raykomla bir binada yerləşirdi. Mən də Komsomol Komitəsinin ikinci katibi idim.
Bir gün dəhlizdə Sultan müəllimlə qarşılaşıb salamlaşdım. Binadan çıxan Sultan müəllim salamımı alandan sonra: - Ardımca gəl, - dedi. Sultan müəllim, mən də ardınca qəsəbədəki kitab mağazasına girdik. Mağazaya gələn təzə kitablarla maraqlandı. Özünə bir neçə kitab alandan sonra üzünü mənə çevirib : - Eşitmişəm kitab həvəkarısan, mütaliəni sevirsən, - dedi. - Buyur, sən də özünə kitab seç. Bu da mənim sənə hədiyyəm olsun!
Kitab mağazası qəsəbənin ən axar-baxarlı yerində olsa da, bina kitab saxlamaq üçün münasib deyildi. Sultan müəllim mağazadan çıxıb sərraf gözü ilə ətrafa diqqətlə baxdı. O vaxtlar el dilində "raymaq" adlanan geniş bir binanı göstərib: - Kitab mağazasını oraya köçürsək necə olar? - deyə mənim də fikrimi öyrənmək istədi. Sonra da: - İndiki kitab mağazasının yerində isə rayon tarix-diyarşünaslıq muzeyi üçün bina tikərik!
Həmişə şanlı və ulu tariximizə, milli dəyərlərimizə, onların qorunub saxlanılmasına, təbliğ edilib öyrənilməsinə böyük diqqət və qayğı ilə yanaşan Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə o illərdə Respublikamızın bölgələrində artıq tarix-diyarşünaslıq muzeylərinin binalarının inşasına başlanmışdı.
Sultan müəllim tarix-diyarşünaslıq muzeyinin tikintisi üçün nəzərdə tutduğu yerə bir də zəndlə baxdı və sonra da mənə : - Bu muzeyin tikinti işlərinə isə sən nəzarət edəcəksən, -deyə qətiyyətlə dilləndi. Sonra da mehribanlıqla gülümsəyib dedi: - Tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlsən, biz də büronun qərarı ilə səni ikinci ali təhsil almaq üçün partiya məktəbinə oxumağa göndərərik!
O vaxtlar vəzifə karyerasında ali partiya məktəbinin məzunu olmaq önəmli rol oynayırdı. Əlbəttə, elə bir nüfuzlu, mötəbər məktəbdə oxumaq vəzifə pillələrində ilk addımlarını atan bir cavan kadr kimi, etiraf edim ki, mənim də arzum idi!
İçimdə Sultan müəllimin bu tapşırığının başqa bir sevincini də yaşayırdım. Əzəli və əbədi vətənimiz Azərbaycanımızın ulu keçmişə malik olan bölgələrindən biri kimi doğma Lerikin şanlı tarixini özündə əks etdirən bir məkanın tikintisində mənim də payım olacaqdı!..
Sultan müəllimin etimadı mənə qol-qanad vermişdi. Az qala gecələr də tikilən binanın daşları üstündə baş qoyub yatırdım.
Nəzərdə tutulan müddətdə qırmızı kərpicdən milli memarlıq üslubunda çox yaraşıqlı bir bina tikilib ərsəyə gəldi. Binanın inşası qurtarmamış Sultan müəllim məni partiya işinə irəli çəkdi. Necə deyərlər: - Qarın doyuran aşı göz tanıyar.

