Baş prokurorla bağlı dediyim bir fikrə sözardı - Rəşad Məcid yazır

RƏŞAD MƏCİD
184806 | 2017-05-27 11:32

Ötən həftə "Yeni Müsavat” qəzetinə müxtəlif mövzularla bağlı, qaçaraq verdiyim müsahibədə Əfv Komissiyası haqqında sualı da cavablandırmışdım.

Qəzet komissiyanın iclaslarında iştirak edən Baş prokuror Zakir Qaralov barəsində işlətdiyim ifadəni müsahibənin yarımbaşlığına çıxarıb. Müsahibədə fərqli mövzulara ötəri toxunulub və komissiya ilə bağlı suala cavabım da düşüncələrimi tam əhatə etməyib. Ola bilsin, bəziləri həmin ifadəni doğru anlamadıqları üçün tamam başqa yozumlar ortaya çıxıb. Ona görə də Baş prokuror Zakir Qaralovun Əfv Komissiyasının iclaslarında sərtliyi ilə bağlı dediklərimə aydınlıq gətirmək istəyirəm.

Əvvəlcə onu qeyd edim ki, cənab Prezidentin sərəncamı ilə ötən ilin fevral ayında Əfv Komissiyasının üzvü təyin olunmuşam. Bundan sonra komissiyanın keçən il və bu il Novruz bayramları ərəfəsində keçirilən iclaslarında iştirak etmişəm. Bildiyiniz kimi, iclaslar Əfv Komissiyasının sədri, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilir və iclasda komissiyanın üzvləri - hüquq-mühafizə orqanlarının rəhbərləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Bu iclaslar mənim üçün böyük bir təcrübədir. Elə ilk toplantıda müşahidə elədiyim başlıca məqam iclasda necə demokratik bir mühitin hökm sürməsi idi. Bəzən hansısa məsələ müzakirə olunanda və fikir ayrılıqları yarananda Əfv Komissiyasının sədri akademik Ramiz Mehdiyev həmin məsələni səsverməyə çıxararaq hər bir komissiya üzvünün mövqeyini öyrənir və səsçoxluğu nəticəsində konkret qərar verilirdi. Bu barədə mən televiziya verilişlərində, müsahibələrimdə də ətraflı danışmışam və Əfv Komissiyasının fəaliyyətini, Azərbaycan Prezidentinin humanist addımlarını şərh etməyə çalışmışam.

Bu il biz 9 iclas keçirdik. Bu iclaslarda ümumən 1000-ə yaxın müraciətə baxdıq, yekunda imzalanan əfv sərəncamı 423 nəfərə şamil edildi. Əfvlə əlaqədar mənə də çox müraciət olurdu. Şadam ki, komissiyaya ünvanlanan müraciətlər nəticəsində bir çox məhbuslar azadlığa qovuşdular və onların ailə üzvlərinin, qohumlarının intizarına son qoyuldu.

Komissiyanın iclasları zamanı müşahidələrimə əsasən onu da demək istəyirəm ki, toplantılarda iştirak edən Baş prokuror, Ali Məhkəmənin sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri bu sahədə daha təcrübəli, uzun illər cinayətkarlıqla mübarizə aparmış bu insanlar məsələlərin alt qatına daha dərindən bələddirlər. Ümumiyyətlə, komissiyada hüquq-mühafizə orqanlarının rəhbərləri ilə yanaşı, müxtəlif peşə sahibləri - yazarlar, jurnalistlər, pedaqoqlar, millət vəkilləri də təmsil olunurlar və məncə, bunun fəlsəfəsi də elə ondan ibarətdir ki, qərarlar fərqli dünyagörüşlərinə malik insanların ortaq rəyi əsasında verilsin.

İndi gəlirəm qaçaraq müsahibəmdə Baş prokurorun sərt mövqeyi ilə bağlı dediyim fikrə.

Heç kimə sirr deyil ki, bineyi-qədimdən Azərbaycanda qızqaçırma kimi bir ənənə olub və belə hallara indinin özündə də rast gəlinir. Baxmayaraq ki, artıq neçə illərdir, Azərbaycanın Cinayət Məcəlləsində qızqaçırma adam oğurluğu kimi tövsif edilir və buna görə ağır cəza nəzərdə tutulur. Mən bu haqda əvvəllər mətbuatda da oxumuşdum, bəzi ictimai müzakirələr barədə də məlumatım var. Düzü, qız qaçıranın adam oğurluğunda ittiham edilənlərə bərabər tutulması mənə həmişə təəccüblü gəlib. Əfv Komissiyasına ünvanlanan bəzi müraciətlərdə görürdük ki, məsələn, 18-20 yaşında bir gənc qızqaçırmaya görə mühakimə olunub və 10 ildən artıq müddətə həbs cəzasına məhkum edilib. Sonradan bəzi hallarda ailələr arasında barışıq və nişanlananlar da olurdu. Buna baxmayaraq, Əfv Komissiyasında birmənalı mövqe yox idi. Xüsusən, Baş prokurorun bu məsələdə sərt mövqeyinə mən bir şair və jurnalist kimi fərqli məqamdan baxırdım.

