adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

TƏSƏLLi

291498 | 2012-08-04 08:59

   
   - Dost yaxşıdır, yoxsa qardaş?
   
   - Qardaş da dost olsa yaxşıdır.
   
   Müdrik sözü
   
   
   
   Həyatımın unudulmaz çağlarını - düz 20 ilini Cəlilabadda yaşayıb işləmişəm, öz elinə, torpağına bağlı əqidəli, sadə insanlarla, ziyalılarla duz-çörək kəsmişəm.
   
   Azərbaycanın bu gözəl guşəsinin göz oxşayan, ürəkaçan mənzərələri yaddaşımda dərin iz salıb. Bir də ürəyimdə öz yeri olan, tanışlığı, yaxınlığı, yoldaşlığı dostluğa çevrilən insanları...
   
   ...Onlar bir məhəllədə böyümüş, kasıb ailədə ehtiyac içində boya-başa çatmışdılar. Cəb-hədən qayıtmayan atalarının əvəzinə yeniyetmə yaşlarında evin kişisi, ailənin dayağı, analarının dəstəyi, təsəllisi olmuşdular. "Daşdan çörək çıxarmış", dərsdən qalmayıb səylə çalışmış, orta məktəbi bitirən ili imkanlı ailələrin uşaqlarının həsəd apardıqları Tibb institutuna qəbul olmuş-dular: Yunus əczaçılıq, Salman müalicə fakültəsinə...
   
   Mən rayonda işə başlayanda onların həyatında böyük dəyişikliklər baş vermişdi. Salman Uşaq xəstəxanasının baş həkimi, Yunus Mərkəzi aptekin müdiri idi. Ailə qurmuş, ata olmuşdu-lar. Rayonda hörmət-izzət sahibi kimi sayılıb seçilirdilər. Onların zaman keçdikcə möhkəmlənib qardaşlığa çevrilən dostluğu həmyaşıdları arasında qibtə doğururdu...
   
   Təsadüf elə gətirdi ki, hər iki dostla rayonda işlədiyim ilk vaxtlarda eyni gündə tanış ol-dum. Uşaq xəstələnmişdi. Xəstəxanaya zəng vurdum. Baş həkim Salman Süleymanov dərhal evə gəldi. Uşağı "öz dilində" danışdırıb müayinə etdi. Sonra aptekə zəng vurdu. Balacanı meh-riban nəzərlərlə süzüb özünəməxsus şirin ləhcə ilə "Yunus əmin sənə şirin dərman hazırlayır, içib sağalacaqsan", - dedi.
   
   Bayaqdan inildəyib-sızıldayan uşaq "həkim əmi"yə matdım-matdım baxıb gülümsədi. Elə bil evimizin ab-havası dəyişdi, rahat nəfəs aldıq...
   
   O gündən təməli qoyulan dostluğumuz zamanın sərt sınaqlarından çıxdı. Yalnız özümüz yox, ailələrimiz, övladlarımız da bizimlə birlikdə.
   
   Tibb institutunu əla qiymətlərlə bitirən, uzun illər zəngin həkimlik təcrübəsi olan Salman Süleymanov təkcə Cəlilabadda deyil, ətraf rayonlarda da tanınırdı. Deyirdilər onun nəfəsi, ayağı yüngül, əlləri şəfalıdır, təbiblik istedadı Allah vergisidir.
   
   Şahidi olduğum qeyri-adi hadisə ilə bağlı haşiyə. Raykomun birinci katibi Əbdüləli Mürsəlov tez-tez xəstələnirdi. Özünün dediyi kimi Qafqazdan Berlinədək müharibənin ölüm-dirim yolu, nəm səngərlər, ağır döyüşlərdə yaralanması səhhətini korlamışdı. Doktor Salman onu diqqətlə müayinə edib (o, həm də yaxşı terapevt kimi tanınırdı) müalicəyə başlamışdı ki, rayon rəhbəri Bakıya müşavirəyə çağırıldı, sonra Moskvaya ezam olundu. O, rayona qayıdan kimi Salman həkimə razılığını bildirdi: "Çox sağ ol, professor sənin diaqnozunu təsdiq etdi, məsləhət gördü ki, müalicəni davam etdirəsən".
   
   Bu xəbər rayonda xoş ovqat yaratdı, həkimə olan hörmət-izzəti, ehtiram hissini, etimadı daha da artırdı.
   