***
İdarə etmək məharəti iki şeydən - ədalətlə cəzalandırmaqdan və təltif etməkdən ibarətdir.

Mehmet Fateh

Görür və anlayırdım ki, rayonda vəfizə borcunun məsuliyyətini başa düşənlər, düzlüyü, saflığı, işgüzarlığı ilə fərqlənənlər sərt sınaqlardan sonra raykomun birinci katibi Sultan Məmmədovun etimad bəslədiyi, irəli çəkdiyi kadrlara çevrilirlər.
1987-ci ildə məni hansı şəraitdə Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə tövsiyə etməyi barədə illər öncə bir yazımda bəhs etmişdim.
Sultan müəllim işə tələbkar olduğu qədər də diqqətliydi. Ən gərgin məqamlarda belə qarşısındakı ilə subordinasiyanı elə ustalıqla saxlayırdı ki, indi də xatırlayanda heyrətlənirəm. Bir hadisəni xatırlamadan keçinə bilmirəm.
... Rayon Xalq Nəzarəti komitəsinə yenicə sədr seçilmişdim. İşə nədən, necə, haradan başlamağı özlüyümdə hələ dəqiqləşdirə bilməsəm də, necə deyərlər, hər işə baş vurur, şəksiz ki, nəzərə çarpmaq, rəhbərliyin nüfuzunu qazanmaq istəyirdim. Məramım da, əlbəttə ki, işə yaramaq, birinci katibə kömək etmək, vəzifəmi məsuliyyətlə yerinə yetirmək idi.
Kolxoz və sovxozlarda heyvandarlıq məhsulları istehsalı və satışının vəziyyətini öyrənmək, işdə nöqsanlar varsa, araşdırıb aşkarlamaq qərarına gəldim və can-dillə işə girişdim. Bəzi "qara-qura" məsələləri üzə çıxarmaq o qədər də çətin olmadı. Beləcə, bir-iki təsərrüfata ayaqüstü baş çəkməklə, rayonda heyvandarlıq məhsulları istehsalı və satışının vəziyyəti, demək olar ki, mənə aydın oldu. Özümü fövrən mühüm bir məsələnin üstünü açıb üzə çıxarmış "qəhrəman" kimi birinci katibin kabinetinə yetirib birbaşa mətləbə keçdim:
-Yoldaş Məmmədov, Sizə vacib bir məlumat vermək istəyirəm,-deyib təsərrüfatlarda süd satışında anlaşılmaz məsələlərin olduğunu söylədim.
O, oturduğu kreslodan diqqətlə üzümə baxıb:
-Harda nə görmüsən, nə aşkar eləmisən? -deyə ustalıqla məsələni konkretləşdirməyimi istədi.
Mən : -Məsələn, elə K.Marks sovxozunda (təsərrüfatlardan biri o vaxt belə adlanırdı -N.N.) sağılan məhsulu ölçmüşəm, - dedim. - Gündəlik sağılan südlə məntəqəyə verilən məhsul arasında ciddi fərq var. Yüz litr süd fermadan qəbul məntəqəsinə qədər yolda daha əlli litr artıb yüz əlli olur, - deyə bir "təşbeh" də işlətdim.
Mən danışdıqca birinci katibin ciddiləşdiyini, təhər-tövrünün dəyişdiyini hiss edirdim. Açığını deyim ki, bunu üzə çıxartdığım faktın ciddiliyinə, xoşagəlməzliyinə yozurdum.
Sultan müəllim o qədər sakit, mülayim şəkildə məni söhbətə çəkmişdi ki, nə görmüşdümsə, az qala bir nəfəsə açıb "döşəyirdim".
Görünür, ona lazım olan məlumatları aldığından başqa bir sual da verdi: - Yaxşı, bu nöqsanları aşkar etmisən, de görüm, indi nə etmək fikrindəsən?
