adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

Aqil ABBAS: İKİ METR QƏBİR YERİNDƏN BAŞQA NƏ QAZANDINIZ?

AQİL ABBAS
2868 | 2021-11-02 11:00

Bir millətin 30 ilini əlindən aldınız. 30 ilini yox ey, körpəliyini, gəncliyini, sevincini, sevgisini, arzularını, həyatını əlindən aldınız. Analarını gözüyaşlı qoydunuz, yurdunu-yuvasını, ocağını, pirini tar-mar elədiniz, darmadağın elədiniz.

Dirilərinə işgəncə verməkdən yorulmayıb ölülərinə də işgəncə verdiniz. Nəinki faşistin, heç şeytanın da ağlına gəlməyən müsibətləri açdınız bu millətin başına.

Nə qazandınız?! Amma bilmədiniz ki, bu millət Simurq quşu kimidir, külündən od törəyir və yenidən qanad açır. Necə ki qanad açdı qanadlandı.

Bilmədiniz ki, şair Vaqif Bayatlı Odərin təbirincə desək, türk min illərin gün işığıdır, nə qədər basdırsan yenə torpağın üstündə qalar.

Min illərin gün işığını basdırammadınız və basdıramazdınız da, yenə torpağın üstündə qaldıq və əbədi qalacağıq.

Siz nə qazandınız?!

Dağıtdığınız şəhərləri, kəndləri, ocaqları yenidən tikirik və əvvəlkindən də gözəl, əvvəlkindən də yaraşıqlı. Qırdığınız meşələri yenidən salırıq, qurutduğunuz bulaqların gözünü yenidən açırıq, özü də bal kimi su gəlir.

Qırdığınız oğulları analarımız, bacılarımız, qızlarımız yenidən doğur və doğacaq.

Siz nə qazandınız?!

Şuşanın başı dumanlı dağlarında «Qarabağ şikəstəsi»ni yenidən oxuyuruq və oxuyacağıq. Uşaqlarımız yenə də Həkəridə qızıl balıq tutur.

Siz nə qazandınız?!

Azərbaycan dünyaya Günəş kimi doğur! Səməd Vurğun deyir:

 

İşıq güclənəndə çaşar qarovlar…

 

İndi siz o Günəş işığının altında çaşıb qalmısınız – Günəşiniz sönüb.

Siz nə qazandınız?!

Bu millət sizi yuxarı başda oturtmuşdu, layiq olmadığınız yerdə oturduğunuz üçün yıxıldınız.

Adam kimi yaşayırdınız, amma adam olmadığınız üçün yaşaya bilmədiniz. Olub-qalan hər nəyiniz vardı itirdiniz. Və hələ itirəcəksiniz də.

Dünyanı yığmışdınız arxanıza. Və elə bilirdiniz ki, arxalı köpəklər Qurd basır. Amma nə qədər arxalı köpək olsanız da Qurdu basa bilmədiniz. Və Qurd arxanızdakı köpəklərin 30 il ayağına vurduğu zəncirləri dişləriylə qoparıb atdı. Və Yaralı Qurd sizi də, arxanızdakı köpəkləri də cırıx-cırıx elədi. «Cırıx»ı ədəbi dildə özüm yazmadım, onda bir az yumşaq çıxır.

Siz nə qazandınız?!

Öz millətinizin gələcəyini özünüz məhv etdiniz, işığınızı özünüz söndürdünüz, sevincini və sevgisini özünüz məhv etdiniz. Analarınızı, bacılarınızı özünüz gözüyaşlı qoydunuz.

Babalarımız babalarınızın xəyanətinə görə küçük kimi qulağını kəsmişdi. Babalarımızın oğulları babalarınızın oğullarının qulaqlarını elə küçük kimi də kəsdi, qalmısınız zingildəyə-zingildəyə.

Siz nə qazandınız?!

Torpaq istəyirdiniz? Onu da qazandınız! Amma Qarabağı yox, Erablurdu-nədi o qəbiristanlıqda iki metr qəbir yeri qazandınız. Təpə-təpə kullanın.

O Metsamorda neçə aydır soyuducuda saxladığınız yüzdən çox meyidin sahibini tapa bildiniz, yoxsa yox?

TƏQVİM / ARXİV