Əslində, mən də milli mentalitetimizdə qüsurlu, naqis sayıla biləcək ənənələrdən birinin - qızqaçırmanın sərt məhkəmə hökmləri ilə, kəskin inzibati yollarla aradan qaldırılmasının mümkünlüyünə inanıram. Amma hesab edirəm ki, bunun üçün məsələyə kompleks halında yanaşılmalıdır. İlk növbədə qızqaçırmanın ağır cinayət sayılması ilə bağlı gənclər arasında, xüsusi ilə də əyalətlərdə - kənd və qəsəbələrdə ciddi maarifləndirmə, təbliğat işləri aparılmalı, ictimai qınaq olmalıdır. Artıq neçə illərdir, Cinayət Məcəlləsində qızqaçırma adam oğurluğu kimi ağır maddə ilə tövsif olunur, amma təəssüf ki, indiyəcən bununla bağlı xüsusən uzaq kənd yerlərində lazımınca təbliğat aparılmayıb. Bu gün kənd yerlərində çoxları qızqaçırmaya görə ağır hüquqi cəzanın olmasından bixəbərdir deyə, onun ağırlığını da dərk etmirlər. Təsəvvür edin, orta məktəb şagirdləri "Koroğlu” dastanını oxuyur və öyrənirlər ki, Koroğlu da, dəliləri də sevdikləri qızları götürüb qaçırıblar. Bunu oxuyub-bilən, formalaşmamış, Cinayət Məcəlləsindən xəbərsiz, beyni qanlı bir gənc bir anlıq özünü qəhrəman sayır, kənd yerində ürəyinə yatan, xoşuna gələn, sevdiyi qızı qaçırır və özünü xalq qəhrəmanlarına bənzədir. Onda, ümumiyyətlə, gərək "Koroğlu” dastanını bütün dərsliklərdən çıxaraq.

Bir yandan da, nəzərə almalıyıq ki, 18-20 yaşlı gənclər əgər qız qaçırmağa qərar verirlərsə, bu addımı atmağa cəsarət edirlərsə, hələ üstəlik, dostları tərəfindən dəstək də alırlarsa, deməli, ortada, yalan-doğru, bir sevgi hissi olur. Sevgi hissini isə Ümumdünya Səhiyyə Təşkilatı psixi xəstəliklər siyahısına salıb. Bu baxımdan, qız qaçırmaqla bağlı cinayət baş verən məqamlarda, fikrimcə, prokurorluq, heç olmasa, bu yumşaldıcı halları da nəzərə almalıdır. Yoxsa, özünü xalq qəhrəmanına bənzədən, sevgi hissinin anormal, affekt vəziyyətə saldığı bir gənci atdığı bu yanlış addıma görə belə sərt qərarla cəzalandırmaqla, əslində, həm o gəncin, həm də onun qaçırmağa cəhd göstərdiyi o qızın taleyinə balta vurmuş oluruq. Qız qaçıran gənc oğlan 10 il həbs cəzası alıb həbsxanaya düşür, onun qaçırmaq istədiyi qız isə kənd içində dilə-dişə düşür, ağızlara söz olur. Mentalitet belədir, bir də çətin kimsə o qızın adını tutsun. Bunu nəzərə alıb adətən həbsə düşənlə qaçırılan qızın ailələri gec-tez barışığa gəlirlər, sonra da Əfv Komissiyasına müraciət edirlər ki, oğlan əfv olunsun və qaçırdığı qızla ailə qursun. Bax, belə məqamlarda mən yumşaq münasibətin tərəfdarıyam. Ola bilsin, yanaşmam subyektivdir, bir az poetik, şairanə baxışdır, amma belədir.

Komissiyadakı müzakirələrdə mən belə məsələlərdə Baş prokuroru öz sərt mövqeyi ilə seçilən görmüşəm. Buna görə də o müsahibədə məhz bu məqamı düşünərək onun sərtliyini önə çəkmişəm və bu anlamda bir az da xəfif təbəssümlə demişəm ki, "komissiyanın ən qəddar üzvü Zakir Qaralovdur”. Müsahibədə bu düşüncəmin ətraflı izahına imkanım olmadığına görə, eləcə də dediklərimin yanlış, bəzən tamam fərqli yozumlara yol açdığını görüb fikirlərimi aydınlaşdırmaqla mövqeyimi izah etməyə çalışdım. Əlbəttə, hörmətli Baş prokuror və prokurorluq bu məsələdə öz mövqeyini açıqlaya, inandırıcı dəlillər gətirə bilər. Amma mən yenə də bu fikirdəyəm ki, belə məsələlərdə bir az humanist məqamlar da nəzərə alınmalıdır. Bu barədə hüquqi ittiham irəli sürərkən həm milli mentaliteti, həm keçmişdən gələn ənənələri, həm gənclərin formalaşmamış dünyagörüşünü, həm də, qeyd etdiyim kimi, sevgi halını, xəstəlik və sapıntı məqamını nəzərə almalıyıq. Unutmayaq: bu gün Azərbaycanda çox sayda xoşbəxt ailə göstərmək olar ki, əsası məhz qız qaçırmaqla qoyulub.



TƏQVİM / ARXİV