Birinci katibin səmimiliyindən, mənimlə belə açıq söhbətindən ürəklənib: - Əlbəttə, vəziyyət tam qaydaya düşənədək gərək məsələyə ciddi nəzarət edilsin, sovxozun direktoru da, ən azı vəzifədən azad edilsin.
Sultan müəllim hələ də elə əvvəlki təmkinlə: -Bəs o direktoru vəzifəsindən kim çıxaracaq? - deyib üzümə dik baxdı və cavab gözlədi.
Ürəklənmişdim, yəqin özümü başqa aləmdə hiss edirdim, yəni uçurdum, yəqin ayağım da yerdən "üzülmüşdü". Qətiyyətlə: -Mən onun vəzifədən çıxması üçün buroya təqdimat verərəm, - dedim.
Bax, bura çatanda Sultan müəllim bayaqdan bəri məni danışdırıb içimdəkiləri palaz üstünə tökdürən təmkinini pozdu, alnının qırışları irəli gəlib arxaya getdi. (Alnı qırışıb irəli-geri gedirdisə, bilirdik ki, birinci katib qəzəblənib).
-Sən kimsən ki, işdən adam çıxarasan, - deyə yəqin ki, ilk və həm də son dəfə qəzəblə səslənib yerindən qalxdı. Durduğu yerdən telefonun düyməsini sıxıb səsində də elə həmin tonla ümumi şöbənin müdirini çağırdı.
Elə o anda, oradaca anladım ki, eh vay, deyəsən, çox "irəli" getmişəm, məsələni dərinliyinəcən öyrənib bilmədən ehtiyatsızlıq edib "həddimi aşmışam". Bir az da ləngisəydim, yəqin ki, birinci katib: - Rədd ol burdan, - deyib məni kabinetindən qovacaqdı.
Ani olaraq bunu gözə alıb ümumi şöbənin müdiri gəlib çatanacan tez dönüb səssizcə otaqdan çıxdım.
Xoşagəlməz bir vəziyyət yaratmışdım. Az qala elə başlanğıcdaca ehtiyatsızlıq edib özümü gözdən saldığımı, güdaza verdiyimi düşünürdüm.
Mən birinci katibin yanından çıxandan sonra, demə, araya bərk çaxnaşma düşübmüş. Günün sonunadək raykomun büro iclası toplanmışdı. Adlarını çəkdiyim təsərrüfatların rəhbərləri də büro iclasına çağırılmışdı.
Sultan müəllim heyvandarlıqdakı nöqsanlardan danışıb kənd təsərrüfatı ilə məşğul olan katibi, şöbə müdirini, Aqrar Sənaye Birliyinin sədrini o ki var danlayıb məzəmmət etdi.
Üzünü onlara tutub qəzəblə: -Bəs siz hara baxırsız, nə işlə məşğulsuz? Nəzarət Komitəsinin sədri təsərrüfatlara baxış keçirib və çox ciddi nöqsanlar aşkarlanıb, - deyib mənə söz verdi: - Hə, indi nə görmüsən, danış görüm.
Daha nə danışacağımı bilirdim. "Deyiləsi mümkün olan" nöqsanları sadalayıb səhər-səhər adbaad dediyim işlərin üstündən ustalıqla keçdim...
Deyəsən, birinci katibin durumu düzəlmişdi. Daxilən gülümsədiyini, məmnunluğunu hiss edirdim.
Cavabdeh şəxslərdən adi töhmət alan da, şiddətli töhmət alan da oldu. Öz işinin bilicisi olan Sultan müəllim aşkar olunan nöqsanlara laqeyd, biganə qalmadı, dərhal lazımı tədbirlər gördü. Məni də pərt eləyib həvəsdən salmadı. Təklikdə tənbeh eləmişdi, ictimaiyyət içində isə dediklərimə istinad eləyib "işini" gördü. İşdə həqiqətən əsaslı dönüş yarandı.
Qəribədir, o əhvalatı nə Sultan müəllim dilə gətirdi, nə də mən nəsə soruşdum. Mən özüm dərsimi almışdım, o kişi də yaxşı öyrənci olduğumu bilmişdi...