   Salman Süleymanov təbiətən təvazökar, sadə insan idi. Başını aşağı salıb cavabdeh olduğu işi məsuliyyətlə görürdü. Tələbkar idi - özünə və baş həkimi olduğu xəstəxananın kollektivinə. Hay-küyü xoşlamaz, sakit, həlim səslə danışardı. Verdiyi tapşırıqların icrasını şəxsən özü yox-layar, iradını bildirəndə işçiləri bir-birinin yanında pərt eləməz, qəlbə toxunmazdı. Odur ki, baş həkimin sakit tərzdə dediyi söz, ərkyana qınağı, iradı dəqiq öz ünvanına çatır, nəticəsiz qalmır-dı.
   
   Təbib kimi qəlbən ülfət bağladığı sənətinə, ixtisasına mükəmməl yiyələnsə də, daim öz üzərində çalışır, tibbi yenilikləri öyrənir, müalicə zamanı yetərincə istifadə edirdi. Həmçinin bununla kifayətlənmir, müntəzəm mütaliə edir, dünyagörüşünü, bilik dairəsini, intellektual sə-viyyəsini artırırdı. Elə bil dostu Yunusla yaxşı mənada rəqabət aparır, bir növ yarışırdı. İkisinin də evində diqqətçəkən şəxsi kitabxana vardı.
   
   O vaxt, sovet dönəmində dünya ədəbiyyatı klassiklərinin külliyyatları abunə yolu ilə yayı-lırdı. Bu, respublikanın butün rayonlarında mərkəzləşdirilmiş qaydada, müəyyən olunmuş limit-də təşkil olunurdu. Cəlilabadda bu işə mən baxırdım. Limit az, abunəyə tələbat (indi qəribə, bəzilərinə inanılmaz görünsə də!) çox idi. Bakıdan, başqa yerlərdən də xahiş edənlər olurdu. Əlbəttə, hamını razı salmaq mümkün deyildi. Ancaq abunəçilər siyahısında Yunus Nuriyevin, Salman Süleymanovun, eləcə də o vaxt rayondakı bölgə müxbiri, dəyərli jurnalist Bariz Əsədo-vun, tanınmış tarixçi, ensiklopedik biliyə malik, cəlilabadlıların diplomsuz alim adlandırdıqları Rəşid Əsgərovun, Mirismayıl Ağalarovun adları abunəçilər siyahısıında hər il mütləq olurdu. Onların kitab rəflərində klassiklərin çox qiymətli külliyyatlarının, müxtəlif ensiklopediyaların, lüğətlərin, nadir nüsxələrin sayı ildən-ilə artırdı...
   
   Yunus mütaliəsiz keçinmirdi. Xüsusən ensiklopedik bilik verən kitabları, diqqətçəkən əsərləri oxuyur, mətbuatı, abunəçisi olduğu rayon, respublika, o vaxtkı ittifaq qəzetlərini daim izləyir, beynəlxalq vəziyyətlə maraqlanırdı, kənd həyatını, camaatın dolanışığını, problemlərini yetərincə bilirdi. Rayon məhkəməsinin xalq iclasçısı, şəhər Sovetinin deputatı, qərəzsiz, obyek-tiv, ədalətli insan kimi adamlar ona hörmətlə yanaşır, inanır, dərd-sərlərini açıq deyirdilər. O da ictimai fəaliyyətinin səlahiyyəti və imkanı daxilində köməyini heç kimdən əsirgəmirdi.
   
   Yadımdadır, rayon məhkəməsinin sədri Qəni Kazımov məzuniyyətə çıxanda hakim vəzi-fəsinin icrası respublikanın əlaqədar orqanının razılığı ilə Yunusa həvalə olunmuşdu. O da bu etimadı ləyaqətlə doğrultmuş, hakim kimi bir çox taleyüklü məsələlərə vicdanla, ədalətlə bax-mışdı. Ali məhkəmə həmin qərarları təsdiq etmiş, əməkdar hüquqşünas, rayon prokuroru Tələt Qənbərov Yunus Nuriyevin çətin işin öhdəsindən məsuliyyətlə gəldiyini vurğulamışdı.
   
   O, iradəli, qətiyyətli, haqq adamı idi. Gözlənilmədən böhtana tuş olub vəzifəsindən çıxa-rılanda, rayon rəhbəri tərəfindən hədələnəndə çaşıb qalmadı. Raykomun bürosunda konkret faktlarla, dəlillərlə haqlı olduğunu sübuta yetirdi. Mənimlə birlikdə rayonda məsul vəzifə sahibi olan büro üzvləri - icraiyyə komitəsinin sədri Aslan Mehdiyev, aqrar-sənaye birliyinin rəisi Və-kil Zeynalov onu bacarıqlı səhiyyə təşkilatçısı, mütəxəssis, fəal ictimaiyyətçi kimi dəyərləndi-rib müdafiə etdilər.
   
