adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ADAMSIZ ADAM

67096 | 2012-03-17 08:06
Alçaqların yüksəkdə, yüksəklərin alçaqda olması ən böyük haqsızlıqdır.
   
   
   
   Müdrik sözü
   
   
   
   Qapısı uzun, ensiz dəhlizə açılan auditoriyanın qarşısına yığılmış tələbələr öz aralarında pıçıltı ilə danışır, sonra kandarda oxlov udmuş kimi dümdüz dayanıb qırışığı açılmayan həmyaşıdlarına bir-bir yaxınlaşırdılar. O, qoltuğuna sıxdığı jurnalı əlinə alıb, arasındakı vərəqə nə isə qeyd edirdi.
   
   Bir qədər aralı, dəhlizin pəncərəsi önündə iki nəfər söhbət edirdi. Bayaqdan auditoriyanın qabağında vurnuxan tələbələrə gözaltı nəzər salan ucaboy oğlan söhbətinə ara verib susdu. Ani sükutdan sonra gödək, tökməbədən dostuna sarı başını əyib pıçıltı ilə soruşdu:
   
   - Orada nə olub görən?
   
   - Nə olacaq, bu gün imtahan verəcəklər, hazırlıq görürlər.
   
   - Hazırlıq görürlər?
   
   O, yerində dartınıb özündən bir baş hündür olan dostuna aşağıdan yuxarı boylanaraq təəccüblə gözlərini ağartdı:
   
   -Elə şey soruşursan ki, bişmiş toyuğun gülməyi gəlir, məgər sənin oxuduğun universitetdə imtahana hazırlıq görmürlər?
   
   - Hazırlıq deyəndə ki... Bizdə uşaqların çoxu kitabxanada hazırlaşır. Eləsi də var evdə, yataqxanada oxuyur dərslərini.
   
   - Bəs sonrası?
   
   - Nə sonrası? İmtahan verib qiymətlərini alırlar da...
   
   - Bəh-bəh, bu lap nağıla oxşadı ki! Deyirsən, hamı hazırlaşıb halal-hümmət qiymətini alır?
   
   - Hamı niyə? Çalışan, hazırlaşan qiymətini alır. Pis oxuyan kəsilir, başlayır yalvarmağa, minnətçi axtarmağa. Babal yumuram, ancaq qulağım günahkardır, eşidəndə ki, qiymət almaqçün nə hoqqadan çıxırlar, onların yerinə xəcalət çəkirəm. Xasiyyətimi bilirsən də, mənim aləmimdə oğul gərək kişi ola! Yəni zəhmət çəkib oxuya, bilik qazana. Yox, başı o cür qavramırsa, getsin bacardığı işin qulpundan yapışsın, peşə öyrənsin. Yoxsa, əyri-üyrü yollarla ali təhsil, diplom almaq, oğurluq eləmək kimi bir şeydir.
   
   - Doğru deyirsən, səninlə razıyam. Ancaq bunun bir "əmması" var axı. Gərək adamın dayısı ola, indiki zamanda adamsız adamı heç saya salan yoxdur.
   
   - Elə deyil. Axı...
   
   - Nə axı? Elə biri sən özün. On il bir sinifdə oxumuşuq, biliyinə, savadına sözüm yoxdur. İndi də universitetdə beşləri düzürsən yan-yana. Təki olsun, sevinirəm dost kimi. Ancaq onu da bilirəm ki, vəzifəsiz, sadə bir kişinin oğluna - yəni sənə imtahanlarda əla qiymətlər elə-belə verilmir.
   
   - Necə yəni elə-belə? Çalışıram, oxuyuram, qiymətimi də alıram.
   
   - Bizdə səndən də çox çalışanlar, yaxşı oxuyanlar var, ancaq layiq olduqları qiyməti vermirlər, incidirlər, get-gələ, gözümçıxdıya salırlar.
   
   - Axı niyə?
   