***

Ömür boyu insaf və ədalətlə yaşayanlar əbədi yaşamaq hüququ qazanırlar.
Hümam Təbrizi

Düşünürəm ki, illərlə vəzifədə olduğu yerlərdə yaxşı izi olmayanın nə vaxtsa, o yerlərə dönməyə heç üzü də olmaz.
Sultan müəllimin isə bir vaxt çalışdığı yerlərdə işinə, əməyinə görə izi də var, o yerlərə təkrar-təkrar dönməyə üzü də...
Sultan müəllim uzun illər müxtəlif vəzifələrdə çalışdığı - günü-gündən gözəlləşən Lerikdə, Lənkəranda, Bakıda adı hörmətlə çəkilən şəxsiyyətlərdəndir və təbii ki, doğma vətəni olan Astaranın adı başda gələn sevilən adamlarındandır. Yayda onu harda axtarsan Astarada, Xəzərlə qucaq-qucağa binə olan qədim ata ocağında taparsan. Elə indi də gənclik eşqi ilə dalğalarla "döyüşür" və bundan həzz alır.
Lerikdə isə az ailə olar ki, Sultan müəllimin adı gələndə ən yaxın əzizinin sorağını alanlar kimi məmnunluqla gülümsəməsin...
Sultan müəllim həmişə sevilib. Tanıdıqları tərəfindən də, geniş ictimaiyyət arasında da, çalışdığı yerlərdə də, rəhbərlik etdiyi insanların da çevrəsində.
...Aradan illər keçəndən sonra, 1997-ci ilin yayında Lerikdə "Ziyalılar günü" keçirtdik. Tədbirə Respublikanın müxtəlif bölgələrində çalışan lerikli ziyalılar dəvət olunmuşdu. Əlbəttə, Lerikin fəxri vətəndaşı olan Sultan müəllim də dəvət olunanlar arasında idi. Biz - həmin günün iştirakçıları onda rayon sakinlərinin Sultan müəllimə münasibətdə neçə illərin həsrətlilərinin görüşməsinin sevinc, ehtiram dolu məqamlarını yaşadıq...
Sultan müəllim etdiyi yaxşılığa əvəz ummayan, o istəkdən, təmənnadan uzaq qaçmağa çalışan kişilərdəndir.
Etiraf edək ki, elə o vaxtlar da, bəzən elə indinin özündə də rəhbər vəzifəli məmurlar haqqında ağla - gümana sığmayan elə şaiyələr uydururlar ki, az qala adamın ayağı yerə yapışır.
Sultan Məmmədovun vəzifəyə irəli çəkdiyi kadrlardan nə bir təmənnası olub, nə də umacağı...
Sultan müəllimdə nə vəzifədə olanda bunları gördüm, nə də indi, aradan illər keçəndən, o vəzifədən gedəndən sonra bu barədə heç nə eşitmədim.
Onun üçün kadrlarda düzlük, saflıq, işgüzarlıq, vəzifədə məsuliyyət əsas şərt idi.

***

Cəmiyyət heç zaman xəbis, bədxah, paxıl adamlardan xali olmayıb. Əsl rəhbər, birinci şəxs odur ki, özünü və elə ətrafındakıları da belələrindən qorusun. Şəxsən özümü deyə bilmərəm, amma Sultan müəllim ətrafındakıları belələrindən qoruya bilirdi.
Nə gizlədim, bədxahlarım nə bir olub, nə iki, amma onları saymaq marağında da olmamışam.
Nəzarət Komitəsinin Sədri vəzifəsində işlədiyim zaman bir ara Sultan müəllimin mənə münasibətində bir sərinlik yarandığını hiss edirdim. Fərqinə varmadım, ötüb keçdi. Görünür, məndən nəsə demişdilər və yəqin ki, Sultan müəllim də məsələni özü üçün aydınlaşdırıb dəqiqləşdirmişdi. Mənə isə bu barədə nə o vaxt, nə də sonralar heç nə demədi.
Sədi Şirazinin sözüdür: "Xəbər ürək açan deyilsə, sən sus, başqası desin".
İki-üç il bundan əvvəl o zamanlar yaxın münasibətdə olduğum bir həmyerlim üzümə gülə-gülə: - O vaxt səndən Sultan müəllimə mən deyirdim ,- deyə etiraf elədi. Sultan müəllim bu sətirləri oxuyandan sonra da yəqin ki, heç nə deməyəcək, elə mən də heç nə demədim ki...

