adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"KEçiB SiNƏM üSTDƏN iLLƏR KARVANI"

26963 | 2012-02-04 11:44
(Əvvəli ötən şənbə sayımızda)
   
   
   
   Rayon əhalisinin böyük hörmət bəslədiyi cavan baş həkim və cərrah Rostov vilayətində bacarıqlı səhiyyə təşkilatçısı kimi tanınır.
   
   "Rostov vilayətində çalışdığım zamanlar işim nə qədər yaxşı olsa da, mən heç vaxt Azərbaycana qayıdacağımı unutmurdum. Ona görə də çalışırdım ki, nə qədər imkan var, çox öyrənim. Bu məqsədlə müxtəlif şəhərlərdə kurslarda olur, ixtisasımı təkmilləşdirirdim. Nəhayət, Vətənə qayıdanda mübaliğəsiz deməliyəm ki, bütün rayon məni çox hörmətlə yola saldı".
   
   
   
   ***
   
   
   
   Altı il Rusiyanın rayon xəstəxanalarında işləyib birinci dərəcəli cərrah kimi Vətənə dönən Əvəzağa Məlikovu doğma Salyanda öz qohum-əqrəbasından və vaxtilə bir məktəbdə oxuduğu yoldaşlarından başqa tanıyan yox idi.
   
   "Hətta öz qohumlarımızda da mənim cərrah olmağıma şübhə var idi. "Ev buzovundan öküz olmaz" məsəli özünü göstərirdi".
   
   Öz ixtisası üzrə boş yer olmadığından ona hər biri yarım ştat olmaqla qanköçürmə və təcili yardım şöbələrində iş verildi. Əvəzağa həkim başını aşağı salıb işlədi.
   
   "Günlərin birində cərrahiyyə şöbəsinin müdiri Seyran Ağabəyov xəstələndi. Mən isə rayonda yeganə adam idim ki, onu əvəz edə bilərdim. Baş həkim məni çağırdı və qohumunun xəstələndiyini bildirdi. Xəstəni müayinə etdim və təcili əməliyyat aparılmasını məsləhət gördüm. Düzdür, baş həkim mənə cərrah kimi inanmırdı, amma nə isə bu qadının taleyini mənə etibar etdi. Xəstə uzun illər müxtəlif xəstəliklərə məruz qalmışdı. Əməliyyat uğurlu keçdi və qadın sağaldı. Bu hadisədən sonra həkimlər arasında mənə inam yaranmağa başladı".
   
   Cərrahı ezamiyyətə və məzuniyyətə getdiyi vaxtlarda əvəz edən Əvəzağa çox ağır xəstələr üzərində uğurlu əməliyyatlar apardıqca ona olan inam möhkəmlənirdi. Rayon xəstəxanasının cərrahı Bakıya köçəndən sonra həmin şöbəyə müdir keçən ili o, 700-dən çox əməliyyat apardı və hamısı da uğurlu oldu.
   
   Mən o zaman universitetin jurnalistika şöbəsini bitirib Salyandakı rayonlararası qəzetdə işləyir və onun haqqında tez-tez yazırdım, özü də həvəslə, ilhamla. Ulu qüdrət sahibi bu boylu-buxunlu, yaraşıqlı, yapışıqlı, xoş təbəssümlü bəndəsinə təbiblik istedadını verəndə səxavətini əsirgəməmişdi.
   
   Münasib vaxt tapanda onun əməliyyatlarında iştirak edirdim. İş başında o, büsbütün dəyişirdi: baxışlar diqqətli, iti, əllərin və uzun barmaqların çevik hərəkətləri ritmik, səs mülayim, lakin qətiyyətli. Ətrafına baxmasa da, təcrübəli köməkçisi Anastasiya Fyodorovna onu yaxşı başa düşür, dərhal tapşırığını yerinə yetirir, cərrahın azca yana uzanan əlinə lazım olan aləti, tənzifi, dərmanı verir. Əməliyyat vaxtı dəyişməyən onun yaraşıqlı çöhrəsini nurlandıran xoş təbəssümüdür. Ancaq bir dəfəg bu təbəssüm yox olanda və xəstənin bənizi qar kimi ağaranda sanki yerimdə quruyub qaldım. Özümü toplayıb gözaltı onun təsvirəgəlməz qətiyyətli hərəkətlərini görəndə mənə elə gəldi ki, fantastik filmin ən həyəcanlı anlarına baxıramg
   
   Heç zaman unutmayacağım bu qeyri-adi hadisəni o vaxt "Azərbaycan" jurnalının məsul katibi işləyən həmyerlimiz, şair Ağacavad Əlizadəyə danışdım. O biləndə ki, əməliyyat zamanı klinik ölüm keçirən xəstəni cərrah Əvəzağa Məlikov həyata qaytarıb, "mütləq bunu yaz, jurnalda çap etdirim", - dedi.
   
