adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

BiZiM RÖVŞƏN

21349 | 2012-07-21 08:32
Xeyirxah insan elə əməllərdən rəsm edilib ki, bəzən xeyir mələyi də onun saflığına həsəd aparır.
   
   
   
   Mövlanə
   
   
   
   Ailənin sonbeşiyi və əzizi idi - ananın, atanın, böyük qardaşın, bacılarının.
   
   Kim daha çox istəyirdi onu? Bu suala cavab tapa bilməmişəm heç vaxt: neçə illər öncə cavan yaşımda və indi ahıl vaxtımda.
   
   Hərənin özünəməxsus, bənzərsiz istəyi vardı ürəyində ona. Ancaq balasını, sonbeşiyini kim sevə bilər Ana təki?
   
   Müdriklər deyiblər ki, hər bir ailənin, millətin taleyi anadan asılıdır. Yaxşı təlim-tərbiyə görmüş, savadlı, intellektli anası olan övlad, ailə və nəticə etibarilə millət xoşbəxtdir.
   
   Fatma müəllim belə ana idi. 1930-32-ci illərdə Bakı Pedaqoji Texnikumunda Abdulla Şa-iq, Cəmo Cəbrayılbəyli kimi görkəmli maarif xadimlərindən dərs alan Fatma ana sinif müəlli-mi, şagirdlərini öz övladları kimi sevən, uşaq psixologiyasını gözəl bilən təcrübəli pedaqoq idi. O, ömrü boyu müəllim kimi məktəbə, ana kimi evə tələsib, övladlarının tərbiyəçisi, ailəsinin ürəyi olub. Hər gün işə, məktəbə, instituta, bəzən ezamiyyətə gedən əri, uşaqları üçün narahat olub, onların intizarını çəkib, hamısı evə dönüb süfrə başına toplaşandan sonra rahat nəfəs alıb Fatma ana!
   
   Müdrik, yerini bilən, irəlini görən, ailəsinin, əzizlərinin qayğılarını ürəyinə yük eləyən, ağlayıb-sızlamağı xoşlamayan, dərd-sərini açıb ağartmayan, ürəyində çəkən, "ağır oturub, batman gələn", xanım-xatın Fatma ana sonbeşiyi Rövşənlə nəfəs alırdı. Övladı böyüyüb boya-başa çatdıqca fərəhlənir, hiss edirdi ki, oğul balasına olan məhəbbəti bir ailəyə sığmır. Çünki Rövşən başqa oğuldu: mərd, zəhmətkeş, özünü oda-közə vurub çörək qazanan, yıxılanın qolundan tutub qaldıran, ehtiyacı olana kömək edən, hədsiz səxavətli, əliaçıq, son tikəsini, qəpiyini heç kimdən əsirgəməyən xeyirxah, hamının halına yanıb özünü düşünməyəng
   
   
   
   Şirin dilin vardı, kövrək də qəlbin,
   
   Hər yoldan ötəni sən dost sanardın.
   
   Yaxşılıq gəlirdi əlindən ancaq,
   
   Özgə sevincinə sən şadlanardın.
   
   
   
   Ülkərin Rövşən dayısına ithaf etdiyi şeir kövrəldir məni. Elə bil ürəyimizdən keçənləri kağıza köçürüb Ülkər balamız. Rövşənli çağları xatırlayıram, Vəkiloğlu soyadına məxsus gur saçlı, qarayanız sifətinə yaraşan qalın bığlı, xoşxasiyyət Şamil ata elə bil gözlərim qarşısında canlanır.
   
   Qazax seminariyasını bitirib cavan yaşlarında Azərbaycanın kənd rayonlarında dərs deyən, Bakıda ali təhsil alıb, keçən əsrin 30-cu illərində Binəqədi Rayon Xalq Maarif Şöbəsində in-spektor işləyən, burada Fatma müəllimlə ailə qurub ömür-gün sirdaşı olan Şamil Vəkilov bütöv şəxsiyyət idi. Öz ixtisasının bilicisi, böyük hörmət-izzət sahibi, el ağsaqqalı, çalışqan, qayğıkeş, mehriban ailə başçısı, 7 övlad atası, "Damcılı" bulağın suyu kimi saf qəlbə malik, nikbin, yumor dolu ibrətamiz söz-söhbətindən doymaq mümkün olmayan İnsan idi Şamil müəllim!
   