***

Adil, vicdanlı və sayıq
bir rəhbər xalqa atadan yaxın olur.
Əbdi bəy Şirazi

Bir evi, bir ailəni dolandırmağa nə var?!
İgid odur ki, bir eli, bir obanı dolandırsın...
Ötən əsrin yetmişinci illərində Respublikamızın ucqarlarından olan Lerik həm də ən kasıb rayonlardan idi. İqtisadiyyatı çox zəif olan rayonda əhali, demək olar ki, kənd təsərrüfatında ən ağır sahələrdən olan heyvandarlıqla, bir də az-çox əkinçiliklə məşğul idi.
Camaatın çörəyi az qala daşdan çıxırdı. Qışın qarında, çovğununda dağlarda əzab-əziyyətə qatlaşan leriklilər yayın cırhacırında Muğanda mövsümü işlərdə çalışır, çörək pulu qazanırdılar.
Ötən əsrin yetmişinci illərinin sonunda Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində SSRİ höküməti tərəfindən qəbul edilən "Azərbaycan SSRİ-də kənd təsərrüfatının gələcəkdə ixtisaslaşdırılması, üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi" haqqında məşhur qərarı ölkənin kənd təsərrüfatında ciddi dönüş yaratdı. Üzümçülüyün inkişafı dağ kəndlərinin iqtisadiyyatında sıçrayışa, sosial həyat tərzində ciddi yüksəlişə səbəb oldu.
Lerikdə üzüm bağlarının salınması rayona yeni nəfəs, ikinci həyat bəxş etdi. Üzüm bağları salındı. Emal zavodları inşa edildi. Əhalinin maddi rifahı xeyli yaxşılaşdı. Kəndlər abadlaşdı. Kənd-kəsəyə rahat yollar çəkildi, sosial obyektlər tikildi.
O illərdə hər bir işdə plan göstəriciləri əsas olsa da, Sultan müəllim üçün həm də insan amili vacib şərtlərdən idi.
Yadımdadır, Alaşar çayı Əliabad kəndinin ərazisindən keçən hissəsində daşmışdı və sel-su içərisində fəhlələr olan yük maşınını az qala ağzına alıb aparacaqdı. Bu xəbər raykomun birinci katibinə çatan kimi dərhal işə qarışdı. Təcili körpünün inşasına başlandı. O körpü tikilib istifadəyə verilənəcən Sultan müəllimin bir ayağı, demək olar ki, işin üstündə, o körpünün tikintisində oldu.
Burasını da deyim ki, o vaxtlar Lerikdə tikilən hər bir yeni obyekt həm də Sultan müəllimin kabinetindən sonra ikinci iş yeri idi.
Azərbaycanın görkəmli alimi, akademik, böyük vətəndaş Həsən Əliyev növbəti dəfə Lerikə elmi ezamiyyətə gəlmişdi. Lerikdən sonra akademikin planında Yardımlı rayonuna getmək də varmış. Sultan müəllim hörmətli qonağı xidməti minik maşını "Volqa" ilə çiy asfaltdan çəkilmiş Lerik-Xanagah yolu ilə Ağçay kəndinəcən müşaiyət edir, qonşu Yardımlı rayonuna ötürürdü.
Nəzərdə tutulmuş yerə, Leriklə Yardımlının belə demək mümkündüsə "sərhədində" Həsən Əliyevi qarşılamağa raykomun birinci katibi öz xidməti "UAZ" maşını ilə gəlmişdi.
Həsən müəllim onu qarşılamağa gələn qonşu rayonun katibinin maşınına baxıb eyhamla: - Sultan məni burayacan "Volqa"sı ilə gətirib, - dedi,- çünki yaxşı yollar tikdirib, - deyə bir əlavə də etdi...
Yeri gəlmişkən deyim ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə artıq keçən ildən Lerik-Xanagah yolunun əsaslı tikintisinə başlanıb. Bildiyimə görə, onlarla kəndi birləşdirən yolun tikintisi artıq başa çatmaq üzrədir.
Son illər Sultan müəllimin yolu Lerikə düşübmü? Deyə bilmərəm. Yəqin ki, düşübsə, tərəqqiyə, inkişafa, quruculuğa, abadlığa fərəhlənən bir insan, vətəndaş kimi Sultan müəllimin də sevinci köksünə sığmaz olub.
Axı rəhbərlik etdiyi illərdə qəsəbə kimi qoyub getdiyi rayon mərkəzi hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Respublikamızın digər bölgələri kimi Lerikə də göstərdiyi diqqət və qayğısının sayəsində yaraşıqlı, göz oxşayan, abad bir şəhər olub.