   Beləliklə, bir qədər şablon səslənsə də, yerinə düşdüyü üçün deməliyəm ki, haqq qalib gəldi, Yunus işinə bərpa olundu. Və çox keçmədi ki, ona böhtan atan ağır xəstələndi, tamam sağala bilməsə də, ayağı yer tutan kimi Yunusun yanına gəlib üzr istədi, halallıq aldı.
   
   Mən Bakıya qaydandan xeyli sonra o, bu barədə danışdı və fikirli halda soruşdu ki, görə-sən, nəyə görə bəzi üzdəniraqlar adamlara böhtan atıb əzab verirlər? Dedim ki, mütaliə edəndə diqqətimi çəkən ibrətamiz sözləri dəftərçəmə yazıram. Andre Morua cavan oxucularının sualla-rına cavab verəndə deyib: "Minlərlə insan var ki, başqalarına iztirab verməkdən, böhtan atıb ara vurmaqdan çox böyük həzz alır". Sonra əlavə edib ki, heç vaxt sədaqət hissini itirmək olmaz. Sədaqət insana xas olan keyfiyyətlərin ən alisidir.
   
   Mənim dostlarım, böyük Söz ustadının vurğuladığı kimi, bu ali keyfiyyətlərə ömürləri boyu sadiq qaldılar - İnsan, Dost, Ər, Ata kimi!
   
   Yunus beş oğul atası idi. Ömür-gün yoldaşı Əzizə xanımla birlikdə ləyaqətli, savadlı, mə-rifətli, bacarıqlı övladlar böyütdülər. Maşallah olsun, indi hərəsi bir ailənin başçısı, dayağıdır.
   
   Səbuhi, Mübariz, Rizvan, Famil və Rövşən Yunus atanın, Əzizə ananın vaxtilə onlara ver-diyi tərbiyəni, insani dəyərləri indi öz övladlarına aşılayırlar. Eyni zamanda valideynlərindən miras qalan xeyirxah əməlləri yaşadır, kasıb-kusuba, ehtiyacı olanlara köməklərini əsirgəmirlər.
   
   Salman həkimin gözümün qabağında böyüyən uşaqları öz fərasət, mərifət, ağıl-kamal və bacarıqları ilə valideynlərinin adını ləyaqətlə daşıyırlar.
   
   Böyük oğul Fuad məni xüsusilə sevindirib. İnşaat mühəndisləri institutunu (indiki Memar-lıq və İnşaat Universiteti) əla qiymətlərlə bitirdikdən sonra uzun müddət istehsalatda çalışaraq təcrübəli, bacarıqlı mütəxəssis kimi püxtələşib və heç kimdən kömək ummadan pillə-pillə sıra-vi işçidən böyük bir idarənin rəisi vəzifəsinə yüksəlib.
   
   Uzun illər Bakıda yaşasa da, bir ayağı rayonda, ata yurdunda, anasının, bacı-qardaşlarının yanındadır. Böyük övlad kimi özünü həmişə doğmalarına borclu sayır, qayğı göstərir.
   
   Fuad heç vaxt xeyir-şərdən qalmır. Vaxtsız dünyasını dəyişmiş atasının xatirəsinə qədirbi-lən həmyerlilərinin sayğısı bir oğul kimi onu həm fərəhləndirir, həm də təsirləndirib məsu-liyyətini artırır. Deyir ki, bir dəfə işdən macal tapa bilmədiyi üçün rayona özü gedə bilmir, ma-şınında bayramqabağı pay-püş göndərir. Sürücü "Fuad Süleymanovgilin evinin yerini" soruşsa da, tanıyan olmur. Yaşlı bir kişi: "A bala, o hansı Fuaddır, kimin oğludur?" - deyə soruşur və eşitdiyi cavabdan üzü işıqlanır: "Belə de də, Salman doxturun evini Cəlilabadda kim tanımır ki?! Rəhmətlik Allah adamı, dəyərli həkim idi".
   
   ...İnsanın ən böyük təsəllisi dünyasını dəyişmiş doğmalarının, dostlarının, yaxınlarının xa-tirələrinə ehtiram göstərilməsində, onların xeyirxah əməllərinin yaşamasındadır. Mənim də tə-səllim bundadır ki, cismən itirdiyim dostlarımı xeyirxah əməlləri yaşadır.

TƏQVİM / ARXİV