adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

çingiz Aytmatov xalq yazıçısı deyildi

7696 | 2012-06-15 07:57
Kulis.az xalq yazıçısı və xalq şairi fəxri adlarının daha hansı respublikalarda verilməsiylə bağlı araşdırmanı təqdim edir.
   
   Uzun illərdir fəxri adlarla bağlı incəsənət adamları arasında söz savaşı səngimir. Biri o birinin aldığı ada layiq olmadığını, bir başqası isə layiq olduğu halda illərdir bu ada sahib ola bilmədiyini deyir. Ancaq bu tip məsələlərə məsul olan müvafiq dövlət orqanlarının da öz arqumenti var. Bu məsuliyyətə cavabdehlik daşıyan rəsmi şəxslər bildirirlər ki, belə məsələlər subyektiv fikirlərə yox, daha ciddi təlimatlara söykənməli və onların əsasında da müəyyən edilməlidir.
   
   Bəs bu kriteriyalar nədən ibarətdir? Ümumiyyətlə, fəxri adlar kimlərə verilməlidir və bu ada layiq görülənlər hansı göstəricilərə cavab verməlidir? Yaş və əmək fəaliyyəti, staj kimi faktorlar bu seçimdə nə dərəcədə rol oynayır?
   
   Qeyd edək ki, fəxri adların verilməsi ilə bağlı "Azərbaycan Respublikasının fəxri adları haqqında" xüsusi fərmanı da var. Fərman 1998-ci il 22 may tarixində imzalanıb və zamanla fərmana müəyyən əlavələr də edilib. Fəxri adların verilməsi də bu fərmanda nəzərdə tutulmuş kriteriyalar əsasında müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının fəxri adları mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi, idman, mülki aviasiya , habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir.
   
   Fəxri adlar ölkə vətəndaşları ilə yanaşı, digər ölkələrin vətəndaşlarına da verilə bilər. Bundan başqa, eyni fəxri ad bir şəxsə təkrar verilə bilməz. Ancaq bir fəxri ada layiq görülmüş şəxs, əmək fəaliyyətinin digər sahəsində xidmətlərinə görə müvafiq fəxri ad almağa-bu, fəxri adların verilməsi şərtlərinə zidd gəlmirsə, - təqdim edilə bilər. Bu ada layiq görülmüş şəxslərə Azərbaycan Respublikasının fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunur.
   
   "Xalq yazıçısı" fəxri adı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə yazıçılara verilir.
   
   "Xalq şairi" fəxri adı Azərbaycan poeziyasının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə şairlərə verilir.
   
   Bizim bir sıra yazıçı və şairlərimiz hələ də haçansa bu fəxri adı alacağına ümid bəsləyir və düşünürlər ki, bu ad onların türklər demiş, "doğal hakkı"dır.
   
   Bu yazını hazırlayarkən keçmiş sovet respublikalarında fəxri adların, xüsusən xalq yazıçısı və xalq şairi adlarının verilib-verilmədiyi ilə bağlı qısa araşdırma apardıq. Məlum oldu ki, dünya ədəbiyyatına nəhəng yazıçılar bəxş etmiş Rusiyada nəinki indi, heç SSRİ dövründə də hansısa yazıçıya və ya şairə xalq şairi, xalq yazıçısı adları verilməyib. İndinin özündə belə Rusiya qanunvericiliyində belə bir hal nəzərdə tutulmayıb.
   
   Sovet dövləti dünya ədəbiyyatının şah əsərlərindən olan "Sakit Don"un müəllifi Şoloxovun ədəbi-siyasi ierarxiyasının yüksək zirvələrə qalxması üçün çox şey etmişdi. 1932-ci ildə Kommunist Partiyası sıralarına daxil olan Mixail Şoloxov müxtəlif çağırışlarda SSRİ Ali Sovetinin deputatı seçilmiş, heç bir ali təhsil almadığı halda 34 yaşında SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olmuş (1939), 1940-cı ildə ədəbiyyat və incəsənət sahəsində I dərəcəli Stalin mükafatına, 1950-cı ildə Lenin mükafatına layiq görülmüşdü. Ona iki dəfə (1960, 1980) Sovet İttifaqının ən yüksək mülki mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. N. S. Xruşşovun xüsusi rəğbətlə yanaşdığı Şoloxov sovet rəhbərini bir sıra xarici səfərlərdə müşayiət etmişdi. 1961-ci ildən etibarən Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü idi.
   
   Mixail Şoloxov "Rusiya tarixi üçün mühüm dövrdə Don kazakları haqqındakı eposun mükəmməlliyinə və bədii təsir gücünə görə" 1965-ci ilin ədəbiyyat Nobelinə sahib olmuşdu. Onun Nobel nominantlığının tarixi isə 1954-cü ildən başlanmışdı. Yazıçı öz Nobel nitqində qarşısında dayanan əsas vəzifənin "əməkçilər, qurucular və qəhrəmanlar yetirən xalqı tərənnüm etmək olduğunu" bildirmişdi. Şoloxov xalq yazıçısı deyildi.
   
   Eləcə də sovet ədəbiyyatının generalları olmuş N. Tixonov, A. Fadeyev də öz ölkələrində fəxri adlar almamışdılar.
   
   Dünyaca məşhur qırğız yazıçısı, bir sıra beynəlxalq mükafatların sahibi Çingiz Aytmatov öz ölkəsinin xalq yazıçısı adını almamışdı. Çünki Qırğızıstanda dövlət tərəfindən belə bir fəxri ad verilmirdi. Həmçinin qazax ədəbiyyatının fəxri olan Oljas Süleymenov da xalq şairi deyil.
   
   Türkmən ədəbiyyatının qurucularından olan Berdı Kerbabayev Türkmənistanın xalq yazıçısı fəxri adını alıb. O, türkmən türkcəsini zənginləşdirən ustad yazıçılardan hesab olunur. "Qayğısız Atabay", "Ötən günlər", "Su damcısı" və digər romanların müəllifidir.
   
   Yaxın qonşumuz olan Gürcüstanda yazıçı və şairlərə fəxri adlar verilmir.
   
   Ermənistanda bu ad vaxtilə verilib, indi isə orda da xalq yazıçısı və xalq şairi adlarının verilməsi dayandırılıb. Vaxtilə Azərbaycanın çörəyini yemiş və bu ölkənin xalq şairi adını almış Samvel Qriqoryan həm də Ermənistanın xalq şairi idi.
   
   Ukrayna, Belarus, Pribaltika respublikalarında da dövlət tərəfindən xalq yazıçısı və xalq şairi fəxri adları verilmir.
  • May:
  • 3

TƏQVİM / ARXİV