***
Sultan müəllim dediyi sözün çəkisini-vəznini bilənlərdəndir. Ona görə də həmişə quru vəddən uzaq qaçıb, sözünün ağası olub. Boşuna söz deməyib, iş görüb.
Sultan müəllimin birinci katib işlədiyi illərdə Lerikdə üzüm bağlarında məhsuldarlıq o səviyyəyə çatmışdı ki, ildə 6-7 min ton üzüm yığılırdı.
Sözüm bunda deyil. Səksəninci ilin ortalarında cari ilin məhsul yığımı davam edirdi. Bakıda bununla bağlı müşavirə keçirilirdi. Müşavirəni o vaxtkı Mərkəzi Komitənin birinci katibi aparırdı. O, rayon rəhbərlərini bir-bir ayağa qaldırıb yığımın gedişini xəbər alır, katiblər də öhdəlik götürüb gurultulu rəqəmlər deyirdilər. Növbə Sultan müəllimə çatanda o: - İllik üzüm planımız cari il üçün beş min ton müəyyən edilib,- dedi,- plana da əməl edəcəyik.
Respublikanın rəhbəri: - beş min ton planınızdır, bəs öhdəliyiniz?- deyə soruşdu.
Sultan müəllim geri çəkilmədi: - Beş min ton planı da yerinə yetirəcəyik!
Müşavirə zalında gərgin bir vəziyyət yaranmışdı. Sultan Məmmədova yaxın katiblər canıyananlıq edib pıçıltı ilə ona rəqəmi yüksəltməyi məsləhət görsələr də, Sultan müəllim dediyinin üstündə durdu.
Ancaq həmin il rayon plandan əlavə daha min ton da artıq məhsul toplayıb təhvil verdi.

***
Belə deyirlər ki, bir adamı tanımaq üçün onunla bir pud duz-çörək yemək lazımdır. Riyaziyyatçılar da hesablayıblar ki, bir pud duzu on altı ilə yemək olar. Deməli, bu hesabla bir adamı tanıyıb onunla dost olmaq üçün azı on altı il vaxt lazımdır!..
Ancaq insan sərrafı olan Sultan müəllim elə ilk ünsiyyətdən həmsöhbətini, müsahibini tanıyırdı. Oturub durduqları da sadə zəhmət adamları idi. O, sovxoz və kolxoz briqadirləri, fəhlələr, traktorçular, çobanlarla dostluq edirdi. Traktorçulara əllərinin mazutunu, yağını silməyə macal verməyib hərarətlə görüşüb əllərini bərk-bərk sıxardı. Hal-əhval tutub zarafatlaşır, könüllərini xoş edirdi.
Vistəndə Şükür (sonralar bu qabaqcıl əmək adamına hətta "Volqa" maşını verdi), Şingudolanda Şübər, Şivləldə Paşa, Züvüçdə Tehranla və başqa onlarla sadə zəhmət adamları ilə dostluğunu xatırlayıram. Bu sadə, zəhmətkeş adamlarla rastlaşanda söhbətləşməkdən doymazdı və açığı, qıraqdan baxanlar da onların öz aralarında beləcə şirin-şirin nədən danışdıqlarının marağında qalardılar.
Züvüç kəndində Kəlbi kişiyə, Zövnədə atam Nəcəf kişiyə Sultan müəllim xüsusi xətir-hörmətlə, ehtiramla yanaşırdı. Sözü üzə şax deyən, əliaçıq, ağayana bir kişi olan "əmi" dediyim Kəlbi kişi haqqında "Keçən cavan çağım ola..." xatirə - povestimdə söz açmışam. Sultan müəllim rastlaşanda Kəlbi əmini söhbətə tutub saatlarla yanından buraxmazdı.
O ki qaldı atam Nəcəf kişiyə, Sultan müəllim onun şəxsiyyətində təmiz dağ havası udmuş, bulaq suyu içmiş, saf, halal, təmənnasız bir kənd kişisini görürdü.
Yeri gəlmişkən sözümün bu yerində burasını da yada salım ki, Sultan müəllim həm də qonaq-qaralı adam idi.
Başı işdən macal tapmayan vaxtlarda şəxsi qonaqları, dostları gələndə onların qulluğunda durmağı bəzən də ərklə mənə həvalə edərdi. Bunun bir səbəbi də bu idi ki, Bülüdül kəndindəki yerdən təbii qazla qaynayıb çıxan, suyu yayda da diş göynədən məşhur Narzan bulağı bizim kəndə yaxın ərazidə yerləşirdi.
Dostlarına o məşhur bulaq başında süfrə açmağı mənə tapşıran Sultan müəllim sonra da tam ciddiyəti ilə: - Nəyə ehtiyac varsa, sıxılma, söylə! Layiqli süfrə üçün nələr lazımsa Hüseynbaladan götür. Kəndə aid bir şey gərəyiniz olsa, mənim adımdan atan Nəcəf kişidən istə! Nəbadə-nəbadə başqa adama ağız açıb söz deyəsən!...- deyə bərk-bərk tapşırardı.
Yeri gəlmişkən onu da deyim ki, Hüseynbaba raykomun yeməkxanasını işlədən peşəkar aşbaz, əllərinin ləzzəti, elə şəkər dilinin də duzu-tamı heç vaxt damağımızdan əskik olmayan dostumuzdur.
Sultan müəllim rayona yolu düşən qonaq-qaraya diqqətini əsirgəməz, əsilzadə kimi qəbul edib ağayanalıqla yola salardı.

