adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Suda sınan "səhənglər"

ŞƏFİQƏ ŞƏFA
16662 | 2014-10-24 01:41
Atalar yaxşı deyiblər: "Su səhəngi suda sınar". Başqa sözlə, uğruna çalışdığı, bütün ömrünü sərf etdiyi, həyatının mənasını onda gördüyü bir sahədə, sənətdə həlak olmaq. Bu cür "səhəng"lər, bəlkə də, qabaqcadan aqibətlərini bilirdilər, getdiyi "su yolu"nun sürüşkənliyindən xəbərdardılar, amma uca amal, hədəf (və ya bulaq başı) heç də onları geri döndərə bilməyib.
Amma bəziləri də var ki, onların özlərinin də ağlına gəlməyib ki, ən çətin, ən ektstremal vəziyyətlərdən üzüağ çıxıb peşəkarlaşandan sonra, nə vaxtsa ən sonuncu naşı kimi elə bu yolda da həlak olacaq, həm də barələrində gələcəkdə danışanda bu gülünc durumu xüsusi qabardacaqlar. Məsələn: vaxtilə bütün dünyanın həsəd apardığı kosmonavt Yuri Qaqarin. Hər insanın cəsarət edə bilmədiyini etdi, fəzaya uçan ilk insan oldu. Etiraf edək ki, ən özündən deyən bir kişini göndərsələr ki, gecəni sıx meşədə və ya mağarada keçirməlidi, bəlkə də, razılaşar, amma sabaha ordan ya dəlisi, ya da ölüsü çıxar. Amma Qaqarin nəinki bu dünyanın qorxulu güşəsinə (ən azından bilirsən ki, ətrafında kimsə olmasa da, səndən lap 50, 100, 200 kilometr aralı da olsa, insanlar mövcuddur), heç kəsin gümanı gəlmədiyi, bəni-insanın ayağı dəymədiyi, qarşısına nə çıxacağı, başına nə gələcəyini təsəvvür belə edə bilmədiyi başqa bir aləmə uçacaq qədər cürətli oldu. Amma bu cəsarətin aqibəti necə oldu?! Peşəkar kosmonavt - kosmik gəmini idarə edən adam adi, naşı pilotun etmədiyi səhvi edərək təyyarə qəzasına uğradı.
Və ya götürək Mixail Şumaxeri - sürətin tanrısı deyirdilər ona! Amma ayama qoyanlar unutmuşdular axı Uca Tanrı qondarma tanrıcıqları sevmir, taleyin barmağıyla elə istehza edir ki!.. Dünyanın ən sürətli pilotu öz sürətinin qarşısını ala bilmədi. Kurort şəhərində xizəklə sürüşərkən yüksək sürətindən dolayı yıxılaraq, ağır kəllə-beyin travması alıb komaya düşdü. Uzun sürən komadan təzəlikcə çıxıb, amma hələ də ayağa qalxıb-qalxmayacağı bəlli deyil.
Daha bir "su yolunda sınan"ın xəbərini isə təzəcə aldıq. Azərbaycanlı alpinist, bəlkə də, dağa dırmanma sahəsinin ən yaxşı bilicilərindən biri ənənəvi işini icra edən zaman həlak olub. Himalay dağlarında faciəli şəkildə ölən alpinist Murad Aşurlunun bu xəbəri bir azərbaycanlı olaraq həm məni təəssüfləndirdi, həm də ataların sınaqdan çıxmış deyiminin təsiri altında xeyli təəccübləndirdi. Belə ki, 42 yaşlı Murad Aşurlu Himalay dağlarında hündürlüyü 6856 metr olan Ama Dablam yüksəkliyindən enərkən hündürlükdən yıxılaraq həlak olub. Bəlkə də, həvəskar birinin və ya təsadüfi adamın hündürlükdən yıxılması bu qədər çaşqınlıq yaratmazdı. Axı alpinistin ən vacib sursatı onun ehtiyatlılığıdı?! Üstəlik alpinistlər dırmaşma və enmə mərhələsində qoruyucu kəndirlərdən istifadə edirlər! Görəsən, ehtiyatlılığımı əldən verib, ya peşəkarlıq təkəbbürümü bu ehtiyata lüzum görməyib? Düşündüklərimiz ehtimaldan başqa heç nə deyil, əslini bir özü bilir, bir də Allah - ən peşəkarı belə naşıya çevirən, insanın ağlını bir anda əlindən alıb-verən, tək mükəmməlin yalnız özü olduğunu hər dəfə sübut edən o Ucalıq! Və bütün ucalıqlara çatmışları da lazım bildiyində, ən inanılmaz şəkildə endirən və saxsı səhəng kimi torpaqdan yaradıb, elə torpağa da qaytaran Mütləq!




TƏQVİM / ARXİV