   - Ona görə ki, onların dayıları yoxdur. Amma sənin var. Özü də elə yüksək vəzifədədir ki, müəllim, kafedra müdiri, dekan bir yana, nazirlikdə də adını eşidəndə titrətməyə düşürlər. Ələlbət tapşırırlar ki, qiymətini yazsınlar. Sən onsuz da yaxşı oxuyursan, o qiymətə layiqsən. Amma bəla burasındadır ki, heç bir savadı, biliyi olmayana, dərslərə gəlməyənə də qiymət yazılır, sonra da diplom verilir. Bir şərtlə ki, ya dayısı olsun, ya da pulu.
   
   - Mən belə sözləri başqalarından da eşitmişəm, amma inanmamışam. İndi də sən deyirsən, yenə inana bilmirəm. Yaxın dostum kimi yaraşdırmıram belə boş söhbətləri, qeybətləri sənə.
   
   - Olanı deyirəm mən, eşitdiyimə yox, gördüyümə inanıram. Rəhmətlik babam deyərdi ki, əstəğfürullah, gözüynən görən Allahdan çox bilir. İnanmırsan? Diqqətlə bax auditoriyanın qabağında vurnuxan tələbələrə. Qapının ağzında qaş-qabağını sallayan, qırışığı açılmayan sinifkomdur, əlində tutduğu jurnalın içində siyahısı. İmtahan başlayan kimi o siyahını qoyacaq müəllimin qabağına. Öz qrupumuzda da belə siyahını görmüşəm: tələbələrin adı, soyadı, verdikləri pulun qədəri, hər qiymətin - 3-ün, 4-ün, 5-in məzənnəsi var bu siyahıda. Verməyən, siyahıya yazılmayan bəxtindən küssün. Təkcə kənarda dayanan o ucaboy oğlandan başqa.
   
   - O kimdir ki, deyirsən yəni dayısı var?
   
   - Tələbə yoldaşları öz aralarında ona "adamsız adam" deyirlər. Nə dayısı var, nə də pulu. Amma savadına, biliyinə söz ola bilməz. Allah vergisidir istedadı. Adı Hünərdir, elə adına layiq oğlandır. İmtahanda ona "4" vermək istəyən müəllimə əla qiymətə layiq olduğunu sübut edə bilir. Haqsızlıq olanda, çək-çevirə salanda komissiya tələb edir. Ən çətin suallara cavab verir, çox dəqiq riyazi məsələlərin həllini bacarır.
   
   - Əhsən, halal olsun!
   
   - Ancaq eşitmişəm ki, bugünkü imtahanda ilişə bilər.
   
   - Nəyə görə?
   
   - Dərsdə çox çətin bir məsələnin həlli üstündə mübahisə düşüb. Heç kimin cavabı professor Məmişovu razı salmayıb. Hünər lövhəyə çıxıb professorun öyrətdiyi köhnə, uzun-uzadı hesablama yoluyla deyil, tamamilə yeni, kəsə riyazi üsulla məsələnin dürüst cavabını tapıb... İndi də söz-söhbət gəzir ki, üzdə bildirməsə də, professorun Hünərdən zəhləsi gedir, imtahanda ondan acığını çıxacaq.
   
   - Heç inanılası deyil.
   
   - Düzü, mən də inana bilmirəm. Ancaq deyirlər bu Məmişovdan nə desən çıxar, adamlıqda payı yoxdur, acgözün, pulgirin biridir. Sinifkomun siyahısına baxıb qiymət yazır.
   
   - İnanmırsan, gəl gözləyək, görək axırı nə olur?
   
   - Nə deyirəm, gözləyək.
   
   
   
   ***
   
   Yarıaçıq həyət qapısında dayanmışdı. Yaşıl donlu, mer-meyvəli ağaclara, ətrafa ətri yayılan, məhəccər boyu sıralanıb göz oxşayan gül-çiçəyə baxmaqdan doymurdu. Uşaq, yeniyetmə, ilk gənclik çağlarının sirdaşı - barlı-bəhrəli bağları sanki sehrləmişdi onu. Vaxtilə dələ cəldliyilə budaqlarına dırmaşdığı, xarlanmış şirin-şəkər gilələrini ovuclayıb ağzına təpdiyi iri gövdəli tut ağacını görəndə kövrəldi. Hələ bərkiməmiş kövrək, sütül budaqlarını uşaq ərköyünlüyülə əzişdirdiyini xatırlayıb köksünü ötürdü, xəcalət çəkdi elə bil: "Uşaq ki, uşaq".
   