***
Sultan müəllim həm də incə eyhamla, ciddi yumorla danışmağı sevən adamlardandır.
Sözümün bu yerində onunla bağlı şux bir xatirə yaddaşımın səhifələrindən dilə gəlib "məni də yazıb yada sal!",- deyir.
Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsində işləyirdim.
Yazın çal-çağırlı, çəmənlərin, bulaqların, dağların insanı öz seyrangahına səsləyən vaxtlarıydı.
Sultan müəllimin ali məktəbdə oxuyan oğlu öz tələbə dostları ilə atasına qonaq gəlmişdi.
Sultan müəllim məni yanına çağıraraq oğlunu və dostlarını nişan verib: - Bu cavanları da yanına sal! Bizim dağları, dərələri, meşələri tanıt! - dedi. - Qoy görsünlər ki, bizim Lerikə niyə həm də uzunömürlülər diyarı deyirlər... Bülüdüldə gedib Narzan bulağında su da içərsiz, - dedi. - Uşaqları sənə tapşırıram, gözün üstlərində olsun, - deyə bir əlavə də etdi.
Qonaqları Lerikin görməli yerləri ilə tanış edib nahar vaxtı bir bulaq başında əyləşib süfrə açdıq. Rayon mərkəzindən hazırlıqlı çıxmışdıq.
Ocaq qaladıq, kabab çəkdik. Cavanlar "ağlın başdan getməyinin ləzzətini" dadmaq üçün özümüzlə götürdüyümüz şərablardan da daddılar. Mən də xətirlərinə dəyib bir söz deyə bilmədim...
Ertəsi gün Sultan müəllimlə rastlaşanda məzəmmətlə üzümə baxıb: - Çox qonaqpərvərmişsən - dedi. Sonra da - Ağsaqqal adamsan, mən bəyəm sənə belə tapşırmışdım? - söylədi. O vaxt mənim 26 yaşım var idi, qonaqlardan da vur-tut iki-üç yaş böyük idim. Sultan müəllimin bu tərzdə müraciəti mənə qəribə gəlsə də, ləzzət verdi. Məni məzəmmət etsə də, məmnun idim. İlk dəfə mənə "ağsaqqal" deyə müraciət olunmuşdu. Olmaya, doğurdan da Sultan müəllim məni "ağsaqqal" hesab edirdi?..

