adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

"211" - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
3405 | 2022-04-22 19:50

Bu gün nömrələrdən yazmaq istəyirəm sizə. Əslində bu nömrələrin kateqoriyaları barədə əksəriyyətinizin məlumatı var. Amma mən düşünüb qərar verdim ki, qoy bu nömrə haqq-hesabı qəzet səhifələri vasitəsilə tarixə düşsün. Və gələcək nəsillər nə vaxtsa qəzet səhifələrini vərəqləyərkən görsün ki, bir zamanlar insanlar nəyə dəyər verirmiş.

Qara bazarı çək-çevir edəndə görürsən ki, ölkədə əli pula çatanlar pulunu hara xərcləyir, nəyə dəyər verir. Bu zaman düşünürsən ki, görəsən Tağıyev həqiqətənmi bu millətin övladıdır?!

Əvvəl başlayım avtomobillərə verilən dövlət nömrə nişanlarından. Dövlət nömrə nişanları rəqabətin açıq formasıdı. Özünü qabarıq formada büruzə verir. Görürsən ki, bir nəsildə sürülən avtomobillərin hər biri eyni nömrəni daşıyır. Sözsüz ki, fərqli seriya ilə. Məsələn, MM 800, MN 800, NN 800 və ilaxır. Bu tip nömrələrin qiyməti də sıradan bir nömrənin qiyməti ilə eyni deyil. Elə qanuni bazarda da bu tip nömrələr bahadır. Həm də ki, bir nəsilə eyni nömrədən bir xeyli sayda verirlərsə burda artıq şübhəli məqamlar yaranır ki, bu da həm pulun roluna, həm də ki, xüsusi statusun çoxşaxəli funksiyalarına işarə edir. Və beləliklə görürsən ki, hansısa bir nəsil on minlərlə pulunu tək maşının nömrəsinə xərcləyib. Bəs məqsəd nədir? Məqsəd odur ki, bilsinlər ki, filan nömrəli maşınlar filankəslərə məxsusdur və bu maşınları görəndə hər kəs hesabını götürsün. Yol polisi üzünü o tərəfə çevirsin, bazarkom qarnını yığsın, kiçik vəzifəlilər qalstukunu sıxsın və s.

Belələri ölkəmizin hər yerində var. Və bu gündə əksəriyyət bilir ki, məsələn 900-lər kimə məxsusdur, 005-lər kimə, 101-lər kimə və s.

Mobil telefon nömrələri isə başqa cürdür. Burada özünü reklam bir az zəifdir. Belə ki, maşın nömrələri adamın gözünə girir. Amma mobil nömrələri ancaq o nömrən bilən adam üçün reklamdı. Qiymətlər də fərqlidi. Bu nömrələrin sayından asılıdır. Yəni ki, say çox olduğundan burda qiymətlər dövlət nömrə nişanlarına baxanda aşağıdır. Məsələn, “qara bazar”da ən bahalı sayılan azercelin 211 nömrələrinin qiyməti 50 min manata gedib çıxırsa avtomobilə verilən 99 qoşa seriya 999-lı dövlət nömrə nişanının qiyməti 100 min manatla hesablanır. Amma qeyd edim ki, telefon nömrəsi üçün bu qiymət elə-belə məbləğ deyil.

Mobil telefon nömrələrinin seçimi də fərqlidi. 211-dən kimə zəng gələrsə xəttin o biri tərəfində özünü yığışdırar. Çünki 211-lə zəng vuran sıradan birisi deyil. Hər kəs bilir ki, 211 zıvıdı adama məxsusdu. Söhbət azercel nömrələrindən gedir. 210nömrəsi 211 dən sonra gəlir. Yəni müavin kimi. 288 isə parlament nömrəsi kimi tanınır. Yəqin ki, bu seriyanı dövriyəyə parlament buraxıb. Yeri gəlmişkən deyim ki, bəzən elə olur ki, bir nazirlik bir seriyanı alıb əməkdaşlarına paylayır. O üzdən adətən seriyalara həmin qurumun adı verilir. 212-də babat nömrələr siyahısındadır. Maraqlandım dedilər ki, 200-ləri isə əsasən prokuratura işçiləri istifadə edir və s.

Dünya nələrin hayında biz nələrin. Camaat raketlə planetlər gəzir biz isə nömrə bazarı yaradıb pulumuzu rəqəmə sovururuq. Bu da bizim dünyamızdı.

Dünyadan söz düşmüşkən, biz elə dünyaya gələn kimi nömrələnirik. Doğum evindəcə taxırlar qolumuza nömrəmizi. Hər kəs doğulduğunun qucağında doğum evini tərk etsin deyə nömrələnir. Digərinin övladı ilə dəyişik, səhv düşməsin deyə. O nömrələri ancaq analarımız bilir.

İlk gündən nömrələr ilə tanınırıq biz.

Tək tanrının bizə yazdığı nömrəmiz bilinmir.

 

 

 

TƏQVİM / ARXİV