   Müharibədə ağır yaralanıb əlil olan, ömrü boyu ayağında mərmi qəlpəsi gəzdirən Şamil müəllim halal adam, haqqa dost, nahaqqa düşmən, prinsipial, zirək kişi, övladcanlı ata idi. Uşaqlarını sevindirməkdən hədsiz həzz alar, kiçik oğlu Rövşəni "a-atam" deyə çağıranda səsində duyğulu titrəyiş sezilərdi...g
   
   Övladlarının xətrinə hər cür zəhmətə qatlaşan müəllim valideynlər məktəbdə şagirdləri-nə, evdə isə balalarına (iki oğul, beş qız) yüksək təlim-tərbiyə verir, onların boya-başa çatıb ağıllı, bilikli, fərasətli insan kimi formalaşmalarına calışırdılar. Sayılıb-seçilən pedaqoqların "ailə ab-havasında" uşaqlar görüb-götürür, mehriban dolanır, bir-birinə kömək edir, dayaq olurdular.
   
   Ailənin böyük övladı Dilarə səhər tezdən məktəbə gedən anasını evdə əvəz edir, balaca qardaş-bacılarına köməyini əsirgəmirdi. Ondan üç yaş kiçik olan Münəvvərin "payına" evin sonbeşiyi Rövşən düşmüşdü. O, böyüyüb ərsəyə çatanda, özünü "böyük kişi kimi" aparanda da artıq öz ailəsi, ev-eşiyi olan bacı kiçik qardaşından hər cür qayğısını əsirgəmirdi.
   
   Rövşən Vəkilov soyadı kimi nikbin, hazırcavab, həyatsevər, həmçinin dedikcə zarafatcıl idi. Bir dəfə Şamil müəllimin balaca maşınına doluşub bağa gedirdik. Bağ yolu çala-çuxur olduğundan maşın bizi atıb-tuturdu. Birdən Rövşən səsləndi:
   
   - Ay ata, belə olmaz, axı! O boyda vəzifən var, bir işarə elə, bu yolları düzəltsinlər də!
   
   Ata oğlunun ciddi tərzdə dediyi zarafatını başa düşsə də, özünü o yerə qoymadı:
   
   - Başım ayılır ki, belə xırda işlərlə məşğul olum? Sənin də vəzifən olar, onda bilərsən atan nə çəkirmiş!
   
   - Bəs ətrafdakılar hara baxırlar, görmürlər rəislərinin bağ yolunu? Mən olsaydım çoxdan qovardım onları.
   
   - Ay sağolmuş, necə qovum? Hərəsinin bir çətən külfəti var. O dəfə hirslənib birini cəzalandırmaq itstədim. Üstümə o qədər tanış tökdü ki. Dedilər, Şamil qağa, bu Salahlıdandı, özü də arvad tərəfdən sizlərə qohumdu. Ayə, sən mənim yerimə olsaydın, neylərdin?..
   
   Biz belə zarafatlara alışmışdıq. Odur ki, bağa nə vaxt çatdığımızı bilməzdik.
   
   
   
   Zarafatından da qalmazdın heç vaxt,
   
   Eh, sənin ürəyin necə təmizdi.
   
   İndi özün yoxsan, xatirələrin,
   
   Bilsən ki, nə qədər bizə əzizdi!
   
   
   
   Ali təhsilli iqtisadçı, öz ixtisasını mükəmməl bilən Rövşən geniş dünyagörüşlü, erudisiyalı, məlumatlı, nadir kitablar həvəskarı, mütaliəli, söz-sənət adamları ilə yaxın münasibətdə olan ziyalı idi. Yusif və Vaqif Səmədoğluları, şair Tofiq Bayramı ən yaxın dostları sanırdı. Gözəl tarzən, əməkdar artist, konservatoriyanın baş müəllimi qardaşı Həmid ürək sirdaşı, beş bacının - Dilarənin, Münəvvərin, Mələyin, Yaqutun, Gülçöhrənin sevimlisi idi. Mənim xətrimi çox istəyirdi. Fatma ana dünyasını dəyişməzdən bir qədər əvvəl oğullarını - Həmidi və Rövşəni yanına çağırıb demişdi ki, Əlövsəti özününzə böyük qardaş bilin, hörmətini saxlayın, bir-birinizə, bacılarınıza, yaxınlarınıza həyan olun.
   
   Ömrünü övladlarına həsr edən Anaya sonbeşiyinin toyunu görmək qismət olmadı. Taleyin qəfil, amansız zərbəsindən, ana itkisindən özünə gələ bilməyən dostunun halı Tofiq Bayramın şair qəlbini duyğulandırdı:
   
   
   
   Bizi xoş günlərə səsləyən ana
   
   Ah, necə uzaqsan, necə də yaxın.
   
   Bizi qucağında bəsləyən ana
   
   Köçdün qucağına ana torpağın.
   
   
   
   Anadır hər ömrün eşqi, pənahı
   
   Yoxluğu dağ çəkir övladlarına.
   
   Dünyanın ən böyük ziyarətgahı
   
   Ana məzarıdır, baş əyək ona!
   
   
   
   gAtanın, qardaş-bacılarının, yaxınlarının təkidilə Rövşən çox gec - 37 yaşında evləndi. Toyundan cəmi üç ay sonra öz maşınında qəza...
   