***
Sultan müəllimin dərin mütaliəsi, böyük kitab həvəskarı olmasından söhbət açmışam. Söz-sözü çəkər, deyiblər.
Payızın axırlarında Lerik daha çox dumanlı-çiskinli olur. Xəzan olmuş yarpaqlar, dumanı-çiskini zirvələrini görünməz edən dağların yağışlı payız havası adamın ürəyini elə sıxır ki, ötüb keçən yazı bir də görmək üçün şişə-şişə qalırsan.
Belə məqamda tənhalığa ən gözəl məlhəm mütaliə, kitab oxumaqdır!
Payızın belə günlərində işlə bağlı Sultan müəllimin kabinetinə keçəndə hər dəfə stolunun üstündə çox qalın bir kitabı diqqətlə oxuduğunu görürdüm. Maraq mənə güc gəldi, hərçənd sual verməyim caiz olmasa da, cəsarətimi toplayıb: - Yoldaş Məmmədov, bu nə kitabdır neçə vaxtdır oxuyursunuz "bitmək bilmir",- deyə soruşdum.
Mütaliədən ayrılıb üzümə baxdı, qara meşin cildli, vərəqləri saralmış, köhnə bir kitabın üzünü çevirərək mənə göstərib: - Birinci Pyotr haqqındadır,- dedi. -Tap, sən də oxu! Çox maraqlı tarixi faktlar var...
Tarixi müfəssəl bilməsi, geniş mütaliəsi, zəngin kitabxanası və bəlkə də elə bunların nəticəsidir ki, Sultan müəllim sonralar masonluqla bağlı zəngin faktlara söykənən çox maraqlı, geniş oxucu kütləsinin rəğbətini qazanan, təkrar-təkrar nəşr olunan kitablar yazıb ərsəyə gətirdi.
Burasını da deyim ki, Sultan müəllimin insanda qiymətləndirdiyi bir dəyər də kitaba münasibət idi.
Sözümə qüvvət, bir dəfə raykomun büro iclasında bir idarə müdiri kor tutduğundan yapışıb buraxmayan kimi, dediyinin üstündə durub dirənmişdi. Çıxış edənlər nə qədər çalışsalar da, məsələnin mahiyyətini ona anlada bilmirdilər.
Nəhayət, Sultan müəllim özünü saxlaya bilməyib üzünü büro üzvlərinə tutdu:
-Əşi, özünüzü deyib-deyib nə yorursunuz. Ömründə əlinə bircə dəfə kitab alıb oxumayan adamdan bundan artıq nə gözləyirsiniz?! -deyə məsələni bir növ qapatdı.

***
Ataların sözüdür, deyirlər: Sənə çörək verəni üzünə təriflə, dostunu arxada, övladını isə heç vaxt...
Bir də deyirlər ki, bir gün səfər üstündə olan yolçuya el ağsaqqalı kənddən - obadan çıxa-çıxda tapşırır ki, yolda, rizdə qarşına ilk əvvəl nə çıxsa, torpağı qazıyıb yerə basdırarsan...
Bəli, yolçu yolu alır əlinə, az gedir, çox gedir, birdən yolunun üstündə gözünə bir mücrü dəyir. Açıb görür nə? Qızıl! Yolçu qalır mat-məəttəl ki, neyləsin, necə etsin qızıla, bu boyda sərvətə yiyə dursunmu, yoxsa tamahını boğub ağsaqqalın buyruğuna-tapşırığına əməl edib torpağı qazsın, qızılı basdırsın?!
Qərəz, çox çək-çevirdən sonra yolçu nəfsinə güc gəlib yeri qazıyır, qızılı torpaqda basdırır.
Yolçu səfərdən geri qayıdandan sonra el ağsaqqalına yolda başına gələni açıb danışır.
El ağsaqqalı onun danışdıqlarına axıra kimi qulaq asıb mənalı-mənalı: - Oğul, o qızıl mücrü ki, vardı - onlar sənin gördüyün xeyirxah işlər, etdiyin yaxşılıqlardır. Yaxşılıq, xeyirxahlıq da elə qızıl kimidir. Basdırsan da, yerdə qalmaz...
Sultan müəllim, fikirləşirəm ki, sizin də etdiyiniz yaxşılıqlar, xeyirxahlıqlar heç vaxt yerdə qalmaz.
Bəzən elə olur ki, uzun illər vəzifələrdə çalışan adamlar sonralar o "havadan" hələm-hələm düşə bilmir, necə deyərlər, ötənlərin "şərriyini" verirlər. İş qurub iş adamı kimi təkrar özünü "sınayanlar" da olur.
Sultan müəllim isə bu sırada da nə birincilərdən, nə də ikincilərdəndir.
Dövlətə, xalqa xidməti ləyaqətlə başa vurandan sonra ahıllıq çağlarının haqq etdiyi əməkli bir ziyalı ömrünün aqillik zirvəsini şərəflə yaşamaqdadı.

TƏQVİM / ARXİV