   Birdən hənirti gəldi qulağına. Həyətin küncündəki it damında zingildəyən Bozdar bir göz qırpımında onun ayaqları arasında peyda oldu, üzünü çəkmələrinə sürtüb qoxuladı. Sonra arxasını yerə sürtə-sürtə ayaqlarını yuxarı qaldırıb oynatdı. O, qıllı köpəyin işıldayan gözlərinin yaşardığını gördü: "Ay səni vəfalı dost".
   
   - Ay it... çər dəymiş yenə zəncirini qırıb.
   
   Sahibinin səsini eşidən it eyvandan tələm-tələsik düşən ahıl qadına tərəf götürülüb zingildədi. Elə bil anaya oğlunun gəldiyini xəbər verdi.
   
   - Bıy..y...
   
   Ananın səsi titrəyib qırıldı. Sonra əllərini qaldırıb göyə baxdı:
   
   - Şükür kəramətinə, yuxumu çin elədin.
   
   Hünər ona sarı kövrək addımlar atan anasını qucaqladı. Bozdar bir-iki ağız hürüb quyruğunu bulaya-bulaya yerinə çəkildi.
   
   - Ay Həcər, nə səs-küydü orda?
   
   Ərinin gür səsindən səksənən kimi oldu:
   
   - Heç... İndi gəlib deyərəm sənə.
   
   Başını qaldırıb ucaboy, yaraşıqlı oğlunu qürurla süzən Həcər ana sirr deyirmiş kimi ona pıçıldadı:
   
   - Sən asta gəl dalımca, mən dədəni muştuluqlayım.
   
   Ana ahıl yaşına, arıq vücuduna rəğmən cəld tərpənib yeyin addımlarla eyvana qalxdı. Onun ardınca mümkün qədər ləng addımlayan Hünər birdən anasının eyvanda dayanıb pıçıltı ilə dediyi sözləri eşitdi:
   
   - Dədənin ayaqları ağrıyır. Sən onu tərpənməyə qoyma. Tez otur yanında söhbətini elə.
   
   O özünü eyvandan evə salan kimi ərini muştuluqladı:
   
   - Hə, indi muştuluğumu ver. Sənə dedimmi yuxum çin olacaq? Bax, balamız gəlib.
   
   Atası yayxandığı köhnə divanda yerindən tərpənmək istyəndə oğlu anasının dediyi kimi elədi. Dərhal əyilib atasını qucaqladı və yanında oturdu.
   
   - Nə oldu sənin ayaqlarına birdən-birə, dədə?
   
   - Hə, elə qəflətən oldu, oğul, - ata əlini qısa, düm ağ, arıq sifətinə yaraşan saqqalına çəkib gülümsündü. Sonra ani olaraq fikrə gedib sözünə davam etdi, - Nə qədər ki, məktəbə gedib gəlirdim heç yerim ağrımırdı. İndi özüm də məəttəl qalmışam, məni tanıyanlar da inana bilmirlər, deyirlər: "Necə oldu, Hikmət müəllimi pensiyaya çıxaran kimi ayaqları tutuldu. Canı məktəbdəymiş yəqin".
   
   Ata dərindən ah çəkdi:
   
   - Hə, düz deyirlər. Mənim canım, ürəyim məktəbdə, gözüm, fikrim şagirdlərdə olub. Onlar da üzümü ağardıblar. Ali məktəblərə qəbul olunublar. Xaricdə oxuyanlar, müdafiə eləyənlər də var. Sağ olsunlar, zəng eləyib hal-əhval tuturlar. Bilirsən müəllim üçün bu nə deməkdir, oğul?! Belə vaxtlarda uçmağa qanadım olmur, ağrı-acılarım yadımdan çıxır.
   
   - Pensiyaya çıxartmasaydılar, ayaqların da ağrımazdı, - deyə arvadı sinədolusu köksünü ötürdü.
   
   - Yox, elə deyil, - kişi etiraz etdi, - hər şeyin öz vaxtı var. Qoy cavanlar işləsinlər indi. Sən də çöl çiçəklərindən, otlardan dava-dərman təpitməsi elə çəkim ayaqlarıma, ağrılarım getsin.
   