   Az sonra "Cərrah bıçağı və insan ürəyi" oçerkim "Azərbaycan" jurnalında dərc olundu.
   
   Bakıya köçüb Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyəndə cərrah dostumla əlaqə saxlayırdım. Onun haqqında radio-oçerkim efirdə səsləndi, sonra televiziya verilişi hazırladım.
   
   Mən qonşu Cəlilabad rayonunda işləyəndə o, artıq Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi idi. Və bu məsul vəzifədə özünü dəyərli səhiyyə təşkilatçısı kimi göstərirdi.
   
   "Mən əvvəllər cəmi 70 çarpayısı olan rayon mərkəzi xəstəxanasını 500 çarpayılıq etməyi, tərkibində bütün ixtisaslar üzrə şöbələr açmağı planlaşdırırdım".
   
   Yetərincə zəngin təşkilatçılıq və peşə təcrübəsinə malik Əvəzağa Məlikov baş həkim vəzifəsində böyük məsuliyyət hissi ilə çalışdı. O, respublikada rayonlar arasında birinci olaraq anesteziologiya və reanimasiya şöbələrini təşkil etdi. Eyni zamanda həkimlərin öz ixtisaslarını artırmalarına, təkmilləşmələrinə və elmi işlə məşğul olmalarına xüsusi diqqət yetirdi. İndi respublikanın bir sıra tibb ocaqlarında professor Nazim Hüseynov, tibb elmləri doktorları Elman Ələkbərov, Məmmədhüseyn Qarayev, tibb elmləri namizədləri Azər Babayev, İsgəndər Bağırov, Səxavəddin Axundov, Ramiz Əhmədbəyli və başqaları vaxtilə Salyanda həkim işləmiş və bu qayğıdan bəhrələnmişlər.
   
   
   
   ***
   
   
   
   Şaxtalı yanvar ayında Salyanın Kür sahilindəki bağlı-bağatlı Piratman-Gəncəli kəndində dünyaya göz açmış həkim dostumun ömrünün 80-ci qış günündə hava çox mülayim idi. Mənə elə gəldi ki, ətrafı öz nuruna boyayan Günəş də bizim kimi yubilyarın görüşünə gəlib. Dostum Fərəc özünəməxsus şövqlə təklif etdi:
   
   - Gəlin, təntənəli tədbirdən qabaq dostumuzla evində görüşək, sonra rəsmi hissəyə qatılarıq.
   
   Həkimin keçmiş məktəb yoldaşı Sahib müəllimlə birlikdə səliqə-sahmanlı, kiçik bağçası olan həyətə girdik. Üçümüzə də əziz olan insanla kitab rəflərinin baş-başa verdiyi otağında görüşdük. Ovqatı xoş idi. Qarşısındakı stolun üstünə qoyduğu albomu göstərərək dedi:
   
   - Bayaqdan baxıram, ömrüm kino lenti kimi gözümün önündən keçdi. Ötənləri bir də yaşadım.
   
   - Sənin həyatın canlı tarixdir, - deyə Sahib müəllim əlini dostunun çiyninə ərklə qoydu.- Salyan səhiyyəsinin yarım əsrlik tarixi.
   
   Uzun illər rayon mədəniyyət şöbəsinə rəhbərlik etmiş Fərəc Dadaşov kitab rəflərini göstərərək onun sözünə qüvvət verdi:
   
   - Əvəzağa doktor bu barədə məqalələr, kitablar yazıb.
   