   Üç aydı, üç aydı, ailə qurmuşdun,
   
   Sevinci hədsizdi yaxınlarının,
   
   Bəs niyə qəlbinə dağ çəkib getdin,
   
   Atanın, qardaşın, bacılarının?!
   
   Ülkərin yazdığı kimi "qəlbimizə dağ çəkib getdi" Rövşən... Və nə qədər qəribə, inanılmaz səslənsə də, təsəllimiz oldu: "Yaxşı ki, Ana bu günü görmədi!"
   
   
   
   
   
   * * *
   
   "Xeyirxah insan elə əməllərdən rəsm edilib ki, bəzən xeyir mələyi də onun saflığına həsəd aparır".
   
   Bütün dünyada böyük hikmət sahibi kimi tanınan və məzarı dinindən, milliyyətindən asılı olmayaraq insanların ziyarətgahına çevrilən ulu Mövlanə özünün ibrətamiz kəlamına bunu da əlavə edib ki, cismən ölən insanı xeyirxah əməlləri yaşadır.
   
   Hər il anım və ad günlərini qeyd edən doğmaları, yaxınları, dostları Rövşənin xeyirxah-lığından, səxavətindən, insanpərvərliyindən danışırlar. Həm də deyirlər ki, o, sinədəftər, hikmətli sözlər, gözəl şeirlər vurğunu idi. Vaqifi, Vurğunu əzbər bilirdi. Məclislərdə özünəməxsus avazla Hüseyn Arifdən, Bəxtiyar Vahabzadədən, Məmməd Arazdan, dostu Tofiq Bayramdan insanı düşündürən, kövrəldən, təsirləndirən seçmələr deyərdi...
   
   Adətən anım günlərini Münəvvərgildə keçiririk. Uşaq çağlarından ailənin sonbeşiyinə qayğısını əsirgəməyən, boya-başa çatandan sonra da əli üstündə olan, böyük oğlu kimi nəvaziş göstərən həkim bacı bunu özünə borc bilir. Xatirələrini danışanda səsi titrəyir, kiçik qardaşından qalan hər bir şeyi təbərrik kimi qoruyur. Onun ağzı ilməkli qovluğunu açmağa ürək eləmir... Ancaq bu yaxınlarda, Rövşənin 60 illiyinə hazırlaşdığımız bir vaxtda o, ilməyi açıb qovluqdakı şeirləri, hikmətli sözlər yazılan qeydləri oxudu və bizə xəbər verdi.
   
   Çox sevindik və qərara aldıq ki, həyat yoldaşım Dilarə ilə birlikdə nəşrə hazırladığımız kitabda Rövşənin şeirlərinə guşə ayıraq.
   
   Mən Rövşənin şeirlərini oxuyanda çox kövrəldim, təsirləndim və istər-istəməz müdrikcəsinə deyilmiş sözləri xatırladım: "Yaradıcılıq insanın mənəvi istehsalı, həmçinin onun özünün ruh halının ifadəsidir". "Söyləyin biz nə kişi-yik?!" şeirində Rövşən yazır:
   
   
   
   Dostluğumuz saxtadırsa,
   
   saf qanımız laxtadırsa,
   
   Dostları tək xoş günündə
   
   axtarırıq, tapırıqsa,
   
   Bəd günündə "özü bilər"
   
   söyləyərək qaçırıqsa,
   
   Söyləyin biz nə kişiyik?!
   
   
   
   Ürəyimiz qızan evdə,
   
   sifətimiz gülən evdə,
   
   Həm ərkimiz çatan evdə
   
   qılaflanıb oturaraq
   
   Gen yeri dar ediriksə,
   
   Söyləyin biz nə kişiyik?!
   
   
   
   Başı kiçik, gövdəsi saz
   
   Cibi dolu, ağlı dayaz
   
   adamlara yaltaqlanıb
   
   işimizi qururuqsa
   
   Söyləyin biz nə kişiyik?!
   
   
   
   Bir gözəli seviriksə,
   
   gözlərinə gülürüksə,
   
   "Yandım", "öldüm" deyiriksə
   
   Eşqə sadiq deyiliksə,
   
   Söyləyin biz nə kişiyik?!
   
   
   
   İndi gəlib elə dövran
   
   Bülbülün səsinə qarğa lağ edir.
   
   Elə zəmanədə yaşayırıq ki,
   
   Hər yetən özünə "kişiyəm" deyir.
   
   
   
   Rövşən İnsana məxsus nəcib anlamları, keyfiyyətləri, dəyərləri özündə ehtiva, təcəssüm etdirən Kişi idi. Şeirlərini oxuyanda onun obrazı gözümüz önündə canlanır, səmimiyyət dolu qətiyyətli səsini eşidirik, qınağı, etirazı, etirafı, qayəsi düşündürür, təsirləndirir bizi.

TƏQVİM / ARXİV