   Hünəri maraq götürdü:
   
   - Yəni xeyri olur bunların? - deyə soruşdu.
   
   - Bəs necə? Görmürsən ananı, maşallah olsun, bu yaşında yerimir ki, kəklik kimi səkir elə bil.
   
   Oğlunun qəfil gəlişindən kefi durulan ata səsinin tonunu dəyişib məzə ilə ömür-gün yoldaşına söz atdı:
   
   - Hə, özünə yaxşı baxır, amma mənə görüm-baxım eləmir ki, eləmir.
   
   Padnosda çay-mürəbbə gətirən Həcər arvadı od götürdü:
   
   - Bıy, nə danışır bu? Ay oğul, neçə gündü yerində ilan kimi qıvrılırdı ağrıdan. Gül-çiçəkdən dava-dərman elədim, təpitmə qoydum. İndi özünə gəlib gör necə məni ələ salır ey!
   
   Ata oğluna göz vurub gülümsündü.
   
   - Ay ana, zarafat eləyir də, bilmirsən xasiyyətini?
   
   - Niyə bilmirəm, fürsəti fövtə verən deyil, zarafata salıb məni sancmaqdan ləzzət alır.
   
   Həcər arvad narazı halda plov qazanı asdığı yan otağa keçdi.
   
   Araya çökən sükutu oğul pozdu:
   
   - Həmişə işləyən adamın birdən-birə pensiyaya çıxmağı darıxdırıcı olur, deyirlər. Yəqin darıxırsan işsiz.
   
   - Hə, əvvəllər yaman darıxırdım. Sonra özümə o qədər iş tapdım ki, - gülümsəyib əlini saqqalına çəkdi, - əslinə qalsa, iş məni tapdı.
   
   Oğlunun baxışlarından oxuduğu suala aramla cavab verdi:
   
   - Deyəsən, sənə təəccüblü gəlir. Atalar deyiblər, iş-güc adamı boş-bekar oturmaz. Mən də elə... Heç bunu fikirləşməmişdim doğrusu. Bilirsən bu evə hər gün nə qədər uşaq gəlib gedir? Hamısı da ali məktəblərə qəbul olunmaq istəyir. Mən də hazırlaşdırıram onları riyaziyyatdan-fizikadan test imtahanlarına. Başımı elə qatırlar ki, bir də görürəm qaş qaralır. Sağ olsunlar, həvəs göstərirlər, çalışırlar, öyrətdiklərimi mənimsəyirlər. Bu da mənə ləzzət eləyir. Kim deyir, indi uşaqlar oxumur?! Yalan sözdür. Oxuyan elə oxuyur, gecə-gündüz çalışır. Ancaq müəllimdən də çox şey asılıdır. Gərək fənnini mükəmməl biləsən, yaxşı da tədris eləyəsən, uşağın damarını tutasan, həvəsləndirəsən onu. Onda müəllimdən əl çəkməz, pensiyada olanda da, evinə gələr.
   
   Hünərin yaraşıqlı çöhrəsinə xoş təbəssüm qondu:
   
   -Mən də səndən dərs almışam. Çox şey öyrətmisən, necə deyərlər, nə tökmüsən yığışdırmışam. Həmişə deyərdin ki, ən mürəkkəb riyazi məsələnin də həlli yolları çoxdur.
   
   - Əlbəttə! İntəhası çalışmaq lazımdır ki, ən qısa, kəsə, dürüst üsulunu tapa biləsən. Bununçun gərək öz üzərində çalışasan, elm aləmində yenilikləri əxz eləyəsən. Bəs bu elmi simpoziumlar, jurnallar, kitablar nə üçündür? Zəhmət çək oxu, öyrən və şagirdlərinə, tələbələrinə öyrət. Məgər dərsliklə kifayətlənmək olar? Hələ dərsliklər nə səviyyədədir? Mən bu barədə yazmışam köhnə tələbə dostlarıma. Hayıf ki, bəziləri elmi dərəcələrin, fəxri adların kölgəsində mürgüləyirlər. İlişib qalıblar keçən əsrin səviyyəsində.
   
   
   
   (ardı var)

TƏQVİM / ARXİV