   Hamımızın nəzərləri rəflərdə səliqə ilə düzülən kitablara dikildi. Həkimin şəxsi kitabxanası olduğunu eşitmişdim, amma görməmişdim. Burada tibbə aid elmi kitablar, jurnallarla yanaşı, klassiklərin çox qiymətli külliyyatları, müxtəlif ensiklopediyalar, lüğətlər, bədii, sənədli əsərlər, nadir nəşrlər toplanmışdı. Aşağı rəfdə doktorun özünün qələmə aldığı və onun haqqında yazılan kitablar diqqətimi cəlb etdi. O, bunu hiss edib tanınmış pedaqoq, Əməkdar müəllim, yazıçı-publisist Qulam Sadiqin "İnam" sənədli povestini əlinə aldı:
   
   - Qulam müəllim bu kitabı 70 illiyimə həsr edib.
   
   - Mən də oxumuşam, maraqlı yazıb,- dedim.
   
   Doktor gülümsündü. Onun cavan yaşlarında üzündən əskik olmayan, indi nisbətən avazıyan xoş təbəssümü çöhrəsini işıqlandırdı.
   
   - Qulam müəllim qəribə hesablama aparıb,- dedi, - Doğrusu, cərrah kimi işə başladığım ilk vaxtlarda əməliyyatlarımın hesabını aparırdım. Sonra iş başımı elə qatdı ki, daha fərqinə varmadım.
   
   - Amma Qulam müəllim dəqiq hesablayıb, - deyə kitabda vaxtilə diqqətimi çəkən abzası oxudum: " Hesablamışam, rayonumuzda cərrah və baş həkim işlədiyi illərdə 26.280 əməliyyat aparıb. Hər əməliyyata orta hesabla yarım saat sərf olunsa (bəzən saatlarla çəkib), 13.160 saat eləyir. Bu 13.160 saat isə musiqiyə qulaq asmaq, ziyafət məclislərində vaxt keçirmək deyil, insan həyatı uğrunda mübarizədir".
   
   - Yəqin xəbəriniz var, - deyə Fərəc üzünü bizə tutdu, - jurnalist Rüstəm Məlikovun doktor haqqında kitabı çapdan çıxıb: "80 illik ömrün 80 səhifəsi".
   
   Doktor onun sözünü başının hərəkətilə təsdiq edib dedi:
   
   - Bu kitabı Rüstəm mənə verib, professor Rahim Hüseynov da ön söz yazıb.
   
   - Sən öz kitabların haqqında heç danışmırsan,- deyə Sahib müəllim dilləndi:
   
   O özünə xas olan mülayim səslə:
   
   - Mənim cəmi iki kitabım çıxıb,- dedi,- "Sərbəst düşüncələr işığında" və "Sağlamlığın zirvəsinə aparan yollar". Birincinin ayağı yüngül oldu. Oğlum Azər birinci kitabımı Doktor Cavad Heyətə təqdim etmişdi. Bu da mənim dahi şəxsiyyət, Azərbaycanın böyük oğlu, dünya şöhrətli cərrah-alim Cavad Heyətlə tanışlığıma səbəb oldu. Yeri gəlmişkən deyim ki, Azər Azərbaycan kardiologiya cəmiyyəti idarə heyətinin, Avropa kardioloqlar və exokardioqrafiya cəmiyyətinin, Rusiya tibbdə ultrasəs müayinəsi mütəxəssisləri assosiasiyasının üzvü, Salyan Mərkəzi Xəstəxanası kardiologiya şöbəsinin müdiridir. O, həm də Bakıda Beynəlxalq Tibb Mərkəzində kardioloq kimi fəaliyyət göstərir. Həmin klinikada Doktor Cavad Heyətin bütün ürək xəstələrinin exokardioqrafiya müayinəsi məhz Azər tərəfindən aparılırdı. Kitabımı oxuduqdan sonra Doktor Cavad Heyət mənimlə tanış olmaq istəyini Azərə bildirmişdi. Bizim tanışlığımız həmin klinikada baş tutdu. Onu da deyim ki, "Sağlamlığın zirvəsinə aparan yollar" kitabıma ön sözü məhz Cavad Heyət yazdı və yüksək qiymətləndirdi.
   
   "Keçib sinəm üstdən illər karvanı"- deyən, Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru, ali dərəcəli cərrah Əvəzağa Ərəstun oğlu Məlikova Doktor Cavad Heyət belə qiymət vermişdir: "İslam tarixində böyük həkimlər, eyni zamanda həkim filosoflar olmuşdur. Bizim Əvəzağa Məlikov da bu tip həkimlərdəndir".

TƏQVİM / ARXİV